Sədr – Səfəvilərin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən irsən mənimsədikləri əyalət bürokratiyası vəzifələrindən biridir. Səfəvi dövlətində sədr dini idarəyə rəhbərlik edir, antifeodal bidətçi hərəkatların qarşısının alınması kökünün kəsilməsi, habelə hər yerdə şiəliyin mövqelərinin yayılması, möhkəmlənməsi üçün məsuliyyət daşıyırdı.
Ümumiyyətlə Səfəvi dövlətində ruhanilər böyük ayətullah, hüccətül-islam, qazı və müftidən, ibarət olub, mülki və şəri təhqiqatla onlar məşğul olurdular. Ayətullaha müctəhid-e əzəm (hökm vermək, qərar çıxarmaq hüququna malik olan ən nüfuzlu və böyük fəqih), yəni sədr deyirdilər. Bu söz isə ərəbcə olub, bədənin yuxarısı mənasını ifadə edir. Bəzi mənbələrdə bədənin bu hissəsinə qəlb deyilir. Ancaq ayrılıqda, daha doğrusu, ali rütbə, yüksək məqam və bir istilah kimi "sədrneşin", yəni sədr yerini tutan, yaxud məcazi mənada ən yüksək fəzada, göylərin yeddinci qatında qərar tutan "sidr" ağası kimi, ya da məclisdə başda oturan mənasını da verməkdədir.[1]
I Şah İsmayıl Səfəvi dövlətini yaratdıqdan sonra ondan əvvəl bölgədə hökmranlıq edən Teymuri, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən ilham almış və onların dövlət quruluşu və divan sisteminə bənzər bir təşkilat yaratmışdı. Azərbaycan Səfəvilər səltənətinin qurucusu olan Şah İsmayılın dövlətinin hərbi-siyasi özülünü türk-qızılbaşlar təşkil edirdi.[2]Dini və qəzai mövqelərə isə seyid, müctəhid, şeyxlər, üləmalar arasından seçilən şəxslər təyin edilirdi.[3]Bu barədə İsgəndər bəy Münşi yazır:
"Bu vilayət nişanəli sülaləsində qayda bu cür idi ki, seyidləri və ruhaniləri himayə etmək, onların işlərinə cavabdeh olmaq, vəqflərin idarə olunması və şəriətin yayılması üçün vəsaitlərin xərclənməsi kimi öhdəliklər daşıyan sədarət vəzifəsi yüksək dərəcəli və pəhrizkar seyidlərdən savayı, digər bir kimsəyə tapşırılmazdı."[4]
Belə ki, Şah İsmayıl həm hərbi həm siyasi həm də dini məqamları bir yerdə cəmləmək, onları dövlət məqsədləri çərçivəsində istiqamətləndirmək və Səfəvi dövləti ərazisində şiələşdirmək siyasətini həyata keçirmək üçün sədarət vəzifəsini yaratdı. Bu vəzifəni ilk icra edən şəxs isə Şah İsmayıla səltənət tacını taxan Qadı Şəmsəddin Mövlana Lahıcı Gilani olmuşdur. Bu barədə Həsən bəy Rumlu "Əhsən ət-Təvarix" əsərində yazır:
"İllərlə Ağqoyunlu sultanlarına vəzirlik etmiş Əmir Şəmsəddin Zəkəriyya bu il İsgəndər şanlı xaqanın büsatını öpmək şərəfi ilə iftixar qazanıb başı uca oldu. Şahanə lütfkarlıq onun halına şamil olundu və ali divan vəzirliyi mənsəbi ona verildi. Sədarət isə Mövlana Şəmsəddin Gilaniyə həvalə edildi."[5]Şah Təhmasib dövrünün mühüm təzkirəçilərindən olan Sam Mirzə "Töhfeyi-Sami" təzkirəsində Qadı Şəmsəddin Gilaninin tərcümeyi-halına əsaslanaraq sədr vəzifəsinə təyin edilmək üçün insanlarda tələb olunan xüsusiyyətləri qeyd etmişdir. Mövlana Şəmsəddin indiki İranın şimalında Lahican bölgəsində anadan olmuş, Şah İsmayıl tərəfindən dövlətin sədarət vəzifəsinə təyin olunduqdan sonra şahzadələrin tərbiyəsi ilə məşğul olmuş, 90 yaşında vəfat etmişdir.[6][7]
Şah İsmayılın 24 illik hakimiyyəti müddətində 6 müxtəlif şəxs bu vəzifəni icra etmişdir. Bu şəxslərin adları bir çox Səfəvi dövrü mənbələrində zikr edilmişdir. Şah İsmayılın hakimiyyətinin ilk illərində, yəni h.907-ci (1501) ildə Qazi Şəmsəddin Gilani sədr təyin edilmişdi. H.909-cu (1503–1504) ildə dövlət şurasında qəbul edilən qərara əsasən Qazi Məhəmməd Kaşi sədrlik vəzifəsində Mövlana Şəmsəddin Gilani ilə şərik olur.[8] Professor Zabil Bayramlı qeyd edir ki, sədr-i xassə və sədr-i ammə arasında ilk iş bölgüsü bu hadisədən sonra əmələ gəlib.[9]H.915-ci (1509–1510) ildə Qazi Məhəmməd Kaşi əmarət ilə sədrlik vəzifəsini eyni vaxtda apararaq xalqa zülm edir, müxtəlif vasitələrlə müsəlmanların mallarını əllərindən alırdı. Yəzdə, Kaşana, Şiraza isə hakimlik edirdi. O, Kaşan şəhərinin əşrəf əyan və üləmalarından idi. Lakin seyid deyildi.[10] Həmin ilin səfər ayında (may, 1509) Şah İsmayılın fərmanı ilə o, öldürülür və sədrlik vəzifəsi şəriksiz Mir Seyid Şərif Şiraziyə həvalə edilir.[9]Onun bu vəzifəni şəriksiz idarə etməsinin səbəbi Şah İsmayılın bu vəzifəyə nüfuzlu və seçkin bir şəxsi gətirərək sədrlik məqamının əvvəlki etibarını bərpa etmək idi.[11]Qazi Əhməd Qaffari yazır ki, Şah İsmayıl sədrlik vəzifəsini Mir Seyid Şərif ibn Tacəddinə verdiyi vaxtdan indiyə qədər həmin vəzifəyə yalnız seyidlər nəslindən olan şəxslər təyin olunur.[9]Mir Seyid Şərif Şirazi bu vəzifəni iki dəfə icra etmişdir. İlk sədrlliyi 1510–1512-ci illərə təsadüf edir. Mənbələr yazır ki, o nüfuzu gücləndiyi üçün özünə yeni düşmənlər qazanmışdı ki, onlardan biri də etimad-üs-səltənə Mir Nəcməddin Məsudi Sani idi. Lakin Mir Seyid Şərif Şirazi taleyinin Qazi Məhəmməd Kaşi kimi olacağından qorxuya düşüb, Nəcməddin Sani ilə ixtilafa girməmək üçün bu vəzifədən istefa etdi. Onu istefasından sonra bu vəzifəyə kimin təyin edildiyi barədə mənbələrdə müxtəlif fikirlər mövcuddur. Bir çox qaynaq Mir Seyid Şərif Şirazidən sonra Seyid Əmir Zahirəddin Əbdülbaki Yəzdinin təyinatı barədə həmfikir olsa da, İsgəndər bəy Münşi "Tarix-i Aləmara-yi Abbasi" əsərində bu şəxsin Mir Cəmaləddin Astrabadi olduğunu qeyd edir.