Sədabad sarayı — İstanbulun Kağıthane səmtində yerləşən və tarix boyunca üç dəfə dağıdılıb yenidən inşa olunan saray kompleksi.[1][2]
Sədabad sarayı | |
---|---|
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | Kağıthanə |
Aidiyyatı | Osmanlı imperiyası |
Memar | Qriqori Balyan, Sarkis Balyan |
Tikilmə tarixi | 1722, 1816, 1863 |
Üslubu | Osmanlı memarlığı |
İlk Sədabad sarayı Lalə dövrünün məşhur sədrəzəmi Nevşəhərli İbrahim Paşanın sifarişilə Osmanlı sultanı III Əhmədin şərəfinə inşa olunmuşdur.[3] Sarayla birlikdə Kağıthane dərəsi boyunca geniş torpaqlar islah edilmiş, “Cedvel-i Sîm” adı verilən süni kanal yaradılmışdır. III Əhməd və sədrəzəm Nevşəhərli İbrahim Paşanın təşviqləriylə digər dövlət adamları da bu ərazidə məskunlaşmağa başladı. İki ayda inşa tamamlanan sarayın açılışı 31 iyul 1722-ci ildə baş tutdu və sarayın adı "uğurlu, düşərli yer" mənasını daşıyan Sədabad qoyuldu. Lalə dövrü boyunca ərazidə qəsr, köşk, çeşmə, hovuz, süni şəlalə və su bəndləri inşa edildi.
Saray klassik türk memarlığı ilə yanaşı, fars və fransız memarlığının ünsürlərini daşıyır. Xüsusilə də, fransız memarlığı Lalə dövründə inşa olunan saray və qəsrlər kimi Sədabad sarayının inşasına da mühüm təsir etmişdir. Bunda o illərdə Parisə səfir olaraq göndərilən İyirmisəkkiz Mehmed Çələbinin gətirdiyi saray və bağça planlarının araşdırılması da mühüm rol oynadı.[4][5] Ancaq cümhuriyyət dövründə Sədabad sarayının memarlığı yenidən araşdırılmış, nəticədə bu sarayın inşasında İsfahandakı Çəhəl sütun sarayının nümunə alındığı üzə çıxmışdır.
Ancaq 1730-cu ildə baş tutan Patrona Xəlil üsyanı nəticəsində, Lalə dövrü başa çatdı və bu dövr ərzində inşa olunan bir çox qəsr, köşk, əyləncə yerləri və saraylar qarət edilərək dağıdıldı. Kağıthane dərəsi boyunca inşa edilən bütün qəsr və saraylar dağıdılsa da, yenicə taxta çıxan I Mahmudun müdaxiləsi ilə Sədabad sarayı yalnız qarət olunmaqla kifayətləndi. Üsyandan bir müddət sonra 1740-cı illərdə və sonradan III Səlim səltənətində saray əsaslı şəkildə təmir olundu. Son illərində əcnəbi səfirlər və əyalətlərdən gələn əyanlarla görüş yeri olaraq istifadə edilən saray 1809-cu ildə II Mahmudun əmriylə dağıdıldı və yerində yeni bir sarayın inşa olunmasını sifariş etdi.
İkinci sarayın memarı erməni əsilli Balyan ailəsinə mənsub Qriqori Balyan idi.[6] 1809-cu ildə inşası başlayan sarayın açılışı 1816-cı ildə baş tutdu. Bu əsnada sarayın bağçasında “Kasr-ı Neşat” adlandırılan çardaq bölümü də dağıdıldı və yerində Çadır köşkü inşa edildi.[4][5]
Sarayın “Kasr-ı Hümayun” adlanan əsas bölümü 1814-cü ildə tamamlandı və II Mahmud hərəmiylə birlikdə bir neçə gün burada yaşadı. Sonrakı illərdə bir çox saray mərasimi və ziyafət burada keçirildi. 1835-ci ildə Şahzadə Əbdüləziz burada keçirilən mərasimlə Quran dərslərinə başladı. 1836-cı ildə Şahzadə Əbdülməcid və Əbdüləzizin sünnət mərasimi də bu sarayda keçirildi.
Ancaq II Mahmudun vəfatı və Sultan Əbdülməcidin taxta çıxmasının ardından Sədabad sarayı tərk edildi və baxımsız halda qaldı. Sultan Əbdülməcid səltənəti boyunca gözlərdən kənarda qalan Sədabad sarayı Sultan Əbdüləzizin taxta çıxmasının ardından yenidən dağıdıldı və yerində üçüncü bir saray inşa edildi.
Üçüncü sarayın memarı erməni əsilli Balyan ailəsinə mənsub Sarkis Balyan idi.[6] 1863-cü ildə Sultan Əbdüləzizin sifarişiylə inşa olunan saray Çağlayan qəsri olaraq anıldı. 1917-ci ildə cəmi 3 ay boyunca Hərb məktəbi olaraq istifadə edildi. İstanbulun işğalı illərində yetimxanaya çevrilən saray binası 1928-ci ilədək bu şəkildə fəaliyyət göstərdi. 1943-cü ildə dağıdılan sarayın yerində 1952-ci ildə İstehkam məktəbi inşa edildi.[7] 1990-cı ilədək bu şəkildə fəaliyyətini davam etdirən bina 1998-ci ildən etibarən Kağıthane bələdiyyə binası kimi xidmət göstərir.