Qızıl Əməliyyatı

Qızıl Əməliyyatı (ing. Operation Gold, həmçinin Operation Stopwatch — Saniyyə ölçən əməliyyatı) — 1950-ci illərin əvvəllərində Mərkəzi Kəşfiyyat İdarəsiİngiltərənin Gizli Kəşfiyyat Xidmətinin Sovet İttifaqının Almaniyadakı qərargahının telefon əlaqələrinə giriş əldə etmək üçün Qərbi Berlindən Şərqi Berlinə yeraltı tunel çəkmək üçün birgə kəşfiyyat əməliyyatı. Bu əməliyyat daha əvvəl Vyanada həyata keçirilən "Gümüş" Əməliyyatı layihəsinin daha mürəkkəb bir variantı idi.[1]

Qızıl Əməliyyatı
Əsas münaqişə: Soyuq müharibə
Almaniyadakı Sovet Qoşunları Qrupunun zabiti aşkar edilmiş tuneldəki avadanlıqların üzərindəki ingilis dilindəki yazıları göstərir
Almaniyadakı Sovet Qoşunları Qrupunun zabiti aşkar edilmiş tuneldəki avadanlıqların üzərindəki ingilis dilindəki yazıları göstərir
Əməliyyat dairəsi Berlin
Əməliyyatın yeri Almaniya
Planlaşdıran Mərkəzi Kəşfiyyat İdarəsiGizli Kəşfiyyat Xidməti (MI6)
İcra edən Mərkəzi Kəşfiyyat İdarəsiGizli Kəşfiyyat Xidməti (MI6)
Hədəf SSRİ-nin Almaniyadakı qərargahının telefon əlaqələrinə müdaxilə
Tarix
  • 1955-1956
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sovet zabitləri aşkar olunan tünelinin qarşısında media nümayəndələrinə izahat verirlər

Amerikalı kəşfiyyatçılar dinləmələr zamanı SSRİ tərəfində hər hansı bir döyüş niyyətinin müzakirəsini eşitmək istəyirdilər və təxminən bir il telefon danışıqlarını dinləyə bildilər. Nəticədə təxminən 90.000 rabitə danışığını yazdılar.[2][3] Sovet xüsusi xidmət orqanları "Qızıl Əməliyyatı" haqqında vaxtında məlumat almış və uğurlu cavab tədbirləri görmüşdülər. Dövlət Təhlükəsizlik Komitəsi əməliyyat barədə Corc Bleykdən məlumat almışdılar, lakin onu ifşa etməmək üçün 1956-cı il aprelin 12-nə qədər gözləməyi qərara aldılar.[4]

İzvestiya qəzetinin müxbiri Tunelin içərisində

İkinci Dünya müharibəsindən sonra Berlində mütəffiq qüvvələri yerləşdiyindən şəhər iki hissəyə bölünmüşdü. Qərbi Berlində əsasən ABŞİngiltərə, Şərqi Berlində isə SSRİ tərəfi hakim idi. Bu səbəbdən şəhər Soyuq müharibə illərində tərəflərin əsas mübarizə "poliqonuna" çevrilmişdi. Bu mübarizədə kəşfiyyat xidmətləri xüsusi fəallıq göstərirdilər. Kəşfiyyat xidmətləri məlumat toplamaq üçün öz işlərində bütün vasitələrdən istifadə edirdilər. Belə vasitələrdən də biri 1950-ci illərdə İngiltərə və ABŞ tərəfinin istifadə etdiyi tunel dinləməsi sistemi idi.

