Asiya Hunları çağından bəri varlıqlarını bildiyimiz Qırğızlar, o dövrdə hunlara bağlı Ting-linglerle qarışıq olaraq yaşayırdılar. Yenisey çayı boylarında oturan Qırğızlar , 560-cı ildə Mukan Kağan zamanında Göytürklərə bağlanmışlar, Göytürk Dövlətinin 630-cu ildə yıxılmasıyla müstəqil olmuşlar. Ancaq 681-ci ildə II Göytürk Dövlətinin qurulmasıyla, təkrar Göytürk rəhbərliyinə girmişlər.
Uyğur dövlətinin qurulmasından sonra, 758-ci ildə Mayan-Çur Kağan tərəfindən Uyğurlara bağlanan Qırğızlar, 840-cı ildə şiddətli bir hücumla Uyğur Dövlətini yıxaraq Orhun bölgəsində öz dövlətlərini qurmuşlar. Ancaq bir müddət sonra Kitanlar tərəfindən buradan çıxarılan Qırğızlar, köhnə yurdlarına çəkilmək məcburiyyətində qalmışlar. Beləcə Orhun bölgəsi Türk yurdu olmaqdan çıxıb, Monqolstanın bir parçası halına gəlmişdir. Çingiz Xan zamanında Monqollara boyun əyən ilk Türk qövmü olan Qırğızlar, bu tarixdən sonra siyasi bir varlıq göstərə bilməmişlər. Uzun illər dağınıq və köçəri olaraq yaşayan Qırğızlar, Rus və Sovet hakimiyyətindən sonra bu gün Qırğızıstan adıyla müstəqil bir dövlət halında yaşamaqdadırlar. Dünyanın ən uzun dastanı olan Manas dastanı Qırğız Türklərinə aiddir.
Qırğızıstan 31 avqust 1991-ci ildə özünü suveren və müstəqil respublika elan etdi. 1991-ci ilin oktyabr ayında Ə. Akayev alternativsiz əsasda səslərin 96%-ni toplayaraq legitim prezident oldu. Ölkə parlamenti Ali Sovet- Jokorku Keneş ikipalatalı sistemdən ibarətdir: Xalq nümayəndələri palatası (5 il müddətinə seçilən 70 yerdən ibarətdir) və Qanunverici Məclis (35 yer). 5 may 1993-cü ildə Konstitusiya qəbul olundu. Onun əsasında prezident geniş səlahiyyətlər aldı. Bununla yanaşı, güclü parlament də formalaşdı. 10 fevral 1996-cı ildə Ə. Akayevin təklifi ilə Konstitusiyada dəyişikliklər edildi. Bu dəyişikliklər prezident funksiyalarının genişləndirilməsi hesabına qanunverici orqanın səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tuturdu.
Respublika müstəqilliyinin ilk günlərindən SSRİ-dən varis qalan ağır milli məsələ ilə qarşılaşdı: şimalda qırğızlarla slavyanlar, cənubda isə qırğızlarla özbəklər arasında. Torpaq haqqında 1992-ci il qanunu "yerlilərlə" "gəlmələr" arasında münasibətləri daha da kəskinləşdirdi. Ancaq ölkə rəhbərliyinin gördüyü tədbirlər iğtişaşlardan yayınmaq imkanı yaratdı. Hökumət kompromisli milli siyasət yeritməyə çalışırdı. Rusiya ilə münasibətlərin qurulması prosesində Qırğızıstanda rus və digər slavyan xalqlarının yaşaması faktı diqqət mərkəzində dururdu. Ancaq respublikada yaşayış səviyyəsinin aşağı düşməsi 1992–1993-cü illərdə 100 mindən çox rusun Rusiya Federasiyasına köçməsinə səbəb oldu. 1999-cu ilin sonunda rusdilli əhalinin miqrasiyası gücləndi.
