Qarabağ general-qubernatorluğu

Qarabağ general-qubernatorluğuAzərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin Azərbaycana qarşı yeni ərazi iddiaları nəticəsində məcburiyyət qarşısında Qarabağda yaradılmış müvəqqəti inzibati idarəçilik rejimi.

Qarabağ general-qubernatorluğu
Ölkə Azərbaycan Xalq Cümhuriyyəti
Daxildir Cavanşir qəzası, Cəbrayıl qəzası, Şuşa qəzası, Zəngəzur qəzası
General-qubernatoru Xosrov bəy Sultanov (15 yanvar 1919-)
Tarixi və coğrafiyası
Yaradılıb 15 yanvar 1919[1]
Əhalisi
Əhalisi 121.216[2] nəfər
Qarabağ general-qubernatorluğu xəritədə

Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Cənubi Qafqazda sülh və əmin-amanlıq yaratmaq məqsədilə Azərbaycan hökuməti 1918-ci il mayın 29-da İrəvanı ermənilərə güzəştə getdi. Bununla, Azərbaycan ciddi ərazi itkisinə yol verdi. Lakin ermənilər Azərbaycana qarşı ərazi iddialarını davam etdirdilər.

Qarabağın dağlıq hissəsində yaşayan ermənilər iyulun 22-də onun müstəqilliyini elan etməyə cəhd göstərdilər. Andranik qiyamçı ermənilərə kömək məqsədilə silahsız azərbaycanlıların kütləvi surətdə qıra-qıra Zəngəzurdan Şuşa qəzasına keçdi. Gəncədə yerləşən Cümhuriyyət Hökuməti Bakını ələ keçirmiş Stepan Şaumyan daşnak-bolşevik rejiminin hərbi qüvvələrinə qarşı mübarizə apardığından, erməni separatçılarının törətdiyi problemi danışıqlar yolu ilə nizama salmağa çalışırdı. Bu məqsədlə Şuşaya nümayəndə heyəti göndərilmişdi. Avqustun 15-də ə Andronikin törətdiyi soyqırımlar ilə əlaqədar Ermənistan hökumətinə etiraz notası verilmişdi. Erməni hökuməti iki gün sonra verdiyi cavabında Andranikin xüsusi erməni korpusuna tabe olmadığını bildirmişdi.

Həmin dövrdə Ermənistan hökuməti Qarabağın Azərbaycanın tərkibində olmasını təsdiq edirdi. Bunu avqustda Şuşaya nümayəndə heyəti göndərmək üçün Ermənistanın Tiflisdəki diplomatik nümayəndəliyinin oradakı (Tiflisdəki) rəsmi Azərbaycan orqanlarına müraciəti də sübut edir. Azərbaycan Xalq Cümhuriyyəti ilə müqavilə əsasında (1918, iyun) dəvət edilmiş türk hərbi hissələri oktyabrda Şuşa şəhərinə, demək olar ki, müqavimətsiz daxil olmuş, ermənilər Azərbaycan Hökumətinin hakimiyyətini qəbul etdiklərin bildirmişdilər. Andranik isə dekabrda "ingilislərin Qarabağı onun ixtiyarına verməsi haqqında" şayiə yaymağa başlamışdı. Azərbaycan Hökumətinin sədri Fətəli xan Xoyski dekabrın 20-də Parlamentdəki çıxışında buna qarşı etirazını bildirmişdi. Eyni zamanda, dekabrın 22-də Bakıdakı ingilis qoşunlarının komandanı Tomson da bu şayiəni təkzib etdi. Buna baxmayaraq, erməni separatçıları və Gorusda möhkəmlənmiş Andranik azərbaycanlılara qarşı soyqırımını davam etdirirdi.

