Panax ginseng

Adi jenşen (lat. Panax ginseng) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü.

Adi jenşen
Elmi təsnifat
Beynəlxalq elmi adı
Bal ilə jenşen

Jenşen bitkisi haqqında ilk tarixi məlumat e. ə. I əsrə aid olan və "Şennunbentsao" adlanan dərman maddələri haqda qədim çin yazısında qeyd olunub. Buna baxmayaraq şərq təbabətində onun istifadəsinin 4-5 min illik tarixi var. Tibb tarixində jenşen qədər əfsanəvi ikinci bir bitki olmayıb. İnsanlar onun nəinki bütün xəstəliklərin çarəsi olduğuna, həmçinin ölən adama həyat qaytardığına inanırdılar. Əhali arasında ona "həyat kökü", "dünyanın möcüzəsi", "ölməzlik zərbəsi" kimi adlar verilmişdi. Bitkinin belə qeyri-adi şöhrəti “jenşen qızdırmasının” yaranmasına və bir çox cinayət və bədbəxtliklərə səbəb olmuşdur. 1709-cu ildə imperator Kan Xi Çan jenşen yığımına tam monopoliya elan etdi. Yığıcılar yalnız mühafizə altında və xüsusi icazə ilə kökləri toplaya bilərdilər. Onlara konkret vaxt və bu vaxta uyğun qida ehtiyatı verilirdi. Çin meşələrində olan jenşen ehtiyatları minillik boyu yığıldığından tükənmək üzrə idi. Buna görə də XIX əsrin ortalarından onun əsas mənbəyi Ussuriya vilayəti oldu.

Təbiətdə kütləsi 100-200 qr olan jenşen kökləri çox nadir halda tapılır. 1981-ci ildə Çində çox böyük ölçülü kök tapılmışdı. Onun kütləsi 500 qr, uzunluğu isə 65 sm idi. Bu kökün çoxlu şaxələri vardı ki, bu da onu daha qiymətli edirdi. Daha nadir nümunə 1905-ci ildə Mançjuriyada dəmir yolu salınanda tapılmışdı. Bitkinin ömrü 200 ilə, kökünün kütləsi isə 600 qrama çatırdı. Bu jenşen kökü Şanxayda 5 min dollara satılmışdı. Lakin mütəxəssislər bu məbləğin onun qiymətinin yarısı olduğunu söyləyirdilər.

Rusiyaya jenşen ilk dəfə 1675-ci ildə gətirilib. Onu Rusiyanın Çin İmperatorluğunda nümayəndəsi Sapfiriy gətirmişdi.

Botanik özəllikləri

[redaktə | mənbəni redaktə et]

Vətəni Çin və Şimali Koreyadır. Yabanı halda jenşen Koreyada, Çində, Mancuriyada, həmçinin Rusiyanın Xabarovsk və Primorsk vilayətlərində yayılmışdır. Əsas etibarı ilə enliyarpaqlı-kedr meşələrində, bəzən küknar qarışıqlı palıd meşələrində bitir. Yumşaq, çürüntü ilə zəngin, orta rütubətli torpaqlarda daha geniş yayılır. Düz günəş şüalarına qarşı davamsız olduğundan heç vaxt açıq ərazilərdə rast gəlmir.

Jenşen bitkisini 1953-cü ildə Xabarovski (Rusiya) vilayətində Azərbaycanın Zaqatala ərazilərinə gətirmişlər. Azərbaycanda Böyük Qafqaz və Muxtar Respublikadakı Salvartı yaylasında bu qiymətli bitkinin oxşar növü yayılmışdır. Təəssüf ki, bitki ot biçini zamanı laqeydliklə məhv olunub vegetasiya dövrünü başa çatdıra bilmir.

Ətli, ağımtıl-boz rəngli milşəkilli kökü torpaqda qalmaqla çoxillik dərman otu bitkisidir. Hündürlüyü 50-80 sm olaraq, uzun saplaqlı, barmaqvari bölümlü yarpaqlarının kənarı mişardişlidir. Açıq-yaşıl rəngli 5 üzvülü çiçəkləri gövdənin ucunda çətir formalıdır. Al-qırmızı meyvələri 2-3 toxumlu və çəyirdəkli olur. Bitki torpaqda 100 ildən artıq qalaraq inkişaf edir.