[12][13]Seyid Əmir Zahirəddin Əbdülbaki Yəzdi 1512-ci ildə sədr təyin edilmiş, qısa müddətdə şahın etimadını qazanmış sədrliklə yanaşı vəkil vəzifəsinin icrası da ona tapşırılmışdı. 1514-cü ildə Əmir Nəcməddin Saninin ölümündən sonra isə sədrlikdən azad edilib vəzir və əmir əl-üməra vəzifəsinə təyin edilmişdir.[14]Mir Seyid Şərif Şirazi ikinci dəfə 919-cu hicri/1514-cü ildə Seyid Əmir Zəhirəddin Əbdülbaki Yəzdinin vəzir və əmir əl-üməra təyin olunmasından sonra boş qalan sədr vəzifəsinə təyin edildi.[15]Hicri 921/m.1514-cü ildə Çaldıran düzündə Osmanlı İmperiyası ilə Səfəvi imperiyası arasında baş verən döyüşdə Mir Seyid Şərif Şirazi ordu komandanı kimi döyüş meydanında idi. O bu döyüşdə vəfat etmişdir.[16]
Əbdi bəy Şirazi "Təkmilətül-əxbar" əsərində Çaldıran döyüşündən sonra sədarət məqamının Seyid Abdullah Laleyi Təbriziyə, az müddət sonra isə şiəliyinə şübhə olmayan Mir Cəmaləddin Məhəmməd Şirəngi Astrabadiyə verildiyini yazır.[17]Seyid Abdullah Laləyi Azərbaycanın böyük seyidlərindən, alimlərindən biridir. Sünni Zəhəbiyə firqəsinə mənsubdur. Atası Nizaməddin Əhməd Laleyi Ağqoyunlu Uzun Həsən dövründə Azərbaycanda nüfuzlu şəxslərdən biri idi.[18][13]H.930-cu (1524) ildə sədrlik vəzifəsi yenidən şərikli halda Mir Qəvaməddin Hüseyin Nəqib İsfahani ilə Əmir Cəmaləddin Məhəmməd Astrabadiyə tapşırılır.[19]Cəmaləddin Məhəmməd Astrabadi, H. 931/M.1525-ci ildə vəfat edənə qədər təxminən on bir il sədr kimi xidmət etmişdir. Onun sədrliyi Şah İsmayılın hakimiyyətinin son illəri ilə Şah Təhmasibin hakimiyyətinin ilk illərini əhatə edir.
Təsəvvüf təriqətləri və dərviş lojaları ənənəsi ilə qurulan Səfəvilər dövləti inkişaf və qurumlaşma dövründə də bu xarakterini davam etdirmişdir. Lakin bu dövrdə xüsusilə divan təsisatları inkişaf etmiş və Səfəvilər dövləti köçərilikdən oturaq dövlət sisteminə keçid edərək təşkilatlanmağa çalışmışdır. Yenə bu dövrdə dövlət təşkilatında bir çox qurum və təsisatlarda olduğu kimi, sədr vəzifəsində də mühüm dəyişikliklər baş vermişdir. Bu dövrdə sədr vəzifəsi şeyxülislamlıq vəzifəsinə qarşı gücünü itirsə də, rəsmi kimlik qazanmış, şurada özünə yer tapmış, şəriət-qəzai hakimiyyətləri, həbs və məhkəmə üzərində nüfuzunu davam etdirmişdir. I Şah Təhmasib təxminən 52 il hakimiyyətdə olmuş və bu müddətdə 10 dəfə sədr təyin etmişdir. İsgəndər bəy Münşi bu şəxslərin adlarını və xronoloji ardıcıllığını aşağıdakı kimi verir:[20][19]
Şah Təhmasib dövrünün ilk sədri Mir Cəmaləddin Astrabadi idi. Cəmaləddin Astrabadi Şah Təhmasibin yaşının az olmasından istifadə edib nüfuzunu xeyli gücləndirmiş hətta öz vəzifəsini irsən oğlu Əmir Seyfəddinə ötürmək istəmişdi. Lakin Səfəvi dövlətinin daxili siyasətində baş verən dəyişikliklər buna mane olmuşdu. Hətta Şah Təhmasib onu Qiyasəddin Mənsur Şirazi ilə birgə sədr etmək istəsə də bu fikir həyata keçməmişdi.[21][22]1525-ci ildə Cəmaləddin Astrabadinin ölümündən sonra Şah Təhmasibin ikinci sədri Əmir Qıvaməddin Hüseyn İsfahani tək sədr oldu. Onun hansı tarixdə sədr seçilməsi ilə bağlı mənbələrdə məlumatlar müxtəlifdir. Həsən bəy Rumlu, Budaq Qəzvini və Əbdi bəy Şirazi onun 1524-cü ildə, Seyid Həsən ibn Murtaza Hüseyni Astrabadi isə 1526-cı ildə sədr seçildiyini yazmışdır.[7]O 1530-cu ilə yəni ölümünə qədər sədr vəzifəsini icra etmişdir. 1529-cu ildə Şah Təhmasibin əmri ilə Əmir Nemətulla Hilli onunla şərikli olaraq sədr təyin edildi.[23] "Aləmara-yi Şah Təhmasib" əsərində bu barədə yazır:
"Bu ildə həzrət-i Şah-ı Din-pənah Əmir Nemətulla hillini sədarət məqamında Əmir Qıvaməddin Hüseyn ilə şərik etdi."[24]
Əmir Nemətullah Hilli Təhmasib dövrünün 3-cü sədri olub İraqın Hillə şəhərindən, böyük seyid nəslindən idi. Çox keçmədən onun şeyxülislam Əli ibn Əbdüləli Kərəki ilə arasında ixtilaf baş verdi. Bu ixitlaf barədə Rumlu yazır
"O, "Həzrəti-Xatəmül-müctəhidin" (müctəhidlərin möhürü) və "Varisi-ülumi-seyyidül-mürsəlin" (peyəmbərlər ağasının elmlərinin varisi) ləqəblərinə malik olan Əli ibn Əbdüləlinin tələbələrindən idi və onun bütün tərəqqisi o həzrətin elmindən istifadə etməsi səbəbindən üz vermişdi. Amma axırda nankorluq edərək o həzrətin haqqını tapdalamışdı. Belə ki, Xatəmül-müctəhidinlə Şeyx İbrahim Qətifi arasında münaqişə vardı və sözügedən Əmir Nemətulla öz müəlliminə məhəl qoymayaraq bəzi fiqhi məsələlərdə onun rəqibinin tərəfini saxlayırdı. Bəzən isə xilafət təyinatlı taxtın ətəyində olduğu vaxt İbrahim Qətifiyə məktub yazırdı və onu Həzrəti-Xatəmül-müctəhidinin ziyanına səbəb ola biləcək işlərə həvəsləndirirdi. Amma haqqında bu cür söz-söhbətlərin yayılmasına baxmayaraq, Xatəmül-müctəhidinin şanına nöqsan yol tapmadı. Əmir Nemətulla isə çeşidli dini və dünyəvi azarlara və zərərlərə düçar oldu."[25]
