Maya Mixaylovna Plisetskaya (rus. Ма́йя Миха́йловна Плисе́цкая; 20 noyabr 1925[1][2][…], Moskva[1] – 2 may 2015[2][3][…], Münxen) — 1948–1990-cı illərdə sovet və rus balerinası, baletmeyster, xoreoqraf, SSRİ Böyük Teatrının prima balerinası, Sosialist Əməyi Qəhrəmanı (1985), SSRİ xalq artisti (1959),[4] Lenin mükafatı laureatı (1964), üç Lenin ordeni (1967, 1976, 1985) və Vətən qarşısında xidmətlərinə görə ordeninin tam sahibi. Messerer-Plisetski teatr sülaləsinin nümayəndəsi. O, XX əsrin ən böyük balerinalarından biri hesab olunur.[5]
Maya Plisetskaya | |
---|---|
rus. Майя Михайловна Плисецкая | |
Doğum tarixi | 20 noyabr 1925[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 may 2015[2][3][…] (89 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Həyat yoldaşları |
|
Partnyoru |
|
Anası | Rahila Messerer-Plisetskaya |
Fəaliyyəti | balerina, xoreoqraf, aktrisa, baletmeyster, balet pedaqoqu[d], memuarçı |
Fəaliyyət illəri | 1943-cü ildən |
Mükafatları |
|
shchedrin.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Maya Mixaylovna Plisetskaya 20 noyabr 1925-ci ildə Moskvada sovet təsərrüfat müdiri Mixail Emmanuiloviç Plisetskinin (1899–1938) və səssiz kino aktrisası Rahila Mixaylovna Messerer-Plisetskayanın (1902–1993) ailəsində anadan olub.[6] Maya ailədə üç uşağın ən böyüyü idi.[6]
1932-ci ildən 1936-cı ilə qədər Maya Plisetskaya Şpitsbergendə yaşayıb. Burada atası əvvəlcə "Arktikugol" şirkətinin birinci rəisi, sonra SSRİ-nin baş konsulu vəzifəsində çalışıb. 1937-ci il aprelin 30-dan mayın 1-nə keçən gecə baş verən “Böyük Terror” zamanı atası həbs olunub və 1938-ci il yanvarın 8-də edam edilib. 1964-cü ildə atası reabilitasiya olunub. Anası Rahila Messerer-Plisetskaya həbs olunduqdan sonra Rahilanın bacısı Sulamif Messerer Mayanı himayəsinə götürüb. 1938-ci ildə Sulamif Maya Plisetskayanın övladlığını rəsmiləşdirib. Çünki qəyyumluq orqanları onu xalq düşmənlərinin uşaqları üçün internata göndərmək istəyirdilər.[6] Rahila Messerer-Plisetskayanın daha bir övladı oğlu Aleksandrı isə qardaşı Asap Messerer ailəsinə alıb. Rahila Messerer-Plisetskaya ilkin olaraq təzə doğulmuş üçüncü övladı ilə birlikdə Butırka həbsxanasına salınıb. Məhkəmə hökmündən sonra xalq düşməninin arvadı olaraq Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsinə göndərilib. Məşhur qardaş və bacıların - Asap və Sulamif Messererin çoxsaylı xayiş və ərizələri nəticəsində 1939-cu ilin yayının sonunda Rahila Çimkənddəki sərbəst məskunlaşma qəsəbəsinə köçürülüb. Çimkənddə Messerer dərnəklərin birində rəqs müəllimi işləyir və orada balet kursları təşkil edib. Bacısı Sulamifin sayəsində o, vaxt artıq 15 yaşında olan qızı Maya onun ziyarətinə gələ bilib. Onlara 20 gün birlikdə qalmaq icazəsi verilib. Ümumilikdə Maya iki dəfə anasına baş çəkməyə müvəffəq olub.[6]
