Qaşqay Ziyəddin oğlu Ramazanov (6 oktyabr 1972, Ermənistan) — Azərbaycan jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktoru, publisist.[1]
Qaşqay Ziyəddinoğlu | |
---|---|
azərb. Ramazanov Qaşqay Ziyəddin oğlu | |
Doğum tarixi | 6 oktyabr 1972 (52 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Uşağı | 2 |
Elm sahəsi | Beynəlxalq jurnalistika |
Elmi dərəcəsi | Siyasi elmlər üzrə fəlsəfə doktoru |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Qaşqay Ziyəddinoğlu 6 oktyabr 1972-ci ildə anadan olmuşdur. Bakı şəhərindəki 270 №-li orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.[2]
Ailəlidir, iki övladı var.
25 ildən çoxdur ki, Azərbaycan mətbuatında jurnalist fəaliyyəti ilə məşğuldur. 1995-ci ildən, Azərbaycanda nəşr olunan "Avrasiya", "Vətəndaş", "Retro", "Dövran", "Yeni Avrasiya", "Mərkəz" və digər qəzetlərdə müxbir, məsul katibin müavini, məsul katib, şöbə müdiri, redaktor, baş redaktorun birinci müavini vəzifələrində çalışmış və "Xalq qəzeti", "İki sahil", "Yeni Azərbaycan" və ölkənin digər aparıcı KİV və media qurumları ilə əməkdaşlıq etmişdir.[2]. Hazırda "Yeni Azərbaycan" qəzetində işləyir.
Uzun müddət Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatında bölmə rəisi və redaktor, "Hərbi bilik" jurnalında redaktor vəzifələrində çalışmışdır. Jurnalsit-tədqiqatçı kimi bir çox layihələrdə və müsabiqələrdə iştirak etmiş, yüksək nailiyyətlər əldə etmişdir. Jurnalistika sahəsində fəaliyyəti boyunca yüzlərlə elmi-publisistik, siyasi və sosial yönümlü təhlil yazılarla yanaşı, onlarca elmi məqalə, çoxsaylı kitabların həmmüəllifi və redaktoru olmuşdur.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu kimi media sahəsində çalışmaqla yanaşı, elm sahəsində də fəaliyyətini davam etdirmişdir. 2011–2015-ci illərdə BDU-nun beynəlxalq jurnalistika kafedrasının doktoranturasında təhsil almış və 22 iyun 2018-ci ildə "Silahlı münaqişə zonalarında jurnalist fəaliyyətinin nəzəri və praktik aspektləri" mövzusunda dissertasiya işini müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 04.03.2020-ci il tarixli qərarı ilə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2020-ci il tarixində imzaladığı 2170 nömrəli Sərəncamı ilə Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.[3]