Osmanlı-Portuqaliya müharibəsi (1538-1557) — 1538-1557-ci illərdə Portuqaliya Krallığı ilə Osmanlı imperiyası arasında silahlı qarşıdurma. Müharibə ərzində döyüş əməliyyatları Hind okeanı,[2] Qırmızı dəniz, Şərqi Afrika, Hindistanda aparılmışdır. Müharibə hər iki tərəfin fərqli üstünlüyü ilə keçmişdir. Müharibə tərəflərin ciddi uğuru olmadan bitmişdir.
Osmanlı-Portuqaliya müharibəsi (1538-1557) | |||
---|---|---|---|
Osmanlı-Portuqaliya müharibələri | |||
| |||
Tarix | 1538-1557-ci illər | ||
Yeri | Hind okeanı, Qırmızı dəniz, Şərqi Afrika, Hindistan | ||
Nəticəsi | Tərəflərin bərabərliyi (status dəyişmədi)[1] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
XV əsrin sonlarındakı böyük coğrafi kəşflər, Portuqaliya zadəganlarının və ticarət elitassının güclü fəaliyyəti nəticəsində Portuqaliya dəniz imperiyasına çevrildi. İnfant Gəmiçi Henrinin himayəsi altında Portuqaliyalı dənizçilər, Afrika ətrafında dəniz yolu ilə Hindistana çatmaq istəyən yeni torpaqlar kəşf etməyə başladılar. 1497-1499-cu illərdə, Afrika sahilini dolanan Vasko da Qama komandanlığında dörd gəmidən ibarət bir donnanma Hindistan sahillərinə çatdı. Portuqallar onun sahilində bir neçə ticarət məntəqəsi qurdular. Hind okeanında portuqallar Misir Məmlüklərinin maraqları ilə toqquşdular. Bu da Portuqaliya-Misir müharibəsinə gətirib çıxardı.[3] 1505-ci ildə Məmluk donanması Sultan Qansu Ğavriin əmri ilə Portuqaliyaya qarşı kampaniyaya başladı. Donanmanın yaradılmasına dəstək ağac və silah tədarük edən Osmanlı imperiyası tərəfindən təmin edildi.
1506-cı ildə Afonso d'Albukerkunun komandanlığı altında Portuqaliya donanması Ərəbistan yarımadası sahillərinə yaxınlaşdı.[4] 1507-ci ildə d'Albukerku Maskatı bombaladı. Portuqaliyalılar, Hind Okeanının şimal-qərb hissəsini ələ keçirmək məqsədi ilə şəhəri işğal edib, onu öz forpostuna çevirdilər. Portuqallar 1510-cu ildə Hindistan sahillərində Qoanı işğal etdilər. Bundan sonra Portuqaliyalıların yolu Ərəb dənizi və Fars körfəzinə düşdü.[5] 1514-1516-cı illərdə Osmanlı imperiyası, Portuqaliyaya qarşı mübarizədə Məmluk Sultanlığı ilə fəal şəkildə əməkdaşlıq edirdi.[6] Məmlüklərə kömək üçün Osmanlı admiralı Salman Rəis Misirə göndərildi.[7][8]
Osmanlı-Məmlük müharibəsi zamanı Məmluk Sultanlığının süqutundan sonra, Osmanlı imperiyası Hind Okeanında Portuqaliyalılarla mübarizə vəzifəsini öz üzərinə götürdü. 1525-ci ildə Salman Rəisin komandanlığı altında 18 gəmidən ibarət Osmanlı donanması Ədəni ələ keçirməklə Portuqaliyanın bu bölgədəki mövqelərinə ciddi zərbə vurdu.[9] Lakin 1535-ci ildə Diu Portuqaliyalılar tərəfindən tutuldu.