Maya 4 yaşında olanda xalası Sulamif onu uşaqlar üçün nəzərdə tutulmuş "Qırmızı papaq" baletinə aparıb. Evə qayıtdıqdan sonra balaca Maya bütün əsas personajların hissələrini rəqs edib. Maya Plisetskaya 7 yaş 8 aylıq olanda Sulamif onu qəbul imtahanı üçün Böyük Teatrının xoreoqrafiya məktəbinə aparıb. Orada Plisetskaya istedadını nümayiş etdirib, lakin qəbul komissiyasının üzvləri hələ 8 yaşına çatmamış uşağı qəbul etməyin mümkün olub-olmamasına qərar verməyiblər. Çünki bu, məktəb qaydalarının pozulması demək idi. Sulamif Messerer qardaşı qızının bir il itirməsini istəmədi və müəllimləri onu qəbul etməyə inandırdı.[7][8] Mayanın ilk müəllimidə onun xalası olub.[7][9] Sulamif Messerer 14 yaşında ikən Maya üçün “Ölən qu quşu” rəqsinin xoreoqraflığını edib. Rəqsdə bacısı qızının əllərinin gözəlliyinin və onun plastikliyinin görünməsini istəyirdi və buna görə arxası tamaşaçılara tərəf səhnəyə daxil olmaqla çıxış yolu tapıb.
1941-ci ilin sentyabrından 1942-ci ilin sentyabrına qədər Maya ailəsi ilə birlikdə Sverdlovskda təxliyə edilib. Şəhərdə müntəzəm balet dərsləri üçün imkan yox idi, lakin "Ölən qu quşu" nömrəli ilk tamaşa (Mikhail Fokinin xoreoqrafiyası, Şulamit Messerer tərəfindən düzəliş) burada baş tutub.[10]
1943-cü ildə Plisetskayanın Yelizaveta Gerdt və Mariya Leontyevanın qrupunda oxuduğu Moskva Xoreoqrafiya Məktəbini bitirdikdən sonra Böyük Teatrın truppasına qəbul edilib. Tezliklə o, solo rollara keçib və özünü prima balerina kimi göstərib.[4]
Maya Plisetskaya İngiltərə (1963), ABŞ (1959, 1962), Fransa (1961, 1964), İtaliya (1964) və başqa ölkələrdə böyük uğurla çıxış edib.
1966-cı ildə 25 mədəniyyət və elm xadimi ilə birlikdə İosif Stalinin reabilitasiyasına qarşı məktubu imzalayıb.[11]
1990-cı ildə Yuri Qriqoroviç onu Yekaterina Maksimova, Vladimir Vasilyev və bir neçə başqa sənətçi ilə birlikdə Böyük Teatrdan qovub. Bu addım ciddi ictimai etirazlara səbəb olub.
SSRİ-nin dağılmasından sonra o, əsasən Münhendə (Almaniya) yaşayıb. Hərdən həyat yoldaşı ilə birlikdə Moskva və Sankt-Peterburqa gəlirdi. O, həmçinin Litva vətəndaşlığına sahib idi. Belə ki, Maya və həyat yoldaşı Rodion Şedrin Litva pasportunu alan ilk ruslar idi. Onların Litvada Trakay qəsri yaxınlığında bağ evləri var idi.[12]
Maya Mixaylovna Plisetskaya 2 may 2015-ci ildə Münhendə 90 yaşında geniş miokard infarktından vəfat edib.[13] Vəsiyyətə görə, balerinanın külü ölümündən sonra Rodion Şedrinin külü ilə birlikdə Rusiya ərazisinə səpələnəcək.[14]
