Rahilə Davud (uyğ. راھىلە داۋۇت, çin. ənən. 热依拉·达吾提, pinyin: Rèyīlā Dáwútí; 20 may 1966, Sincan-Uyğur Muxtar Rayonu) — uyğur əsilli Çin dilşünası. Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda yerləşən Sincan Universitetində professor işləmiş olan Davud beynəlxalq səviyyədə uyğur folkloru və ənənələri üzrə mütəxəssis kimi tanınırdı. O, vaxtilə Çin Mədəniyyət Nazirliyindən mükafat və qrantlar almış, folklor institutunun qurucusudur.
Rahilə Davud | |
---|---|
uyğ. راھىلە داۋۇت | |
Doğum tarixi | 20 may 1966 (58 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | dilçi, etnoloq, folklorşünas, antropoloq |
Partiyası |
Davud 2017-ci ildə Çin hökuməti tərəfindən qaçırılmış və o vaxtdan bəri itkin düşmüşdür. Onun dövlət orqanları tərəfindən açıqlanmayan bir yerdə saxlanıldığı güman edilir.
Rahilə Davud 1966-cı ildə Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda, yerli bir uyğur ailəsində anadan olmuşdur. O, 30 ildən çoxdur ki, Çin Kommunist Partiyasının üzvü olmuşdur.[1] Davud qaçırılmasından əvvəl Sincan Universitetində dərs keçirdi.[2] O, beynəlxalq səviyyədə uyğur folkloru və ənənələri üzrə mütəxəssis kimi tanınırdı.[3]
Rahilə Davud 2017-ci ilin dekabr ayında bir qohumuna Urumçi şəhərindən Pekinə getməyi planlaşdırdığını söylədiyi bildirilir. Lakin o vaxtdan bəri ailəsi və dostları onunla əlaqəni itirmişdir. Davudun ailəsi və dostları 2018-ci ilin avqust ayında onun itkin düşdüyünü elan etmişdilər.[3] 2018-ci ildə onun Çin dövlət səlahiyyətliləri tərəfindən saxlanıldığı məlum olmuşdur.[4] Çin dövlət orqanları Davudun harada saxlanıldığı, o cümlədən onun rifahı, hüquqi müşavirəyə çıxışı və ya ona qarşı irəli sürülən hər hansı bir ittiham barədə heç bir məlumat açıqlamamışdır. Davudun ailəsi və insan hüquqları üzrə ixtisaslaşmış qruplar onun kommunist səlahiyyətlilər tərəfindən saxlanıldığı və "yenidən təhsil düşərgələri" deyilən həbsxanalarda saxlanıldığını güman etmişdir.[3]
Rahilə Davud Çinin uyğur kimliyini silmək üçün apardığı kampaniyanın bir hissəsi olaraq hədəf alınan bir sıra görkəmli ziyalılardan biri idi.[5] Çin hökumətinin bu kampaniyası bir çox Qərb qurumları, mütəxəssisləri və akademikləri tərəfindən uyğur soyqırımı adlandırılmışdır.[6][7][8]
Rahilə Davud 2020-ci ildə "Scholars at Risk" təşkilatı tərəfindən "Düşünməyə cəsarət mükafatı"na layiq görülmüşdür. Mükafatı Davudun əvəzinə onun qızı Akida Polad götürmüşdür.[1]