Ozon dəliyi

Yer üzərində həyat minillərlə, atmosferdə olan mühafizə qatı sayəsində qərar tutmuşdur. Ozondan ibarət olan bu qat Yeri günəşin zərərli ultrabənövşəyi şüalanmasından mühafizə edir. Lakin antropogen və texnogen təsirlər altında 20 ildən artıq bir müddətdə ozon qatının aramsız nazikləşməsi qlobal miqyasda təhlükə mənbəyinə çevrilmişdir.

Ozon tərkibində üç ədəd oksigen atomu olan qazdır. O, ilk dəfə 1839-cu ildə K. F. Şonbeyn tərəfindən elektrik boşalmalarının müşahidəsi zamanı kəşf edilmişdir. Lakin ozonun atmosferin bir hissəsinin olduğu faktı yalnız 1850-ci ildən sonra məlum olmuşdur.

Ozon – yunan sözü olub, mənası "kəskin iy" deməkdir. Ozon günəşin işıqlandırdığı insan və digər canlıların yayıldığı müstəsna əhəmiyyətə malikdir, çünki o, atmosferin temperaturunun lay-lay olmasını müəyyən edir və eyni zamanda intensiv ultrabənövşəyi şüalanmadan qoruyur.

Ozon əsasən atmosferin troposfer və stratosfer qatlarında yerləşir. Troposferdə ozonun miqdarı çox azdır. Onun əsas kütləsi stratosferdə, yerdən 15–25 km məsafədə yerləşir. Ozon stabil qaz deyil və xüsusilə hidrogen, azot və xlora malik təbii komponentlərə qarşı çox həssasdır ki, bunlar da onun dağılmasına səbəb olur.

Yerin səthinə yaxın qatlarda ozon qatı özündə fotokimyəvi his və qələvi yağışlar toplayan çirkləndirici maddələr kimi təzahür edir. Fəqət Yer səthindən 11–48 km hündürlükdə — stratosferdə o, həyat üçün oksigeni özü qədər gərəklidir. Ozonun atmosferdə miqdarı, oksigenə nisbətən çox azdır. Belə ki, hər 10 milyon hava molekulunda 2 milyon oksigen və cəmi 3 ozon molekulu düşür. Əgər atmosferdə olan ozonu Yer səthinə bərabər yaymaq mümkün olsaydı, onda qalınlığı 3 mm olan nazik təbəqə alınardı.

Atmosferdə ozon qatının yeyilməsinin əsas səbəbkarı xlorftor karbohidrogenlər hesab olunur. Tədqiqatlar göstərir ki, hər payız vaxtı planetin cənub yarımkürəsində Antarktida üzərindəki ozon qatında ölçüləri afrika qitəsinin sahəsinə bərabər "deşik" əmələ gəlir. Antarktida üzərindəki atmosfer qışda Yer kürəsindən qütb burulğanı adlanan küləyin təbii böhranı ilə təcrid olunur. Qış vaxtı soyuq və qaranlıq hava şəraitində atmosferdə qütb stratosfer dumanları əmələ gəlir. Bu zaman təsirsiz xlor günəş işığı altında həmin buludların səthində ozonla kimyəvi reaksiyaya girərək ozon qatını aşılamayan maddəyə çevrilir. Bunun nəticəsində də hər bahar günəş güclənir. Antarktida stratosferinin yetərincə qızdığı və beləcə də onu qalan dünyadan təcrid edən qütb stratosfer buludlarını dağıtdığı vaxt "deşik" yenidən yox olur. Ən geniş "deşiklər" son illər müşahidə olunur. Nazikləşmə ən çox 15–30 km hündürlüklərdə baş verir ki, burada ozonun konsentrasiyası yüksək olur.

Ozon qatının miqdarı Dobson vahidi ilə ölçülür. Oturacağının sahəsi 1 kv sm olan vertikal sütunda normal təzyiq və temperaturda olan ozonun miqdar Dobson vahidi adlanır. Yer kürəsində ozonun orta miqdarı təxminən 300 Dobson vahiddir. Müxtəlif coğrafi sahələrdə onun qiyməti 230–500 Dobson vahidi arasında dəyişir.

Ozon qatının kəskin nazikləşməsi təhlükəsi ilk dəfə antarktida üzərində müşahidə olunmuşdur. Müəyyən edilmişdir ki, onun miqdarı burada yaz aylarında dəhşətli surətdə azalır. Bu vaxt əmələ gələn ozon dəliyinin ölçüsü hətta ABŞ-nin ərazisindən də böyükdür.

Ultrabənövşəyi şüalanmadan mühafizə qatının nazikləşməsi bütün canlı orqanizmlər üçün məhvedici ola bilər. Vəziyyətin ciddiliyi onunla dərinləşir ki, ozon qatının bir faiz nazikləşməsi, bizə təsir edən ultrabənövşəyi şüalanmanın iki faiz artmasına səbəb olur.

Ozon qatının nazikləşməsi sayəsində ultrabənövşəyi şüalanmanın artması bitkilərə, dənizin flora və faunasına ciddi təsir göstərir. Buzlaqların əriməsi sürətlənir. Son 100 ildə okeanın səviyyəsi 10–15 sm artmışdır. Proqnozlar göstərir ki, əgər Yer kürəsində olan buzlaqlar tam ərisə, o zaman okean sularının səviyyəsi 60 metr qalxar, bunun isə nə demək olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Buzlaqlardan ayrılan aysberqlər okeanda üzən gəmilər üçün təhlükə mənbəyinə çevrilirlər.

