Qız qalası – Şərur rayonu ərazisində e.ə. III minilliyə aid yaşayış yeri.
Qız qalası yaşayış yeri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Oğlanqala kəndi |
Üslubu | Arxeoloji abidə |
Kateqoriya | Yaşayış yeri, Qala divarı |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Qız qalası yaşayış yeri Aşağı Yaycı kəndinin cənub-qərbində, Uzunqaya dağ silsiləsinin Arpaçaya endiyi yerdə yerləşir. O, şərqdə Arpaçay vadisi və su anbarı ilə cənubda düzənlik sahə, şimal və qərbdə isə dağlarla əhatələnmişdir.[1] Qız qalası yaşayış yeri ilk dəfə 2011-ci ildə qeydə alınmışdır. 2011-ci ildə Elmar Baxşəliyev tərəfindən yaşayış yerində yoxlama qazıntısı aparılmış, 2011-2013-cü illərdə yaşayış yeri V.Baxşəliyev, L.Ristvet və E.Hammer tərəfindən kəşfiyyat xarakterli araşdırmalarla öyrənilmişdir. 2014-cü ildə Vəli Baxşəliyev, Lauren Ristvet, Hilary Gopnikin rəhbərliyi ilə yaşayış yerində arxeoloji qazıntılara başlanılmışdır.
Qız qalası yaşayış yerinin Orta Tunc dövrünə aid sahəsi 13 hektardır. Yaşayış yerində aparılan araşdırmalar zamanı Orta Tunc dövrünün müxtəlif mərhələlərinə aid maddi mədəniyyət nümunələri, o cümlədən iki müdafiə divarının qalıqları aşkar olunmuşdur. Müdafiə divarlarından birinin uzunluğu 6 m, eni bəzi yerlərdə 1,8 m, bəzi yerlərdə isə 90–1 m arasında idi. Divarın inşası nizamsız quruluşu ilə fərqlənirdi. Divarın alt qismindən götürülən kömür analizi bu divarın e.ə. 1450-ci ildə inşa olunduğunu təsdiq etmişdir.[2] İkinci müdafiə divarının iri həcmli daşlardan inşa olunması ilk baxışda Dəmir dövrünün siklop tikintilərini xatırlatsa da, karbon analizləri e.ə. 2135-ci ilə aid olduğunu göstərmişdir.[3] Bu da Orta Tunc dövrünün erkən mərhələsinə uyğun gəlir. Belə nəticəyə gəlmək olar ki, Naxçıvanda bu cür qala tipli yaşayış yerləri Erkən Orta Tunc dövründən mövcud olmuşdur. Orta Tunc dövrünə aid mədəni təbəqənin qalınlığının 3 m-dən artıq olması yaşayış yerində uzun müddət məskunlaşma olduğunu göstərir.
Orta Tunc dövrü təbəqəsindən aşkar olunan keramika məmulatını iki qrupa ayırmaq olar. Birinci qrupa qırmızı rəngdə bişirilmiş monoxrom və polixrom boyalı qablar aiddir. İkinci qrupa boz, yaxud qara rəngdə bişirilmiş qablar aiddir. Qız qalası yaşayış yerindən aşkar olunan keramika parçaları əsasən küpə, çölmək və kasa tipli qablardan ibarətdir. Qız qalası yaşayış yerinin maddi-mədəniyyət nümunələri boyalı qablar mədəniyyətinin səciyyəvi cəhətlərini özündə əks etdirməklə müəyyən lokal xüsusiyyətlərə də malikdir. Orta Tunc dövrü keramikası üçün xarakterik olan iri və narın qum qarışığı olan gildən hazırlanmış, yaxşı bişirilmiş, hər iki tərəfi cilalanmış boyalı qablara burada da rast gəlinir. Qırmızı boya üzərinə qara rənglə cəkilmiş dalğalı xətlər, sınıq xətlər, torlu üçbucaq, bitişik üçbucaq, həndəsi formalı naxışlar digər Orta Tunc dövrü keramikaları ilə bənzərdir. Keramikaların ornamentlərində lokal xüsusiyyətlər olsa da, Cənubi Azərbaycanda Göytəpənin D, C təbəqəsi, Haftavantəpənin VI təbəqəsi, Dinkatəpənin IV D təbəqəsi ,[4] Şortəpə,[5] II Kültəpə[6] Quyuludağ,[7] Çalxanqala,[6] Yaycı,[6] Kərki,[8] Şahtaxtı[9] abidələrindən tapılan qablara çox yaxındır. Ikinci qrupa daxil etdiyimiz boz, qara və çəhrayı rəngli keramikaya Azərbaycanın Orta Tunc dövrünə aid müxtəlif abidələrində rast gəlinir. Boz rəngli keramikanın lokal xüsusiyyətlərinə baxmayaraq, Orta Tunc dövrü mədəniyyətinin əsas xüsusiyyətlərini əks etdirir.
Keramika məmulatının təhlili və karbon analizlərin nəticələrinə görə Qız qalası yaşayış yerini aşağıdakı şəkildə dövrləşdirmək olar:
Yaşayış yerində mədəni təbəqənin qalınlığı və boyalı qablar mədəniyyətinin bir neçə mərhələsinin izlənməsi bu mədəniyyətin Naxçıvanda formalaşdığını, buradan isə Cənubi Qafqazın digər rayonlarına yayılması ilə bağlı fikirləri bir daha təsdiq edir.