Qasım İbrahim oğlu Abdullayev və ya Zabul Qasım (1873, Şuşa – 1927, Şuşa, DQMV) — xanəndə.
Qasım Abdullayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Qasım İbrahim oğlu Abdullayev |
Ləqəbi | Zabul Qasım |
Doğum tarixi | 1873 |
Doğum yeri | |
Vəfat tarixi | 1927 |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Janr | muğam |
Abdullayev Qasım İbrahim oğlu 1873-cü ildə Şuşada anadan olmuşdur.[1]
O, ömrünün son illərində Şuşa musiqi məktəbində muğamatdan dərs demiş, incəsənət işçilərinin respublika həmkarlar ittifaqı şurasının sədri vəzifəsində çalışmışdır.
Qasım Abdullayev 1927-ci ildə Şuşada vəfat etmişdir.[2]
"Zabul" muğamını xüsusilə yaxşı ifa etdiyinə görə tanınan Qasım Abdullayev xalq arasında "Zabul Qasım" adı ilə məşhurlaşmışdı.[3]
O dövrdə, Azərbaycan xalqının məclislərində ”Segah" muğamı daha populyar idi. Lakin XIX əsrin son illərində xanəndələr “Zabul-segah”a daha çox meyl edirdilər. Bu populyarlığın əsas səbəbi tarzən Sadıqcanın tarın qoluna "Zabul" pərdəsini əlavə etməsi idi.[4]
XX əsrin əvvəllərində Zabul Qasım Bakıda bir neçə dəfə konsert vermiş və tamaşaçıların sonsuz rəğbətini qazanmışdır. Zabul Qasım ilk dəfə Bakı tamaşaçıları qarşısında 1903-cü ilin yanvar ayının 27-də H.Z.Tağıyevin teatr binasında verilən “Şərq konserti”ndə Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər və Seyid Mirbabayevlə birlikdə çıxış etmişdir.[5]
Zabul Qasım təkcə peşəkar xanəndə deyildi, o, eyni zamanda bir opera artisti kimi də tanınmışdı. Onu səhnəyə ilk dəfə dəvət edən və sənətkarlığına yüksək qiymət verən görkəmli bəstəkar Zülfüqar Hacıbəyov olmuşdur. O, görkəmli bəstəkarın xahişi ilə 1913-cü il avqust ayının 7-də Şuşa yay klubunda tamaşaya qoyulmuş “Leyli və Məcnun” operasında Məcnunun atası rolunu ifa etmişdi.[6]
Zabul Qasım 1914-cü ildə “Sport-Rekord” şirkətinin dəvəti ilə Tiflis şəhərinə gedərək səsini vala yazdırmışdır. Həmin vaxt Zabul Qasım “Zabul-segah”, “Bayatı-Şiraz”, “Hümayun”, “Şur”, “Mahur–Hindi” və bir neçə təsnif oxumuşdur.[1][7]