Avstriya 1938–1945-ci illərdə Almaniyanın tərkibində olduğundan İkinci Dünya müharibəsindən sonra həm ölkə, həm də paytaxt Vyana müttəfiqlər tərəfindən işğal edilərək zonalara bölünmüşdü. Burada 1949-cu ildə britaniyalılar maraqlı bir əməliyyat apardılar. Onlar guya tvid parça satan dükan aldılar və buradan tunel qazaraq sovet hərbçilərinin istifadə etdikləri telefon xəttinə qoşuldular. "Gümüş" ("Silver") adı verilən bu əməliyyat 1952-ci ilə kimi davam etdi. Həmin il üzərindən keçən tramvayın titrəyişləri səbəbindən tunel uçdu.[1]

Əməliyyatın planlaşdırılması

[redaktə | mənbəni redaktə et]

Vyana tuneli işlək ikən ingilislər oxşar əməliyyatı Berlində keçirməyin mümkün olub-olmaması ilə maraqlandılar. Şərqi Berlin telefon stansiyasından əldə etdikləri məlumat sovet hərbçilərinin və diplomatlarının, eləcə də Şərqi Almaniya hökumət strukturlarının istifadə etdikləri yeraltı telefonteleqraf xətlərinin bir yerdə Amerika zonasının yaxınlığından keçdiyini göstərirdi.

İngilislər özləri Amerika zonasında tunel qaza bilməzdilər. Buna görə də ideyanı amerikalılarla bölüşmək lazım gəldi. Onlar da dərhal əməliyyata rəhbərliyi öz əllərinə aldılar, ingilislərə "kiçik qardaş" rolu ayrıdılar. İngilislər amerikalıların üstün rol almasına etiraz etmədilər, çünki amerikalılar xərcləri öz üzərilərinə götürürdülər. Əməliyyatın adı isə Vyanadakı əməliyyatın davamı olaraq "Qızıl" Əməliyyatı adlandı. MKİ-nin rəhbəri Allen Dales gizliliyi qorumaq üçün tikinti işlərinin sənədləşməsinin məhdud sayda aparılmağını tapşırmışdı.[5]

Böyük Britaniya tərəfindən əməliyyatda çox məhdud sayda adam iştirak edirdi. Əsas adamlardan biri də Corc Bleyk idi. Bleyk Dövlət Təhlükəsizlik Komitəsinin gizli əməkdaşı olduğundan Moskva əməliyyat barədə hələ 1953-cü ilin sonlarından, o, sadəcə müzakirə mərhələsində olanda xəbər tutdu. "Vaşinqton Post" qəzeti 2020-ci il də Bleykin ölümünə həsr etdiyi məqalədə bunu belə təsvir edirdi: "Hələ ilk külüng alman torpağına dəymədən Bleyk çoxmilyonluq işi sabotaj etdi". Bu həm də Corc Bleykin casusluq fəaliyyətinin ən önəmli hadisəsi idi.[6]

"Qızıl" ("Gold") əməliyyatının məğzi Berlində yeraltı tunel qazaraq sovet hərbçilərinin istifadə etdikləri telefon xəttinə qoşulmaq idi. tikinti əməliyyatı 1954-cü ildə yayın sonlarında avqust ayında Amerika zonasında "anbar" tikməklə başlandı və 1955-ci ilin fevralında bitdi. Həmin tikilinin içindən isə əvvəlcə şaquli, sonra da sovet zonasına tərəf uzanan üfüqi tunel qazıldı. Yerin 6 metr dərinliyində, insanların sərbəst hərəkət edə biləcəyi diametrdə olan tunelin uzunluğu 450 metr idi və qurtaracağında sovet tərəfinin istifadə etdiyi yeraltı telefon xəttinə qoşulurdu. Tunel o dövrün ən müasir dinləmə texnologiyaları ilə təchiz edildi. Tunel qazıntısı və avadanlıqla təchiz edilməsi 6,5 milyon dollara başa gəldi.[7][8][9] Almaniya Federativ Respublikasının kəşfiyyat xidmətinin gələcək rəhbəri Reynxard Qelen dəqiq hansı telefon qovşağının kabelinə qoşulmağı müəyyən etdi. MKİ bu kabelin hərbi hissələrin, əks kəşfiyyatın və diplomatik xidmətlərin telefon və teleqraf rabitəsi üçün istifadə olunduğu barədə etibarlı məlumat aldı.[8].

