Gülüstani-İrəm

Gülüstani-İrəmAbbasqulu ağa Bakıxanovun ŞirvanDağıstanda yaşayan tayfaxalqların tarixinə həsr etdiyi əsəri. "Gülüstani-İrəm"ə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf edilmir. A. Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla "Gülüstani-İrəm" əsərini yazmışdır.
Abbasqulu Bakıxanov farsca yazdığı "Gülüstani-İrəm" əsərini rus dilinə də tərcümə etmişdir. Bu tərcümənin bəzi hissələri birinci dəfə 1846 və 1848-ci illərdə Tiflisdə "Qafqaz" qəzetində çap olunmuşdur.

Gülüstani-İrəm
fars. گلستان ارم
"Gülüstani-İrəm" əsərinin əlyazmasından bir fraqment
"Gülüstani-İrəm" əsərinin əlyazmasından bir fraqment
Janr Tarixi sənədli nəsr
Müəllif Abbasqulu ağa Bakıxanov
Orijinal dili fars
Yazılma ili 1841
Nəşr ili 1926
Tərcümə Azərbaycanrus dillərinə

A. Bakıxanov "Gülüstani-İrəm" əsərini yazarkən təqribən yüzdən artıq mənbədən istifadə etmişdir. Bu məxəzlər içərisində Herodot, Strabon, Tasit Kornelli, Plutarx, Movses Xorenli, Təbəri, Məsudi, İbn-Hövqəl, İbn əl-Əsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xondəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Pəfi Şirvani, Katib Cələbi, Qolikov, Karamzin, Ustryalov və s. bu kimi məşhur yunan, Roma, rus, erməni, Azərbaycan, ərəb və fars müəlliflərinin əsərləri vardır.[1]

A. Bakıxanov yalnız bu mənbələrlə kifayətlənməmiş, dövrünün tələbinə görə arxeologiya, epiqrafika, numizmatika, maddi mədəniyyət abidələri, xalq arasında yayılmış rəvayət və əfsanələrdən də istifadə etmişdir. Onun tətbiq etdiyi bu üsul Azərbaycan xalqının zəngin tarixini göstərməkdə birinci addım olmuşdur.[2][3]

"Gülüstani-İrəm"in mətnindən anlaşılır ki, A. Bakıxanov yuxarıda adları çəkilən məhbələrdən başqa qədim, orta və yeni dövrlərə aid daha bir çox məxəzlərdən geniş surətdə istifadə etmişdir. Lakin bu məxəzlərdən bəzisi bizə məlum deyildir. Buna görə, "Gülüstani-İrəm "in bizə gəlib çatmayan bu mənbələrə əsasən yazılmış müəyyən hissələri indi əsas məxəz şəklini almış olur.[1]

"Gülüstani-İrəm" əsərində A. Bakıxanov Azərbaycan xalqının, xüsusilə Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixini qədim dövrlərdən başlayaraq 1813-cü il "Gülüstan müqaviləsi"nə qədər təsvir edir. Bu əsər, əsas etibarilə, müqəddəmə, beş fəsil və nəticədən ibarətdir.[4]

Abbasqulu ağa Bakıxanov 1841-ci ildə farsca yazdığı bu əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoymuşdur.[5]

Bu əsəri də Abbasqulu ağa Bakıxanov müqəddimə ilə başlayır. Müəllif yığcam, lakin dolğun məzmunlu bu müqəddimədə tarix elminə qısa bir tərif verir, onu cəmiyyətxalq üçün ən faydalı elmlərdən sayır. Tarixə müasir elmin tələbləri nöqteyi-nəzəri ilə yanaşan müəllif bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır. Hal-hazırdakı və gələcək həyatı yaxşı qurmaq üçün, bu təcrübədən istifadə etməyi lazım bilir.

"Gülüstani-İrəm"in müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, qədim yunan, erməni, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. Azərbaycan və Dağıstan xalqlarını tarixini Abbasqulu ağa Bakıxanov bu xalqların öz daxili həyatlarına və tarixin ümumi inkişafına görə deyil, mühüm tarixi hadisələrə görə 5 dövrə ayırmış və buna əsasən də əsərini 5 fəslə bölmüşdür:[1]

  • İslam dövlətinin zühurundan ərəb qoşunlarının gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr.
  • Ərəb qoşunlarının Azərbaycana gəlməsindən başlayaraq monqolların istilasına qədər.
  • Monqol istilasından Səfəvilərin zühuruna qədər. Şirvanşahlar sülaləsi və onların səltənətinə aid hadisələr.
  • Səfəvilər dövlətinin zühurundan Nadir şahın vəfatına qədər.
  • Nadir şahın vəfatından "Gülüstan" adlı yerdə Rusiya və İran dövlətləri arasında bağlanan sülh müahidəsinə qədər.

