Rəqəmsal mediadan istifadə və əqli sağlamlıq — rəqəmsal mediadan istifadə ilə psixi sağlamlıq arasındakı əlaqələr. Bu mövzu müxtəlif tədqiqatçılar, əsasən psixoloqlar, sosioloqlar, antropoloqlar və tibbi ekspertlər tərəfindən, xüsusən də 1990-cı illərin ortalarından, ümumdünya hörümçək torunun böyüməsindən sonra araşdırılmışdır. Əhəmiyyətli bir araşdırma qrupu ümumiyyətlə "rəqəmsal asılılıqlar" kimi tanınan "həddən artıq istifadə" fenomenini araşdırmışdır. Bu hadisələr bir çox cəmiyyətlərdə və mədəniyyətlərdə fərqli şəkildə özünü göstərir. Bəzi ekspertlər əqli sağlamlıq da daxil olmaqla müxtəlif sahələrdə orta səviyyədə rəqəmsal mediadan istifadənin faydalarını və yeni texnoloji həllər ilə əqli sağlamlıq problemlərinin müalicəsini tədqiq etmişlər.
Rəqəmsal medianın faydalı və patoloji istifadəsi arasında fərq müəyyən edilməmişdir. Geniş qəbul edilmiş diaqnostik meyarlar yoxdur, baxmayaraq ki, bəzi ekspertlər ondan həddən artıq istifadəni əsas psixiatrik pozuntuların təzahürü hesab edirlər. Patoloji olaraq rəqəmsal mediadan istifadənin qarşısının alınması və müalicəsi də standartlaşdırılmamışdır, lakin uşaqlar və ailələr üçün mediadan daha təhlükəsiz istifadə haqqında təlimatlar hazırlanmışdır. Psixi Pozuntuların Diaqnostik və Statistik Təlimatının (DSM-5) və Xəstəliklərin Beynəlxalq Təsnifatının (ICD-11) 2013-cü ildəki beşinci nəşrinə problemli internet istifadəsi və problemli sosial media istifadəsi üçün diaqnozlar daxil edilməmişdir. ICD-11-ə qeyminq pozuntusu diaqnozu (ümumiyyətlə videooyun asılılığı kimi tanınır) aiddir, DSM-5-də isə yoxdur. Bu şərtlərin necə və nə vaxt diaqnoz qoyulacağı ilə bağlı müzakirələr davam edir. Bu hadisələrə və diaqnozlara istinad etmək üçün asılılıq terminindən istifadə olunması sual altındadır.
Rəqəmsal media və ekran vaxtı uşaqların müsbət və mənfi şəkildə necə düşündüyünü, qarşılıqlı əlaqəsini və inkişafını dəyişdi, lakin tədqiqatçılar rəqəmsal mediadan istifadə və əqli sağlamlıq nəticələri arasında fərz edilən səbəb-nəticə əlaqələrinin mövcudluğundan əmin deyillər. Görünür ki, bu bağlantılar fərddən və istifadə etdikləri platformalardan asılıdır. Bir neçə böyük texnologiya firması rəqəmsal mediadan istifadənin risklərini azaltmağa çalışmaq üçün öhdəliklər götürmüş və ya strategiyalar elan etmişdir.
Rəqəmsal texnologiya ilə əqli sağlamlıq arasındakı əlaqə bir çox aspektdən araşdırılmışdır.[1][2][3] Uşaqlıq və yeniyetməlik dövründə rəqəmsal mediadan istifadənin faydaları aşkar edilmişdir.[4] Rəqəmsal media istifadəçilərinin aşkar kompulsiv davranışları ilə bağlı tədqiqatçılar, kliniklər və ictimaiyyət tərəfindən narahatlıqlar ifadə olunmuşdur, çünki texnologiyadan həddən artıq istifadə və əqli sağlamlıq problemləri arasında korrelyasiya aydın müşahidə olur.[1][5][6]
Kompulsiv rəqəmsal mediadan istifadə davranışlarına istinad etmək üçün istifadə olunan terminologiyalar standartlaşdırılmamışdır və ya hamı tərəfindən tanınmamışdır. Bunlara adətən istifadə olunan və ya öyrənilən rəqəmsal media platforması tərəfindən müəyyən edilən “rəqəmsal asılılıq”, “rəqəmsal bağlılıq”, “problemli istifadə” və ya “həddən artıq istifadə” daxildir (məsələn, problemli smartfon istifadəsi və ya problemli internet istifadəsi).[7] Texnoloji cihazların məhdudiyyətsiz istifadəsi inkişafa, sosial, əqli və fiziki rifaha təsir göstərə bilər və digər psixoloji asılılıq sindromlarına və ya davranış asılılıqlarına oxşar simptomlarla nəticələnə bilər.[6][8] Zəif standartlaşdırma və ziddiyyətli tədqiqatlara baxmayaraq, xüsusilə davranış asılılığı paradiqması ilə əlaqədar olaraq tədqiqatda problemli texnologiya istifadəsinə daha çox diqqət çəkilir.[9]
İnternet asılılığı diaqnoz olaraq 1990-cı illərin ortalarından[10] təklif edilir, sosial media və onun asılılıq ilə əlaqəsi isə 2009-cu ildən araşdırılır.[11]İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) 2018-ci il hesabatında uşaqlarda və yeniyetmələrdə inkişaf və təhsil məqsədləri üçün strukturlaşdırılmış və məhdud internet istifadəsinin faydalı olduğu, lakin həddindən artıq istifadənin zehni rifaha mənfi təsir göstərə biləcəyi bildirilmişdir. Burada həmçinin, 2010–2015-ci illər arasında məktəb yaşlı uşaqlarda internetdən istifadənin ümumilikdə 40% artdığını və müxtəlif İƏİT ölkələrinin uşaqlıq dövründə texnologiyadan istifadə dərəcələrində, eləcə də istifadə olunan platformalarda fərqlərin məlum olduğu qeyd edilmişdir.[12]
Rəqəmsal mediadan istifadə ilə əqli sağlamlıq əlamətləri və ya diaqnozları arasında əlaqə müşahidə olunsa da, səbəb əlaqəsi müəyyən edilməmişdir. Tədqiqatçılar tərəfindən dərc edilən nüanslar və xəbərdarlıqlar çox vaxt geniş ictimaiyyət tərəfindən yanlış anlaşılır və ya media tərəfindən yanlış təqdim olunur.[3] Qadınlar sosial mediadan, kişilər isə videooyunlardan daha çox istifadə edirlər.[13] Bundan başqa, rəqəmsal mediadan problemli olaraq istifadə etmək tək konstruksiyalar olmaya bilər. Odur ki, onlar istifadə olunan rəqəmsal platforma əsasında təsvir edilə bilər və ya xüsusi fəaliyyətlər baxımından yenidən qiymətləndirilə bilər (rəqəmsal mühitə asılılıq əvəzinə).[14]
Əqli xəstəliyi olan şəxslər sosial media üzərindən sosial əlaqələrini inkişaf etdirə bilər. Bu, öz növbəsində onlayn icmalarda sosial inteqrasiya hissini gücləndirə bilər. Əqli xəstəliyi olan insanlar şəxsi hekayələrini daha təhlükəsiz bir məkanda paylaşa, həmçinin mübarizə strategiyalarını inkişaf etdirmək üçün həmyaşıdlarının dəstəyini qazana bilərlər.[4]
Əqli xəstəliyi olan insanlar adətən sosial mediadan istifadə edərək stiqmadan qaçdıqlarını və əqli sağlamlıq vəziyyətləri haqqında daha çox məlumat əldə etdiklərini bildirirlər. Bu, qeyri-sağlam təsirlər, dezinformasiya və ənənəvi psixi sağlamlıq mərkəzlərinə gec daxil olma riski ilə gəlir.[4]
Bundan əlavə, uşaqlarda rəqəmsal mediadan istifadənin təhsil baxımından faydalarının tədqiqində müsbət nəticələr əldə edilmişdir.[4] Məsələn, ekran əsaslı proqramlar həm müstəqil, həm də birgə öyrənməni artırmağa kömək edə bilər. Müxtəlif keyfiyyətli tətbiqlər və proqramlar həmçinin öyrənmə boşluqlarını azalda və müəyyən təhsil fənlərində bacarıqları artıra bilər.[15]
Woods, H. C., & Scott, H. (2016). #Sleepyteens: Social media use in adolescence is associated with poor sleep quality, anxiety, depression and low self‐esteem. Journal of Adolescence, 51(1), 41–49. https://doi.org/10.1016/j.adolescence.2016.05.008
Jones, A., Hook, M., Podduturi, P., McKeen, H., Beitzell, E., & Liss, M. (2022). Mindfulness as a mediator in the relationship between social media engagement and depression in young adults. Personality and Individual Differences, 185. https://doi.org/10.1016/j.paid.2021.111284
White-Gosselin, C.-É., & Poulin, F. (2022). Associations between young adults' social media addiction, relationship quality with parents, and internalizing problems: A path analysis model. Canadian Journal of Behavioural Science / Revue Canadienne Des Sciences Du Comportement. https://doi.org/10.1037/cbs0000326
Hammad, M. A., & Alqarni, T. M. (2021). Psychosocial effects of social media on the Saudi society during the Coronavirus Disease 2019 pandemic: A cross-sectional study. PLoS ONE, 16(3). https://doi.org/10.1371/journal.pone.0248811