Dünyanın içməli su ehtiyatının 70 %-nin Antarktida materikində olması vəziyyəti daha da mürəkkəbləşdirir və təhlükəli edir. Belə ki, materikin müəyyən yerlərində intensiv buz ərimələri davam edir. Buz ərimələri Antarktidada 8 min il əvvəl başlanmışdır. Bu təbii prosesi ozon qatının nazikləşməsi daha da intensivləşdirmişdir. Arktika ərazisində də, demək olar ki, eyni vəziyyət yaranmışdır. Bu hal xüsusilə son illər hər iki ərazinin üzərində ozon qatının nazikləşməsi ilə daha təhlükəli xarakter almaqdadır.

Ozon qatının yeyilərək nazikləşməsinin və nəhayət dağılmasının ən əsas səbəbkarı XFK – freonlardır.

1974-cü ildə Pol Kratsen uzun zaman xlorftor karbohidrogenlərdən istifadə edildikdə ozonun potensial tükənməsinin model analizlərinə aid tədqiqatlarını çap etdirir. Analitik təhlil bu birləşmələrdən istifadə edilməsi nəticəsində 40 km hündürlükdə ozonun qatılığının 1974-cü ilin səviyyəsində 40% azalmasının mümkünlüyünü göstərmişdir.

Freonlar kimya sahəsində və məişətdə – soyuducularda, kondisionerlərdə, aerozol qablaşdırmalarda geniş tətbiq edilir. Onlar özlüyündə toksiki deyillər, lakin çox davamlıdırlar və tez-gec havanın turbulent hərəkəti nəticəsində stratosferə düşürlər. Orada, ozonun miqdarının maksimum olduğu 20–25 km hündürlükdə freonlar günəşin ultrabənövşəyi şüalanmasının təsirindən parçalanaraq sərbəst xlor əmələ gətirir. Sonuncu isə ozonun təbii dağılması prosesini sürətləndirir. Belə hallarda çox vaxt deyirlər: Bir xlor molekulu 10 min ozon molekulunu məhv etməyə bəs edir.

XX əsrin 70-ci illərində freonların dünya üzrə istehsalını və onların atmosferə düşmə həcmini hesablayan mütəxəssislər belə qərara gəlmişlər ki, əgər onun istehsal sürəti azalmasa, onda ozon qatının düzəlməsi qaçılmaz olacaqdır. Bu təhlükənin mahiyyətini dərk edən bir sıra ölkələr – Norveç, İsveç, Finlandiya, ABŞ o zaman aerozol qablaşdırmalarda freonların tətbiqini tamamilə dayandırırlar.

Ozon problemi – qlobal problemdir. O, kəskin istiləşmə, quraqlıq, biosferə təsir, iqlimin dəyişilməsi kimi təhlükəli təzahürlərin əmələ gəlməsi ilə müşayiət olunur. Bunun nəticəsidir ki, son əsrdə Yer kürəsində orta illik temperatur 0,3–0,60 S artmışdır. Qlobal istiləşmə yerin atmosferində karbon qazı, azot oksidi və metanın miqdarının artması nəticəsində əmələ gəlir. Son əsrdə karbon qazının miqdarı 60% artmışdır. Bu qazlardan ibarət təbəqə isti havanın stratosferə çatmasına mane olur və nəticədə stratosfer soyuyur; deməli, ozon qatının nazikləşməsi davam edir. Beləcə də yerin atmosferində havanın temperaturu artmağa başlayır. Meşələr məhv olur, səhralaşma sürətlənir, quraqlıq yaranır. Bütün bunlar isə canlı aləmə ciddi təsir göstərir. Ultrabənövşəyi radiasiyanın artması bioresursların azalmasına səbəb olur. Yer səthinə çatan şüa miqdarının ixtiyari intensivlikdə artması, yerin həyati strukturlarına və onların ətraf mühitinə çox ciddi zərər vurmaqla potensial təhlükə mənbəyi yaradır.

Statistik məlumatlar göstərir ki, insan üçün ozon qatının tükənməsinin ən ağır nəticəsi – dəri xərçəngi və bədxassəli melanoma xəstəlikləri, gözün kataraktası və göz büllurcuqlarının deformasiyasıdır. Son 20 ildə məhz ozon qatının nazikləşməsinin nəticəsi olaraq 30 — dan çox təhlükəli xəstəliklər əmələ gəlmişdir. Ətraf Mühitin Mühafizə Agentliyi hesab edir ki, əgər XFK-nın istifadəsinə nəzarət olunmasa, ən yaxın vaxtlarda katarakta daha 18 milyon nəfərə yayıla bilər. Burada ən təhlükəli hal odur ki, ozon qatının nazikləşməsini sürətləndirən əsas maddələr məhz uzunömürlü kimyəvi maddələrdir. Belə ki, XFK-11, XFK-12 və XFK-13 maddələrinin atmosferdə orta qalma müddəti müvafiq olaraq 50, 102 və 85 ildir. Deməli bu kimyəvi maddələrdən istifadəni hətta dayandırdıqda belə, onların ozon qatını aşılaması hələ uzun zaman davam edəcəkdir.

BMT-nin rəsmi məlumatlarına görə, ozon qatının cəmi 1% azalması dünyada 100 min yeni katarakta hadisəsinin və 10 min dəri xərçənginin yaranması ilə nəticələnir. Bundan başqa, ozon qatının dağılması parnik effektinin güclənməsinə, bioresursların, xüsusilə su ekosistemlərinin depressiyasına, torpağın deformasiyasına, ətraf mühitin ümumi çirklənməsinə səbəb olur.