Pavel Pototski (1879, Sankt-Peterburq – 15 mart 1932, Bakı) — Əsasən Bakıda fəaliyyət göstərmiş polşalı mühəndis, neftçıxarma üzrə mütəxəssis. O, Bibiheybət körfəzinin qurudulması layihəsinin müəllifi və icraçısı olmuşdur. 1929-cu ildə Pototski SSRİ Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi tərəfindən ən yaxşı tikinti işlərinin həyata keçirilməsi sahəsində birinci mükafata, 1931-ci ildə isə o, Lenin ordeni ilə təltif olundu.[1]
Pavel Pototski | |
---|---|
pol. Paweł Potocki | |
Doğum tarixi | |
Doğum yeri | Sankt-Peterburq |
Vəfat tarixi | 15 mart 1932 |
Vəfat yeri | Bakı |
Dəfn yeri | Bakı |
Vətəndaşlığı | Rusiya imperiyası |
Milliyyəti | polyak |
İxtisası | mühəndis |
Təhsili |
|
Fəaliyyəti | geoloq, mühəndis |
Vikianbarda əlaqəli mediafayllar |
Pavel Pototski 1879-cu ildə Peterburq şəhərində zadəgan ailəsində anadan olmuşdur. Atası Nikolay Pototski general rütbəsində idi və Peterburqda yerləşən Mixaylovski hərbi akademiyasında dərs deyirdi. O, oğlu Paveli hərbi xidmətə təyin edir — onu Pajes korpusuna yola salır. Lakin cavan Pavel mühəndis olmaq arzusunda idi. Pavel Pototski Pajes korpusunun Yollar və Rabitə İnstitutuna keçir və yüksək təhsil alır. Pavel Pototski 1901-ci ildə buranı fərqlənmə ilə bitirdikdən sonra Hollandiyaya gedərək yer qazma işlərinin incəliklərini öyrənir.[2]
Hollandiyadan qayıtdıqdan sonra P. Pototski Xersonda Dnepr çayının mənsəbindəki kanalın tikintisində işləməyə başlayır. Orada Pavelə layihə təqdim olunur, o, isə öz layihəsini irəli sürür. Məhz onun irəli sürdüyü layihənin tətbiq edilməsi nəticəsində işin aparılma müddətinin 2 dəfə azalmasına nail olunur. Burada suyun çəkilməsi zamanı görünən bəndin divarlarının üzərində Pototskinin adını oxumaq mümkündür. O, burada 1910-cu ilə qədər — Bibiheybət körfəzinin doldurulması işlərinə rəhbərlik etməyə dəvət olunana qədər çalışmışdır.
1910-cu ildə Bakı neft sənayeçiləri torpaq qazma işlərində savadlı və bacarıqlı mühəndis olan Pavel Pototskini Bibiheybət buxtasının doldurulması işlərinə rəhbərlik etməyə dəvət etdilər.[2] O, 1904-cü ildə vaxtsız dünyasını dəyişən və Bakıdakı neft yataqlarını tədqiq edən digər polşalı mühəndis Vitold Zqlenitskinin işini davam etməyə dəvət olunmuşdu. O vaxta qədər isə dünyanın heç bir yerində sulu ərazinin torpaqla doldurulması işləri aparılmamışdı.[3] Hələ 1890-cı illərdə Azərbaycanın neft sənayeçiləri çar hökumətindən xahiş edirdilər ki, onlara Bibiheybət körfəzinin su ərazisinin istismarına icazə versinlər.
Bu işlərin əsas mahiyyəti yaradılacaq süni quruntlarda neft mədənlərinin qurulması və dənizə doğru qazma işlərinin həyata keçirilməsindən ibarət idi. Bu məqsədlə P. Pototskinin təkidi ilə 1910-cu ildə Sormovo zavoduna bir karvan yer qazıma maşınlarının hazırlanması sifariş olunur. Bu karvan bütünlüklə yalnız 1916-cı ildə hazır olur. Bu karvan 1100 at gücünə malik 2 torpaqsoran maşından, 1100 at gücünə malik 5 yedək gəmisindən, 1100 kub metr həcmində 10 barjdan və digər obyektlərdən ibarət idi. Körfəzin doldurulması üçün quruntlar dənizin dibindən çıxarılırdı. Sahillərin bərkidilməsi və bəndlərin tikintisi üçün Şıxov burnundan və Nargin adasından gətirilən yerli daşlardan istifadə olunurdu. Lakin karvan işlərini geniş şəkildə başlamamış Baltikaya hərbi məqsədlər üçün istifadə olunmağa göndərilir. 1918-ci ildə akvatoriyanın yalnız 193 hektarı torpaqla doldurulur. Rusiyada baş vermiş vətəndaş müharibəsi Bibiheybət körfəzində işlərin aparılmasını çətinləşdirdi.[4]
1919-cu ilin avqustunda Pavel Pototski bir gözünü itirir. Sonralar tədricən digər gözü də görmə qabiliyyətini itirməyə başlayır. 1920-ci ilin iyununda Pototski artıq görmə qabiliyyətini 90% itirən gözünün müalicəsi üçün Moskvaya getməli olur. Həkimlər göz sinirinin atrofiyası xəstəliyinə düçar olan Pototskini işıqlı dünyaya qovuşdura bilmirlər, çünki o dövr üçün bu xəstəliyin müalicəsi yox idi. Nəticədə o, 41 yaşında hər iki gözünün görmə qabiliyyətini itirir.[5]
Pototski və onun həyat yoldaşı Nadejda Anatolyevna o zaman Bakıdakı Böyük Minarə küçəsindəki 23 nömrəli evdə (indiki Asəf Zeynallı küçəsi, İçərişəhər) yaşayırdılar. Həmin vaxt evlə üzbəüz Fəhlə kooperativi — Fəhlə birliyi yaradılmışdı. Və həmin birliyə hesabdar tələb olunurdu. Gözlərini itirən Pototski bir müddət burada hesabdarlıq edir.