İkinci Portuqal-türk müharibəsi, daha əvvəl Şərqi Afrikada Osmanlı tərəfindən dəstəklənən yerli müsəlman sultanlıqlar və xristian Efiopiya arasında başlayan Adal-Efiopiya müharibəsi fonunda davam edirdi. 1529-cu ildə müsəlman qoşunlarının Efiopiyaya hücumundan sonra Adal Sultanı Əhməd ibn İbrahim əl-Qazinin orduları tərəfindən Efiopiyanın praktiki işğalı və Efiopiya İmperatoru II Davidin qaçışından sonra Portuqaliya müdaxilə etmək qərarına gəldi. 10 fevral 1541-ci ildə Efiopiyada İmperator Klaudiusun hakimiyyəti dövründə, Eritreyada Massava limanına dənizçi Vasko da Qamanın oğlu Estevan da Qamanın komandanlığı altında bir portuqal dəstəsi çıxdı. Onun dəstəsinə 400 arkebuz, Portuqaliyalı süvari dəstəsi, həmçinin topçu, hərbi mühəndis və sapyorlar daxil idi. Eyni zamanda, Adal sultanlığının tərəfində 2.000 tüfəngli ərəb dəstəsi, 900 türk nizəçi, odlu silahla silahlanmış 1000 Türk piyada tüfəngçisi, həmçinin Albaniya tüfəngçiləri və Osmanlı süvari dəstələri döyüşürdü. Afrikada hərbi əməliyyatların başlanğıcında qüvvələr nisbəti belə idi.
Portuqal-türk müharibəsi 1838-ci ildə başladı. Belə ki, Osmanlı Sultanı I Süleyman Qanuni 1538-ci ildə Diuyu ələ keçirmək üçün Admiral Hüseyni Paşanın komandanlığı altında 54 gəmidən ibarət Osmanlı donanmasının göndərilməsi ilə bağlı əmr verdi. Bunu öyrənən portuqallar 31 dekabr 1540-cı ildə Estevan da Qamanın komandanlığı altında Portuqaliya donanmasını Osmanlı gəmilərini qarşılamaq üçün Qoadanyola tərəf yola çıxdı. 27 yanvar 1541-ci ildə Portuqaliya donanması Ədəni, sonra Massavanı işğal etdi. 12 fevralda isə o, Şimala Süveyşə türklərin gəmilərinə doğru üzdü. Bu vaxta qədər Osmanlı eskadrilyasına düşmənin yaxınlaşması barədə məlumat verildi, müdafiəyə hazırlandı və sürpriz hücumla Portuqaliya gəmilərini dayanacaqda yandırmağa çalışdı. Estevan da Qama, Sinay yarımadasındakı El Tor limanına hücum edərək osmanlılara belə cavab verdi. Lakin daha sonra Massavaya qayıtmaq məcburiyyətində qaldı.
Afrika əməliyyatlar teatrı Estevan da Qama üçün əvvəlcə uğurlu oldu. 1542-ci ilin fevralında Portuqaliyalılar Bassent döyüşündə Adal və osmanlıların birləşmiş ordusunu məğlub etdilər. Daha sonra onlar Jart döyüşündə də qələbə qazandılar. Bununla belə Vofladaki sonrakı döyüşdə da Qama dəstəsindən üstün olan müsəlman ordusu zəfər qazandı. Estevan da Qama əsir düşdü. Əsirlikdə o, İslamı qəbul etməkdən imtina edərək işgəncə altında öldürüldü.
Bu döyüşdə sağ qalan Portuqaliyalılar (təxminən 170 nəfər) Efiopiya İmperatoru Klaudius ordusu ilə birləşərək Vaina Dağ döyüşündə qələbəyə mühüm töhfə verdilər. Döyüşdə Sultan Əhməd Qranı öldürüldü. Komandirlərinin ölümündən sonra müsəlman dəstələri dağılışdı və Adalo-Efiopiya müharibəsi demək olaraq sona çatdı.
