Qəhrəman (q.yun. ἥρως) — böyük işlərə, müstəsna igidliyə, döyüşdə rəşadət və ya cəsarətə görə heyranlıq doğuran şəxs, şöhrətləndirilmiş döyüşçü; həddindən artıq heyranlıq və sədaqət obyekti (kumir); fövqəlbəşəri güclərə malik ənənəvi miflərin (qəhrəmanlıq miflərinin), dastanların və əfsanələrin əsas personajı; ədəbi əsərin, tamaşanın, filmin və s. baş qəhrəmanı (ədəbi qəhrəman); müəyyən vaxt ərzində ümumi diqqəti cəlb edən şəxs (günün qəhrəmanı, qəzet xronikasının qəhrəmanı və s.); hər hansısa hadisənin, tarixi dövrün və ya hərəkatın mərkəzi fiquru; xarakteri və hərəkətləri ilə hansısa mühiti və ya dövrü ifadə edən şəxs (dövrümüzün qəhrəmanı); ideallaşdırılmış obrazı tarixin fərdiləşdirilməsinə xidmət edən milli siyasi mifin bir hissəsinə çevrilmiş şəxs (milli qəhrəman).
Qəhrəman sözü ilk dəfə olaraq yunan mifologiyasından personajlar kateqoriyasına aid edilmişdir. Bu termin daha sonra digər mifologiyaların əlaqəli personajlarına şamil edildi: mifoloji, epik və ya əfsanəvi fiqur, çox vaxt ilahi mənşəli, böyük gücə və ya qeyri-təbii qabiliyyətlərə malik obrazlara[1] [2] Şumer-Akkadlarda Gilqameş, yunanlarda Axilles və Odissey, anqlosaksonlarda Beovulf, fransızlarda Roland, ruslarda İlya Muromets, amerikalılarda Hörümçək-adam, Azərbaycanda Koroğlu və s. buna misal göstərmək olar[3] Qəhrəmanlıq mifləri mifoloji qəhrəmanın tərcümeyi-halı ətrafında qurulur və qəhrəmanın möcüzəvi şəkildə doğulmasından, yaşlı qohumları və ya düşmən qüvvələr tərəfindən sınanmasından, həyat yoldaşı axtarışı və evlilik sınaqlarından, bədheyvətlərə və digər istismarlara qarşı mübarizədən və ölümündən bəhs edir. Qəhrəmanlıq miflərinin ən mühüm elementini sınaqlar təşkil edir. Qəhrəmanlıq mifi qəhrəmanlıq eposları və nağıllarının formalaşmasının ən mühüm mənbəyidir [4] .