Əməliyyatın gedişi

[redaktə | mənbəni redaktə et]
Tunelin içərisində olan müasir zəngin avadanlıq

Tunel bir il ərzində tikildi. 1955-ci il mayın 11-dən etibarən telefon danışıqları dinlənilməyə başladı. ABŞ və İngiltərə ilk dövrlər qiymətli məlumatlar aldığını düşünürdülər. Amerika tərəfini əsasən SSRİ-nin nüvə silahlanması narahat etdiyindən, bu istiqamətdə məlumat toplanırdı. ABŞ sovet tərəfinin nüvə müharibəsinə hazırlaşdığı haqda məlumatlar da almaq istəyirdi. Vaşinqtonda Berlindən gələn məlumatları işləmək üçün daimi bir tərcüməçi və analitik qrup çalışırdı. Daxil olan telefon danışıqlarının işlənməsi şöbəsinin heyəti 317 nəfər, teleqraf mesajları ilə isə 350 nəfərə qədər məşğul olurdu. Berlin Tünelində qısa müddətində, 50.000 lentdə yazılmış yarım milyona qədər telefon danışığı qeydə alındı. Qeydlərin ümumi müddəti 40.000 saat telefon danışığı və 6 milyon saat teleqraf rabitəsi təşkil edirdi.[5][10]

SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi "Qızıl" əməliyyatı barədə xəbərdar olsa da, dərhal əks-tədbirlər görmədi, çünki bu, onu gizli agenti Bleyki ələ verə bilərdi.[11] DTK öz agentini qorumaq məqsədilə sovet hərbi kəşfiyyatını və Şərqi Almaniyanın "Ştazi" Təhlükəsizlik Nazirliyini belə telefon xətlərinin dinlənilməsindən xəbərdar etmədi. DTK özü isə danışıqlarını yerüstü telefon xətlərinə etibar edirdi. Yeraltı xətlərdən isə hərdən dezinformasiya ötürmək üçün istifadə olunurdu. Belə olan halda aydın idi ki, DTK-nın əvvəlcədən xəbərdar olması məsələni ciddi surətdə dəyişmirdi. Tunel fəaliyyət göstərirdi və amerikalılar önəmli məlumat toplayırdılar. Dinləmənin qarşısı mütləq alınmalı idi, amma bunu mənbəni təhlükəyə atmadan etmək lazım idi.

Aşkar olunması

[redaktə | mənbəni redaktə et]
Tunelin tikintisinin əsas memarı MKİ rəhbəri Allen Dalles

Bleykin 1955-ci ildə Berlinə göndərilməsi bu istiqamətdə ilk addım oldu. Çünki o, SİS-in dinləmələrə bilavasitə aidiyyəti olan "Y" şöbəsindən uzaqlaşdı, amma bir qədər gözləmək və inandırıcı səbəb tapmaq lazım idi. Nəhayət, dinləmələrin başlamasında 11 ay sonra belə bir bəhanə tapıldı. 1956-cı ilin aprelin ikinci ongünlüyündə Berlində bir neçə gün davam edən leysan yağışlar yağdı. Bu yağışların güya telefon əlaqəsini korladığını əsas götürərək sovet və Şərqi Almaniya hərbi rabitəçiləri xətləri yoxlamaq üçün göndərildilər.[12] Məhz bu zaman sözügedən tunel aşkar edildi. Ertəsi gün sovet tərəfi mətbuat konfransı keçirərək baş verənləri danışdı. Hadisə dünya gündəmində partlayan bomba effekti verdi. Tunelin aşkar olunması əməliyyatı inandırıcı alındı. Amerikalılar da, ingilislər də hər hansı xəyanətdən şübhələnmədilər və qısamüddətli araşdırmadan sonra tunelin təsadüfən aşkar olunduğu qənaətinə gəldilər.[13] Yalnız Bleykin 1961-ci ildə həbsindən sonra gerçək səbəb bəlli oldu.[14]

"Qızıl" əməliyyatı istənilən qədər davam etməsə də, tamamilə boşa getdiyini də söyləmək olmaz. Dinləmələr zamanı toplam 40 min saat təşkil edən yarım milyon telefon danışığı lentlərə yazıldı. Teleqraf trafiki isə 6 milyon saat təşkil edirdi. Toplanan material üzərində iş 1958-ci ilin sentyabrına kimi davam etdi. Nəticədə 1.750 hesabat və 90.000 material tərcümə edilmişdi.[5][10]

Tünel qalmaqalı yalnız MKİ-nın rəhbəri Allen Dallesin deyil, həm də o zaman ABŞ Dövlət katibi olan qardaşı Con Foster Dalles və bacısı Dövlət Departamentinin Almaniya İşləri Bürosunun Berlin şöbəsinin rəhbəri Elyanor Lansinq Dallesin də gələcək karyrasına təsir göstərdi.