Hind okeanında isə döyüşlər əməliyyatları davam edirdi. Osmanlı donanması tərəfindən Diu üç dəfə - 1541, 1545 və 1549-cu illərdə hücuma məruz qaldı. Lakin bütün bu hücumlar Portuqaliyalılar tərəfindən dəf edildi. 1547-ci ildə Hind Okeanındakı Osmanlı-Misir eskadrası ilə aktiv hərbi əməliyyatlara başlayan Amiral Piri Rəis rəhbərlik etməyə başladı. Piri Rəisin gəlməsi ilə vəziyyət Osmanlıların xeyrinə dəyişməyə başladı.
Donanmanı yenidən təşkil edən və çatışmazlıqları aradan qaldıran Piri Rəis 29 oktyabr 1547-ci ildə müxtəlif ölçülü 60 gəmidən ibarət donanması ilə Süveyşdən yola düşdü. Yəmənin Muha limanına çatdıqda, Yəmən valisi Ferhad Paşadan əlavə beş gəmi alaraq donanmasına əlavə etdi və Ədənə doğru yola çıxdı. Sancaqbəyi Kasım bəyin komandanlığı altında bir Osmanlı bölüyü Ədəni quru yolu ilə mühasirəyə aldı.[10]
Donanma 15 Noyabr 1547-ci ildə Ədən yaxınlığına çatdıqda, portuqalların mütəfiqi yerli Şeyx Əli bin Süleyman əl-Tavlaki təxminən 3.000 nəfərlik bir qüvvə ilə Osmanlı qoşunlarına hücum etdi. Onun bunda məqsədi donanma gəlməmişdən əvvəl mühasirəni qaldırmaq idi. Ancaq Əli bin Süleyman əl-Tavlaki ağır itkilər verdi və özüdə döyüş meydanında öldü. Məğlub olan ərəb qüvvələri qalaya geri çəkildikdə, Əli bin Süleymanın oğlu Məhəmməd komandanlığı öz üzərinə götürdü. 1948-ci il yanvarın 19-da köməyə gələn Portuqaliya donanması, Osmanlı donanmasını Ədən kənarında gördü və geri döndü. Təqib olunan gəmilər, Somali sahilindəki Osmanlı imperiyasının limanı olan Zeyla sahillərində yaxalandı və 120 Portuqaliya dənizçisi əsir düşdü. Gəmilər də yandırıldı.[11]
Piri Rəisin komandanlığı altında olan Osmanlı donanması 1548-ci il yanvarın sonunda Ədən qalası divarları qarşısında görünəndə Portuqaliyalı zadəgan Paju-de-Naronya şəhərin müdafiəsinə rəhbərliyi üzərinə götürdü. Tərflərin qüvvələri bərabər deyildi. Di Noronyanın sərəncamında Hörmuzdən gələn yalnız iki qaleradan ibarət bir komanda var idi. Piri Rəis şəhər istehkamlarının kütləvi bombardmanına rəhbərlik edərkən, di Noronya hərəkətsiz qalaraq, Qoadan kömək gəlməsini gözləyirdi.
Nəhayət, 1548-ci il fevralın 26-da türklər şəhər divarını dağıdaraq şəhərə daxil oldular. Osmanlılar Ədən şəhərini ələ keçirərək mühasirəyə son verdilər.[12] Portuqaliya donanması Hindistandan Qırmızı dənizə böyük bir gecikmə ilə, yalnız mart ayında gəldi. Donanmanın komandiri Alvaros di Kastro (Hindistanın portulaq IV vitse kralı don Juanın oğlu) Ədənin süqutundan xəbər tutaraq, şəhərə yaxınlaşmağa qərar vermədi və Qoaya döndü.
