Rəvan Rəhimov (tam adı: Rəvan Abdullətif oğlu Rəhimov) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının baş elmi işçisi, kimya elmləri doktoru.[1][2][3]
Rəvan Rəhimov | |
---|---|
Rəvan Abdullətif oğlu Rəhimov | |
Doğum tarixi | |
Doğum yeri | Qalacıq, İsmayıllı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | baş elmi işçi |
İş yeri | AMEA Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Bakı Dövlət Universiteti |
Rəvan Abdullətif oğlu Rəhimov – 28.06.1980-cı il tarixində Azərbaycan Respublikasının İsmayıllı rayonu Qalacıq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1997-ci ildə İsmayıllı rayon Qalacıq kənd orta məktəbini bitirmiş və Bakı Dövlət Universitetinin "kimya" fakültəsinə daxil olmuşdur, 2001-ci ildə bakalavr təhsilini aldıqdan sonra həmin Universitetin "Yüksək Molekullu Birləşmələr" kimyası ixtisası üzrə magistraturasına qəbul olunmuş və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ildə Azərbaycam Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv maddələr və preparatlar" laboratoriyasında prof. Z.H.Əsədovun rəhbərliyi ilə elmi fəaliyyətə başlamışdır. 2003-cü ildə Neft-Kimya Prosesləri İnstitutunun əyani aspiranturasına daxil olmuş və 2007-ci ildə "Çoxatomlu spirtlər və propilen oksidi əsasında benzinin buxarlanmasını ləngidən reagentlərin alınması və tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
Sintez edilmiş birləşmələr benzinin buxarlanmasını ləngidərək rezervuarlarda baş verən itkilərin azalmasında, ekoloji və iqtisadi baxımdan böyük əhəmiyyət kəsb etmişdir. 2008-ci ildən elmi fəaliyyətini kiçik elmi işçi, 2008-ci ildən elmi işçi, 2010-cu ildən böyük elmi işçi, 2013-cü ildən aparıcı elmi işçi kimi vəzifəsini davam etdirmişdir. 2011 və 2014-cü illərdə R.A.Rəhimovun tədqim etdiyi layihələr Azərbaycan Respublikası Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən Gənc Alim və mütəxəssislərin qrant müsabiqələrinin qalibi olmuşdur. 2011-ci ildə elmlər doktoru mərhələsi üzrə doktoranturaya daxil olmuş və 2016-cı ildə "Təbii triqliseridlər, (alkanol)aminlər və (C3) epoksidlər əsasında yeni səthi-aktiv maddələrin alınması, fiziki-kimyəvi xarakteristikası və xassələri" mövzusunda (Neft kimyası) dissertasiyanı müdafiə edərək kimya üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır. Sintez edilmiş səthi-aktiv maddələr yüksək neftyığıcı və neftdispersləyici effektə malik olmaqla yanaşı ekoloji cəhətdən təhlükəsiz olduğu müəyyən edilmişdir. Tədqiqatlar işləri əsasən bərpa oluna bilən xammalar əsasında yeni, effektiv neftyığıcı və neftdispersləyici səthi-aktiv maddələrin alınması və onların quruluş–xassə asılılıqların tədqiqinə həsr etmişdir.
2017-ci ildə R.A.Rəhimov AMEA-nın müxbir üzvü, k.ü.e.d., prof. Z.H.Əsədovun rəhbərlik etdiyi "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasında baş elmi işçi vəzifəsinə təsdiq edilmişdir.
R.A.Rəhimov 200-dən çox elmi əsərin müəllifidir. Onlardan 85-dən çoxu məqalə, 3-ü isə Azərbaycan Respublikasının patentidir. Məqalələrdən 38-dən çoxu xarici ölkələrin (Almaniya, İngiltərə, Ukrayna, Cənubi Koreya, ABŞ, Yaponiya, Malaziya, Efiopiya, Rusiya, həmçinin dünyanın ən nüfuzlu redaksiyaları olan Elsevier, Springer, American Chemical Society, Taylor & Francis və Wiley Online Library) nüfuzlu jurnallarında, həmçinin onlardan 30-u "Thomson Reuters" Agentliyinin siyahısına düşən jurnallardır.