Qanuni-Qüdsi — Abbasqulu ağa Bakıxanov tərəfindən qələmə alınan fars dilinin qrammatikası haqqında əsər. "Qanuni-Qüdsi" müəllifin ilk elmi əsəri hesab edilir.
Qanuni-Qüdsi |
---|
Müəllifin "Gülistan-ı İrəm"də qeyd etdiyi əsərin yazılma tarixi ilə bağlı müxtəlif fikirlər olsa da, o, əsəri 1828/29 (1244 hicri.)-da yazdığını bildirmişdir. Bakıxanov "Hərf", "Söz" və "Cümlə" bölmələrindən ibarət bu əsəri ilə "əcnəbilərə qısa müddətdə kifayət qədər fars dilini oxuyub yazmağı öyrətməyi" hədəfləyib. Bundan əlavə, müəllif əsərin uşaqlar tərəfindən daha yaxşı başa düşülməsi və əzbərlənməsi üçün bəzi qaydaları nəzm şəklində daxil etdiyini də bildirib.
Qanuni-Qüdsi alimin ilk elmi əsəri olduğu həmçinin, Rusiyada Fars dilinə aid yazılmış ilk qrammatika kitabı olduğu üçün böyük səs gətirmişdi. Bakıxanov bu əsər barədə 1829-cu ildə Çar I Nikolaya göndərdiyi təqdim yazısında müəllif, əsər üzərində 4 ildən çoxdur işlədiyini bildirmiş, həmçinin kitabın Rusiyada ilk olduğuna diqqət çəkmiş, fars dilinin digər Asiya dillərindən daha böyük əhəmiyyətə malik olduğu fikrini önə sürərək çardan bu əziyyətinin dəyərləndirilməsini xahiş etmişdir.[1] Dövrün Qafqaz məsulu Qafqaz məsulu İ. Paskeviç Xarici işlər naziri K. Nesselrodeyə yazdığı 1829-cu il tarixli məktubunda Rusiya, İran və Türkiyə arasında bağlanan müqavilələrdə Bakıxanovun xidmətlərindən yüksək danışır. İ. Paskeviç yazır ki, çara sədaqətlə xidmət edən müəllifin yeniliklər açdığını nəzərə alsaq, bunu çara çatdırmaq və onun əsərinin çap olunması məqsədəuyğun olardı.
Əsərin müqəddiməsində farsca verilən bir beytdən əbcəd hesabı ilə onun hicri 1244-cü ildə (1828) yazdığı məlum olur. "Qanuni-Qüdsi" əsəri çar hökuməti tərəfindən 1500 rubl dəyərində brilliant mükafatına layiq görülmüşdür. Bu əsərdən Qafqazdakı rus gimnaziyalarında uzun müddət bir dərslik kimi istifadə edilmişdir.[2]
Fars dilinin müxtəsər qrammatikası (Kratkaya Grammatika Persidskago Yazıka). Bu əsər "Qanuni-Qüdsi" əsərinin rus dilinə tərcüməsidir. Beləliklə, Çar Rusiyası "Qanuni-Qüdsi "əsərinin nəşrinə icazə verməklə yanaşı, həm də əsərin rus dilinə tərcüməsi və nəşr cəhdlərini də dəyərləndirmişdir. [3]K. Nesselrode, Qafqazın general-qubernatoru Q. Rozenə yazdığı 1832-ci ilə tarixli məktubunda əsərin fars dilində nəşrinin yaxşı nəticələr verəcəyini vurğulamış, həmçinin bu əsərin rus gənclərinin fars dilini öyrənməsini asanlaşdırmaq üçün müəllifinin töhfələri ilə rus dilinə tərcümə olunmasını tövsiyə etmişdir. Nəticədə Bakıxanov K. Nesselrodenin tövsiyəsi ilə "Qanuni-Qüdsi" əsərini rus dilinə tərcümə edərək 1831-ci ildə Peterburqa göndərir. Nesselrodenin tövsiyəsi bu qədər qısa müddətdə həyata keçirilsə də, müəllifin V. Kuzminlə birgə etdiyi tərcümə 1841-ci ildə "Kratkaya Grammatika Persidskago Yazık" adı ilə nəşr edilmişdir.[4]
Fars dilinin qanunlarını öyrədən bu əsər müəllifin kiçik və dərin məzmunlu girişdən, "Hərflər", "Kəlmələr" və "Cümlə" adları altında 3 ayrı fəsildən ibarətdir. Girişdə müəllif dilin yığcam elmi tərifini verdikdən sonra, bu əsəri nə münasibətlə, nə kimi şəraitdə və hansı prinsiplər əsasında yazdığı haqqında qısa və aydın elmi izahat verir. Həmin girişdən aydın olur ki, alim fars dilinin qanunlarını kitablardan deyil, canlı danışıq dilindən öyrənmişdir.[5]
1826–1828-ci il Rusiya-İran müharibələri zamanı o tez-tez İrana gedərək bu dil üzərində müşahidə aparmış və zəngin material toplamışdır. "Qanuni-Qüdsi"də fars dilinin qanunları haqqında çıxardığı hökm və nəticələrini həmin materialdan istifadə edərək, bu dilin təbiətinə uyğun şəkildə vermişdir. Əsərin ikinci fəslində nitq hissələrinin bölgüsü, üçüncü fəsildə isə cümlənin şərhi əsasən ərəb sərfi üzərində qurulmuş və fars dilində işlənən ərəb sözlərinin izahı da verilmişdir. Müəllif əsəri məktəb şagirdləri üçün bir dərslik olmasını nəzərdə tutduğu üçün, əsərdə əyanilik prinsipinə riayət etmişdir. Qrammatika qaydalarının yadda möhkəm saxlanması üçün misalların əksəriyyəti şeir parçaları ilə verilmişdir. [2]