Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qırğız ədəbiyyatı — Qırğızıstanlı və qırğız şair, yazıçıların Qırğızıstan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələridir.
Toktoqul Satılqanov bölgənin zarafatcıl, şirin lətifələr danışan, bədahətən şeirlər söyləyən, bugünkü mənada monotamaşalar göstərən insanlarından birisi olmuşdur. Toktoqulun anası da ürəkləri kövrəldən, necə deyərlər, daş ürəkli insanların da gözündən yaş çıxara bilən bir ağıçı olmuşdur.
Uşaqlığını keçə çadırlarda, yayda yaylaqda, qışda qışlaqda keçirən, məktəb, mədrəsə üzü görməsə də, fitri istedadı, iti yaddaşıyla ailə üzvlərinin, qohumlarının, sonra da bölgədə yaşayanların diqqətini özünə cəlb edən Toktoqul yeniyetməliyində çobanlıq edərkən təbiətin hər cür sərt üzünü görür. Sürü otararkən borana da düşür, qoyunlara hücuma keçən ac yırtıcılarla da üzləşir. Hava xoş, kefi kök olanda dağ bulaqlarının suyundan içib çəmənlərdə oxumaqla səsini cilalayıb. Dağlara, göydə uçan quşlara "konsert" verə-verə bir akın kimi yetişib. Beləcə 13 yaşından yırlar söyləməyə başlayıb.
Onun fitri istedadını ailəsi və Naken, Esenaman, Çondun kimi yırçıların şeirləri gəlişdirir. Tarixi mənbələrə sadiq qalan, əsərlərində fakt və sənədlərə dayanmağa üstünlük verən məşhur qırğız yazıçısı Tölöqon Qasımbekov "Gəlgəl" romanında bölgənin məşhur qopuz düzəldən və ifaçısı Niyazalı onu himayəsinə götürdüyünü, şagirdinə yalnız çalıb oxumağı, qırğızların ağızı ilə desək akınlığı öyrətmir, həm də quzunun və ya oğlağın bağırsaqlarını təmizlədikdən sonra onu tərsinə çevirərək necə qaşıyıb naziltmək lazım gəldiyini, həmin bağırsaqları kölgədə qurudarkən onun uzanması üçün hansı çəkidə daş bağlamaq lazım gəldiyini, necə deyərlər, bağırsaqdan qopuz üçün yüksək keyfiyyətli sim düzəltməyi, qopuzun çanağı və qolu üçün ağac seçməyi öyrədir.
Toktoqul Satılqanov da az bir zamanda həm mahir qopuz düzəldən usta, həm də məclislərdə günlərlə dastan söyləməyi bacaran sənətkar kimi tanınır. O, yalnız özündən əvvəl yaşamış akınların yaratmış olduqları dastan və yırları söyləməklə kifayətlənmir, özü də gündəlik həyatda baş verənləri, gördüklərini musiqinin və bədii sözün vasitəsilə dinləyicilərinə çatdırır.
Toktoqul Saltıq oğluna böyük şöhrət gətirən isə təxminən iyirmi yaşlarında Arzımat adlı akınla deyişməsi, bu deyişmədə Arzımata qalib gəlməsi olur. Tölöqon Qasımbekovun yazdığına görə bir çox aşıqlar və şairlər kimi Toktoqulun da ilk sevgisi uğursuz olur, oxu daşa dəyir. O, bölgənin varlılarından və nüfuzlu şəxslərindən biri olan Subanın qızına vurulur. Ustadı Niyazalı Toktoqulun özünü-sözünü bilmədiyini görüb başqa bir şagirdi Töröyə tapşırır ki, onun dərdini öyrənsin. Toktoqulun çox səmimi dostu olan akın Törö ustadının tapşırığını yerinə yetirir. Niyazalı bu sevdanın baş tutmayacağını, varlı Suvanın qızını kasıb sənətkara verməyəcəyini bilsə də, ruhdan düşmür, çıxış yolları axtarır.
O, bölgənin tanınmış xalq ozanlarından olan, həm də Suvanla uzun illər dostluq edən Cengicok və xanımını elçi göndərir. Cengicok qopuzu, musiqisi və sözü ilə Suvanı yumşaltmağa çalışsa da, mümkün olmur. Suvan nəinki qızını vermir, hətta keçmiş dostunu, bölgənin məşhur sənətkarını evindən qovur.
Bundan inciyən Toktoqul Suvana tənqid edən yırlar yazaraq məclislərdə oxuyur. Nəğmələrində ozanlığın-aşıqlığın var dövlətdən, əsil-nəsildən üstün olduğunu tərənnüm edir. O deyir ki, var-dövlət bir qəza, fəlakət nəticəsində əldən gedə bilər, dədə-babası bəy xan olanın övladı bivec ola bilər. Amma akınlık Allah vergisidir. Akını xalq sevər və onun hörmətini saxlar, adını yaşadar.
Toktoqul Satılqanov yırlarında yalnız Suvanı tənqid etməklə qalmır, vətənini işğal etmiş Rusları və onlara yarınan yerli məmurları, əsilzadələri də tənqid etməyə başlayır. Onun nəğmələri bölgəni idarə edən rus məmurlarını bərk narahat etsə də, xalq arasında böyük nüfuzu olan akını özləri cəzalandırmır. Onu yerli məmurların əli ilə cəzalandırmağı qərara alır. Mənbələrin verdiyi məlumata görə onu bölgə məmurlarını ifşa edən "Beş qaban" və başqa şeirlərinə görə həbs edirlər.
Qırğız xalqı arasında böyük nüfuzu olan, hətta çox vaxt cəsarətinə və ötkəmliyinə görə Rus məmurlarının belə onunla hesablaşmalı olduğu, qadın olsa da, xalqının datka, yəni sərkərdə ləqəbi verdiyi Kurmancan Datka ruslara xidmət edən yerli məmur Kerimbaydan xahiş edir ki, Toktoqulu həbsdən azad etdirsin. 1811–1907-ci illərdə yaşamış, qırğız sərkərdəsinin xanımı olmuş Kurmancan qırğızlar arasında qan düşmənlərini barışdıran, tayfa davalarına son verən, həmişə haqlının tərəfində duran, kasıb-kusuba, əlsiz-ayaqsıza himayədarlıq edən bir el anası kimi tanındığından Kerimbay onun sözündən çıxa bilmir. Toktoqulu həbsdən azad etdirəcəyinə söz verir.
Həbsxanadan Toktoqulla görüşən Kerimbay ondan tələb edir ki, oxuduğu nəğmələrə görə xalq arasında ondan üzr istəsin və bir daha rus məmurlarını, yerli bəyləri, mirzaları, imkanlı və nüfuzlu şəxsləri tənqid edən nəğmələr oxumasın. Lakin Toktoqul Kerimbayın şərtlərinə əməl etməkdənsə Sibirə sürgünə getməyi üstün tutur. Onu at arabasında Sibirə sürgünə göndərəndə də qopuz çalaraq öz taleyindən bəhs edən yırlar söyləyir. Xalq ozanının ömür yolunu araşdıranlar Toktoqulun Əndicanda 1898-ci ildə çar Rusiyasına qarşı baş qaldırmış üsyanda fəal iştirak etdiyini, Rus əsgəri birliklərinə qarşı döyüşdüyünü və yırları ilə üsyançıları işğalçılara qarşı mübarizədə dönməz olmağa ruhlandırdığını yazırlar. Üsyan yatırıldıqdan sonra Toktoqul da həbs edilir. İlk başda ona edam cəzası kəsilsə də, sonra bu cəza Sibirə sürgünlə əvəzlənir.
XX əsr Qırğız ədəbiyyatının nümayəndələrindən biri də Çingiz Aytmatovdır.
Çingiz Aytmatov "Kassandra damğası" adlı romanın da müəllifidir.
Çingiz Aytmatov xoşbəxt sənətkarlardandır. Çünki yazdığı hər bir əsər sanki bütün xalqlardan və millətlərdən olanların həyatını, dünyagörüşünü, fəlsəfəsini, duyumunu, ona münasibətini əks etdirir, onları maraqlandırır. İndi, bəlkə də anamız Yerin elə bir guşəsini tapmaq mümkün deyil ki (Uzaq Şərqdən – Yaponiya və Çindən tutmuş taki Cənubi Amerikaya, Kubaya, Braziliyaya qədər), Çingiz Aytmatov adı ilə tanış olmasın. Bunu Hüseynbala Mirələmovun təəssüratlarından da görmək olur. Azərbaycan yazıçısı ilə söhbətdə Ç. Aytmatov maraqlı bir epizoda toxunaraq qeyd edir ki, o, 70–80-ci illərdə Sovet nümayəndə heyətinin tərkibində Çinə səfər edibmiş. Qaldığı hoteldə özü də bilmədən ona gələn zəngdə bir gəncin onunla görüşmək istədiyi bildirilir. Ç. Aytmatov səhəri gün bu gənc çinlini qəbul edir. Oğlan ona aşağıdakı kimi müraciət edir:
"Salam mənim atam, xoş gəlmisən Pekinə". Ç. Aytmatov "atam" sözündən çaşıb qalır. Oğlan Ç. Aytmatovun tutulduğunu hiss edir.
Bir qədərdən sonra sözünə davam edərək: "Mən sizin "Ağ gəmi" povestinizin qəhrəmanı olan Uşağam. Bəli, mən o vaxt həmin əfsanəvi çaylarla İssık-Kuldan keçib, üzərək buraya gəlmişəm. İndi Pekində oxuyuram".
Fikir verin, XX əsrin 70-ci illərində Ç. Aytmatovun ağlına belə gəlməzdi ki, yad ölkədən olan oxucusu onun əsərləri və qəhrəmanları ilə tanış olsun. Hətta oxucular özlərini bəzi qəhrəmanların yerində də görürdülər. Çünki Ç. Aytmatov bütün əsərlərində həyat həqiqətlərini qələmə alıb, oxucuya çatdırmağa çalışır. Bunu biz həm də müəllifin Hüseynbala Mirələmova əlyazma şəklində verdiyi və tanınmış tərcüməçi Səyavuş Məmmədzadənin dilimizə çevirib oxuculara çatdırdığı "Öldürməli… Ölməli…" ("Ubit – ne ubit…") hekayəsində də yaxşı görürük. Hekayənin özü, onun tərcümə dili və səviyyəsi haqqında ayrıca məqalə yazmaq fikrində olsam da, əvvəlcədən deyək ki, Çingiz Aytmatov öz hekayəsindəki hadisələrin ölkəmizdən kənarda cərəyan etdiyini göstərsə belə, onun əsas konturlarının məhz Azərbaycandan götürüldüyünü güman etmək mümkündür.
Sadəcə olaraq təsvir olunan yerlər və personajlar azərbaycanlılar deyildir. Yenə də bəşəriyyət, xalqlar, müharibə, insanların müharibəyə münasibəti, onlarda müharibə ilə bağlı yaranmış mənfi assosiasiyalar, müharibələrin insan daxilində təlatümlər, ikili hiss və düşüncələr, münasibət və dəyərlər yaratması – bunların hamısı Ç. Aytmatovun əsərlərində daim həyatı, həyat həqiqətlərini bütün rəngləri ilə təqdim edə bilməsi ilə bağlıdır.