Yaradılması və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Qarabağda baş verən hadisələr səbəbi ilə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyi 1919-cu il yanvarın əvvəllərində Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları əsasında müvəqqəti general-qubernatorluq yaradılmasını təklif etdi. Hökumət bu təklifi qəbul etdi və 13 yanvar 1919-cu il tarixində həmin qəzalarda müvəqqəti general-qubernatorluq təsis edilməsi haqqında qərar çıxardı.[3] Bu vəzifəyə yanvarın 29-da Xosrov bəy Sultanov təyin olundu.[4] Azərbaycan Hökumətinin addımlarından narahat olan Ermənistan belə bir şəraitdə Dağlıq Qarabağa açıq iddia ilə çıxış etdi. Azərbaycan Hökuməti yanvarın 31-də cavab notasında Qarabağın tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirdi və Qarabağ general qubernatorluğunun yaradılmasına Ermənistanın etirazını Azərbaycanın suverenliyinə qəsd və onun daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirdi.

1 fevral 1919-cu il tarixində rotmistr Quda Qudiyev Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun müavini təyin edilmişdir.[5]

Ermənistan bununla sakitləşməyərək, təzyiqi artırmağa çalışırdı. O, fevralda Britaniyanın Tiflisdəki silahlı qüvvələrinin komandanı Uorkerə müraciət etdi. Müraciətdə Xosrov paşa bəy Sultanovun Qarabağa general-qubernator təyin edilməsinə etiraz olunur, onun səlahiyyətləri etibarsız elan edilirdi. Lakin bu müraciət cavabsız qaldı. Belə olduqda, Ermənistan xarici işlər naziri general Tomsona müraciət etdi. Qarabağda yaşayan erməni milli şurası və Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəsi Bekzadyan da müxtəlif vasitələrlə ingilis komandanlığına təsir göstərməyə çalışırdı. 1919-cu il martın axırlarında Tomsonun İrəvana səfəri zamanı Ermənistan hökuməti ona təzyiqi gücləndirməyə cəhd etmiş, lakin bu cəhd də nəticəsiz qalmışdı. General Tomsonun nümayəndəsi polkovnik Şatelvort Bakıdan Şuşaya gedərək, ermənilərin Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə tabe olmasını tələb etmişdi. Cümhuriyyət Hökuməti isə Ermənistanın əsassız iddialarına baxmayaraq, general-qubernatorluğun fəaliyyətə başlaması üçün tədbirlərini davam etdirirdi.

Aprelin 4-də general-qubernatorun orada yerləşən hərbi hissələrə münasibətdə səlahiyyət çərçivəsini müəyyən edən qanun qəbul olundu. Baş nazir Nəsib bəy Yusifbəyli aprelin 14-də Parlamentdə Hökumət bəyannaməsinin müzakirəsi zamanı demişdi: "Qarabağ xüsusunda mübahisə yoxdur". Tomson mayın 5-də Fətəli xan Xoyski ilə keçirilən görüşündə belə şəxslərin sürgün edilməsi haqqında sərəncam verdiyini bildirmişdi. Bütün bunlara baxmayaraq, separatçılar Qarabağda vəziyyəti kəskinləşdirməkdə davam edirdilər. General-qubernator Xosrov bəy Sultanov separatçılara qarşı qətiyyətlə mübarizə aparırdı. İyunun 5-də erməni milli şurasının qatı irticaçı üzvləri ingilis komandanlığı nümayəndəsinin müşayiəti ilə Şuşadan Tiflisə sürgün edildi. İyunun 6-da isə Azərbaycan batalyonu Şuşanın ermənilər yaşayan hissəsindəki kazarmalarda yerləşdirildi. Burada keçirilən mitinqdə ermənilər Cümhuriyyət Hökumətini tanıdıqlarını bildirdilər. Xosrov bəy Sultanov konkret tədbirlərlə yanaşı, Qarabağ probleminin əsaslı şəkildə həlli proqramının hazırlanmasına da xüsusi önəm verirdi. Onun bu barədəki baxışları Hökumətə təqdim etdiyi məlumat məruzəsində və Bakıda müttəfiq qoşunlarının komandanı Şatelvortla iyunun 25-də keçirilən görüşündə şərh olunmuşdu.

