Süleyman Məmmədov (tarixçi)

Süleyman Abbas oğlu Məmmədov (30 oktyabr 1932, Xalisa, Vedi rayonu, Ermənistan SSR, ZSFSR, SSRİ30 iyun 2018, Bakı, Azərbaycan) — tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı (2012). Süleyman Məmmədov qədim erməni dili üzrə yeganə mütəxəssisdir.

Süleyman Məmmədov
Doğum tarixi 30 oktyabr 1932(1932-10-30)
Doğum yeri
Vəfat tarixi 30 iyun 2018(2018-06-30) (85 yaşında)
Vəfat yeri
Elmi dərəcəsi Tarix elmləri doktoru
Elmi adı Professor
Təhsili

Süleyman Abbas oğlu Məmmədov 30 oktyabr 1932-ci ildə Vedi rayonunun Xalisa kəndində anadan olmuşdur.

1951-ci ildə Xanlar şəhər pedoqoji məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin tədris ilində yeddilik məktəbdə müəllim işləməklə əmək fəaliyyətinə başlamışdır. 1952–1954-cü illərdə Sovet Ordusu sıralarında qulluq etmişdir. O, 1954-cü ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur.

Süleyman Məmmədov 1959-cu ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra, həmin ildə Azərbaycan SSR EA Tarix İnstitunun orta əsrlər tarixi şöbəsində baş laborant vəzifəsinə təyin edilmişdir. 1960–1963-cü illərdə qədim erməni dilini öyrənmək məqsədilə Ermənistan EA H.Acaryan adına Dilçilik İnstitutuna ezam edilmişdir.

1962-ci ildə Azərbaycan SSR EA Tarix İnistitu orta əsrlər tarixi üzrə məqsədli aspiranturaya qəbil edilərək, Ermənistan SSR EA Tarix İnistitutuna göndərilmişdir. S.Məmmədov 1966-cı ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. 1986-cı ildən o, Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan tarixi kafedrasının professoru, 1989-cu ildən həmin kafedranın müdiri işləmişdir.

Ötən illər ərzində o, tədqiqatını pedoqoji işlə gözəl əlaqələndirə bilmişdir. Onun elmi əlaqələri genişdir. S.Məmmədov EA Tarix, Şərqşünaslıq, Arxeologiya və Etnoqrafiya İnstitutları, BDU, Gürcüstanın Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutları, H.Sadası adına Maxaçqala Tarix, Dil və Ədəbiyyat İnstitutu, Ankara Türk Tarix Qurumu, İstanbul Universiteti tarix və ədəbiyyat bölümü ilə əlaqə saxlamışdır.

O, bir neçə il Təhsil Nazirliyi nəzdində tarix üzrə fəaliyyət göstərən Elmi Metodik Şuranın, Ali Attestasiya Komissiyası tarix bölməsinin üzvü olmuşdur. S.Məmmədov kadr hazırliğı və elmin təşkilinə ciddi əhəmiyyət vermişdir. Onun rəhbərliyi ilə 12 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.

Süleyman Məmmədov 10 il APU-da fəaliyyət göstərən ixtisaslaşdırılmış müdafiə şurasının elmi katibi, 5 il BDU tarix fakultəsinin nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış Dissertasiya şurasının həmsədri, Respublika Elmi-Tədqiqat Pedaqogika Elmləri İnstitu (indiki Təhsil Problemləri İnstitu) və Tarix İnstitunun nəzdindəki ixtisaslaşdırılmış şuralarının üzvü olmuşdur. Prof. S.Məmmədov onlarla əsərin rəsmi oppenenti, redaktoru və rəyçisi olmuşdur.

S.Məmmədov medievist-mənbəşnas alim olaraq vaxtaşırı rus şərqşünas alimi V.V.Bartoldun xatirəsinə həsr olunmuş regional və beynəlxalq konfranslarda iştirak etmişdir. Onun çıxışları Moskva, Sankt-Peterburq, Tbilisi, İrəvan, Bakı, Suxumi, Kutaisinin akademik nəşrlərində çap olunmuşdur, ASE-nin və Naxçıvan Ensiklopediyasının müəlliflərindən biri olmuşdur.

AMEA-nın nəzarəti ilə hazırlanan ASE-nin xüsusi cildinin məsləhətçisi olmuşsur. Onun yazıları – "Avropalı səyyahlar Osmanlı imperatorluğu və Azərbaycan haqqında (XIII-XIV yüzillər)" (Ankara 2000), "Karakoyunlular və Batı Azərbaycan", "Yeni Türkiyə" dərgisi (Ankara 2003), "Tarixdə erməni terroru" (I Dünya müharibəsi illərində), "Uluslararası türk-erməni ilişkiləru" (İstanbul 2003), "Kitabi Dədə-Qorqud dastanlarının tarixi-coğrafi arealı", "Türk dünyasına baxışlar"(İstanbul 2003) toplularında və s. çap olunmuşdur.

Süleyman Məmmədov 300-ə qədər əsərin, o cümlədən 5 monoqrafiya, 21 dərsliyin müəllifidir. S. Məmmədov 1977 və 1993-cü illərdə nəşr etdirdiyi iki əsəri Vaşinqtondakı Konqres kitabxanasının kataloquna düşmüşdür.

2005-ci ildə AMEA Tarix İnstitutunun çapa hazırladığı "İrəvan xanlığı" tarixinin əsas müəlliflərindən biridir. AMEA-nın müxbir üzvi Fəridə Məmmədovanın "Qafqaz Albaniyası və albanlar" (Bakı, 2005 ) adlı əsəri haqqında yazdığı rəyi çap etdirmişdir. ("Kaspi" qəzeti 14-15 mart, 2005).

Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı ilə Qarabağın, Naxçıvanınİrəvan xanlığının tarixinə dair silsilə əsərlərin müəlliflərindən biri kimi, Süleyman Abbas oğlu Məmmədova 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatı verilmişdir. Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının qərarı ilə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanı təqdim edilmişdir.[1]

30 iyun 2018-ci il tarixində Bakı şəhərində vəfat edib.

  • XVII əsrin II yarısında – XVIII əsrin I otuzilliyində Azərbaycan-erməni tarixi münasibətləri. Bakı: Elm, 1977 (rusca);
  • Azərbaycan XV-XVIII əsrin birinci yarısında. Bakı: APİ, 1981;
  • XV əsr – XVIII əsrin ikinci yarısı mənbələrində Azərbaycan. Bakı: Elm, 1993 (rusca);
  • Azərbaycan tarixi (XV–XIX əsrin birinci otuzilliyi). Bakı: Maarif, 2002;
  • Azərbaycan tarixi. Bakı: Aspoliqraf, 2007 (həmmüəllif);
  • Azərbaycan tarixi (Ən qədimdən 2006-cı ilədək). Bakı: Çaşıoğlu, 2007.
  1. "2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-30.