Kökün qalınlığı 3 sm, uzunluğu isə 60 sm-dən çox olur, uzunsov-silindrik formaya və 2-6 ədəd qalınlaşmış yan şaxələrə malikdir. Yaz aylarında köklərin üzərində çoxsaylı, kövrək sorucu kökcüklər əmələ gəlir. Payızda bunlar məhv olduqda yerində məxsusi qabarcıqlar qalır. Əsas kök ətli (75%-ə qədər sudan təşkil olunub), çox ətirli, kəsikdə sarımtıl-boz rənglidir. Onun illik artımı təxminən 1 qrama yaxın olur.

Bitkinin yerüstü hissəsi adətən tək, az hallarda bir neçə zoğdan təşkil olunur. Zoğlar düz, nazik, silindrik, yaşıl və ya qonur-qırmızı rəngli, içərisi boş olur. Cavan bitkidə 1-2, yaşlı bitkidə isə 4-5, nadir hallarda 7 yarpaq olur. Bunlar 40 sm-ə qədər uzunluqlu, mürəkkəb quruluşlu, beşdilimlidir, rozet şəklində zoğun zirvəsində yerləşir. Yarpaqların saplaqları bənövşəyi-qırmızı rəngdədir. Yaşlı bitkilərdə yarpaq rozetinin ortasından 25 sm uzunluqlu, tək çətirli çiçək zoğu inkişaf edir. Çiçəkləri xırda, gözəgəlimsiz, ağ ləçəklidir. Meyvəsi al qırmızı rəngli, adətən ikiçəyirdəkli, bəzən isə tək və ya üççəyirdəklidir.

Jenşen iyulda çiçəkləyir, meyvələri avqust-sentyabrda yetişir. Yalnız toxumla çoxalır. Payızda əkilən toxumlar 18-22 aydan, bəziləri isə 3-4 ildən sonra cücərir. Bu, onlarda olan rüşeymin natamam inkişafı ilə əlaqədardır. Jenşen bitkisi 150 il yaşayır.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Köklərində  triterpenli saponinlər, - panaksozid A, B, C, D, E, F və efirli yağlar, şəkər, nişasta, pektinli maddələr, fermentlər, B qrup vitaminlər, mikroelementlər, fitoesterogen və daukosterin vardır. Köklərinin tərkibində triterpen tetrasklik saponinlər - panaksozidlər, protopanoksidol,  protopanokstirol olur. Efir yağı (0,25-0,5%), piyli yağlar, fitosterinlər, qatran, pektin maddələri (23%), nişasta, vitaminlər, yağ turşuları, çoxlu mikroelementlər – dəmir, manqan, gümüş vardır. Hemolitik aktivliyi yalnız qlükozidlərlədir. Qəbul etdikdən sonra hidroliz edərək, mədə-bağırsaq traktında aqlikona parçalanır, saponinləri itirərək hemolitik aktivlik yaradır. Saponinlər soyuqqanlı heyvanlar üçün toksiki hesab olunur. Bu maddə qəlsəmələrin və tənəffüs sisteminin işinin pozulmasına səbəb olur.

Kök və kökümsovları birlikdə xammal kimi keyfiyyətli dərman bitkisidir. Kökündə triterpen saponinləri - panaks, panakvisin, efir yağları, panasen, panaks turşusu (yağ turşularının qarışığı: palmitin, stearin, olein, linol), fitosterin, selik, nişasta, şəkər, alkoloid, mikroelementlər (fosfor, dəmir, manqan, alüminium və s.), qatran, estrogenvitaminlər (B1, B2) vardır.