Ermənilər general-qubernatorluğun fəaliyyət prinsiplərini qəbul edərək, müzakirələr aparmağa başlamışdılar. Baş nazir Nəsib bəy Yusifbəyli, Gəncə qubernatoru Xudadat bəy Rəfibəyli və hərbi nazir Səməd bəy Mehmandarovun Şuşaya səfəri və orada görülən tədbirlər də general-qubernatorluğun nüfuzunu artırmışdı. Bütün bunların nəticəsində avqustun 15-də ermənilər Azərbaycan Hökuməti ilə saziş imzaladılar və ermənilər yaşayan ərazilərin Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdilər. Lakin Ermənistan Respublikasının azərbaycanlılara qarşı genişlənən soyqırım siyasəti Qarabağda da vəziyyətin sabitləşməsinə mənfi təsir göstərirdi. Bununla belə, Cümhuriyyət hökuməti Qarabağı diqqət mərkəzində saxlayır, diyarın həyatının müxtəlif sahələrinə dair tədbirlərini davam etdirirdi. Sentyabrın 27-də Şuşada müəllimlər qurultayı keçirilməsi üçün vəsait ayrılması haqqında qərar qəbul edilmiş, ayın 29-da isə general-qubernatorun sərəncamı ilə yardım kimi Qarabağın erməni müəllimlərinə paylanmaq üçün bir milyon manat pul ayrılmışdı.

Ermənistan hökumətinin siyasəti isə orada yaşayan azərbaycanlıların öz dədə-baba torpağından didərgin düşərək qaçqına çevrilməsinə səbəb olmuşdu. Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur qəzalarında da minlərlə qaçqın yerləşmişdi. Bu, general-qubernatorluğun işini daha da mürəkkəbləşdirirdi. Oktyabrın 29-da hökumət general-qubernatorluğa dair daha iki qərar qəbul etmişdi. Onlardan biri general-qubernatorluqda fəaliyyət göstərən qulluqçuların maaşının artırılmasına, digəri isə general-qubernatorluğun ehtiyacı və qəzet nəşri üçün mətbəə almaqdan ötrü vəsait ayrılmasına aid idi.

1919-cu il noyabrın əvvəllərində ermənilərin Zəngəzurda törətdikləri qətl-qarətlərə qarşı mübarizə məqsədilə general-qubernatorluğa kiçik qoşun hissələri göndərilmişdi. Bununla da, Zəngəzurda azərbaycanlıların müdafiəsi sahəsində müəyyən işlər görüldü. Lakin Ermənistan hökuməti separatçılara kömək göstərir, pozuculuq işlərini artırmaqda davam edirdi. Nəticədə, müttəfiq dövlətlərin Cənubi Qafqazda Ali komissarının müavini C. Reyin iştirakı ilə noyabrın 23-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli və Ermənistanın baş naziri Xatisov arasında saziş imzalandı. Ermənistan hökuməti bu sazişin şərtlərini pozaraq, dekabrın 8-də Zəngəzura qoşun yeritdi. Ermənistan hökuməti Azərbaycan torpaqlarına iddiasını həyata keçirmək üçün silahlı hərbi müdaxilə ilə yanaşı, pul vəsaiti sərf edilməsinə də xüsusi fıkir verirdi.

1919-cu ilin axırlarında Ermənistan hökuməti Dağlıq Qarabağın "azad" edilməsi üçün 19 milyon manat pul ayırmışdı. Bütün bunların nəticəsində 1920 ilin martında erməni separatçıları daha da fəal oldular. Martın 22–23-də Ermənistanın bilavasitə iştirakı və Moskvanın sifarişi ilə Dağlıq Qarabağda Azərbaycana qarşı çıxışlar baş verdi. Azərbaycan Hökumətinin hərbi və diplomatik tədbirləri nəticəsində martın axırlarında-apreldə ermənilərin Qarabağdakı düşmənçilik fəaliyyətinin qarşısı alındı. Qarabağda hadisələrin bu yöndə inkişafında Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təcavüzkarlıq planlarını həyata keçirməyə hazırlaşan Sovet Rusiyası və bolşeviklərin ölkə daxilində apardığı pozuçuluq-təxribatçılıq işləri də mühüm rol oynadı. Aprel işğalı (1920) və Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qarabağ general-qubernatorluğunun fəaliyyətinə də son qoyuldu.

  • Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.