Müstəqilliyin ilk illərində aparılan qərbyönümlü siyasət, sosial-iqtisadi islahatların eyforiyası köhnə iqtisadi əlaqələrin bərpası və inteqrasiya prosesinə mənfi təsir göstərirdi. Bütün bunlar və respublikanın cənubunda mücahidlərin hərbi terrorist hərəkatının genişlənməsi Qırğızıstan üçün Rusiyanın rolunu artırırdı. Qırğızıstanla Rusiyanın əməkdaşlığı nəticəsində regionda təhlükəsizliyin qorunub saxlanılması və sərhədlərə nəzarət, narkobizneslə mübarizə üzrə birgə tədbirlərin həyata keçirilməsi gücləndi.
1990-cı ilin əvvəllərində kütləvi dini özünüdərk prosesi göstərdi ki, dini-mənəvi dəyərlərin inkişafının qarşısını almaq olmaz. Buna görə də hökumət 16 dekabr 1991-ci ildə "Vicdan azadlığı və dini təşkilatlar haqqında" qanun qəbul etdi. Respublika vətəndaşlarının 80%-ni müsəlmanlar təşkil edir. Ancaq son illərdə missioner təbliğatının genişlənməsi gənclərin bir qisminin digər dinlərə meyil etməsinə səbəb oldu.
Oş şəhərində müsəlmanların müqəddəs yeri olan Taxtı-Süleyman yerləşir. Dini bayramlarda bura zəvvar axını başlayır. Terrorçular da məhz bu ərazidə öz hərəkətlərini fəallaşdırırdılar. 30 iyul 1999-cu ildə Oş vilayətinin Batıkən rayonunda silahlı terrorçular Tacikistan tərəfdən dövlət sərhədini pozaraq ölkənin içərilərinə soxuldular. Bu ciddi regional problemi aradan qaldırmaq üçün Özbəkistan, Qazaxıstan və Tacikistan Qırğızıstanla birlikdə silahlı qüvvələrin birgə səylərindən istifadə etməyə məcbur oldular.
Qırğızıstan müstəqilliyini elan etdikdən sonra fəal xarici siyasət yeritməyə başladı. MDB-nin üzvü olaraq o, postsovet respublikaları, xüsusilə Rusiya Federasiyası ilə sıx əlaqələrin yaradılmasına əhəmiyyət verirdi. 1992-ci ilin martında Qırğızıstan BMT–nin üzvlüyünə qəbul olundu.
İlk zamanlar Qırğızıstan Dağlıq Qarabağ probleminin həllində bir qədər fəallıq göstərirdi. 12 may 1994-cü ildə Bişkekdə MDB-nin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında müqavilə imzalandı. Qırğızıstan Ali Sovetinin sədri M. Şerimkulov bu müqavilənin hazırlanması və imzalanması prosesində fəal iştirak etdi. Ancaq sonralar Qırğızıstanın bu məsələdə fəallığı heçə endirildi.
Qırğızıstan türkdilli ölkələrin dövlət başçılarının bütün görüşlərində iştirak edir. Bu görüşlərdən biri 27–28 avqust 1995-ci ildə Bişkekdə keçirildi. Görüşün iştirakçıları qırğız xalqının eposu "Manas"ın 1000 illiyinə həsr olunmuş şənliklərə qatıldılar. Görüşdə iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişafı, qaz və neft yataqlarının birgə istifadəsi məsələləri müzakirə olundu. Bişkek bəyannaməsi qəbul olundu. 21 dekabr 2000-ci ildə Kurmanbek Bakiyev Amangəldi Muraliyevin yerinə Qırğızıstanın baş naziri təyin olundu. Ancaq kabinetin tərkibi təzələnmədi.