Ədən alınandan sonra növbəti hədəflər Bəndər Abbas və Maskat oldu. Maskat, Hind Okeanının şimal-qərbində Portuqaliyalılar üçün strateji baxımdan əhəmiyyətli məntəqə sayılırdı. Türklər əvvəllər də bir neçə dəfə şəhəri ələ keçirməyə cəhd göstərmişdilər. Ancaq bu cəhdlər zamanı onlar liman-şəhərə sahib çıxmağı bacarmamışdılar.[13] 1552-ci ilin avqustunda Piri Rəis və Seydi Əli Rəisin rəhbərlik etdiyi Osmanlı donanması Köhnə Maskata hücum etdi. Osmanlıların məqsədi Portuqaliyanın Fars körfəzinə girişini əngəlləmək və beləliklə Hind Okeanındakı ticarətə Osmanlı nəzarətini bərpa etmək üçün Muskatı, ardından Hörmuz və Bəhreyn adalarını tutmaq idi. Osmanlı donanması, müxtəlif mənbələrə görə, 4 qalleon, 25 qaler və 850 əsgərdən ibarət idi və ya Dioqo do Kutoya görə, Osmanlılar 15 qaler və 1200 əsgərə malik olmuşdular. Portuqaliya qarnizonu 60 əsgərdən ibarət idi.
Portuqaliyalılar tərəfindən yenicə tikilən Admiral qalası 18 gün mühasirəyə alındı. Belə ki, Osmanlı topçuları dağın təpəsində yerləşən qala istehkamlarını dağıqmaq imkanına malik deyildi. Ərzaq və su çatışmadığı üçün qala qarnizonu və komandiri Juoano-de-Lisboa təslim olmağa razı oldular. Maskat fəth edildi və divarları dağıdıldı.[13]
Piri Rəis daha da şərqə doğru irəliləyərək, Hörmüz boğazındakı Hormuz adasını ələ keçirdi. Bu da Osmanlıların Fars körfəzinə girişini idarə etməsinə imkan verdi. Bununla belə, türklərin Portuqaliyanı Bəhreyndən qovma cəhdləri uğursuzluğa düçar oldu.[14] Bunun da əsas səbəbi təbii fəlakət oldu. Belə ki, 1556-cı ildə Qucarat sahillərində güclü bir fırtına nəticəsində Osmanlı donanması məhv oldu.
1557-ci ildə Osmanlı imperiyası Qırmızı dənizin Afrika sahilində Efiopiya üçün əhəmiyyətli olan Massava dəniz limanını da əhatə edəcək yeni vilayətinin (əyalət) Habeşin yaradılmasını elan etdi. Bundan sonra isə Efiopiya-türk müharibəsi başladı.
1538-1557-ci illər Portuqal-türk müharibəsi nəticəsində status dəyişməsə də,[1] Osmanlılar bu müharibədə mühüm nəticələr əldə etdilər. Düzdür Osmanlı imperiyası qarşısına qoyduğu əsas məqsədə Portuqaliyanı Hind Okeanından qovmaq istəyinə nail ola bilmədi. Ancaq bu qələbənin nəticəsi olaraq türklər Yəmən, Ədən, Ərəbistan sahillərini və Bəsrəyə qədər olan əraziləri tutaraq idarə etməyə başladılar. Bu da Hindistanla ticarət əlaqələrini xeyli asanlaşdırdı və Portuqalların Ərəbistanın daha da içərilərinə irəliləməsinə mane oldu. Osmanlıların Omana sonrakı hücumları fərqli müvəffəqiyyətlə davam etdi. Lakin rəsmi İstanbul Maskatı öz əlində saxlaya bilmədi. 1556-cı ildə okeanda fırtına zamanı Osmanlı ordusu Hind okeanı donanmasını itirdi. Bu itki şəhəri əldə saxlamağa mane törətdi. Üç Osmanlı qalerası 1581-ci ildə yenidən Maskatı ələ keçirdi. Lakin 1588-ci ildə şəhər yenidən Portuqaliyalılar tərəfindən tutuldu.[15]. Müharibənin həm də əsas nəticələrindən bir Portuqalların Şərqi Afrikada dayaq yaratmaq planları puça çıxmış oldu.[16]