Bu ixtilaf nəticəsində o Şah Təhmasib tərəfindən 1531-ci ildə vəzifəsindən uzaqlaşdırılır və Bağdada sürgün edilir. Onun ardınca Mir Qiyasəddin Mənsur Şirazi Şah Təhmasib dövrünün 4-cü sədr olmuşdur.[26] O hələ 1530-cu ildə Əmir Nemətullah Hilli ilə şərik olaraq bu vəzifəni icra etməyə başlamışdı. Qiyasəddin Mənsur da bu vəzifəyə Şeyxülislam Əli ibn Əbdüləli Kərəkinin köməkliyi ilə gəlsə də bir müddət sonra onların da arasında ixtilaf baş vermişdi.[27][4]Lakin bu ixtilaf da digəri kimi Əmir Qiyasəddin Mənsurun sədr vəzifəsindən kənarlaşdırılmasına gətirib çıxardı. O sədrlikdən azad edildikdən sonra Şiraza qayıdaraq ömrünün geri qalanını burada yaşadı.[27][28][29]Əmir Qiyasəddin Mənsurdan sonra Mir Müizəddin Məhəmməd İsfahani 1532-ci ildə şah tərəfindən təyin olunan 5-ci sədr olaraq vəzifəsinin icrasına başladı. Münşi yazır ki, o 8 il müddətinə təkbaşına və tam ixtiyarla sədrlik etdi. Axırda o Həkim Kazeruninin fırıldağı nəticəsində işdən çıxarıldı.[30]1538-ci ildə Mir Əsədulla Şuştəri Mərəşi yeni sədr seçildi. Rumlu Mir Əsədulla Sədrin hörmətli, sayılıb-seçilən və nüfuzlu seyid və alim olduğunu, Şeyx Əli Əbdüləlinin dəstəyi və köməyi ilə böyük sədr vəzifəsinə təyin edildiyini bildirir.[31]Sədr vəzifəsinə təyin olunduqdan sonra nüfuzu artan Əsədulla Şuştəri qısa müddətdə I Şah Təhmasibin ən fəal köməkçisi oldu. O, dini işlərlə yanaşı, hərbi və siyasi işlərlə də məşğul olmuş, I Şah Təhmasibin iştirakı ilə bir çox döyüşlərdə iştirak etmiş, Osmanlının Şuştəri ələ keçirməsi zamanı Səfəvi ordusunda iştirak etmişdir.[32]Əmir Əsədulla Şuştəri 1556-cı ilə qədər yəni ömrünün sonuna qədər bu vəzifəni icra edir. Onun ölümündən sonra yeni sədr Şah Təqiəddin Məhəmməd İsfahani yeni sədr oldu. O Əmir Müizəddin İsfahaninin oğlu idi. Bu baxımdan sədr vəzifəsinə irsi təyin edilən ilk şəxs idi. Lakin onun sədrliyi uzun çəkmədi. 1563-cü ildə ona qarşı irəli sürülən ittihamlara görə I Şah Təhmasib tərəfindən vəzifəsindən uzaqlaşdırıldı. Mənbələrdə onun işdən çıxarılmasına səbəb kimi rüşvətxorluqda əli olması və vəzirin pulunu mənimsəməsi iddiası göstərilib.[33]Əbdi bəy Şirazi yazır ki, ondan sonra sabiq sədr Şəmsəddin Əsədullanın oğlu Əmir Zeynəddin Seyid Əli ilə Mir Məhəmməd Yusif sədr oldu.[34]Mənbələr yazır ki, Mir Məhəmməd Yusifin gəlişi ilə sədrlərin məsuliyyət və səlahiyyət sahələri dəyişdirildi. Buna uyğun olaraq, ilk növbədə, coğrafi meyarlara görə sədr vəzifəsi iki yerə bölündü. İraq, Fars, Xuzistan, Astrabad məşhur seyidlərdən olan Mir Məhəmməd Yusifə, həmin ilin zilhiccə ayının ikinci on günlüyündə Xorasan, Azərbaycan, Şirvan Mir Zeynəddin Seyid Əliyə tapşırıldı.[19]Əbdi bəy Şirazi yazır ki, 1568-ci ildə Mir Seyid Əli Şüştəri ilə Mir Məhəmməd Yusif vəzifədən azad edilib, şərik olmaqdan da xilas oldular. Ancaq Əbdi bəy Şirazinin göstərdiyi kimi, adları çəkilən sədrlər vəzifədə şərik olmayıb, tutduqları vəzifəni mahal üzrə icra etmişdilər. Bu halda vəzifə ərazi əlaməti, yəni divan və xassə üzrə deyil, sadəcə olaraq mahal üzrə bölünürdü.[19]1568-ci ildə sədr vəzifəsi Qiyasəddin Mir Miran ibn Əmir Muizəddin Məhəmməd Nəqib İsfahani Mir Miraniyə həvalə edilir. O Şah Təqiəddin Məhəmməd İsfahaninin qardaşı idi. Şah Təhmasib dövrünün son sədri olan bu şəxs şahın ölümünə qədər vəzifəsini icra etmişdir.[30][19]
Mənbələrdən görünür ki, İsmayıl və Təhmasibin şahlığı zamanı vəzir və sədr vəzifələri tez-tez iki əyan tərəfindən, eyni vaxtda yerinə yetirilirdi. Göstərilən iki vəzifənin maraqlı xüsusiyyətlərini qeyd edərək Roger Seyvori belə hesab edirdi ki, onların ərazi üzrə bölgüsü təsadüfi, müvəqqəti idi. Həm də bu iki şəxsdən hər biri bərabər hüququlara malik olub oxşar vəzifələri yerinə yetirirdi. İngilis tədqiqatçısının fikrincə, bu, onların hakimiyyətini məhdudlaşdıprmaq məqsədilə edilirdi. Bu faktlara izah tapmağa cəhd göstərən R. Seyvori sədr və vəkilin ikili olması məmalik və xassə vilayətlərinin mövcudluğu ilə bağlı olması fikrinə qarşı çıxırdı. V. F. Minorski Şardenə əsaslanaraq göstərirdi ki, xassə idarəsi ilk dəfə Şah I Səfinin (1629–1642) dövründə tətbiq edilmişdi.[35] Bu barədə A. Lembton yazır:
"Şarden dövlət və səltənət torpaqları arasında fərqin I Şah Səfinin hökmranlığına qədər məlum olmadığını qeyd edir. Həqiqətən, onun bölgüsü I Şah Səfinin dövründə dəqiqləşmişdir. Lakin divani (dövlət) və xassə (səltənət) torpaqları arasında bir qədər geniş, daha ümumi fərq mövcud idi. Bununla belə, R. Seyvori XVI əsrdə ilk Səfəvilər dövründə dövlətin ərazisinin məmalik və xassələrə bölünməsinin mümkünlüyünü yolverilməz hesab edir. Bizə elə gəlir ki, bu mənada "Təzkirət əl-mülükün" mətnində olan göstəriş çox mühümdür. Öz əsərini təqribən 1726-cı ildə bitirmiş naməlum müəllifin fikrincə, sədarət vəzifəsinin xassə və əmmaya (məmalikə) görə bölgüsü adi təcrübədən irəli gəlirdi. O yazırdı: "Bəzi hökmdarların vaxtında sədr-i xassə və əmma (vəzifələri) təkcə bir şəxsə tapşırılırdı".[36]
