Rodosun genuyalılar tərəfindən işğalı

Rodosun fəthi və ya Rodosun genuyalılar tərəfindən işğalı — 1248–1250-ci illərdə Rodos şəhərinineyniadlı adanın Genuya Respublikasının nəzarətində olduğu dövr. Səlibçilərə dəstək olmaq üçün Misirə yola çıxan genuyalılar Nikeya imperiyasından asılı olan şəhər və adanı 1248-ci ildə gözlənilməz bir hücum nəticəsində fəth edir. Buna baxmayaraq, nikeyalılar adaya ekspedisiya qüvvəsi göndərir və genuyalıları mühasirəyə alır. Bu müddətdə Axeya knyazlığından dəstək alan genuyalılar 1250-ci ildə təslim olur və adanı tərk edir.

Rodosun fəthi
Nikeya–latın müharibələri
Rodos adasının topoqrafik xəritəsi.
Rodos adasının topoqrafik xəritəsi.
Tarix 1248 – 1249/1250
Yeri Rodos (indiki Yunanıstan)
Nəticəsi

Nikeyalıların qələbəsi

  • Genuyalıların Rodosdan qovulması
Ərazi dəyişikliyi Nikeya imperiyası Rodos adasındakı ağalığını bərpa edir
Münaqişə tərəfləri

Nikeya imperiyası

Komandan(lar)

XIII əsrin əvvəllərində, ehtimal ki, Konstantinopolun 1204-cü ildə Dördüncü Səlib yürüşü zamanı səlibçilər tərəfindən ələ keçirilməsindən əvvəl Rodosyaxınlıqdakı adalar mərkəzi Bizans hakimiyyəti nəzarətindən çıxmış, sezar Lev Qavalasın hökmranlığı altında olmuşdu. Qavalas bəzi illərdə Bizans yunan dövlətinin əsas davamçısı olan Nikeya imperiyasının ağalığını qəbul etmişdi, lakin Rodos praktik baxımdan müstəqil şəkildə idarə olunurdu.[1][2]

Lev Nikeyanın təsirini tarazlaşdırmaq və mövqeyini möhkəmləndirmək məqsədi ilə 1234-cü ildə, sonradan isə 1236-cı ildə Venesiya Respublikası ilə müqavilələr bağlayır. Buna baxmayaraq, Levin 1240-cı illərdə vəfat etməsi ilə onun taxta gələn qardaşı İoann Qavalas nisbətən daha zəif bir vəziyyətdə olduğu üçün qısa müddət ərzində Nikeya imperatoru III Duka İoann Vatasın hökmranlığını tanıyır. Bunun müqabilində o, yüksək dərəcəli sevastmeqaduka titullarını almış və bir imperator qohumu ilə, çox güman ki, Vatasın bacılarından biri ilə evlənmişdir.[3]

Eyni zamanda, Dördüncü Səlib yürüşü zamanı əldə edilən qənimətlərdən məhrum qalan və ticari təsir məsələsində Konstantinopol şəhərində Venesiya tərəfindən məğlub edilən Genuya Respublikası Şərqdə dayaq yerləri əldə etməyə can atırdı. Genuyalılar Nikeya imperatoruna bir neçə dəfə elçi göndərmiş, lakin onlar uğursuz qayıtmışdılar.[4] Bu uğursuzluq, o cümlədən Genuya və Venesiyanın Müqəddəs Roma imperatoru II Fridrix Hohenştaufendən üzləşdiyi təhdid bu iki dəniz respublikasını müvəqqəti olaraq yaxınlaşmağa məcbur edir. Onlar 1248-ci ildə imzaladıqları müqavilədə Aralıq dənizini təsir dairələrinə bölürlər. Rodos adası iki respublikanın birgə nəzarətində olduğu bir ərazidə yerləşirdi.[5]

Rodos şəhərinin Bizans tərəfindən tikilən istehkamlarının qalıqları. 2008-ci il.

