Quba–Xınalıq yolu — Azərbaycan Respublikasının Quba rayonunda Quba şəhərindən Xınalıq kəndinə gedən yol. Bu yol Azərbaycanın əsas turizm marşrutlarından biridir.
Avtomobil yolu | |
Quba-Xınalıq yolu | |
---|---|
Ölkə | Azərbaycan |
Region | |
Rayon | |
Uzunluğu | 57 km |
Başlayır | Quba şəhəri |
Bitir | Xınalıq kəndi |
Örtüyü | asfalt |
Ucqar dağ kəndi olan Xınalığa gediş-gəliş tarixən at arabaları vasitəsilə olmuşdur[1].
Xınalığa ilk avtomobil yolu 1968-1969[1]-cu illərdə çəkilmişdir. Həmin yolun uzunluğu 70 km idi. Sərt hava şəraiti səbəbindən qış aylarında yol bağlı olurdu və əhali piyada hərəkət etmək məcburiyyətində qalırdı. Yol açıq olduqda isə avtonəqliyyat vasitəsi kimi yalnız yük avtomobillərindən – "QAZ-66", "Kamaz", "Zil", "Ural" və s., minik avtomobillərindən isə "Niva" əhalinin köməyinə çatırdı.
1988-1989-cu illərdə yolun istiqamətini dəyişərək Qudyalçay boyunca çəkmişlər[2]. Bu yol da qışda çox vaxt bağlı olurdu. Nəhayət, 2006-cı ildə həmin istiqamətdə ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə Xınalığa Qubadan 57 km uzunluğunda asfalt yol çəkilərək istismara verilmişdir[3][4]. 2006-cı il oktyabrın 7-də Quba rayonunda Quba-İspik-Xınalıq avtomobil yolunun açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ümumi uzunluğu 57 kilometr olan yolun salınması ilə əlaqədar 9 ədəd yeni körpünün tikilməsi, 39 ədəd suötürücü boruların quraşdırılması, təhlükəsizlik bəndlərinin inşası barədə məlumat verilmişdir[5]. Yolun eni çətin sahələrdə 5-6, qalan yerlərdə isə 8-10 metrdir[6]. Yol tikilərkən 1,2 milyon kubmetr torpaq, qazma, partlayış işləri görülmüş, 45 min ton asfalt döşənmişdir[6].
Qəçrəş-Qımılqazma-Qırızdəhnə-Əlik-Cek-Xınalıq istiqamətində çəkilmiş yolun inşasında 270-dən çox müxtəlif texnikadan istifadə olunmuş, ümumilikdə 14 milyon manat vəsait xərclənmişdir[6]. Yolun tikintisində min nəfərə qədər işçi çalışmışdır[7]. Hal-hazırda yol dövlət nəzarətində olmaqla ilboyu açıqdır. Lakin avtomaşın yolu çəkilərkən təbii şərait tamlıqla nəzərə alınmadığı səbəbindən mütəmadi olaraq, Quba-Xınalıq yolunun Zanqar və Cek kəndinin qarşı tərəfi, Qaragüney adlanan hissələrində torpaq sürüşmələri baş verir, qayalıq hissələrində isə uçqunla yolu bağlayır[8]. Bu problemi həll etmək üçün yola xidmət edən təşkilat daima yolda təmir briqadası saxlamaq məcburiyyətindədir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 7 oktyabr 2006-cı ildə Quba-İspik-Xınalıq avtomobil yolunun istifadəyə verilməsi mərasimində iştirak etdikdən[6] sonra Xınalıq kəndində olarkən bildirmişdir:
"İndi Qubadan Xınalığa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr. Mən indi gələrkən bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Adam özünü çox yaxşı hiss edir. Mən bu gün özümü xüsusilə çox yaxşı hiss edirəm. Çünki mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatına sevinc gətirdi"[9].
— İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
Hazırda Quba–Xınalıq yolu Quba 6 saylı Yol İstismar İdarəsinə aiddir[10].
Təbii səbəblər üzündən hər il bir neçə dəfə yol bağlanır ki, bu da yolun açılmasına qədər gediş-gəlişi çətinləşdirir. Bu səbəblərə adətən sel sularının yolun müəyyən bir hissəsini yuması[11], qaya uçqunları və s. amillər aiddir. Yolda baş verən fəsadların aradan qaldırılması üçün ərazidə mütəmadi olaraq "Azəravtoyol" ASC-nin və "Körpü-Bina-Tikinti" MMC-nin ağır texnikası və canlı qüvvəsi çalışır[11].
Xınalığa aparan yol insanı daim həyəcanda saxlayır[1]. Əvvəl düz, daha sonra hündürlüklərə istiqamətlənən yol qeyri-adiliklərlə müşayiət olunur[1]. Yol boyu havanın 4-5 dəfə dəyişməyi[1] sərnişinlərin böyük marağına səbəb olur.
Yol boyu bir sıra turistik məntəqələr və məkanlar var ki, bütün bunlar Quba–Xınalıq yolunun əhəmiyyətini daha da artırır. Yol boyu Qəçrəş meşəsi, "Minarə" qayası, "Retro", "Park Orman", "Nazlı Bulaq" və "Məst Dərgah" ailəvi istirahət mərkəzləri, Cek kanyonu, Gümbə, Zanqar, Kukaş kimi ərazilər turistlərin marağına səbəb ola bilən yerlərdir.
2006-cı ildə isə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Xınalıq və Xınalıq yolu" adlı sənədli filmini çəkmişdir[12].