28 yanvar 1999-cu ildə “Moskovski komsomolets” qəzetində “Salam, mən Maya Plisetskayanın qızıyam” məqaləsində Plisetskayanın KQB agenti Boris Qlaqovski ilə münasibətindən qeyri-qanuni qızı Yuliya Qlaqovskayanın olduğu bildirilirdi.[15] Sənətçinin vəkilləri şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı Moskvanın Presnenski Rayon Məhkəməsinə iddia qaldırmış və həmin ilin mayında məhkəmə balerinanın qızı olmadığına dair iddiasını təmin etmişdi.[15] 2001-ci ildə Moskva Şəhər Məhkəməsi qərarı qüvvədə saxladı.[16] 3 dekabr 2002-ci ildə “Moskovski Komsomolets” qəzetinin baş redaktoru Pavel Qusev tərəfindən imzalanmış yazı çıxdı. Orada əvvəllər dərc edilmiş məqalənin təkzibi verilmişdir. Qusev məqalədə “qəzet əməkdaşının hüquqi və sübutların bioloji savadsızlığı”nın nəticəsində səhv məlumat verildiyini etiraf edib.[17]
Maya Plisetskaya xatirələrində balet solistləri Vyaçeslav Qolubin (1923-1953) və İsfəndiyar Kaşani ilə eşq yaşadığını yazır.[18]
1956-cı ildə Maya balet solisti Maris Liepa (1936-1989) ilə nikah bağlayır, lakin üç ay sonra onlar boşanırlar.[18] 1958-ci ildə bəstəkar Rodion Şedrin (1932-ci il təvəllüdlü) ilə ailə qurur. Onların uşaqları yox idi.[19] Rodion Şedrin və Plisetskayanın ailəsi hər iki həyat yoldaşının SSRİ xalq artisti fəxri adının sahibi olduğu bir neçə nəfərdən biri idi.
Maya Plisetskaya ifadəli plastikanın, fenomenal sıçrayışın, çevik bel hərəkətlərinin, yüngül addımın və yüksək musiqililiyin sahibidir. Balet lüğətinə "üzük" kimi sıçrayışı ilk daxil edən o olub. Balerina zərifliyi, qrafikası, jestinin kəskinliyi və tamlığı, pozası və həm hər bir fərdi addımı, həm də bütövlükdə partiyanın bütün nümunəsi ilə seçilən öz üslubunu yaradıb.[20] Onun plastikasında rəqs sənəti yüksək harmoniyaya çatıb. Balerina səhnə həyatının lap əvvəlindən faciəli aktrisanın nadir istedadını nümayiş etdirib.[4] Yeni hər şeyə tükənməz marağı olan o, səhnə təcrübələrindən qorxmurdu. O, həm də fenomenal yaradıcı uzunömürlülüyü ilə tanınır.[20]
Plisetskaya Böyük Teatrın repertuarındakı partiyalarda: “Don Kixot” baletində Kitri, “Qu gölü”ndə Odette və Odil, “Romeo və Cülyetta”da Cülyetta, “Şural”da Syuimbike, eyniadlı baletdə Raymonda, “Balaca donqarlı at”da çar Qız, “Yatmış gözəl”də şahzadə Avrora, “Daş çiçək”də Mis dağın məşuqəsi, “Məhəbbət əfsanəsi”ndə Mehmene-Banu, “Spartak”da Egina və Frigiya yadda qalan obrazlar yaradıb.
1960-cı ildə Qalina Ulanova səhnəni tərk etdikdən sonra Böyük Teatrın prima balerinası oldu. Yuri Qriqoroviçin bəzi baletlərində rəqs etsə də, tədricən Böyük Teatrın baş xoreoqrafına qarşı çıxırdı. İllər keçdikcə teatrda intriqaqlara səbəb olan “Qriqoroviç partiyası” və “Plisetskaya partiyası” daha da güclənirdi.
1967-ci ildə rejissor Aleksandr Zarxinin çəkdiyi “Anna Karenina” filmində Betsi Tverskoy rolunu oynayıb. Bir neçə il sonra o, xoreoqraf debütü üçün Anna Kareninanı seçib və baş rolda özü səhnəyə çıxıb.