1247 və ya 1248-ci ildə İoann Qavalas quru və dəniz qüvvələri ilə adanı tərk edərək Nikeya imperatorunun Nikomediya torpaqları üçün Latın imperiyasına etdiyi yürüşə qoşulur.[6][7] Onun yoxluğunda, 1248-ci ilin yazında və ya yayında,[a] ehtimal ki, Fransa kralı IX Lüdovikin öndərlik etdiyi Yeddinci Səlib yürüşünə qoşulmaq üçün Aralıq dənizindən keçən Genuya donanması, demək olar ki, müdafiəsiz qalan Rodosa yaxınlaşır. Genuyanın strateji mövqeyi səbəbiylə çoxdan həsrətində qaldığı adanın nəzarətini ələ keçirmək üçün bu fürsətdən istifadə edir və gözlənilməz şəkildə gecə vaxtı hücum edərək adanın paytaxtı olan Rodos şəhərini fəth edir.[10][11]

Geri alınması

[redaktə | mənbəni redaktə et]

İmperator Vatas buna tez reaksiya göstərərək Frakesiya femasının pinkerndukası İoann Kantakuzinin rəhbərlik etdiyi bir donanmanı adaya göndərir. Kantakuzin 1248-ci ilin axırlarında və ya 1249-cu ilin əvvəllərində yola çıxır, fəqət birbaşa Rodosa üz tutmur və əvvəlcə Leros ilə Kalimnos adalarını ələ keçirir.[12] Kantakuzinin əmrində, ehtimal ki, yalnız Frakesiya femasından olan qoşunlarından ibarət kiçik bir ordu var idi. Nəticə olaraq, o, ilk növbədə adanın cənub hissəsindəki genuyalıların tutmadığı qalaları ələ keçirir, daha sonra isə üzü şimala, Rodos şəhərinə doğru irəliləməyə başlayır. Nikeyalılar Rodos şəhərinin təxminən 40 kilometr (25 mil) cənubunda yerləşən Lindos qəsəbəsi yaxınlığında eniş edir. Onlar sonra Rodos şəhərindən 5 kilometr (3.1 mil) cənub-qərbdə yerləşən Fileremosda ordu yerləşdirirlər. Bu zaman Vatasın göndərdiyi dəstək qüvvələr Kantakuzinə kömək etməyə gəlir və beləliklə, nikeyalılar genuyalıları mühasirəyə alır.[13][14]

Genuyalılar yerli sakinlərdən zorla aldıqları qida ilə yaxşı təmin olunurdular. Nəticə olaraq, onlar çox da narahat deyildilər, hətta dövrün tarixşünası Georgi Akropolit genuyalı işğalçıların adadakı ən gözəl qadınlarla yatdıqlarını, şəhərdən köhnə və çirkin qadınları qovduqlarını iddia etmişdir. Blokada bahara qədər davam edir. Akropolitlərə görə, genuyalılar təxminən 1249-cu ilin may ayının ortalarında[b] Yeddinci Səlib yürüşünə qoşulmaq üçün Kiprə yola çıxan, oradan isə Misirə getməyi planlanşdıran Axeya knyazı I Gilyom de ŞamplitBurqundiya hersoqu IV Hüqo təsadüfən Rodos şəhərinə gəldikdə təslim olmaq ərəfəsində idi. De Şamplit onunla olan 400 cəngavərdən 100-nü genuyalılara kömək etmək üçün Rodosda buraxmağa razı olur.[16][17] Nikeyalılar mühasirəni qaldırıb Fileremosa qayıtmağa məcbur olur. Onlar burada həm quru, həm də dənizdən genuyalıların mühasirəsində qalırlar, axeyalılar isə kənd yerlərini yağmalamağa başlayırlar.[9][18][19]

Lindos qalasının görünüşü. 2014-cü il.

Bu zaman Nimfey şəhərində olan Vatasa bu hadisələr barədə xəbər veriləndə o, protosevast Feodor Kontostefanın öndərliyi altında 300 atdan ibarət yeni bir ekspedisiya qüvvəsinin Smirna şəhərində hazırlanmasını əmr edir. Kontostefan və onun qüvvələrinin Rodosa gəlişi bir daha tarazlığı alt-üst edir. Nikeya qoşunları adada səpələnmiş və kənd yerlərini qarət etməklə məşğul olan axeyalıları hazırlıqsız tutdular və hamısını Kantakuzinin əmri ilə öldürdülər.[20][21] Genuyalılar yenidən Rodos şəhərinə qaçır, ancaq başqa bir mühasirəyə tab gətirə bilmədikləri üçün təhlükəsiz formada adanı tərk etmələrinə icazə verilməsi şərti ilə təslim olurlar. Bu ya 1249-cu ilin axırlarında, ya da 1250-ci ilin əvvəllərində baş vermişdi.[c][22][23][24] Ada, şübhəsiz ki, 1250-ci ilin sentyabrından əvvəl nikeyalıların nəzarətində idi, çünki bu zaman Vatasın müttəfiqi Müqəddəs Roma imperatoru Hohenştaufen onu məktubla bu uğuru münasibətilə təbrik etmişdir.[22][25]

