Rahila Mixaylovna Messerer-Plisetskaya və ya yaradıcı təxəllüsü Ra Messerer (rus. Рахи́ль Миха́йловна Мессере́р-Плисе́цкая; 4 mart 1902, Vilnüs – 20 mart 1993, Moskva) — Sovet səssiz kino aktrisası, Mixail Plisetskinin həyat yoldaşı, balerina Maya Plisetskayanın və xoreoqraflar Aleksandr və Azari Plisetsklərin anası.
Rahila Messerer-Plisetskaya | |
---|---|
Doğum tarixi | 4 mart 1902 |
Doğum yeri |
|
Vəfat tarixi | 20 mart 1993 (91 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşaqları | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1925-ci ildən |
Təhsili | |
IMDb | ID11255470 |
Vikianbarda əlaqəli mediafayllar |
Rahila Messerer-Plisetskaya 4 mart (19 fevral, köhnə üslub) 1902-ci ildə Vilnoda diş həkimi Mendel Berkoviç (Mixail Borisoviç) Messerer (1866–1942)[1] və Sima Moiseevnanın (qızlıq soyadı Şabad, 1870–1929)[2] ailəsində anadan olub. Milliyyətcə valideynləi yəhudi idi. Ailədə ondan başqa daha 9 uşaq var idi.[3] Atası Dolqinovodan, anası Antakalnisdən Vilnüsə gəliblər. M. B. Messererin bütün uşaqlarının adlarını incildən seçmişdi (Pnina, Azariya, Mattani, Musa, Rahila, Asap, Elişeva, Sulamif, Emanuel, Aminadab).[1] 1940-cı ildə Mixail Messererin ikinci evliliyindən Rahilanın daha bir bacısı Erella dünyaya gəlib. Rahilanın bacı və qardaşları arasında Azariya, Sulamif və Asap da sonradan məşhurlaşmışdılar.
Rahila Messerer 1925-ci ildə Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib (Lev Kuleşovun sinfi). Hələ təhsil alarkən o, Mixail Emmanuiloviç Plisetski ilə ailə quraraq Plisetski-Messerer teatr sülaləsinin əsasını qoyub. Onların evliliyindən üç uşaq dünyaya gəlib: Maya (1925–2015), Aleksandr (1931–1985) və Azari (1937-ci il təvəllüdlü).[1]
Rahila Messerer-Plisetskaya hələ təhsil alarkən aktyorluğa başlayıb. Çəkilişlər üçün o, rəsmi olaraq Universitetdən Özbəkistanda təcrübə keçmək üçün ezam olunub. Sovet hakimiyyətinin ilk illərində "Buxkino" və "Şərq ulduzu" kinostudiyalarında səssiz filmlərə çəkilib. Özbəkistanın özündən əlavə, o, Altay dağlarında, Kalmıkiyada və Ukraynada çəkilən filmlərdə rollar alıb. O, Ukraynada "Yer çağırır" ("Ravvinin qızı") filmində oynayıb. Rahilanın cazibədar xarici görünüşü var idi. Onun iri gözləri, hamar, tünd saçları və zərif fiqurlu idi. O, "İldə 120 min…", "İkinci arvad", "Cüzam", "Göz yaşları vadisi" filmlərində rol alaraq aktrisa kimi şöhrət qazanıb. Rahila Messerer-Plisetskaya ən çox Mərkəzi Asiyadan olan qızların rollarını oynayırdı.[1]
Kino aktrisası Rahila Messererin kino karyerası tez bitdi. Çünki o, özünü ailəsinə həsr etmək üçün aktrisa karyerasından imtina etdi. Rahila həyatını Barentsburqda baş konsul və kömür mədənlərinin rəhbəri olduğu Şpitsbergendə işgüzar səfərlərdə müşayiət etdiyi ərinə həsr etdi.[1] 1937-ci il aprelin 30-da Mixail Plisetski, 1938-ci il martın əvvəllərində isə Rahila həbs olundular. Rahilanın bacısı Sulamif Messerer onun qızı Maya Plisetskayanı himayəsinə götürdü. 1938-ci ildə Sulamif rəsmi olaraq Maya Plisetskayanı övladlığa götürdü. Çünki qəyyumluq orqanları onu xalq düşmənlərinin uşaqları üçün internata göndərmək istəyirdilər. Rahila Messerer-Plisetskayanın daha bir övladı oğlu Aleksandrı isə qardaşı Asap Messerer ailəsinə aldı.[1]