II Şah İsmayıl hakimiyyətə gəldikdən sonra Səfəvilər dövlətində dini, məzhəb və sosial sahələrdə bəzi islahatlar həyata keçirdi. Şiələr arasında Hz. Əbu Bəkr, Hz. Ömər, Hz. Osman, Hz. Aişə və digər səhabələri söymək ənənəsini qadağan etdi. O, ifrat şiəlik siyasəti yürüdən Müctəhid Seyyid Hüseyn, Mir Seyyid Əli Vaiz və Müctəhid Əli Təbatəbai kimi şiə alimlərini öz sarayından çıxarıb, kitablarını yığıb, evlərini yandırmağı əmr etdi. Mirzə Məhdum Şərif, Mövlana Mirzə Xan Şirazi, Mir Mahdum Lalə kimi əvvəllər hörməti olmayan sünni alimlərinə və seyidlərinə diqqət göstərdi. Onlardan Mir Mahmud Lalə şeyxülislam, Mirzə Məhdum Şərifi isə sədr vəzifəsinə təyin edildi. II Şah İsmayıl etdiyi təyinatlarla sədr vəzifəsini şeyxülislamlığa qarşı gücləndirmək və onu I Şah İsmayıl dövründə olduğu kimi güclü və qüdrətli bir mövqeyə çevirmək istəyirdi. Əslində, onun qısa səltənəti dövründə sədr vəzifəsi şahdan sonra ölkədə dini, hüquqi və sosial sahələrdə ən səlahiyyətli vəzifəyə çevrildi. İş o yerə çatdı ki, bu dövrdə qaziül-quzat və vilayət qaziləri də sədr tərəfindən təyin olunurdu.[37]1576-cı ildə Əmir Qiyasəddin Məhəmməd radikal şiə ideyalarına və Şah II İsmayıla qarşı çıxdığına görə dərhal vəzifəsindən uzaqlaşdırıldı. Məhəmməd Nəqib İsfahani II Şah İsmayıl tərəfindən sədr vəzifəsinə təyin edildi. O, Şah I Təhmasibin dövründə qadıəsgər vəzifəsini icra edirdi. Heydər Mirzənin dövründə isə Pərihan xanımın tərəfində olan dövlət xadimi idi və buna görə də Şah II İsmayılın tərəfdarı idi.[38] Eyni zamanda sünni məzhəbi haqqında müsbət fikirdə idi. Rumlu yazır ki, sədr vəzifəsi ilə yanaşı ölkədəki bütün vəqf qurumlarının məsuliyyəti də onun öhdəliyinə verilmişdi:
"Bu dürüst niyyətin adil şahidi və bu məramın doğru sübutu odur ki, çaharşənbə günü, rəbiüləvvəl ayının 26-da ali sədarət mənsəbini İsfahanın yüksək dərəcəli seyidlərindən olan öndəgedən mövlana, hikmət fənlərinin hafizi Şah İnayətullaya tapşırıldı və bu mühüm vəzifənin həlli, təşkili, icrası, yerinə yetirilməsi, nizamı və tərtibi onun öhdəsinə qoyuldu. Qərar verildi ki, din əmrinin rəvacında, peyğəmbərlər ağasının (Məhəmməd peyğəmbərin) şəriətinin hökmlərinin təşkilində, xeyriyyə mərkəzlərinin ("büqaül-xeyrat") tərəqqisində, əkinçiliyin, mədaxilin və vəqflərin çoxaldılmasında (inkişafında) tərifəlayiq səy göstərsin."[39]
Şah İnayətullah İsfahani əvvəlcə təkbaşına sədr vəzifəsini icra edərkən, bir müddət sonra səlahiyyətlərini Mirzə Məhdum Şəriflə bölüşdü. Münşi yazır O İsmayıl Mirzə zamanında tam etibar qazanmış və sədarət vəzifəsinin yarısı ona tapşırılmışdı. Lakin sünnilik məzhəbində iftiraçılıq etməsi, düşüncəsiz və diqqətsizcəsinə öz əməlləri üzərindən pərdəni qaldırması səbəbindən işdən çıxarıldı.[40]
Şah Məhəmməd Xüdabəndənin hakimiyyəti illərində 4 şəxs sədr vəzifəsini icra etmişdir. Bunlar Şah İnayətullah İsfahani, Mir Şəmsəddin Kirmani, onun oğlu Mir Tacəddin Mahmud və Mir Əbuvəli Əncəvi idi. Şah II İsmayıl dövründə də sədr vəzifəsini icra edən İnayətullah İsfahani yenidən 1577-ci ildə sədr təyin olunsa da 2 il sonra 1579-cu ildə vəzifəsindən kənarlaşdırılıb. Buna səbəb onun Məhəmməd Xüdabəndəyə qarşı müxaliflik etməsi idi. Onun ardınca sədr seçilən Mir Şəmsəddin Xəbisi Kirmani ilk əvvəl Səfəvi dövləti xəzinəsindən 100 min tüməni, Şah Təhmasib vəqfinin gəlirlərini, xüms və zəkat gəlirlərini sədat, şuyux, kasıb və dərvişlərə paylamağa başladı. İsgəndər bəy Münşi onun ölümü haqqında ayrı bir başlıq altında yazır:
"Bu ilin hadisələrindən biri də günahları bağışlanmış sədr Mir Şəmsəddin Məhəmməd Xəbisi Kirmaninin ölümüdür. O, Təbriz qalasının mühasirəsi əsnasında sur əl-ğəniyyə xəstəliyinfən vəfat etdi. Sözügedən şəxs böyük məqamlı, yüksək şöhrətli və yaxşı əxlaqlı bir seyid idi və çoxlu qabiliyyət və istedada malik idi. "[41]
O 7 illik sədr vəzifəsini tək başına və tam ixtiyar icra etmişdi. Həmçinin ölkənin xarici siyasətində də rol oynamış, Xan Əli Şanın sarayına elçi kimi göndərilmişdi.[42] 1585-ci ildə onun vəfatı ilə oğlu Əmir Tacəddin Mahmud yeni sədr oldu. Onun sədrliyi haqqında mənbələrdə kifayət qədər məlumat yoxdur. Onun ardınca isə Xüdabəndə dövrünün son sədri Mir Əbuvəli Əncəvi oldu. O hələ 1571-ci ildə Məhəmməd Kirmani tərəfindən şeyxülislam seçilmişdi. 1581-ci ildə qadıəsgər 1586-cı ildə isə sədr təyin edildi. Sədr sələfi kimi Şah Məhəmməd Xüdabəndənin zəifliyindən istifadə edərək, şahın ordu komandanı, səfir, elçi və naiblik kimi müxtəlif vəzifələri yerinə yetirirdi. Bir çox salnamələrdə onun qeyd olunan vəzifələri haqqında ətraflı məlumat vardır.[43]