Bibiheybət körfəzində işlərin davam etdirilməsi haqqında sərəncam verildikdən sonra Azneftin rəhbəri Serebrovski Pototskiyə buxtanın doldurulma işlərinə rəhbərliyi öz üzərinə götürməyi təklif edir. Gözlərinin görməməsinə baxmayaraq o, 1922-ci ildə 27 hektar dəniz ərazisinin torpaqla doldurulması layihəsini işləyib verir. Tezliklə Pototski körfəzin doldurulması üçün yeni layihə hazırlayır. Bu layihəyə əsasən 79 hektar əraziyə torpaq tökülməli idi. Bu iş uğurla davam etdirilir və 1923-cü il aprel ayının 18-də İliç körfəzində (3-cü layda) 82,5 metr dərinliyində quyu işə salınır.[6] Yeni ərazidən — torpaqla örtülmüş sahədən vuran ilk neft fontanı bütün dünyanı heyrətə gətirir, beynəlxalq neft konfranslarında böyük marağa səbəb olur.[7]
Ümumilikdə Bibiheybət körfəzinin tam örtülmüş sahəsi 1910-cu ildən başlayaraq 300 hektara çatdırıldı. Pototski ömrünün son 10 ilini gözləri görmədiyi halda layihəyə rəhbərlik etmişdir. O, qarşıya qoyulmuş 5 illik plana vaxtından iki il yarım əvvəl nail olduğu üçün Lenin ordeni ilə təltif edilmişdi.[8]
Pavel Nikolayeviç Pototski 15 mart 1932-ci ildə vəfat edib və öz vəsiyyətinə əsasən Bibiheybətin torpaqla doldurulmuş sahəsində, dəniz kənarında dəfn edilib.[9] Pavel Pototskinin rəhbərlik etdiyi körfəzin doldurulması layihəsi onun ölümündən sonra 1932-ci ildə yekunlaşır.[10]
Mühəndisin fəaliyyəti Marqarita Aliqerini ilhamlandırmış və şairə "Qoca" adlı əsərini ona həsr etmişdir.
Azərbaycanın tanınmış şairi Ramiz Heydər ona poema həsr edib.[1]
1970-ci illərdə rejissor Eldar Quliyevin "İliç körfəzi" filmində körfəzin Pototskinin qeyri adi planı ilə doldurulması haqqında danışılıb.[11]
1928-ci ildə Bakıya gələn Maksim Qorki Pavel Pototski haqqında demişdir:
Biz Bibiheybətdəyik, o yerdə ki, neftverən torpaqların dənizdən azad olunması üçün neftçilər sahənin bir hissəsini dənizin əlindən almışlar. Çox güclü nasoslar nohurun bulanıq yaşıl rəngdə suyunu dənizə vururlar. Bu o qədər də poetik olmayan gurultunun sədaları altında mənə əfsanəvi bir əhvalat danışırlar - bir mühəndis haqqında, səhv etmirəmsə onun adı Pavel Pototski idi. Özü də tamamilə kor ola-ola Bibiheybət sahəsinə elə yaxşı bələddir ki, səhv etmədən xəritədə işlərin aparılması və ya başlanılması lazım olan hər bir ərazini göstərə bilir.[12] |
Pototski öz vəsiyyəti ilə, Bibiheybətdə, özü yaratdığı dənizin sahilində, neft nasosları və qazma platformalarının əhatəsində dəfn edilmişdir. 2004-cü ilin sonunda qəbirüstü abidə heç də yaxşı vəziyyətdə deyildi. Baş daşı sındırılmış, məzarı əhatə edən hasar isə demək olar ki dağılmışdır. Polşa Respublikasının Bakıdakı Səfirliyinin səyləri nəticəsində qəbir Şəhidlik və Mübarizə Xatirəsinin Qorunması üzrə Şuranın təqdim etdiyi vəsaitlə yenidən qurulmuşdur. Layihənin müəllifi, polyak və şərq elementlərini birləşdirən heykəltaraş, Rizvan Babayevdir. Bərpa olunmuş qəbirdaşının açılışı 2005-ci ilin 9 noyabr tarixində baş tutmuşdur.[13][14]