Sınıqlar — mexaniki zərbə və patoloji proseslər (şişlər, osteomielitlər, vərəm) nəticəsində lüləli və yastı sümüklərin tamlığının pozulmasına sınıq deyilir[1].
Bədənin bütün zədələnmələrinin 6–7% sınıqların törənməsi ilə müşahidə olunur. Sınıqlar daha çox (60%) əl-daraq və pəncə sümüklərində törənir. Said və baldır sümüklərinin sınığı tezliyinə görə ikinci yerdə dayanır və zədələnmişlərin 20%-də müşahidə olunur. Bədənin digər sümükləri: qabırğalar və döş sümüyü — 6%, bud sümüyü 0,9%, fəqərələr 0,5%, kürək sümüyü — 0,3% hallarda sınır[1].
Sınıqlar inkişaf dövrünə, mənşəyinə, zədələndirici amilə, dəri örtüyün vəziyyətinə, sınığın xüsusiyyətinə, yerləşməsinə, törənmə mexanizminə, növünə, sayına, müştərəkliyinə, yerdəyişməsinə görə təsnif olunur[1].
Bədənin inkişaf dövrünə müvafiq olaraq sınıqlar iki yerə bölünür: anadangəlmə (bətndaxili) və qazanılma.
Qazanılma sınıqlar — öz mənşələrinə görə 2 qrupa bölünür: travmatik və patoloji sınıqlar.
Travmatik sınıqlar — sağlam sümük toxumasında mexaniki güc təsirindən yaranırlar.
Patoloji sınıqlar — sümük toxumasında ilkin yaranmış xəstəliklər: birincili və metastatik şişlər, vərəm, osteomielit, sifilis, exinokok və qeyri-parazitar sistlər, abseslər, yaxud bəzi xəstəliklərdə (Qoşe xəstəliyi, osteoparoz, qalxanabənzər ətraf vəzlərin funksional pozuntularında, hormonal preparatlarla uzunmüddətli müalicə fonunda) sümük toxumasının sərtliyinin pozulması nəticəsində törənir[1]..
Sınmış sümüklərin dəri və selikli qişalara münasibətinə görə — sınıqlar yenə də 2 növ: açıq və qapalı olur.
Qapalı sınıqlar — dəri tamlığı pozulmur. (şəkil.a)
Açıq sınıqlar — dəri və selikli qişaların (çənə sümüyünün sınığı) tamlığının pozulması ilə təzahür edən sınıqlara deyilir. (şəkil.b)
Zədələnmələrə səbəb olan amil növünə görə — açıq sınıqlar 3 növ olur: soyuq silah, odlu silah (güllə, qəlpə), mina partlayışı sınıqları.
Uzunlüləli sümüklərdə sınığın yerindən asılı olaraq: epifizar, metafizar, diafizar (yuxarı, orta, aşağı), oynaq daxili sınıqlar törənə bilər[1]..
Zədələnmənin xüsusiyyətinə, quruluşuna, sümük uclarının münasibətinə görə sınıqlar:
— tam — sınmış sümük uclarının tam ayrılması;
— natamam — sümüküstlüyü altı, deşilmiş, kənarı sınıqlar, çatlar şəklində olur.
Sümüyün öz oxu ətrafında burulması — hündürlükdən yıxılarkən bud sümüyünün öz oxu ətrafında burulmasından sınıq əmələ gələ bilir. Bu zaman sınıq xətti spiralvari olur.
Sümük toxumasındakı sınıq xəttinin istiqamətinə görə: köndələn, boylama, çəp, sıxılmış, pərçimlənmiş, burğuyabənzər, qopmuş, qəlpəli, dağılmış, Y, T şəkillərdə müşahidə olunur.
Sümük toxumasında törənmiş sınığın sayına görə: tək, ikili, çoxsaylı sınıqlar yarana bilər.
Sümük toxumasının tamlığının pozulması, qonşu toxuma və üzvlərin müştərək zədələnmələri ilə: iri damar, sinir və oynağın zədələnməsi; ətraf yumşaq toxumanın zədələnməsi; bədən boşluqlarına keçən sınıqlar; boşluqlu üzvlərin tamlığının pozulması və s. törənə bilir.
Sınmış sümük uclarının yerdəyişməsinə görə sınıqlar — yerdəyişmiş, yerdəyişməmiş olur (sümük ucları arasında diastaz 2 mm-dən çox olmur).
Sınmış sümük ucları əksər hallarda öz vəziyyətlərini və yerlərini dəyişir.