I Şah Abbasın hakimiyyəti dövründə şeyxülislamlıq vəzifəsi öz gücünü artıraraq Səfəvi imperator sarayında şəriət-qəzai vəzifələri arasında ən yüksək nüfuza malik oldu. Bu dövrdə siyasi, inzibati və dini hakimiyyətlər arasında aydın fərq nəzərə çarpırdı. Bu dövrdə sədr vəzifəsi "Sədr-i xassə" və "Sədr-i ammə" olaraq iki yerə bölünmüş və Şeyxülislam vəzifəsi qarşısında geriləmiş, divan xislətini itirməyə başlamış və getdikcə əyalət qurumuna çevrilmişdir.[44]Yenə bu dövrdə sədr vəzifəsi mütəvəkkillərin işləri ilə məşğul olan bir quruma çevrildi, onun dini və siyasi səlahiyyətləri məhdudlaşdırıldı. Bununla, sədr vəzifəsi Səfəvilərin süqutuna qədər əvvəlki güc və qüdrətini bərpa edə bilmədi. Şah Abbasın hakimiyyəti dövründə 7 şəxs bu vəzifəni icra etmişdir. Şah Abbas dövrünün ilk sədri Mir Əbuvəli Əncəvi olub. Şah Abbas taxta çıxan zaman o sədr vəzifəsini icra edirdi. Yeni şah kiçik yaşlarda olduğu üçün onu vəzifəsindən azad etmir və sədr kimi vəzifəsini icra etməyə davam edir. Mənbələr yazır ki, Əbuvəli Əncu şahın təcrübəsizliyindən istifadə edərək nüfuzunu gücləndirməyə çalışdı. O saraydakı vəzir, şeyxülislam və digər vəzifə sahibləri ilə rəqabət aparırdı. Daha sonra sarayda baş verən bir sıra neqativ hadisələrdə adı çəkilirdi. Nəticədə I Şah Abbas onu vəzifəsindən azad etdi.[45]
Mir Əbuvəli Əncudan sonra boş qalan sədr vəzifəsini Şah Abbas şəxsən özü idarə etmişdi. Lakin bir müddət sonra Əbuvəli Əncu yenidən şah tərəfindən vəzir təyin edildi. Onun bu sədrliyi təxminən 20 il davam etmiş, bu müddət ərzində köhnə nüfuzunu yenidən bərpa etmişdi. Lakin 1607-ci ildə Gəncə qalasının fəthi zamanı sədrin tabeliyində çalışan bəzi məmurlar onun mülayimliyindən istifadə edərək sədarət idarəsinin gəlirlərini mənimsədilər. Bu xəbər şahın qulağına çatdıqda Əbuvəli Əncu vəzifəsindən azad edilib cəzalandırıldı.[46]
Əbuvəli Əncudan sonra sədr vəzifəsi iki yerə bölünmüş, iki sədr coğrafi əsaslara görə vəzifələrini icra etməyə başlamışdılar. Bununla Şah Abbas Şah Təhmasib dövründəki sisteme geri qayıtmışdı. Əncudan sonra Əmir Cəmaləddin Məhəmməd Sədr-i Xassə, Mir Muizəddin Məhəmməd (Seyid Mirzə Bürhan Seyfi Hüseyni Qəzvinin oğlu Qazi xan) isə Sədr-i Ammə təyin edildi. Əmir Cəmaləddin Məhəmməd İsfahan, Savə, Qum, Kaşan, Ərdistan, Yəzd, Astrabad, Mazandaran və ona tabe nahiyələrə sədrlik edirdisə, Mir Muizəddin Məhəmməd Azərbaycan, Şirvan, Gilan, Xorasan və nahiyələrinə sədrlik etmək tapşırılmışdı.[47][26] Mir Muizəddin Məhəmməd digər adı ilə Qazi xan 1614-cü ildə Osmanlı dövləti ilə Səfəvilər arasında vasitəçilik etmək məqsədilə elçi kimi İstanbula göndərilir. Bu səbəbdən o sədr vəzifəsindən kənarlaşdırılır. Beləki Şah Abbas 1614-cü ildə səfirlikdən qayıdarkən Qazi xanı Osmanlı İmperiyası ilə danışıqlarda passiv qaldığı, Səfəvilərin mənafeyini qoruya bilmədiyini üçün vəzifəsindən azad edir.[48]Münşi yazır ki, Əmir Cəmaləddin Məhəmməd və Qazi xanın dövründə Səfəvi dövlətində dəhşətli zəlzələ baş vermiş, hər iki sədr bu zaman Ali Qapı sarayının tavanının çökməsi nəticəsində ciddi şəkildə yaralanmışdı.[49]
Qazi xandan sonra sədr-iammə vəzifəsinə Rezəvi məqbərəsinin mütəvəllisi, Musəvi Torbət Heydəriyyə seyidlərindən olan Qazi Sultan Torbəti təyin edilir. Sədr Mir Cəmaləddinin qardaşı oğlu və Səfəvilərə qohum olan Mirzə Rəzi I Şah Abbasın "on dörd məsumə" vəqf etdiyi əmlakın mütəvəllisi, möhürdar və həm də sədr təyin edilir ki, artıq onun sonuncu vəzifəsi divan ül-sədarədə sədr-e xassəyə uyğun gəlir. 1608-ci ildə onun vəfatı ilə əlaqədar, sədr-ixassə vəzifəsi şahın qızından olan oğlu Mir Sədrəddinə tapşırılır.[26]Lakin Mir Sədrəddinin yaşı kiçik olduğu üçün bu vəzifəni Rezəviyə, yəni nurani asitanənin feyzəsərli idarəsinə mütəvəlli təyin edilmiş və Mazandaran seyidlərindən olan Mirzə Rəfi Şəhristani bir müddət icra etmişdir. Mir Sədrəddinin adı isə sadəcə tuğra və möhürlərdə qalmaqda idi. Qazi Sultan Torbətinin vəfatı ilə Mir Rəfiəddin yeni sədr-i ammə oldu. Onun sədrliyi Şah Abbas səltənətinin sonlarına təsadüf edir. 1625-ci ildə Mirzə Rəfiəddin Məhəmməd Xəlifə Sultanın ölümündən sonra isə tək başına həm sədr-ixassə həm də sədr-i ammə olmuşdur. Mir Rəfiəddin Şah Səfi hakimiyyətinin ilk dövrlərində də sədr vəzifəsini təkbaşına icra etmişdir.[50][26]
Seyid Mir Rəfiəddin Şah Səfi hakimiyyətinin ilk dövrlərdə təxminən 2 il sədr vəzifəsini icra etməyə davam etdi. Lakin 1633-cü ildə bir sıra səbəblərə (Şah Abbasın qızının həyat yoldaşı ilə qohum olması, öz qohumlarını mühüm vəzifələrə gətirməsi) görə Şah Səfi tərəfindən sədr vəzifəsindən azad edildi. Hətta şahın fərmanı ilə onun 4 oğlu kor edildi və öldürüldülər. Şah Səfi dövrünün son sədri Mirzə Həbibullah olmuşdur. Ravəndi yazır ki, Mirzə Həbibullah Şah Səfi dövrünün sayılıb-seçilən, hörmətli, təqvalı və fəzilətli alimlərindən olmasa da, ləyaqət və səriştəsinin azlığına baxmayaraq, Şah Səfiyə yaxınlığına və sərvət sahibi olduğuna görə sədr vəzifəsinə təyin edilmişdi. "O, dini, məzhəb və elmi biliklərə bələd deyildi. Camaat arasında o qədər də sevilməyən xəsis bir şəxsiyyətə malik idi." Mir Həbibulla II Şah Abbasın hakimiyyəti dövründə də ümumilikdə 23 ilk sədr vəzifəsini icra etmişdir.[26]
