Ruhum Qarabağlıdır — Azərbaycan filmi. Film BK-SieN studiyası tərəfindən çəkilmişdir.
Ruhum qarabağlıdır | |
---|---|
Ssenari müəllifi | Bəxtiyar Qaraca |
Ölkələr | Azərbaycan |
Dil | Azərbaycanca |
İl | 2012 |
Çəkiliş yeri |
Nərgiztəpə Beyləqan rayonu |
Filmin süjet xətti xocavəndli məcburi köçkün, şəhid atası Ağamirzə Həsənovun düşüncələri üzərində qurulub. O, ömrünün ixtiyar çağında məcburi köçkünlük həyatı yaşamaq məcburiyyəti ilə barışmaq zorunda qalan el ağsaqqalının gözləri qarşısından Qarabağın, Şuşanın bəxtəvər günləri, cəh-cəlallı anları bir-bir gəlib keçir. Lakin bütün bunların fonunda onun gözlərindən sezilən doğma yurd həsrəti, torpaq nisgili tam aydınlığı ilə tamaşaçıya çatdırılır. Qarabağın, Şuşanın şeytan xislətli, iblis niyyətli düşmənlərimizin təcavüzü nəticəsində dağıdılaraq viran edilməsi, gündəlik qayğılarla əhatələnən bəxtəvər günlərinin ağır və məşəqqətli köçkünlük həyatı ilə əvəzlənməsinin insan həyatında necə dərin izlər buraxması, xalqımıza qarşı törədilmiş soyqırımı və qətliamlar son dərəcə təsirli kadrların, görüntülərin, eyni zamanda Qənirə Paşayevanın təsirli şeirləri vasitəsi ilə canlandırılır.[1]
Filmdə əsas obrazın xəyalında canlanan surətin xalq mahnısı "Sarı gəlin"i ifa etməsi birinci anlamda həmin mahnının Azərbaycan xalqına məxsusluğunu, ikinci baxış bucağında isə Qarabağın, Şuşanın, həqiqətən də, Azərbaycanın musiqi və incəsənət beşiyi olmasını xarakterizə etmişdir. Filmin süjet xətti inkişaf etdikcə qəhrəmanın düşüncələri də reallığa uyğun olaraq dəyişir. Bu gün inkişaf edən, güclənən, qüdrətli orduya malik olan Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etmək iqtidarında olması filmin qəhrəmanında bir əminlik, sabaha böyük inam hissi yaradır.[2]
Filmin sonluğu Prezident İlham Əliyevin böyük qətiyyətlə dediyi bu sözlərlə yekunlaşır:
"Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmayacaq. Azərbaycan gəncləri bu vəziyyətlə barışmayacaq. Bakıda, çadır şəhərciyində doğulan, Qarabağdan olan hər bir gənc Qarabağa qayıtmaq arzusu ilə yaşayır. Qarabağ heç vaxt unudula bilməz. Heç vaxt!"
Filmin ssenari müəllifi Bəxtiyar Qaraca, ideya müəllifi Eyvaz Hüseynovdur.[3]
Filmin bütün çəkilişləri Dağlıq Qarabağda Xocavənd rayonunun “Nərgiztəpə” ərazisində və Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində aparılmışdır. Filmdəki rolları ifa etmək üçün peşəkar aktyorlar dəvət olunmamış, yalnız rayon sakinlərinin istedad və bacarıqlarından istifadə olunmuşdur.
2012-ci il mayın 5-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin (İB) mərkəzi ofisində "Ruhum Qarabağlıdır" musiqili ədəbi-bədii kompozisiyadan ibarət filmin təqdimatı keçirilmişdir.
Film haqqında təqdimatda fikirlərini bölüşən Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Çingiz Qənizadə, Astan Şahverdiyev, Elman Məmmədov və başqaları görülmüş işi yüksək qiymətləndirmiş və belə ekran əsərlərinin çəkilməsinin vacibliyini vurğulamışlar.
2012-ci ilin iyul ayında “Ruhum Qarabağlıdır” filminin Azərbaycan Mətbuat Şurasında təqdimatı olmuşdur.[4]
Azərbaycan filmlərinin siyahısı