Sümük uclarının yerdəyişməsi — birincili — mexaniki gücün təsirindən sınan zaman uclar yerini dəyişir; ikincili — əzələlərin yığılması sınmış sümük uclarının yerinin dəyişməsinə səbəb olur. Sınmış sümük uclarının yerdəyişməsi hündürlükdən yıxılan zaman ətraf oxunun dəyişməsi və xəsarət almışı nəql edərkən, xüsusilə texniki səhvlər, ətrafın kifayət qədər hərəkətsizləşdirilməməsi nəticəsində də baş verir.
Sınmış sümük ucları — bucaq altında, yanlara doğru, yaxud sümük boyu yerini dəyişir.
Uclara doğru yerini dəyişmiş sümük ucları öz oxu ətrafında içə burulmuş yerdəyişmə (rotasion) törədir.
Sınmış sümük uclarının yerdəyişməsi ətrafın deformasiyasına səbəb olur: köndələn yerdəyişmə — sınıq nahiyəsi ölçülərinin böyüməsinə, bucaq altında yerdəyişmə — ətrafın əyilməsinə, uzununa yerdəyişmə — ətrafın gödəlməsinə səbəb olur.
Ətraflarda hərəkətin çətinliyinə görə: sadə və mürəkkəb sınıqlar müşahidə olunur. Sadə sınıqlar — yalnız bir sümüyün sınığından ibarətdir. Mürəkkəb sınıqlar — zədələnmiş nahiyədə iki və bir neçə sümük sınır, yaxud sınmış sümük oynaqdan çıxır, bağların, oynaq kisəsinin cırılması ilə yaranır.
Zədə təsirindən sınmış sümüklər fəsad törətdikləri üçün sınıqlar fəsadlı və fəsadsız olur.
Sınıqların klinikası — sınıqların kliniki gedişi yerli və ümumi əlamətlərlə təzahür edir. Kiçik sümüklərin sınması zamanı əsasən yerli əlamətlər üstünlük təşkil edir. Uzunlüləli sümüklərin sınması isə ümumi əlamətlər: qanaxma və qanitirmə, travmatik şok əlamətləri və piy emboliyası ilə özünü göstərə bilər.
Sınıqların yerli əlamətləri 2 qrupa bölünür: 1) dürüst təsdiqləyici əlamətlər: yarada sümük qəlpələri, krepitasiya, ətrafda oynaqdan kənar patoloji hərəkətlilik, ətrafın ölçülərinin dəyişməsi. 2) Digər əlamətlər: ağrı, şişkinlik, dərialtı hematoma, ətrafın hərəkətinin məhdudlaşması sınığın olmasına şübhə yaradır. Bu əlamətlər ətrafın yumşaq toxumasının əzilməsi zamanı da müşahidə olunduğu üçün, sınıqların diaqnozu rentgen müayinəsi ilə təsdiqlənməlidir[1].
İlk yardım — sınıqların kompleks müalicəsinin tərkib hissəsidi və onun yüksək səviyyədə, peşəkarlıqla göstərilməsinin sonrakı müalicə mərhələlərində əhəmiyyəti böyükdür. İlk yardım törənmiş fəsadların qarşısının alınması ilə başlanmalıdır.
Tənəffüs çatışmazlığı — ilk növbədə dilin geriyə qatlanması, selik-qan qarışığı ilə qırtlaq girəcəyinin qapanması ləğv edilməlidir.
Qanaxmanın dayandırılması — mexaniki zərbəyə məruz qalmış aşağı və yuxarı ətrafların açıq sınıqları zamanı qanaxma olarsa, hadisə yerində qan axan nahiyəyə aseptik sıxıcı sarğı, irimənfəzli damarların zədələnməsindən güclü qanaxma olduqda isə turna qoyulmalıdır.
Şok əleyhinə tədbirlərin icrası — travmatik şokun güclənməsinin qarşısını almaq üçün hadisə yerində xəsarət almışın əzələ, yaxud venadaxilinə narkotik analgetiklər (promedol 2%-1,0, morfin 1–2% — 1,0), analgetiklər (analgin 50% — 2,0, tramal — 2,0, baralgin — 5,0) yeridilməlidir. Venadaxilinə plazmanı əvəz edən mayelərin (poliqlükin, reopoliqlükin, jelatinol, hemodez) köçürülməsini davam etdirməklə, xəsarət almışlar ixtisaslaşdırılmış yardım ala biləcək mərkəzə nəql olunmalıdırlar. Soyuq havada bədənin isidilməsi nəzərdən qaçırılmamalıdır.
İmmobilizasiya vəziyyətində nəql edilmə — xəsarət almışın bütöv bədəninin, yaxud onun bir hissəsinin hadisə yerindən xəstəxanaya çatdırılana qədərki müddətdə hərəkətsizliyi və rahatlığı təmin olunmalıdır[1].
Bədənin, yaxud ətrafların hərəkətsizləşdirmə üsulları:
Özül hərəkətsizləşdirmə — hadisə yerində heç bir fiksasiya vasitəsi olmadıqda zədələnmiş yuxarı ətraf gövdəyə, aşağı ətraf isə sağlam ətrafa bintlə bağlanmalıdır.
Əl altında olan yararlı əşyalardan istifadə — tibbi təsbit edicilər olmadıqda imkan daxilində və yaxınlıqda olan taxta parçası, xizək, çətir, tüfəng hərəkətsizləşdirici vasitə kimi ətrafın altında yerləşdirilib parça ilə bağlanmalıdır.
Tibbi fiksasiyaedicilərin tətbiqi — hərəkətsizləşdirilmiş vəziyyətdə nəql üçün tibbi təsbitedici vasitələr: Kramer, Diterixs, havalı, plastmas və vakuum təsbitedici şinaları təklif edilmişdi.
Alüminium məftildən pilləkən quruluşlu Kramer şinası — yuxarı və aşağı ətrafları təsbit etmək üçün işlədilir. Bu şinanın üstünlüyü orasındadır ki, alüminium yumşaq metal olduğu üçün, onu istənilən formaya salmaq və ətrafı hərəkətsizləşdirmək mümkün olur.
Diterixs şinası — açılıb-yığıla bilən xarici, daxili və alt lövhələrdən, metal birləşdiricilərdən ibarətdir. Son zamanlar az-az hallarda istifadə olunur.
Müasir havalı şinalar — ikiqat, hava buraxmayan parçadan ibarət kisə olub, çarpaz ilə qapanır. Kisə ətrafa keçirilir, çarpaz bağlanandan sonra havalandırılır, sərt quruluş alıb ətrafı etibarlı təsbit edir. Əl-darağı, said sümükləri, dirsək oynağı, pəncə, baldır sümüklərinin sınığı və diz oynağının zədələnməsində işlədilir. Rentgen şüalarını buraxır və müayinəyə əngəl törətmir. Son zamanlar daha çox istifadə olunur[1].
Sınıqların müalicəsi konservativ və cərrahi yolla aparılır. Hər iki müalicə üsulunda 3 əsas prinsip gözlənilməlidir: — sınmış sümük uclarının uyğun vəziyyətə gətirilməsi; — uyğunlaşdırılmış sümük uclarının sonrakı yerdəyişməsinin qarşısını almaq üçün etibarlı təsbit edilməsi; — sınmış sümüyün bitişməsi və sümük döyənəyinin əmələ gəlməsinin sürətləndirilməsi.
Sınmış sümük uclarının yerdəyişməsinin tam ləğv edilməsi və uyğunlaşdırılması kifayət qədər ağrısızlaşdırma ilə mümkündür. Bu əzələlərin reflektor yığılmasının, sümük uclarının ikincili yerdəyişməsinin qarşısını alır.
Gips sarğıları ilə təsbit etmə — sınıqların konservativ müalicəsi zamanı düzəldilmiş sümük uclarının etibarlı təsbit olunması və təkrari yerdəyişməsinin qarşısını almaq üçün gips sarğısından istifadə olunur. Gips sarğısı üzərinə gips tozu səpilmiş bintlərdən hazırlanır.
Dartma üsulu ilə müalicə — dartma üsulu ilə sınmış sümük ucları həm uyğunlaşdırılır, həm də həmin vəziyyətdə saxlanılır. Dartma üsulu iki: dəriüstü və skelet dartması vəziyyətində tətbiq edilir[1].
Daimi dartma ilgəklər və manjetlərin köməyi ilə də aparıla bilər. Məsələn, boyun və yuxarı döş fəqərələrinin sınıqlarında boyuna geydirilmiş və çarpayının baş tərəfinə bağlanmış Qlisson ilgəyinin köməyi ilə çarpayının baş tərəfi 50–60 sm qaldırılmaqla dartma yaradılır.
Sınıqların cərrahi müalicəsi — sınıqların ikinci müalicə üsulu cərrahi yolla aparılır. Sınıqların cərrahi müalicəsi yalnız göstərişlərlə icra olunmalıdır. Cərrahi müalicəyə göstərişlər isə mütləq və nisbi olur[1].
Sınıqların cərrahi müalicəsinə mütləq göstərişlər: açıq sınıqlar; sınmış sümük ucları həyati əhəmiyyətli üzvləri (baş və onurğa beyni, döş, qarın boşluğu üzvləri, irimənfəzli damarlar, sinirləri) zədələdikdə; sınmış sümük uclarının arasına əzələ, vətər, fassiya keçdikdə; yalançı oynaqlar törəndikdə; sınıqların irinli fəsadları yarandıqda; ətrafın fəaliyyətini nəzərə çarpacaq dərəcədə pozan və düzgün bitişməmiş sınıqlar.