Xüsusilə balerina üçün “Karmen süitası” (1967) baleti, “Prelüd” (1967) və “Qızılgülün ölümü” (1973) miniatürləri, “Şaillo dəlisi” (1992, Paris) rəqs tamaşası səhnələşdirilib. O, onun üçün “İsadora” (1976, Teatr de la Mone),[21] “Leda” (1978, həmmüəllif – Xorxe Donne) və “Bolero” (1978-ci ildən başlayaraq) "Kurozuka" (1995, 1988-ci ildə baletin yeni versiyası, partnyor - Patrik Dupont, Palais de Şaillot)[22] və "Ave Maya" (1995) baletlərini səhnələşdirən Moris Bejartla səmərəli əməkdaşlıq edib.[23] Maya Plisetskaya özünü flamenko janrında sınamış, xoreoqraf Xose Qraneronun Asturias (1991) və Meri Stüartın əsərlərində partiya ifa edib.
O, Böyük Teatrda Rodion Şedrinin Anna Karenina (1972, Natalya Rıjenko və Viktor Smirnov-Qolovanov ilə birlikdə), “Qağayılar” (1980) və “Köpəklə gəzən xanım” (1985) kimi baletlərini səhnələşdirərək, xoreoqraf kimi çıxış edib. Həmçinin onlarda əsas qadın partiyalarını da ifa edib.
Balerinanın dediyinə görə, “on illərdir pəhriz saxladığından” ümidsizlikdən, “zərurətdən” özü üçün baletlər səhnələşdirməli olub. Maya Leonid Yakobson və digər müasir xoreoqraflarla işləmək arzusunda idi. lakin onun belə imkanı olmayıb. Mən özümü xoreoqraf hesab etmirdim: “Mən improvizatoram. Mən bəlkə də rejissorluq hərəkətləri ilə çıxış edə bilərdim, amma söz ehtiyatı ilə yox”.
1980-ci illərdə Maya xaricdə daha çox vaxt keçirib. Orada o, Roma Opera və Balet Teatrının bədii rəhbəri (1983-1984) kimi çalışıb. Sonra Maya Plisetskaya Madriddə İspaniya Milli Baletində (1988-1990) maraqlı tamaşalar hazırlayıb. Madriddə o, "Boşuna ehtiyat" baletinə quruluş verib, "Karmen Suit" və "Meri Stüart" baletlərində isə çıxış edib. Romada Karakallanın Termalındakı Opera Teatrında Aleksandr Qlazunovun "Raymonda" klassik baletini tamaşaya qoyub (1984). 1987-ci ildə Nyu-Yorkda Rudolf Nuriyev və Mixail Barışnikovla birlikdə Marta Qremin şərəfinə keçirilən qala-konsertdə iştirak edib. Burada Rut Sen-Denisin “Fermam” (1906) nömrəsi onun repertuarına əlavə olunur.[24].
Maya Plisetskaya 1990-cı ildə Böyük Teatrdan qovulduqdan sonra səhnəni tərk etmədi. Konsertlərdə iştirakını və ustad dərslərini davam etdirdi. 70 illik yubileyi günü o, Moris Bejart tərəfindən onun üçün səhnələşdirilən “Ave Maya” nömrəsində debüt etdi.[23]
1994-cü ildən bir müddət Sankt-Peterburqda keçirilən "Maya" adlı illik beynəlxalq balet müsabiqəsinin sədridir.