Genuyalıların adadan qovulmasından sonra Rodos tamamilə Nikeya imperiyasının bir parçası oldu və Qavalas ailəsinin adadakı hakimiyyəti sona çatdı.[26] Rodosun idarəçiliyi qısa bir müddətə İoann Qavalasa verilmiş ola bilər, lakin o, çox keçmədən, ehtimal ki, 1250-ci ildən əvvəl vəfat edir.[27] Onun oğlu Levin o vaxt yetkin yaşda olmadığı güman edilir. Onun Nikeya imperatorunun bacısı oğlu olmasına baxmayaraq, Levin öz atasının yerinə keçməsinə icazə verilmir və bunun əvəzinə o, anası ilə Rodosu tərk edib Krit adasına yerləşir.[28] Təxminən 1256-cı ildə[26][29] və ya başqa tarixçilərə görə, 1261-ci ildə Konstantinopolun geri alınmasından sonra[30] adanın idarə edilməsi imperator VIII Mixail Paleoloqun (hak. 1259–1282) kiçik qardaşı İoann Paleoloqa həvalə edilir.[26][31] Buna baxmayaraq, təqribən 1278-ci ildə Anadoluda artan türk basqınlarının yaratdığı təhlükə VIII Mixailin Rodosun idarəçiliyini imperator xidmətinə keçmiş genuyalı dəniz qulduru Covanni de lo Kalvoya verməsinə səbəb olur.[31][32]

Buna baxmayaraq qərblilərin, xüsusilə də genuyalıların Rodosa olan marağı azalmır. II Andronik Paleoloqun (hak. 1282–1328) hakimiyyəti dövründə bərpa edilmiş Bizans imperiyasının sürətlə zəifləməsi ilə Qərb dövlətləri strateji mövqeyə malik adanı ələ keçirmək üçün yeni planlar hazırlayırlar. Venesiyalılar XVIII əsrin əvvəllərində Rodosa qonşu adaların bir hissəsini ələ keçirməyə başlayırlar.[33] Bununla yanaşı, II Andronik Egey dənizində yerləşən bəzi adaları imperator xidmətinə keçmiş genuyalı dəniz quldurları Andrea Morisko və əmisi Vinolo de Vinoliyə verir.[34] Venesiyalıların işğalçılıq siyasətindən çəkinən Vinoli hospitalyerlər ilə müttəfiq olur. Bunun nəticəsində hospitalyerlər 1306-cı ildə Rodos şəhərini mühasirəyə alır və 1310-cu ildə adanı tamamilə fəth edir.[35]