Nisbi göstərişlər: təkrari cəhdlərlə sınmış sümük uclarının uyğunlaşdırılması mümkün olmadıqda; sümük sağalmasınin zəif gedişində; lüləli sümüklərin köndələn və böyük yerdəyişmiş sınıq uclarının uyğunlaşdırılması və həmin vəziyyətdə saxlanılmasının mümkünsüzlüyündə; ətraf fəaliyyətinin azca pozulması olan düzgün bitişməmiş sınıqlar zamanı da cərrahi müalicə aparılmalıdır[1].
Sınmış sümük uclarını uyğunlaşdırmaq və həmin vəziyyətdə saxlamaq müxtəlif üsulların: sümük iliyi kanalı daxili (intramedulyar osteosintez və sümük iliyi kanalı xarici (ekstramedulyar osteosintez) metal və plastik lövhələrin, məftillərin, bolt və burğulu mismarların köməyi ilə icra olunur.
Sınmış sümük uclarından aralı sıxma-dartma ilə kompression-distraksion müalicə xüsusi quruluşlu aparatların (İlizarov, Quduşauri, Volkov) köməyi ilə aparılır.
Sınıqların müalicəsinin fəsadları — sümükləri sınmış, xəsarət almışlara ilkin yardım göstərilən zaman və müalicənin gedişində fəsadlar da törənə bilər.
İlkin yardım zamanı bütövlükdə bədənin, yaxud zədələnmiş ətrafın nəqledici şina vasitəsilə düzgün təsbit olunmaması, nəqletmə zamanı ehtiyatsız davranışlar sümük uclarının və qəlpələrinin yerdəyişməsinə, damarların, sinirlərin, daxili üzvlərin (beyin, ağciyər, qaraciyər) zədələnməsinə, qanaxmaya, ifliclərə səbəb ola bilər.
Müalicənin gedişində sınmış sümük uclarının tam uyğunlaşdırılmaması, sonrakı yerdəyişmənin hesabına natamam birləşməsi, infeksiyanın qoşulması, yumşaq toxumaların irinli iltihabı — osteomielitə; sınıqdan sonrakı sümüklərin zəif və düzgün birləşməməsi — yalançı oynaqların törəməsinə səbəb ola bilər.
Sınıqların sağalması — sınmış sümük ucları arasında və ətrafında əmələ gəlmiş yeni sümük toxumasına sümük döyənəyi deyilir. Döyənək 4 qatdan: sümük üstlüyü, sümük toxuması, Havers kanalları elementlərindən inkişaf edib və onların ortasında yerləşən aralıq qatdan ibarətdir. 4-cü qat yeni əmələ gəlmiş sümük döyənəyini hər tərəfdən əhatələyib ətraf yumşaq toxumadan inkişaf edən qatdır. Bütün bu qatların əsasını osteoid toxuma təşkil edir və vahid sümük döyənəyindən ibarət olur. Sınmış sümük uclarının birləşməsində əsas rolu sümük üstlüyü oynayır.
Sümük döyənəyindəki sonrakı çevrilmələr 3–4 ay davamlılıqla sağalmanın sonuncu mərhələsini-osteoid toxumanın kirəcləşməsini təşkil edir. Bu mərhələnin əvvəllərində damarların geri inkişafı başlayır, ödem sorulur, qan dövranı normallaşır, iltihab əlamətləri sönür[1].
Sümük toxumasının inkişafı və uclarının sonrakı bitişməsi birincili və ikincili sağalma ilə gedə bilər.
Sınmış sümük ucları tam uyğunlaşdıqda və kifayət qədər təsbit edildikdə uclar arasındakı boşluqda əmələ gələn osteoid toxuma nazik olduğu üçün dərhal kirəclənməyə uğrayır. Bu sağalma daha faydalı və qısa müddətdə başa çatır. Sümük bitişməsi sümük ucları və aralıq qatların hesabına nazik zolaqla birləşir. Bu növ bitişmə birincili sağalmadır.
Sümüklərin digər bitişməsi ikinci sağalma ilə gedir. Osteoid toxumadan hialin toxuması, yaxud lifli qığırdaq əmələ gəlir və tədricən sümük toxumasına çevrilir. Bu çox uzunmüddətli prosesdir. Bu bitişmə ikincili sağalmadır.
Yeni əmələ gəlmiş sümük toxumasında bioloji çevrilmələrlə yanaşı, sümüyün hərtərəfli inkişafı yeni bir vüsət alır, sümüyün tam arxitektonikası bərpa olunur. Bu çevrilmələrin gedişində sümük iliyi kanalı və digər elementlər differensasiya olunur və sümüyün bitişməsi tamamlanır[1].