Qonzo-jurnalistika (ing. gonzo; "dəli, ağıldan kəm") — jurnalistikada birinci şəxsin adından dərin subyektiv nəqletmə üslubu ilə xarakterizə olunan və müxbirin qərəzsiz müşahidəçi deyil, təsvir olunan hadisələrin birbaşa iştirakçısı kimi, şəxsi təcrübəsindən istifadə edərək və duyğularını açıq şəkildə ifadə etməklə bu hadisələrin əsas mənasını vurğuladığı cərəyandır. "Qonzo-jurnalistika", həmçinin bu üslubun ayrılmaz xüsusiyyəti olan sitat, sarkazm, yumor, şişirtmə və hətta təhqiramiz ifadələrin aktiv istifadəsi ilə xarakterizə olunur.
Qonzo-jurnalistikada müəyyən olunmuş qaydalar yoxdur, struktur məcburi deyil, çox vaxt sxemlər mövcud olmur və forma məzmuna uyğun deyil.[1] Dəqiq reportaj və qızğın təxəyyül bir-birinə elə qarışır ki, həqiqəti yalandan ayırmaq demək olar ki, mümkün olmur.[2]
Yuxarıda qeyd edilənləri nəzərə alaraq qonzo-jurnalistikanın aşağıdakı əlamətlərini ayırd etmək olar:
Bu üslubu 1960-cı illərdə amerikalı jurnalist Tom Vulf sayəsində yaranan "yeni jurnalistika" stilinin bir qolu hesab etmək olar. Qonzo-jurnalistikanın banisi jurnalistikada obyektivliyi qəbul etməyən Hanter Tompsondur. Tompson 15 fevral 1973-cü ildə "Rolling Stone" jurnalına verdiyi müsahibəsində demişdi:
"Əgər mən son 10 ildə öyrəndiyim bütün həqiqətləri yazsam, mənim tanıdığım təxminən 600 nəfər, o cümlədən mən özüm Rio-dan Sietlə qədər bütün dünyadakı həbsxana kameralarında çürüyərdik. Mütləq həqiqət — peşəkar jurnalistika dünyasında nadir və təhlükəli bir şeydir."[4]
Əsas simvolu peyot adlı kaktus növünün çiçəyini tutan altıbarmaqlı yumruq təsviridir. Peyot bitkisi narkotik psixodelik meskalin maddəsinin əldə olunması üçün istifadə edilir. Qədim hindular peyotun meyvələrini vəfat etmiş qohumları və qəbilə başçıları ilə guya əlaqə yaratmağa kömək edən halüsinogen effekt yaratdığına görə müxtəlif dini ayinlər zamanı geniş istifadə edirdilər.[5]
Simvoldakı yumruq üsyan, siyasi gerçəkliyə qarşı çıxmaq, bir insanın öz hüquq və azadlıqlarını, ədalət haqqında fikirlərini ifadə etməsini simvolizə edir.
İlk dəfə qonzo termini Amerikanın The Boston Globe jurnalının redaktoru Bill Kardozo tərəfindən, "Scanlan's Monthly" jurnalında 1970-ci ildə Hanter Tompsonun "Kentuki derbisi çürük və zərərlidir" (The Kentucky Derby Is Decadent and Depraved) məqaləsini oxuduqdan sonra istifadə edilmişdir.[6]
1980-ci ildə Art Linsonun rejissoru olduğu və Hanter Tompsonun tərcümeyi-halının elementlərini daşıyan "Bizonların gəzdiyi yerlər" adlı komediya filmi çəkildi. Filmdə Hanter Tompsonun "Las-Veqasda qorxu və ikrah", "72-ci ilin seçki yarışında qorxu və ikrah", "Köpək balıqlarına böyük ov" əsərlərindən təsvirlərin olduğu epizodlar istifadə edilmişdir.