Maya Plisetskayanın xatirələrindən:
“Anamın xarakteri mülayim və sərt, mehriban və inadkar idi. 1938-ci ildə həbs edilərək ərinin casus, satqın, təxribatçı, cinayətkar, Stalinə qarşı sui-qəsdin iştirakçısı və s. olduğuna dair sənədə imza atmağı tələb edəndə, o, qəti şəkildə bundan imtina etdi. Bu o zamanlar üçün böyük fədakarlıq idi. Bu hərəkətinə görə ona 8 il həbs cəzası verildi”.[1] |
Rahila Messerer-Plisetskaya ilkin olaraq təzə doğulmuş üçüncü övladı ilə birlikdə Butırka həbsxanasına salındı. Məhkəmə hökmündən sonra xalq düşməninin arvadı olaraq Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsinə göndərildi. Çətin və antisanitar şəraitdə qatarla oraya gediş bir ay çəkdi. Yolda olan zamanı Rahila Kazan Dəmiryol Vağzalındakı bələdçilərin birinin köməyi sayəsində ailəsinə onun hara aparıldığı barədə məlumat verə bilib. O, kibritdən istifadə edərək vərəqədə özü və Moskvadakı qohumlarının ünvanı haqqında bəzi məlumatları yazaraq qatarın dəmir barmaqlıqları arasından çölə atıb. O kibriti çölə atarkən bunu iki qadın görüb. Onlardan biri üzünü çevirib, ikincisi isə başı ilə ona vərəqi çatdıracağını işarə edib. O, qadın kağızda yazılanları onun qohumlarına çatdırıb. Beləliklə, məşhur qardaş və bacıların — Asap və Sulamif Messererin çoxsaylı xayiş və ərizələri nəticəsində 1939-cu ilin yayının sonunda Rahila Çimkənddəki sərbəst məskunlaşma qəsəbəsinə köçürüldü. Çimkənddə Messerer dərnəklərin birində rəqs müəllimi işləyir və orada balet kursları təşkil etmişdi.[1] Bacısı Sulamifin sayəsində o, vaxt artıq 15 yaşında olan qızı Maya onun ziyarətinə gələ bildi. Onlara 20 gün birlikdə qalmaq icazəsi verildi. Ümumilikdə Maya iki dəfə anasına baş çəkməyə müvəffəq oldu.
Qardaşı Asap Messerer NKVD-nin qərarının ləğvinə nail oldu. Rahila Messerer-Plisetskaya 1941-ci ildə Böyük Vətən müharibəsinin başlamasından iki ay əvvəl Moskvaya qayıtmağı bacardı. Sərbəst buraxılmasına və kinoda çəkilmək istəyinə baxmayaraq, onun aktyorluq karyerası həmişəlik bitdi.
Rahila Messerer-Plisetskaya uzun illər həyat yoldaşı Mixail Plisetskinin qayıdışına ümid edirdi və onu gözləyirdi. O, yalnız 1964-cü ildə onun həbsindən az sonra güllələndiyini öyrəndi.
Rahila Messerer-Plisetskaya 1993-cü ildə Moskvada vəfat edib.[1]
Rahila Messerer-Plisetskayanın filmoqrafiyası elə də zəngin deyil. Amma çəkildiyi filmlərin hamısında baş rolları ifa edib. Əsasən səssiz filmlərə çəkilib.[4]
2007-ci ildə Dövlət Film Fondunda qorunan lentlərdən istifadə edilərək Rahila Messerer-Plisetskayanın həyatından bəhs edilən "Kənardan gələn ulduz" sənədli filmi çəkilib.[10] "REN TV" telekanalının sifarişi ilə film "Gəmayun" TK yaradıcılıq birliyində istehsal olunub. Filmin rejissor və ssenari müəllifi Firdavs Zainutdinov, operator Yevgeni Kutuzkin, mətni İrina Apeksimova oxuyur. Sənədli filmin premyerası 12 sentyabr 2007-ci ildə Kultura telekanalında olub.[11]