Maya Plisetskaya bir neçə memuar müəllifidir:
Plisetskayanın şərəfinə adlandırılanlar:
2013-cü ilin oktyabrında braziliyalı rəssamlar Eduardo Kobra və Aqnaldo Brito əsərlərindən birini balerinaya həsr etdilər. Hündürlüyü 16 m və eni 18 m olan qraffiti, o cümlədən qu quşu şəklində bir balerina təsviri Moskvada Bolşaya Dmitrovka, 16, bina 1 ünvanındakı evin divarında yerləşir.[34][35]
4 may 2015-ci il tarixində Mariinski Teatrının truppası “Şurale” tamaşasını Maya Plisetskayanın xatirəsinə həsr edib.[36] Müxtəlif şəhərlərdə teatr gecələri və simfonik konsertlər balerinanın xatirəsinə həsr olunmaqda davam edir. 15 may 2015-ci ildə, planlaşdırılan mükafatlandırma mərasimi əvəzinə,[37] Lütserndəki "Sauberze" rus musiqisi günləri festivalında Plisetskayaya həsr olunmuş gecə keçirilib.[38]
20 noyabr 2015-ci ildə hazırlanmış yubiley gecəsi əvəzinə konsert keçirildi. Plisetskayanın xatirə gecəsi Böyük Teatrda baş tutdu. Həmin gün Bolşaya Dmitrovkada, 12/1 bina 1 və 16 bina 1 arasında olan meydana Mayya Plisetskayanın adı verildi.[39][40] Meydanın sağ divarında meydanın adı və bu barədə məlumat olan lövhə yerləşdirildi. Lövhə bina 16 bina 1 ünvanında rəssamlar Eduardo Kobra və Agenaldo Brito tərəfindən çəkilmiş qraffitinin olduğu yerdə qoyulub.[41][42]
20 noyabr 2016-cı il tarixində Moskvada M.Plisetskaya parkında heykəltəraş Viktor Mitroşinin balerina abidəsinin açılışı olub. [43][44] Balerina hələ sağ ikən heykəlinin eskizini şəxsən təsdiqləyib.
2017-ci ildə Rusiya Poçtu üzərində "Vətənə xidmətə görə ordeni" olan balet rəqqası M.M.Plisetskayaya (1925-2015) həsr olunmuş poçt markası buraxıb.
2020-ci ildə Böyük Teatrda balerinanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirildi. Aleksey Ratmanski yüksək soprano ilə bir hissə də daxil olmaqla, Kamil Sen-Sansın bəstəsinin əsasında Şedrin tərəfindən aranjiman edilən "Mayaya təklif" duetini ifa etdi. Tədbirdə açılış balet rəqqasələri Diana Vişneva və Denis Savin tərəfindən edildi.[45]
26 iyul 2022-ci ildə Moskvada Maya Plisetskayanın muzey-memorial mənzilinin açılışı oldu. Mənzil A.A.Baxruş adına Teatr Muzeyinə balerinanın əri Rodion Şedrin tərəfindən hədiyyə edilib. Maya Plisetskayanın xatirə muzeyi Teatr Muzeyinin on ikinci filialı oldu. Muzeyin eksponatları arasında interyerlər, şəxsi əşyalar, ər-arvadın fotoşəkilləri və sənədləri, balerinanın portretləri, şəxsi geyimləri və səhnə geyimləri yer alıb.[46]
Maya Plisetskaya 1959-cu ildə Sovet İttifaqı Kommunist Partiyası MK Baş katibi, Nikita Xruşşova yazdığı məktubda onu ABŞ-da qastrol səfərinə buraxmaq xahişini edib. Plisetskaya məktubda yazırdı: “Hörmətli Nikita Sergeyeviç!.. Son bir neçə ildə mən Böyük Teatrın artisti kimi üzərimdə olan məsuliyyəti dərk etmədən özümü son dərəcə yanlış aparmışam. Əvvəla, necə deyərlər, nəzarətsiz “dilimi dinc qoymurdum” ki, bu mənim kimi üzdə olan şəxs üçün qətiyyən yolverilməzdir... Mən çox vaxt qəbullarda özümü nəzakətsiz aparırdım, əsasən əcnəbilərlə söhbət edirdim...”.[47]
2000-ci ildə o, Aleksandr Aleksandrovun bəstəsi olan Sovet İttifaqı himninə qayıtmasını pisləyən mədəniyyət xadimləri arasında idi.[48]
Аудио:
Видео: