Nikolay Vartanoviç Saakov (erm. Նիկոլայ Վարդանովիչ Սահակով; 10 iyun 1908, Qroznı, Terek vilayəti – 19 oktyabr 1973, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti Baş Maddi-Texniki Təchizat İdarəsinin rəisi (1965–1973), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1954–1957), Azərbaycan SSR Ali Sovetinin IV–VIII çağırış deputatı.
Nikolay Saakov | |
---|---|
20 oktyabr 1965 – 19 oktyabr 1973 | |
Əvvəlki | qurum yaradılıb |
Sonrakı | Rəhim Hüseynov |
6 iyun 1957 – 20 oktyabr 1965 | |
Sədr | Sabit Orucov Süleyman Vəzirov |
19 may 1954 – 6 iyun 1957 | |
Sədr | Sadıq Rəhimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 iyun 1908 |
Doğum yeri |
|
Vəfat tarixi | 19 oktyabr 1973 (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Rütbəsi | polkovnik-leytenant |
|
|
Təltifləri |
|
Nikolay Vartanoviç Saakov 1908-ci ildə Qroznı şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1927-ci ildə ikinci dərəcəli məktəbi bitirmiş, 1933-cü ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirərək mühəndis-arxitektor ixtisasını almış və Türkmənistan ağır sənaye ittifaqının istehsalat şöbəsinin mühəndisi vəzifəsinə göndərilmişdir. Fəhlə-Kəndli Qızıl Ordusu sıralarında bir il xidmət etdikdən sonra o, Qroznıdakı "Krasnı molot" zavodunda quraşdırma sexinin rəisi vəzifəsində işləmişdir.[1]
1935-ci ilin fevral ayında Nikolay Saakov Bakıya gələrək müxtəlif tikinti təşkilatlarında çalışmışdır. 1939-cu ilin əvvəllərində Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin arxitektura-planlaşdırma şöbəsinin rəisi təyin edilmişdir.[1] 1941-ci ilin iyul ayından Azərbaycan SSR xalq daxili işlər komissarının müavini, Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı İdarəsinin rəisi olmuşdur. 1946-cı ildən neft sənayesi sistemində bir sıra tikinti təşkilatlarına başçılıq etmişdir.[2] 1949-cu ildən 1951-ci ilədək Azərbaycan Dəniz Neft Birliyi rəisinin müavini, sonra üç il "Baş qərb neft tikintisi" tikinti-quraşdırma trestinin rəisi vəzifələrində işləmişdir.[1]
Nikolay Saakov 1954-cü ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1957-ci ildən isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası sədrinin birinci müavini vəzifələrində işləmişdir.[2] 1965-ci ilin oktyabr ayından həyatının sonunadək Azərbaycan SSR Nazirlər Soveti Baş Maddi-Texniki Təchizat İdarəsinə başçılıq etmişdir.[3]
Nikolay Saakov 1939-cu ildən ÜİK(b)P (Sov. İKP) üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin IV–VIII çağırış deputatı seçilmişdir.[4] O, 1956–1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1964-cü ildən isə üzvlüyünə namizəd olmuşdur.[5]
Xəzərdə dəniz yataqlarının kəşfində göstərdiyi xidmətlərə görə Nikolay Saakova 1951-ci ildə 1-ci dərəcəli "Stalin" mükafatı verilmişdir. Bundan əlavə, üç dəfə "Qırmızı əmək bayrağı" ordeni, eləcə də "Qırmızı ulduz", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir.[3] "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.[2]
Nikolay Saakov 1973-cü il oktyabrın 19-da 65 yaşında vəfat etmişdir.[3] Oktyabrın 20-də Fəxri Xiyabanda dəfn olunmuşdur.[6]