Sürməli Əli Paşa (1645[1], Dimetoka – 29 may 1695[1], Ədirnə) — II Əhməd və II Mustafa dövrlərində ümumilikdə 1 il 2 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Gözlərinə sürmə çəkdiyi üçün tarixi mənbələrdə Sürməli Əli Paşa olaraq anılır.
Sürməli Əli Paşa | |
---|---|
13 mart 1688 – 1 may 1695 | |
Əvvəlki | Yozqatlı Mustafa Paşa |
Sonrakı | Almas Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1645[1] |
Doğum yeri | |
Vəfat tarixi | 29 may 1695[1] |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Dimetokada dünyaya gəlmişdir. Sokolluzadələrdən İbrahim bəyin kəndxudası Osman ağanın yanında yetişdirilmişdir. Rəsmi vəzifələrdə sürətlə yüksələrək əvvəlcə arpa əmini, ardından donanma əmini oldu. 16 dekabr 1688 tarixində baş dəftərdarlığa gətirildi və 13 yanvar 1690 tarixinədək bu vəzifədə qaldı. Bir müddət sonra dəftərdar vəkili, 31 avqust 1691 tarixində isə yenidən baş dəftərdar oldu. Bu vəzifədə ikən vəzirlik rütbəsi aldı. 1692-ci ildə əvvəlcə Kipr əyalətinə, qısa müddət sonra isə Trablusşam əyalətinə göndərildi. Əli Paşa bu vəzifədə ikən bölgədəki üsyanın yatırılmasında önəmli rol oynadı. 12 mart 1694-cü ildə Mustafa Paşanın yerinə sədarətə gətirildi. 22 aprel 1694 tarixində Ədirnəyə gələrək II Əhmədin qəbulunda oldu və padşah tərəfindən sərdar-ı əkrəm olaraq ordunun başında səfərə göndərildi.
Əli Paşa məğlubiyyətlə sonlanan və olduqca çətin keçən Varadin səfərindən döndükdən sonra dövlət idarəsində söz sahibi olmaq üçün padşahın ətrafındakı bəzi nüfuzlu şəxsləri aradan qaldırmaq istədi. Bunlardan şeyxülislam Feyzullah Əfəndi, rəis-ül katib Əbubəkr Əfəndi və Rumeli başqazısı Yəhya Əfəndi kimi bəzi nüfuzlu şəxsləri müxtəlif bəhanələrlə uzaqlaşdıra bildi və nəticədə saraydakı nüfuzunu artırdı. Boşalan vəzifələrə öz yaxın adamlarını gətirən Əli Paşa üçün II Əhmədin ölümü və yerinə II Mustafanın gəlməsi dönüş nöqtəsi oldu. II Mustafanın ordunun başında səfərə getmək arzusuna qarşı çıxması səbəbilə padşahla münasibətləri pisləşdi. Digər yandan Əli Paşanın vaxtilə mərkəzdən uzaqlaşdırdığı dövlət adamlarını geri çağırması, xüsusilə də müəllimi Seyid Feyzullah Əfəndini padşah lələsi seçməsi Əli Paşanın qaçılmaz aqibətini müəyyənləşdirdi. Feyzullah Əfəndinin şeyxülislam olmasından çəkinən Əli Paşa əvvəlcə bu vəzifəyə Sadiq Mehmed Əfəndini gətirdi. Ancaq bu əsnada baş verən yeniçəri üsyanında iştirak etdiyi, ordunu səfərə qarşı ayaqlandırdığı bəhanəsiylə 1 may 1695 tarixində vəzifədən azad edilərək 300 axca maaşla təqaüdə çıxarıldı və İzmirə sürgün edildi. Ancaq hələ İzmirə çatmadan geri çağırıldı və Ədirnədə 29 may günü edam edildi. Cəsədi 2 gün boyunca nümayiş etdirildikdən sonra Qasım Çələbi məscidinin həyətinə dəfn olundu. Var-dövlətinin müsadirəsi əsnasında böyük miqdarda borcunun olduğu məlum oldu.