  1. Köhnə tarixi ədəbiyyatda genuyalıların Rodos adasına hücumu üçün müxtəlif yanlış tarixlər verilmişdir. Bu tarix 1246-cı ildən başlayaraq Vatasın hakimiyyətinin son ili – 1254-cü ilə qədər dəyişir.[8] Bununla birlikdə, qışda gəmi ilə səyahət etmək son dərəcə qeyri-adi idi və nikeyalıların adanı uzun müddət mühasirəyə alması genuyalıların adaya 1248-ci ilin yazında və ya yazında gəldiyini göstərir.[9]
  2. De Şamplit Kiprə təxminən 24 mayda çatdığından onun 10 və ya 15 mayda Rodosa çatdığı güman edilir.[15]
  3. Tarixşünas Maykl Hendi Kontostefanın ekspedisiya qüvvəsinin 1250-ci ilin yazında yola çıxmasını əsas gətirərək bunun 1250-ci ilin yaz və ya yayında baş verdiyi irəli sürür.[22]
  1. Hendi, 1999b. səh. 648–649
  2. Makrides, 2007. səh. 185, 187–188
  3. Savvides, 1990. səh. 184–187
  4. Balar, 1978. səh. 38–41
  5. Balar, 1978. səh. 41
  6. Savvides, 1990. səh. 187–188
  7. Makrides, 2007. səh. 246, 248 (qeyd 4)
  8. Savvides, 1990. səh. 187–188 (qeyd 20)
  9. 1 2 Hendi, 1999a. səh. 116–117
  10. Savvides, 1990. səh. 188–189
  11. Makrides, 2007. səh. 246
  12. Savvides, 1990. səh. 189–190
  13. Savvides, 1990. səh. 190–191
  14. Makrides, 2007. səh. 246, 248 (qeyd 6)
  15. Hendi, 1999a. səh. 116
  16. Savvides, 1990. səh. 192–193
  17. Makrides, 2007. səh. 246, 248 (qeyd 7)
  18. Makrides, 2007. səh. 246–247
  19. Savvides, 1990. səh. 193
  20. Savvides, 1990. səh. 194–195
  21. Makrides, 2007. səh. 247
  22. 1 2 3 Hendi, 1999a. səh. 117
  23. Savvides, 1990. səh. 195
  24. Makrides, 2007. səh. 247, 249 (qeyd 13)
  25. Savvides, 1990. səh. 196
  26. 1 2 3 Hendi, 1999b. səh. 649
  27. Savvides, 1990. səh. 195–197
  28. Savvides, 1990. səh. 197–199
  29. Makrides, 2007. səh. 350 (qeyd 10)
  30. Savvides, 1990. səh. 199 (qeyd 75)
  31. 1 2 Savvides, 1990. səh. 199
  32. Luttrell, 1997. səh. 743–744
  33. Luttrell, 1997. səh. 740–742
  34. Luttrell, 1997. səh. 742–744
  35. Luttrell, 1997. səh. 737, 745–756
  • Balar, Mişel. La Romanie génoise (XIIe-Début du XVe siècle) (ingilis). 1. Roma: École Française de Rome. 1978. OCLC 300152785.
  • Hendi, Maykl F. Catalogue of the Byzantine Coins in the Dumbarton Oaks Collection and in the Whittemore Collection, Volume 4: Alexius I to Michael VIII, 1081–1261 – Part 1: Alexius I to Alexius V (1081–1204) (ingilis). Vaşinqton: Dumbarton Oaks Research Library and Collection. 1999. ISBN 0-88402-233-1.
  • Hendi, Maykl F. Catalogue of the Byzantine Coins in the Dumbarton Oaks Collection and in the Whittemore Collection, Volume 4: Alexius I to Michael VIII, 1081–1261 – Part 2: The Emperors of Nicaea and Their Contemporaries (1204–1261) (ingilis). Vaşinqton: Dumbarton Oaks Research Library and Collection. 1999. ISBN 0-88402-233-1.
  • Luttrell, Entoni. The Hospitallers at Rhodes, 1306–1421 // Setton, Kennet M.; Hazard, Harri U. (redaktorlar ). The Fourteenth and Fifteenth Centuries (ingilis). III. 278–313.
  • Luttrell, Entoni. The Genoese at Rhodes: 1306–1312 // Balletto, L. (redaktor). Oriente e Occidente tra Medioevo ed età moderna: Studi in onore di Geo Pistarino (ingilis). Genuya: Acqui Terme. 1997. 737–761. OCLC 606372603.
  • Makrides, Rut. George Akropolites: The History – Introduction, Translation and Commentary (ingilis). Oksford: Oxford University Press. 2007. ISBN 978-0-19-921067-1.
  • Savvides, Aleksis. Ἠ Γενουατικὴ κατάληψη τῆς Ρόδου τὸ 1248–1250 μ.Χ. // Ç. Dionisios, Kalamakis; Gerasimos G., Soras (redaktorlar ). Παρνασσός. Τριήμερο Αιγαίου: 21-23 Δεκεμβρίου 1989. Πρακτικά (PDF). Parnassos: Philologiko Periodiko (yunan). Afina: Parnassos Literary Society. 1990. 183–199. ISSN 0048-301X.
  • Savvides, Alexis. "Ἡ Ῥóδoς καὶ ἡ Δυναστεία τῶν Γαβαλάδων τὴν Περίoδo 1204–1250 μ.Χ." [Rhodes and the Gabalas Dynasty in the Period 1204–1250 AD]. Δελτίoν τῆς Ἱστoρικῆς καὶ Ἐθνoγικῆς Ἐταιρείας τῆς Ἐλλάδoς (yunan). 24. 1981: 358–376.