Hesablama tarixi |
---|
Cihaz |
Proqram təminatı |
İnformatika |
Müasir konsepsiyalar |
Ölkəyə görə |
Hesablamanın zaman qrafiki |
İnformatika lüğəti |
Ümumdünya hörümçək toru ("WWW", "W3" və ya sadəcə olaraq "İnternet") — internetə qoşulmuş kompüterlər vasitəsilə ilə istifadəçilərin daxil ola biləcəyi qlobal informasiya mühiti. Termin tez-tez səhvən internetin sinonimi kimi istifadə olunur, lakin veb elektron poçt və Usenet kimi internet üzərindən fəaliyyət göstərən bir xidmətdir. İnternetin tarixi və hipermətn tarixi Ümumdünya hörümçək torundan daha qədimdir.
1989-cu ildə Tim Berners-Li CERN-də (fr. Conseil européen pour la recherche nucléaire; azərb. Avropa Nüvə Tədqiqatları Şurası) işləyərkən Ümumdünya hörümçək torunu yaratdı. O, müxtəlif konseptlər və texnologiyaları tətbiq edərək "universal əlaqəli məlumat sistemi"ni təklif etdi. Bu fikrin əsası isə məlumatlar arasındakı mövcud əlaqələr idi.[1][2]Berners-Li, ilk veb-serveri, veb-brauzeri və HTML (ing. Hypertext Markup Language) sənəd formatlaşdırma protokolunu işləyib hazırlamışdır. 1991-ci ildə HTML-i istifadəyə verdikdən və 1993-cü ildə brauzerin mənbə kodunu ictimai istifadə üçün yayımladıqdan sonra, Mark Andrissenin Mosaic (sonralar Netscape Navigator) brauzeri vasitəsilə istifadəsi və quraşdırılması xüsusilə asan olan və tez-tez istifadə olunan bir çox veb brauzer yaradıldı. Bu isə 1990-cı illərin internet bumuna səbəb oldu. Bu bir neçə məşhur ofis və ev kompüterində işləyən qrafik brauzer idi, eyni səhifəyə şəkillər və mətn daxil etməklə qeyri-texniki istifadəçilərə multimedia məzmunu təqdim edirdi.
Veb-saytlar geniş ictimaiyyət tərəfindən istifadə üçün yaranmağa 1993–94-cü illərdə başladı. Bu dövrdə Netscape Navigator və Internet Explorer kimi brauzerlər arasında sərt rəqabət yaşandı. Müxtəlif server və brauzer proqramları arasında brauzer müharibələri baş verdi. 1995-ci ildə internetdəki kommersiya məhdudiyyətləri aradan qaldırıldı və internet tamamilə kommersiyalaşdırıldı. Bu, 1990-cı illərin sonları və 2000-ci illərin əvvəllərində dotkom köpüyü və sonradan yaşanan çöküşlə əlaqələndirilən makroiqtisadi amillərlə birlikdə baş verdi.
HTML-in xüsusiyyətləri zamanla təkmilləşdi. 1995-ci ildə HTML 2 versiyası, 1997-ci ildə HTML 3 və HTML 4, 2014-cü ildə isə HTML5 təqdim edildi. HTML dilinə formatlaşdırma üçün CSS (ing. Cascading Style Sheets), proqramlaşdırma üçün isə JavaScript funksiyaları əlavə edildi. AJAX proqramlaşdırması dinamik məzmunun sürətli çatdırılmasını təmin edərək veb-dizaynda yeniliklər gətirdi və veb 2.0 dövrünün başlanğıcını qoydu.
2010-cu illərdə sosial media platformalarının yayılması, istifadəçilərə proqramlaşdırma bacarığı olmadan multimedia məzmunu yaratmaq imkanı verdi. Bu platformalar eyni zamanda insanlara günlük həyatlarında hər yerdə interneti istifadə etmək imkanı yaratdı. Bu istifadəçilərə sadə interfeys təklif etdi və internetin yayılmasına səbəb oldu.