II Şah Abbasın hakimiyyəti dövründə sədr vəzifəsi zəif və gücsüz məqamda idi. Səfəvi imperiyasının son dövrlərində mollabaşı vəzifəsi təsis edilmiş, sədr, şeyxülislam və digər şəri-qəzai vəzifələrin öhdəlikləri ona tapşırılmışdı. II Şah Abbasın dövründə sədr vəzifəsində mühüm dəyişikliklər baş verdi. Şah II Abbas Səfəvi şahlarının nadir hallarda tətbiq etdiyi sədr-i xassə vəzifəsini öz üzərinə götürdü. Bundan əlavə, sədr-ixassə vəzifəsinin icra edən şəxs isə etimad üd-dövlə rütbəsinə təyin edildi. Bununla da sədrlərin yenidən inzibati və siyasi işlərlə məşğul olmasına yol açıldı. Bu dövrdə 3 şəxs sədr vəzifəsini icra etmişdir. II Şah Abbas dövrünün ilk sədri Mir Həbibulla idi.[51] O, şahın hakimiyyətinin ilk illərində sufilərlə mübarizəsinə dəstək vermiş bu səbəbdən şahın etibarını qazanaraq vəzifəsinin icrasına davam etmişdi. Mir Həbibulla 1654-cü ildə xəstələnərək vəfat etdikdən sonra onun yerinə oğlu Mirzə Mehdi gətirildi.[26]O təqribən 10 il sədrlik etmiş, daha sonra 1664-cü ildən 1671-ci ilə qədər isə sədr-iəzəm yəni etimad üd-dövlə vəzifəsini icra etmişdi. II Şah Abbas və Şah Süleyman dövründə üç dəfə Azərbaycana və Irana səyahət etmiş, 12 ildən artıq bir dövrdə bu ərazilərdə olmuş fransız taciri Şarden qeyd edir ki, o ilk dəfə Səfəvi dövlətinə daxil olarkən Məhəmməd Mehdi II Şah Abbasın sədr-i əzəmi idi. Şah öldükdən sonra yenə həmin vəzifədə çalışırdı. Bütün mədrəsələrin başçısı idi.[52][53]
1661-ci ildə II Şah Abbasın fərmanı ilə Seyid Mir Qıvaməddin Məhəmməd yeni sədr təyin edildi. Ümumiyyətlə II Şah Abbasın dövründə də dini divana rəhbərlik etmiş sədrlərdən Mirzə Həbibulla, onun oğlu Mirzə Məhəmməd Mehdi , Mirzə Qəvaməddin zamanın məşhur seyidlərindən olub, həm də şahlıq sülaləsi ilə qohumluq əlaqələri vardı.[26]Mirzə Qıvaməddinin ölümündən sonra II Şah Abbas 18 ay müddətində heç kəsi sədr olaraq təyin etmədi. Nəticədi sədarət vəzifəsi qeyri-funksional olaraq qaldı. Vəqf işləri etimad üd-dövləyə, şəri-qəzai işlər isə şeyxülislama tapşırıldı. Vahid Qəzvininin fikrincə, II Şah Abbasın sədr vəzifəsini bir müddət ləğv etməsinin ən mühüm səbəbi, vəqflərdən gələn gəlirin məmurların maaşlarına çatmaması idi. Bu vəziyyət vəqf məmurları arasında iğtişaşlara səbəb olmuş və şahın qulağına çatmışdı.[54]Bu barədə Şardenin qeydlərində də məlumatlar əks olunub. Şardenin müşahidələrindən aydın olur ki, Şah Abbas Sani sədrin nüfuzunu zəiflətmək üçün onu özünə baş vəzir təyin etmiş və sədrin məqamı 17 ay başqa bir vəzifənin rəhbərliyi altında qalmışdı.[55]
Şah Süleymanın hakimiyyəti dövründə 4 şəxs sədr vəzifəsini icra etmişdi:[56]
1667-ci ildə Mirzə Əbu Talib Rəzəvi Şah Süleyman dövrünün ilk sədr-i xassəsi, Mirzə Əbu Saleh Rəzəvi isə sədr-i amməsi oldu. Sədr-i xassə şahın və sultanlığın şəriət-qəzai və vəqf işlərinə rəhbərlik etdiyi halda, sədr-i ammə xalq tərəfindən tikilən vəqflərin işləri ilə məşğul idi. Geniş ictimaiyyətə aid olan qanuni məsələlər isə şeyxülislam və qazı əl-quzata verilmişdir. Mirzə Əbu Talib Rəzəvi 21 il sədr-i xassə vəzifəsini icra etmiş, 1688-ci ildə vəfat etmişdir. Mirzə Əbu Saleh Rəzəvi 1676-cı ildə Məşhəd şəhərində Mədrəsə-i Salihiyyə adlı mədrəsə inşa etdirmiş, bir çox əmlak və gəlirini isə bu mədrəsənin vəqfinə bağışlamışdı.[57] Bu dövrdə sədr-i xassə sədr-i ammə vəzifəsindən daha güclü mövqedə idi. O saraydakı bəzi məmurlar tərəfindən sehir və falçılıqla məşğul olması haqqında böhtanlara məruz qalaraq 1681-ci ildə vəzifəsindən kənarlaşdırılmışdı. 1682-ci ildə Mirzə Nəcəf xan və Seyid Əli xan Şah Süleyman dövrünün son sədrləri oldular. Mirzə Nəcəf xan Şah Süleymanın ölümünə kimi, Seyid Əli xan isə Şah Sultan Hüseyn dövründə də vəzifəsini icra etmişdir.[58]
Şah Sultan Hüseyn atasının siyasətini davam etdirmiş, sədr bu dövrdə sadəcə vəqf işləri ilə məşğul olan bir vəzifəyə çevrilmişdi. Onun hakimiyyəti dövründə sədrlik edən şəxslər aşağıdakılardır:[59]
Qeyd etmək lazımdır ki, mənbələrdə ali ruhani idarəsinin başçısı olan sədrlərdən ətraflı bəhs edildiyi halda, əyalət sədrləri haqqında çox az məlumat vardır. Səfəvilərin mərkəzi dövlət aparatında olduğu kimi, əyalət idarəçiliyində də vəzir, sədr, qorçubaşı kimi vəzifələr var idi.[60]
Alman alimi Röhbörn də qeyd edir ki, qaynaqlarda Şah İsmayıl dövründə yalnız Xorasan sədrinin, Şah Təhmasibin dövründə isə Şəki və Şirvan, Gilan sədrinin adı çəkilir. Onun fikrincə bu məsələ qaynaqlarda sədr ilə şeyx ül-islam terminlərinin sinonim kimi işlənməsi ilə əlaqədardır.