Bitkinin yalnız kökündən istifadə edilir. Kimyəvi tərkibi tədqiqat üçün olduqca maraq doğurur. Belə ki, bu bitki öyrənilməkdədir, lakin müalicəvi tərəfləri hələ də tam aydın deyil. Qədim şərq əfsanəsində jenşeni «bitki-adam», «yeradamı» adlandırırdılar. Əfsanələrdə deyilirdi ki, qocalığı geri qaytararaq cavanlaşdırır, xəstələri sağlamlaşdırır, müdrikləşdirir, bir çox epidemiyaları: taun, çiçək və vəba xəstəliklərinin müalicə olunmasına kömək edir. Jenşen Çin və Cənub-Şərqi Asiyaya məlum idi. Avropa ölkələrinə XVII əsrdə məlum oldu. Sinir sistemini stimullaşdırır, sinir və psixi narahatçılığı götürür, hipotenziv təsir göstərir, nevroz və impotensiyaların müalicəsində olduqca müsbət təsir göstərir, səbəbi məlum olmayan narahatlıqlarda, orqanizmin müdafiə qabiliyyətinin zəifləməsində, stresli stuasiyalarda, infeksion xəstəliklərdə istifadə edilir. Orqanizmi ümumi tonuslandırır, mərkəzi sinir sistemini stimullaşdırır və yüngül depressiyanı aradan götürür. Xroniki ağ ciyər xəstəliklərində, qanazlığı, şəkərli diabet, hipo və hiper qastritlərdə olduqca yaxşı təsir göstərir. Mədə yarasını tezliklə sağaldır, iştahı artırır, bağırsaq fəaliyyətini normallaşdirir. Ürək qan dövranını nizama salır. Müxtəlif səbəblərdən əmələ gələn seksual zəifliyi aradan götürür. Lakin yerli-yersiz bu preparatı işlətmək yolverilməzdir. Bu preparatı vitaminlərlə birlikdə işlətmək onun səmərəsini xeyli artırır. Jenşen toksiki deyil və uzun müddət tətbiq edilə bilər. Xəstəyə bu preparatı zəif dozalarla təyin etmək məsləhətdir. Köklərinin tərkibində mərkəzi sinir sistemini sakitləşdirən, hipotoniyada, nevrasteniyada stimullaşdırıcı və fiziki yorğunluqda əvəzedilməzdir.

Köklərindən hazırlanan məhlul, dəmləmə, toz, məlhəm, çay, ekstraktlar göstərilən xəstəliklərin müalicədə tətbiq edilir. Məsləhət görülür ki, ilk dəfə zəif doza ilə başlamaqla, tədricən artırmaq lazımdır. Müalicə müddəti 1-3 aydır.

Rp.: T-ae Ginsengi 30,0

D.S. 15-20 damcı gündə 3 dəfə yeməkdən 30 dəq. əvvəl

Rp.: Tabul. rad Ginsengi  0,15

S. 1-2 həb gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl

Daxili göstəriciləri – Tərkibində 70% spirtdə çıxarılan ekstraktiv maddələr 20%, rütubət 13%, kül 5%, qaralmış, bozarmış və açıq rəngli hissəcikləri 10%-dir.

Əks göstəriş - Hipertoniya xəstəliyi, taxikardiya, 16 yaşına qədər uşaqlara və yay vaxtı təyini məsləhət görülmür.[1]

Jenşenin yerüstü və kökümsov gövdəsindən istifadə olunur. Jenşenin əsas hissəsi olan kökü (400qr-a qədər olur) toplanaraq dərmanlar düzəldilir. Jenşen kökü hipertoniya, yorğunluq, nervasteniya zamanı əhval ruhiyyəni qaldırır.

Tibbdə işlədilməsi

[redaktə | mənbəni redaktə et]

Jenşen kökünün dəmləməsi fiziki və zehni yorğunluq, iş qabiliyyətinin azalması, nevroz, nevrasteniya, yuxusuzluq, miqren, ürək-damar sisteminin funksional pozğunluqları, qaraciyər, böyrək, mədə-bağırsaq, ağciyər xəstəlikləri, revmatizm, şəkərli diabet, impotensiya və üzülmə zamanı, həmçinin ağır infeksion xəstəliklərdən sonra istifadə olunur. Biotexnoloji yolla hüceyrə kulturasından alınan preparatlar da kifayət qədər effektlidir.

Kulinariyada işlədilməsi

[redaktə | mənbəni redaktə et]

Jenşen kökünün kulinariyada tətbiqi çox məhduddur. Ondan yalnız əzmənin hazırlanması üçün istifadə olunur. Təzə jenşen kökü yuyulur, doğranır, sürtgəcdən keçirilib sıyıq halına salınır. Süfrəyə tək halda və ya 1/4-1/3 çay qaşığı sıyıq meyvə şirəsi, jele, yaxud da kisel ilə qarışdırılıb verilə bilər. Yavaş-yavaş, 10-15 dəq. ərzində yeyilir.

  1. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333