Nuxa yaxınlığında İl-14 qəzası — 1965-ci il fevralın 13-də Nuxa rayonunda (indiki Şəki rayonu) 23 nəfərin ölümü ilə nəticələnən aviasiya qəzası.
Nuxa yaxınlığında İl-14 qəzası | |
---|---|
Ümumi məlumatlar | |
Tarix | 13 fevral 1965 |
Yer | |
Qalxma yeri | Heydər Əliyev adına Beynəlxalq Hava Limanı |
Təyyarə Çexslovakiyada, 23 mart 1957-ci ildə, 602112 nömrəsi ilə 02–12 seriyası altında istehsal edilmişdir. Daha sonra təyyarə Sovet İttifaqının Mülki Hava Donanmasının Baş İdarəsinə satıldı və burada SSRİ-L2003 nömrəsi ilə qeydiyyata alındı. Bundan sonra təyyarə Mülki Hava Qüvvələrinin Azərbaycan Ərazi İdarəsinin Bakı Birləşmiş Aviasiya Eskadrilyasına (107-ci Uçuş dəstəsi) göndərildi. Təyyarənin quyruq nömrəsi 1959-cu ildə yenidən dəyişdirilərək SSRİ-52003 oldu. Təyyarənin ümumi istismar müddəti isə 12 949 uçuş saatı təşkil edirdi.[1][2]
Təyyarə Bakı-Nuxa-Zaqatala-Balakən marşrutu üzrə müntəzəm A-3 sərnişin reysini yerinə yetirməli idi, lakin reysin birinci hissəsində hava şəraiti çətin olduğundan, təyyarənin Yevlaxda eniş etməsi tapşırıldı və təyyarə saat 09:16-da Yevlağa eniş etdi. Yevlax Hava Limanında ekipaj faktiki hava haqqında məlumat, habelə Nuxa Hava Limanının dispetçerindən təyyarəni qəbul etməyə razılıq vermələri barədə icazə aldı. Daha sonra saat 10:08-də göyərtəsində 19 sərnişin və 4 ekipaj üzvü olan 3 saylı reys Yevlaxdan 70 kilometr şimalda yerləşən Nuxaya uçdu. Tezliklə təyyarə 1100 metr uçuş səviyyəsinə çatdığını və vizual uçuş qaydalarına əməl etdiyini qülləyə bildirdi. Daha sonra Nuxa Hava Limanı ilə əlaqə saxlanıldı və hava haqqında məlumat tələb olundu. Nəzarətçi səmanın 500–600 metr aşağı həddi ilə buludlu olduğunu, həmçinin aşağıda 400 metr həddi ilə isə qırıq buludların silsiləsi olduğunu bildirdi. Uçuşdan 12 dəqiqə keçəndə saat 10:20-də dispetçer yenidən təyyarəyə zəng vursa da, bu dəfə cavab gəlmədi. Təyyarə ilə əlaqə saxlamaq üçün bir neçə uğursuz cəhddən sonra axtarış tədbirlərinə başlanıldı. Tezliklə Baş Qafqaz silsiləsinin ətəklərində dəniz səviyyəsindən 680 metr yüksəklikdə və Şirinbulaq kəndindən (Nuxa rayonu) bir neçə kilometr şimal-şimal-qərbdə, yamacda tamamilə məhv olmuş təyyarə aşkar edildi. Qəza yeri Yevlax Hava Limanından 42 kilometr şimalda, Nuxadan təqribən 24 kilometr cənub-şərqdə və uçuş marşrutunun 5 kilometr sağında baş vermişdi. Təyyarədə olan 23 nəfərin hamısı həlak olmuşdu.[2]
İstintaq komissiyasının müəyyən etdiyi kimi, ekipaj 1100 metr hündürlüyə (təxminən 10:16-da) çatdığını bildirdirsə də, əslində təyyarə 1000 metr hündürlükdə, yəni yüz metr aşağıda uçurdu. Lakin bu hündürlükdə belə təyyarə uzun müddət uçuşa davam etmədi, çünki ekipaj Nuxaya enməzdən əvvəl artıq eniş etməyə başladı və dispetçerlə radio mübadiləsi artıq 700 metrə endikdən üç dəqiqə sonra baş verdi. Tədricən enişlə davam edən təyyarə, üç dəqiqə sonra, saat 10:22-də 680 metr yüksəklikdə hərəkət edərkən, 821 metr hündürlüyündəki dağın yamacına çırpıldı.[2]
Qəzanın günahkarı ekipaj komandiri Tarasov hesab edilir. Belə ki, o, vizual uçuş qaydalarını pozaraq enişə vaxtından əvvəl başlayıb və ərazi üçün müəyyən edilmiş təhlükəsiz hündürlükdən aşağı enib. Bu həmçinin müəyyən dərəcədə Yevlax Hava Limanında həyata keçirilən uçuşa hazırlıq işlərinin tam başa çatdırılmaması ilə də bağlı idi.[2]