Zabil Bayramlı yazır ki, əslində onun bu fikri ilə razılaşmaq olmaz. Ona görə ki, sədrlik vəzifəsi ilə şeyxülislam vəzifələri və onların hüquqları arasında çox fərq var idi. Digər tərəfdən şeyxülislamın özünü də sədr təyin edirdi. Şah Təhmasibin H.961-ci il ramazan (iyul 1554) tarixli fərmanı Azərbaycana sədrlərin təyinatı məsələsini öyrənmək üçün mühüm fakt kimi qəbul oluna bilər. Həmin fərmandan aydın olur ki, qeyd olunan tarixdən qabaq Şirvan və Şəki ölkəsinin sədri Əmir Əbdürrəzzaq idi. Bu fərmanda Əmir Əbdürrəzzaqın Şəki və Şirvanda sədr vəzifəsində qalması təsdiq edilir. Fərmanda deyilir: "…onun və nümayəndələrinin ixtiyaratını qüvvətli və qəti bilib, onun sədrlik haqqı pullarını qayda üzrə çatdırsınlar. Oranın (Şirvan və Şəkinin) baş və kiçik qazılarının vəzifədən götürülməsi və vəzifəyə təyin olunmasını məzkur sədrin işinə aid olduğunu bilsinlər. Abdulla xan (Şirvan bəylərbəyi) bu sahədə tam yardım və xeyirxahlıq göstərsin və hər il yeni hökm tələb etməsin" . Digər fərmanda başqa bir məsələ də aydınlaşır. Bu da ondan ibarətdir ki, Şah Təhmasib h.957-ci il ramazan ayında (sentyabr, 1550) fərman vermiş və həmin fərman əsasında Mir Sultan ləqəbi almış Əbdürrəzzaq h.957-ci ilə qədər yalnız Şirvan əyalətinin sədri olmuş, h.957-ci il fərmanı əsasında o, həm də Şəkiyə sədr təyin edilmişdir. Fərmanda sədrin vəzifəsi və hüquqları da müəyyən dərəcədə öz əksini tapmışdır.[61]
Orada deyilir ki, həmin məmləkətin bütün qazıları, möhtəsibləri, şəri işlə məşğul olan məsul işçiləri ona itaət edib, onun hökmü ilə işdən çıxarılıb işə qəbul oluna bilər. Bütün şəri işlərə o rəhbərlik etməlidir. Əmirlər, hakimlər, darğalar, vəzirlər, vəkillər və sair mülazimlərdən bir nəfər də sədrə aid olan işlərə qarışmasınlar. Gilan Şah Təhmasib tərəfindən ələ keçirildikdən sonra bura Mərəşi Gilani sədr təyin edilmişdir ki, o əvvəllər qoşun qazısı vəzifəsində olmuşdur. İ. P. Petruşevski də vilayətlərdə sədrlərin olması barədə məlumat vermişdir. O yazır: "Hər bir vilayətdə (bəylərbəyilikdə) sədr var idi. O, vəqf əmlakına baxmaqla, dövlətin baş sədr divanınasədrlər-sədrinə (sədr əs-südur) tabe idi"[62]
Yerli düşüncəyə görə Osmanlı dövlətindəki müfti ilə müqayisədə Səfəvi ölkəsindəki sədrin hüquq və səlahiyyəti nisbətən geniş idi. Sədr Səfəvi dövlətində Şah və "Etimad üd-dövlə"dən sonra gələn ən böyük vəzifə idi.[1] Sədrlər şahın sağında etimad üd-dövlədən sonra əyləşirdilər. Onları şah təyin edirdi. Tavernye Osmanlı və Səfəvi dövlətlərinin quruluşunda ali ruhani idarə başçıları, ümumiyyətlə, din xadimlərinin yeri və rolunu nəzəri baxımdan şərh edərək fərqli cəhətlərini aydınlaşdırmağa cəhd göstərmişdir. O, yazır ki, Səfəvi dövlətində etimad əd-dövlə mülki sahədə həm böyük, həm də birinci şəxs olduğu kimi, sədr də dini idarənin başçısıdır. Bu iki dövlətin dini başçıları, ümumiyyətlə üləmaları arasında fərq ondadır ki, Osmanlı din xadimləri başqa zümrələrin tərkibinə keçə bilməzlər, ancaq Səfəvi ölkəsində sədrin etimad əd-dövlə ola bilməsinin qarşısında heç bir maneə yoxdur.[55]
Sədrin Səfəvi dövlətində rolu barədə 1683-cü ildə Səfəvi dövlətində olmuş səyyah Sanson yazır:
"Sədr İranın ən böyük ruhani şəxsiyyəti və vəzifəsi olub pişvəyi məzhəbi ümumdur. O Səfəvi dövlətində bütün ruhanilərin rəisidir. Ancaq və sadəcə ümur-i dinin hidayət edilməsi ilə məşğul idi. Sarayın dini işlərini, İsfahan şəhərini və bütün Səfəvi məmalik-i məhrusəsini Quran və İslam şəriətinə görə idarə edirdi."[63]
Mirzə bəy Cünabədi tərəfindən yazılan "Rövzətüs Səfəviyyə" əsərində Səfəvi dövlətinin I Şah Abbasın hakimiyyətinə qədərki dövlət quruluşu haqqında maraqlı məlumatlar var. Cünabədi yazır:
"Şah İsmayılın hakimiyyəti dövründə sədarət qurumu Səfəvi divanında rəsmi şəri-qəzai vəzifə olub İslam dinini, Şiə şəriətini və ölkədəki şəriət və ictimai işlərlə birgə vəqflərin məsuliyyətini də öz öhdəsinə götürmüşdü. I Şah İsmayılın dövründə sədrlər çərşənbə və cümə axşamı Təbrizdə Səfəvi divanında toplanaraq şəriət-qəzai sahələr və vəqf işləri ilə bağlı məsələləri müzakirə edir və bu sahələrlə bağlı qərarlar qəbul edərdi. Şənbə və bazar günləri divanbəyi ilə şəriət-qazai məsələlərə baxılırdı. I Şah Təhmasibin dövründə bu görüşlər çərşənbə və cümə axşamı günləri Qəzvində Səfəvi sarayının divanında keçirilirdi. Şah I Təhmasib dövründə sədr vəzifəsi bəzən iki böyük sədrə verilirdi. Onlar çərşənbə və cümə axşamı yığışıb, şəriət-qəzai işlər, məsələlər və məhkumluq ilə bağlı qərarlar qəbul edirdilər."[64][65]
I Şah Abbasın dövründəki sədr toplantıları barədə məlumata isə Fəzlullah ibn Ruzbehan Xuncinin əsərində rastlamaq mümkündür. Xunci yazır ki, I Şah Abbas dövründə bu yığıncaqlar Ali Qapı sarayındakı məhkəmə salonunda keçirilirdi. Divanbəyi də bu toplantı da iştirak edirdi. Bu zaman Sədr-i xassə və sədr-i ammə vəzifələri müxtəlif günlərdə məclislər təşkil edirdilər. Bu çərçivədə sədr-i xassə şənbə və bazar günləri, sədr-i ammə isə çərşənbə və cümə axşamı günləri toplanırdı.[66]