Əsərin quruluşu

[redaktə | mənbəni redaktə et]

Əsərin birinci fəslində "Tarixi-Təbəri", "Tarixi-güzidə", "Nizamüt-təvarix", "Kitabi-məsalikül-məmalik", "Xəritətül-əcaib" kimi qədim Şərq mənbələrinə istinadən Nuhun tufanı, onun övladları, Yasəf, Ham və Sam nəsilləri, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti və s. haqqında yarımelmi, yarıməfsanəvi məlumat verilir. Bu fəsil müqəddiməyə və əsərin sonrakı fəsillərinə nisbətən zəif işləmişdir.[6]

Əsərin ikinci fəsli AzərbaycanDağıstan ölkələrinin ərəb işğalçıları tərəfindən istila olunması, ümumiyyətlə, ərəblərin bu ölkələrdəki hakimiyyəti dövrünün tarixinə həsr olunmuşdur. Həmin fəsildə ərəb xəlifələrinin buraya göndərdiyi hakimlər, ərəblərin xəzərlərlə vuruşmaları, xarici işğalçıların istilasına qarşı Babəkin mübarizəsi, onun Bağdadda əziyyətlə öldürülməsi və s. haqqında məlumat vardır. Lakin məşhur Babək üsyanı haqqında verilən məlumat həm müxtəsər, həm də çox ruhsuz və sönükdür. Bu məlumat uzun illər ərəb işğalçılarına qarşı qarşı amasızcasına vuruşan və ərəb xəlifəsinin əmri ilə zülm və işgəncələrlə öldürülən bu cəsur xalq qəhrəmanının fəaliyyəti tarixini qətiyyən işıqlandıra bilmir. Bunun səbəbi müəllifin tarixi hadisələrə xalq azadlıq hərəkatı nöqteyi-nəzərindən yanaşa bilməməsidir.[7]

Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində məşhur Azərbaycan coğrafiyaşünası Hacı Zeynalabdin Şirvaninin "Riyazüs-səyahət" əsərinə əsaslanaraq, Azərbaycan sözünü Babəkin adı ilə əlaqələndirir.[7]

Üçüncü fəsil HülakülərinTeymurilərin hakimiyyəti dövrünü işıqlandırır və Şirvanşahların səltənət və nəsibinə dair tarixi məlumat verir. Bu fəsildə AğqoyunlularQaraqoyunluların mənşəyi və məşhur alim Xacə Nəsirəddin Tusi haqqında da məlumat vardır.[8]

Əsərin ən böyük bir hissəsini təşkil edən dördüncü fəsil Səfəvi padşahlarının və onların süqutundan sonra İran taxtına oturan Nadir şah Əfşarın hakimiyyəti tarixinə həsr olunur.

"Fütuhati-Əmini", "Tarixi-aləm-arayi-Abbasi", qolikovun "Böyük Pyotrun fəaliyyəti", Ustryalovun "I Pyotrun səltənət tarixi" və s. rus, fars və osmanlı mənbələrindən istifadə edilərək, fəsildə I Şah İsmayıl, I Şah Abbas və Nadir şahın hərbi səfərləri, Rusiya və Türkiyə qoşunlarının Dağıstan və Azərbaycan ölkələrinə hücumları, Sultan Səlim Yavuzun qoşunları ilə I Şah İsmayılın qoşunları arasında Təbrizin yaxınlığında gedən məşhur "Çaldıran" döyüşü, bəhs olunan dövrdə yerli əmir və hakimlərin fəaliyyəti haqqında zəngin məlumat toplanılmışdır.[8]

"Gülüstani-İrəm"in beşinci və son fəsli Nadir şahın ölümündən (1747) ta 1813-cü ildə Rusiya və İran dövlətləri arasında bağlanan "Gülüstan" sülh müqaviləsinə qədər 60 ildən artıq bir dövrü əhatə edir. Beşinci fəsil "Gülüstani-İrəm"in ən orijinal hissəsidir. Xanlıqlar dövrünün işıqlandırılması nöqtəyi-nəzərindən beşinci fəslin böyük elmi əhəmiyyəti vardır. "Gülüstani-İrəm" "Nəticə" adı ilə gedən sonluqla bitir. Lakin bu "Nəticə" əsərdə verilən məlumatın yekunu və ya xülasəsindən ibarət deyildir. Bu əsərdə sadəcə bir əlavədir. Əlavədə Azərbaycanın məşhur alimi, yazıçı və şairləri haqqında qısa məlumat verilir.[9]

Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından olub, əsasən islamın meydana gəlməsindən tutmuş 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan sülh müahidənaməsinə qədərki dövrdə xalqımızın tarixini tədqiq və təhlil etmək işində mühüm mənbələrdən biridir.[8]

A.Bakıxanov bu tədqiqatının fars dili variantını 1841-ci ildə başa çatdırmış, 1844-cü ildə isə onun rus variantını hazırlamışdır. Elə həmin il əsərin nəşrinin icazəsi üçün rus əlyazması Peterburqa göndərilmişdir. Çar I Nikolay müəllifin 800 manat gümüş pul dəyərində brilyant üzüklə mükafatlandırılması, əsərinin isə Rusiya Elmlər Akademiyasına rəyə göndərilməsi barədə əmr verir. Akademiklər M.Brosse və B.Dornun müsbət rəyinə baxmayaraq, əsərin dövlət hesabına deyil, müəllifin şəxsi vəsaiti hesabına çap edilməsinə icazə verilir. Bütövlükdə, yalnız 80 il sonra işıq üzü görəcək “Gülüstani-İrəm” əsərinin bəzi hissələri müəllifin sağlığında yalnız dövri mətbuatda – “Russki invalid”, “Kavkaz” qəzetlərində, eləcə də “Sbornik qazetı Kavkaz” toplusunda nəşr olunur.[10]

Əlyazmalar İnstitutunda əsərin 8 əlyazma, bir neçə çap nüsxəsi vardır. “Gülüstani-İrəm” əsəri 1902-ci ildə Seyid Əzim Şirvaninin oğlu Mir Cəfər tərəfindən Azərbaycan dilinə tərcümə edilərək çapa hazırlanmışdır. 138 vərəqdən ibarət əlyazması Əlyazmalar İnstitutunda M-193-cü şifr altında saxlanır. Sonda mündəricat vardır. Əlyazma Bəkir Çobanzadənin kitabxanasında olmuşdur.[11]

Yüksək elmi dəyəri nəzərə alınaraq “Gülüstani-İrəm”in elmi-tənqidi mətni tərtib edilərək 1970-ci ildə “Elm” nəşriyyatında nəşr edilmişdir. Akademik Ə.Ə.Əlizadə, F.Babayev, Ə.Ələsgərzadə, M.Sultanov və M.Azərli bu mətni AMEA Əlyazmalar İnstitutunda saxlanan 5 əlyazma əsasında tərtib etmişlər.[11]

  • Qasımzadə F. S. Abbasqulu ağa Bakıxanov Qüdsi. Bakı: Uşaqgəncnəşr. 1956. səh. 168.
  • Azərbaycan tarixi VII cilddə – IV cild (az.). Bakı: Bakı,2007. səh 504. 2007. ISBN 978-9952-448-3.
  • Vəlixanlı, Nailə. "Abbasqulu ağa Bakıxanov: böyük alim, maarifçi, mütəfəkkir". Xalq qəzeti. 21 iyun 2014. 7.
  • Bakıxanov, Abbasqulu ağa. Gülüstani-İrəm (az.). Bakı: Xatun Plyus. 2010. ISBN 995221045-.
  • Bakıxanov, Abbasqulu ağa. Seçilmiş əsərləri (az.). Bakı: Yazıçı. 1984.
  • "Бакиханов, Аббас Кули Ага". Восточная литература. 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 февраля 2011.
  • Аббас-Кули-ага Бакиханов. Гюлистан-и Ирам. Баку. 1991 "От редактора". 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-02. "Предисловие". 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-02. "Введение". 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-02. {{cite web|url=http://www.vostlit.info/Texts/rus2/Bakihanov/frametext1.htm%7Ctitle=Период

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 Bakıxanov, 2010. səh. 6
  2. Qasımzadə, 1956. səh. 87
  3. Bakıxanov, 2010. səh. 5
  4. IV cild, 2007. səh. 115
  5. Bakıxanov, 1984. səh. 6
  6. Qasımzadə, 1956. səh. 58
  7. 1 2 Qasımzadə, 1956. səh. 90
  8. 1 2 3 Qasımzadə, 1956. səh. 91
  9. Qasımzadə, 1956. səh. 92
  10. Vəlixanlı, 2014. səh. 7
  11. 1 2 "Arxivlənmiş surət". www.anl.az. 2020-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]