Yalnız 1961-ci ildə, Bleyk həbs edilib və mühakimə olunduqdan sonra, Qərb kəşfiyyat xidmətlərinə tunelin inşasından əvvəl Sovet tərəfinin məlumatlı olduğu aydın oldu. Dalles əməliyyatın uğurlu olmasını hər şəkildə vurğulamasına baxmayaraq, MKİ analitiklərinin əldə edilən məlumatların dəyəri barədə fikirləri müxtəlifdir.

  1. 1 2 Corera, Gordon. MI6: Life and Death in the British Secret Service (1st). W&N. 2011. 46-47. ISBN 978-0297860990.
  2. "Dwight Eisenhower Built up American Intelligence at a Crucial Moment". History Network. 20 September 2020. 20 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2020.
  3. "Betrayal in Berlin Reviewed by Gary Keeley" (PDF). CIA. 15 June 2020. 3 November 2020 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 31 December 2020.
  4. "In 'The Spy and the Traitor,' a tale of Cold War espionage that's both thrilling and true". Washington Post. 8 November 2019. 21 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2020.
  5. 1 2 3 On the Front Lines of the Cold War: Documents on the Intelligence War in Berlin, 1946 to 1961 — V: The Berlin Tunnel Arxivləşdirilib 2020-11-08 at the Wayback Machine — материалы операции "Голд" и оригиналы документов Центра изучения разведки ЦРУ (Center for the Study of Intelligence)
  6. "Arxivlənmiş surət". 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-11.
  7. Turning a Cold War Scheme into Reality — Engineering the Berlin Tunnel Arxivləşdirilib 2020-12-26 at the Wayback Machine — Доклад Центра изучения разведки ЦРУ об инженерно-техническом аспекте строительства туннеля (ing.)
  8. 1 2 Field Project Outline, 16 September 1953 Arxivləşdirilib 17 oktyabr 2020 at the Wayback Machine — Описание проекта, исторический документ ЦРУ (ing.)
  9. Отчёт о ходе работ от 18 октября 1954 года за период с 28 августа по 17 октября 1954 года Arxivləşdirilib 2020-10-18 at the Wayback Machine — исторический документ ЦРУ (ing.)
  10. 1 2 CSHP History of the Berlin Tunnel, V. Production Arxivləşdirilib 2020-10-17 at the Wayback Machine — Статистические данные по операции "Голд", исторический документ ЦРУ
  11. "Betrayal in Berlin: The True Story of the Cold War's Most Audacious Espionage Operation". Washington Independent Review. 18 November 2019. 15 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2020.
  12. Soviet Discovery of the Berlin Tunnel Arxivləşdirilib 2020-10-17 at the Wayback Machine — Анализ обнаружения туннеля от 15 августа 1956 года, исторический документ ЦРУ (ing.)
  13. "Biography George Blake". 2014-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-28.
  14. "Cold War Double Spy George Blake Dies At 98". NPR. 28 December 2020. 30 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2020.
  • David Stafford: Spies Beneath Berlin — the Extraordinary Story of Operation Stopwatch/Gold, the CIA’s Spy Tunnel Under the Russian Sector of Cold War Berlin. Overlook Press, 2002, ISBN 1-58567-361-7.
  • Дамаскин И. А., 100 великих операций спецслужб, Издательство: Вече (2003), ISBN 5-94538-330-9 .
  • Операция "Золото" // Иванян Э. А. Энциклопедия российско-американских отношений. XVIII–XX века. — Москва: Международные отношения, 2001. — 696 с. — ISBN 5-7133-1045-0.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]