Rüzgar Əfəndiyeva (tam adı: Rüzgar Şahmar qızı Əfəndiyeva (Qurbanova); 1947, Bərdə, Azərbaycan SSR — 2011, Bakı, Azərbaycan) — Azərbaycanın tanınmış nəğməkar şairəsi və yazıçı-publisisti. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994).
Rüzgar Əfəndiyeva | |
---|---|
Rüzgar Şahmar qızı Əfəndiyeva(Qurbanova) | |
Doğum tarixi | |
Doğum yeri | Bərdə, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Bakı Dövlət Universiteti |
Fəaliyyəti | şair-yazıçı-publisisti |
Əsərlərinin dili | azərbaycanca |
İlk əsəri | "Könül verərsənmi?", "İstərəm" (1965) |
Rüzgar Əfəndiyeva 1947-ci il mayın 9-da Azərbaycanın Bərdə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Bərdə şəhər 3 saylı orta məktəbində təhsil almışdır. (1954-1965). Əmək fəaliyyətinə 1 saylı Bərdə uşaq bağçasında tikişçi kimi başlamışdır. (1963-1965). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. (1965-1970). Bakıda 248 saylı şəhər orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir (1970-1974). 1975-ci ildə "Maarif" nəşriyyatında korrektor, kiçik redaktor, redaktor və "Azərbaycan dili və ədəbiyyatı dərslikləri" redaksiyasının müdiri (1994-2005) vəzifələrində işləmişdir. Bədii yaradıcılığa orta məktəbdəikən coşqun həvəs göstərmişdir. İlk mətbu şeirləri ("Könül verərsənmi?", "İstərəm"), "Lenin tərbiyəsi uğrunda" çoxtirajlım Universitet qəzetinin 1965-ci il 31 dekabr tarixli sayında çıxmışdır. Dövri mətbuatda, ədəbi almanaxlarda müntəzəm çıxış etmişdir. Rüzgar Əfəndiyevanın şeirləri təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində — Türkiyədə, Rusiyada, Əfqanıstanda, Bolqarıstanda və Özbəkistanda müxtəlif mətbu orqanlarında çap olunub, şeirlərinə bir çox mahnılar bəstələnib. "Axtarma məni", "O sənli günlərim", "Dəniz və məhəbbət", "Pıçılda", "Kimsə xoşbəxt oldu", "Niyə tələsdin", "Payız toyları" və sair mahnıları populyarlıq qazanmışdır. Bu mahnıları Zeynəb Xanlarova, Niyaməddin Musayev, İlhamə Quliyeva, türk müğənniləri Emel Sayın, Nəşə Qaraböcək ifa ediblər. Oqtay Rəcəbov, Oqtay Kazımi, Bahadur Hüseynov, Həsənağa Qurbanov kimi bəstəkarlar onun yaradıcılığına müraciət etmişlər.
O, "Unuda bilməzsən" (1981), "Gözlə" (1989), "Ömürdən keçən illər" (1995), "Lalənin ləçəyi" (1996), "Aydınlıqdan gedən yolda" (1997), "Gedən də var, qalan da var" (1999), "Xatirələr çiçəkləyəndə" (1999), "Vətəndir Arifin səsi", "Əbədi günəş" və s. kitabların müəllifidir.
Rüzgar Əfəndiyevanın "Lalənin ləçəyi" adlı kitabına (Bakı: Maarif, 1996, 2001) şairin silsilə şeirləri daxil edilmişdir. Türkiyədə dərc olunan "Şeir dəftəri" jurnalında Havva Abdullayevanın Rüzgar Əfəndiyevanın yaradıcılığı haqqında yazısı verilmişdir.
Rüzgar Əfəndiyevanın yaradıcılığı təkcə şeirlə tamamlanmır. O, həm də bir sıra nəsr əsərlərinin müəllifidir. Onun "Yol gözləyənlər" povesti əsasında radio-tamaşa hazırlanıb dinləyicilərə təqdim olunmuşdur və hazırda Azərbaycan radiosunun qızıl fondundadır. Bundan başqa "Uçuş", "Qorxuram ki...", "Sabah da qar yağacaq" kimi hekayələri mətbuatda dərc olunub. "Rüstəm - Napoleonun yavəri" adlı roman yazıçının son işlərindən sayılır.
Rüzgar Əfəndiyeva həm də Natəvan operasının ariya və duet mətnlərinin müəllifidir. 1999-2002-ci illərdə bəstəkar Vasif Adıgözəlovla birlikdə bu əsər üzərində işləmişdir. Əsər 2003-cü il dekabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulmuş və böyük uğur qazanmışdır.
Onun yaradıcılığı haqqında xalq şairi Mirvarid Dilbazi, Məmməd Araz, Xəlil Rza Ulutürk, Vəli Nəbiyev, Boris Leonov (Moskva), Akif Əliyev, Sabir Rüstəmxanlı, Sərvaz Hüseynoğlu, Qasım Qasımzadə, Nəriman Həsənzadə və b. öz fikirlərini söyləmişlər. Şeirləri dərsliklərə və dərs vəsaitlərinə salınmışdır. Rüzgar Əfəndiyeva "Araz" ali ədəbi (1997), "Heyran xanım" ədəbi (1994), "Qızıl qələm" (2005), "Nigar Rəfibəyli" (2006) adına mükafatların laureatıdır.
Rüzgar Əfəndiyeva Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşdur.
2011-ci ildə qəfil dünyasını dəyişmişdir.