Qırğızıstanda növbəti prezident seçkiləri alternativ əsasda 23 dekabr 2000-ci ildə keçirildi. Ə. Akayev 74% səs toplayaraq qələbə qazandı. 27 fevral və 13 mart 2005-ci ildə Qırğızıstanda yeni parlament seçkiləri keçirildi. 75 parlament yerinə 400 namizəd iddia edirdi. Ölkənin ali qanunverici orqanında mütləq əksəriyyəti (90%-ə qədər) hökumətyönlü və neytral deputatlar qazandılar. Bu isə xalqın narazılığının partlayışına, ölkədə vəziyyətin kəskin surətdə gərginləşməsinə və mövcud rejimin devrilməsinə səbəb oldu. Ölkənin paytaxtında başlanan "Zanbaq inqilabı" prezident və hökumətin istefası şüarı altında gedirdi. Prezident Ə. Akayev ölkəni tərk etdi, sonra isə müxalifətlə əldə olunan razılaşmaya görə könüllü surətdə istefa verdi. Yeni parlament formalaşdırıldı, yeni hökumət yaradıldı. Vaxtından əvvəl keçirilən seçkilərdə iyulun 10-da müxalifət rəhbərlərindən biri olan Kurmanbek Bakiyev prezident seçildi. 24–25 martda mağazaların qarəti, əmlakın məhv edilməsi, binaların yandırılması ilə müşayiət olunan kortəbii iğtişaşları nəzərə almasaq, hakimiyyət dəyişikliyi dinc yolla baş verdi.
14 avqust 2005-ci ildə vəzifəyə qədəm qoyan prezident K. Bakiyev F. Kulovu baş nazir təyin etdi. Qırğızıstanın yeni hakimiyyəti tədricən ölkədə siyasi şəraiti sabitləşdirdi. 2009-cu ilin sonu-2010-cu ilin əvvəllərində respublikada gərginləşən siyasi vəziyyət növbəti hakimiyyət çevrilişi ilə nəticələndi. Müvəqqəti hökumətin sədri Roza Otunbayeva bir müddətdən sonra keçid dövrü prezidenti oldu.
2011-ci il oktyabrın 30-da Qırğızıstanda prezident seçkiləri ilə bağlı səsvermə keçirildi. Seçkilərdə prezidentliyə 16 namizəd mübarəzə aparırdı. Seçkilərdə qalib gələn Qırğızıstanın yeni prezidenti Almazbek Atambayevin andiçmə mərasimi dekabrın 1-də keçirildi. Mərasimdən sonra A. Atambayevin rəsmi tədbirə qatılan Türkiyə, Gürcüstan prezidentləri, Qazaxıstan, Azərbaycan və Rusiya təmsilçiləri ilə ikitərəfli görüşləri oldu.
Qırğızıstanın yeni prezidentinin dekabrın 2-də eks-prezident Roza Otunbayevaya imtiyazlar verilməsi haqqında imzaladığı fərmana əsasən dekabrın 1-dən sabiq prezident hazırda prezident olan şəxsin aylıq əmək haqqının 75%-i qədər aylıq müavinət alacaq, ölkə daxilində birbaşa dövlət əlaqələrindən və prezident administrasiyasının müalicə-sağlamlıq mərkəzlərində tibb təminatı qaydalarından istifadə edə biləcək, dövlət iqamətgahında mülk, avtomobil və sürücü ilə təmin olunacaq. Ölkə daxilində eks-prezidentin təhlükəsizliyinin təmin edilməsi dövlət mühafizə xidməti əməkdaşlarına həvalə olunacaq. Bu güzəştlərdən əlavə, R. Otunbayeva hava limanı və dəmiryolu vağzallarında vəzifəli şəxslər və nümayəndə heyətləri üçün nəzərdə tutulmuş otaqlardan pulsuz istifadə etmək hüququna malik olacaq.
Yeni Konstitusiyaya görə, Qırğızıstan parlament respublikasıdır və ölkənin faktiki rəhbəri parlamentdəki hakim koalisiya tərəfindən təyin edilən baş nazirdir. Prezidentdə isə təmsilçilik funksiyaları saxlanılıb. O, həm də Silahlı Qüvvələrin Ali baş komandanıdır. Qırğızıstan prezidenti 6 illiyə və yalnız 1 səlahiyyət müddətinə seçilə bilər.