Şah Süleyman (1666–1694) isə sədrlik vəzifəsini yenə xassə və amməyə böldü. Sədr-i xassə şahın xalisə əmlakının, sədr-i ammə isə əmlake ammənin, yəni xassə istisna olmaqla, dövlətin digər inzibati vahidlərinin "dini divana" aid olan işləri ilə məşğul olmalı idilər. Sədr xassə rütbəsinə görə, sədr ammədən üstün idi. Dövlət şurası iclaslarında sədr xassə şahın sol tərəfində, baş vəzir isə sağ tərəfində qərar tuturdu. Sədrlərə bir qayda olaraq şahın "nəvvab"ı deyilir və onlar şah sülaləsindən olan qızlarla evlənirdilər. Zorla islam dini qəbul etdirilmiş xristianın yenidən öz dininə qaytarılmasına da sədr icazə verirdi.[67]
Tavernyenin diqqətini II Şah Abbas və Şah Süleyman dövründə ali ruhani idarəsi ilə bağlı həyata keçirilən tədbirlərin mahiyyəti deyil, onun zahiri tərəfi özünə daha çox cəlb etmişdir. O, yazır ki, sədrlik mənsəbi bir şəxsin əlində cəmlənməklə məhdudlaşmır. Bəzən iki sədrin də olması mümkündür. Səfəvidə vəqf əmlakları iki cürdür. Biri "mouquvate səltənəti" və digəri isə "mouqufate motəfəreqe" (qarışıq, pərakəndə)dir. Elə buna görə də bəzən iki nəfər sədr olur. "Mouqufate səltənəti" nin rəisi sədr əl-xassə və digəri isə sədr əl-mouqufat adlanır. 1667-ci ildə şah iki nəfər sədr təyin etmişdir ki, onların hər ikisi onun bacıları ilə evli idi.[68] Tavernye həmçinin sədrin hüquq və vəzifələrini şərh edərək yazır ki, şəriət və qanunlar rəisi olub, məscidlərin vəqf əmlakına və bir çox başqa işlərə baxır. Məscid vəqflərinin gəlirlərini toplayıb vəqfin müəyyən ehtiyacına, özünün bildiyi yerlərə xərcləyir. Ancaq o başqa xərclərdən əvvəl öz haqqını götürürdü. Rütbə və vəzifələrinə görə bərabər olan iki böyük din xadimi də sədrə tabedirlər. Onların biri şeyx əl-islam, digəri qazı adlanır. Şəri işlər bu iki vəzifə arasında bölünüb və yerlərdə sədrə aid məsələlərlə onlar məşğul olur, şəri qanunların yerinə yetirilməsini və s. yoxlayırlar. Onları vəzifəyə Şah təyin edir.[69]
Sədrin ilk vəzifəsi İslamı yaymaq, qorumaq, Şiə məzhəbinin qayda və qanunlarını xalqa açıqlamaq, vəqf işlərinə baxmaqdır. Sədrlər verdikləri hökmlərin Qurana, sünnətə və xüsusilə də Şiə imamlarına uyğun olmasına diqqət etməli idilər. Sədrlər vəzifələrini yerinə yetirərkən iyerarxik olaraq onlara tabe olan qurum və institutlarla birlik və həmrəylik içində hərəkət edirdilər.[66]
Sədrin digər bir vəzifəsi isə Səfəvi şahlarının səltənət taxtına çıxma mərasimlərində iştirak etmək idi. Bu barədə Kempfer yazır:
"Şahi Səfəvilərin tacqoyma mərasimi sədr tərəfindən həyata keçirilirdi. Bu mərasimlər zamanı sədrə vəlinemet ləqəbi ilə müraciət edilirdi. Şah məclisdə və ya sənəddə ondan bəhs etmək istəyəndə də bu tituldan istifadə edirdi".[70]
Sədr həmçinin üləma və ruhani əhlinin işlərini qaydasına qoymalı, onların ətraflarının üsyanının qarşısını almlı və dövlətə bağlılıqlarını təmin etməli idi. Kempfer yazır:
"Ən yüksək dini hakimiyyət titulu ilə Sədr xalqın inancını üstün tutmuş və bütün hüquqi işləri onun hüzurunda, heç bir səhvə meyil etmədən, İslam ədalət və qanunlarına riayət etməklə həll etmişdir. Digər məhkəmələr, vəzifə sahibləri sədrin qərarına etiraz edə və ya yenidən baxılmasını tələb edə bilməzdilər. Sədrin qərarına ancaq Səfəvi şahı etiraz edə bilərdi."[71][72]
Sədrin ən mühüm vəzifələrindən biri dini və məhkəmə hakimiyyətini idarə etmək və onlara nəzarət etmək idi. Sədr məhkəməsi şəriət-qəzai səlahiyyət sahiblərini öz məhkəmələrində mühakimə edə bilərdi. Onların cinayətlərinə və cəzalarına baxa bilərdi. Bundan əlavə, sədrlərin başqa bir vəzifəsi də cinayətkarları məhkəmədə Qurana and içdirmək idi.[73] Səfəvi dövlətində şəriət məhkəmələrində sədrlərin rolu, mövcud hüquq normaları və onların prinsip və qaydaları da Şardenin diqqətini özünə cəlb etmiş və o, səyahətnaməsində bu problemləri şərh etməyə çalışmışdır. Səyyah yazır ki, sədrlər bütün ruhani cəmiyyətinin həm maddi, həm də mənəvi hakimləridirlər. Quran ehkamlarından heç bir qanun mötəbər olmamışdır. On iki imamın ki, atalarından sonra övladları imam olaraq imaməti yaratdılar, onlar həm də Quranı təfsir etdilər. Nəticədə bu təfsirə fiqh, yəni islam hüququ adı verildi ki, bu qanunlar həm dini və həm də mülki hökmləri özündə birləşdirən qanunlar məcmuəsini təşkil edir. Başqa sözlə ölkənin mülki və dini qanunları qarışmış, onlar ayrılıqda mövcud deyildirlər. Elə buna görə də, demək olar ki, sədrlər bütün mənəvi məsələlər üzrə mühakimə aparmaqda tam sərbəst olub ixtiyar sahibidirdər.[74]
Sədr həmçinin vəqflərin və vəqf dəftərlərinin də məsuliyyətini daşıyırdı.[75] Həmçinin bütün vəqfləri idarə edənlərin fəaliyyətlərinə, onların vəqf gəlirlərini düzgün xərcləmələrinə nəzarət edir və əslində onların başçısı olub, həm də bu sahə üzrə cavabdehdirlər. Sədrlərin vəqf əmlakı ilə birbaşa əlaqələri yox idi. Ancaq maliyyə divanı vəqflərin idarəsi və gəlirlərinin bölgüsü məsələləri ilə bağlı işinə qarışırdı. Ona görə ki, hər şeydən əvvəl vəqflərin ixtiyarı şahın əlində olub, sədr əslində bu əmlakı şahın naibi kimi idarə edirdi.[76]
Sədr Səfəvi sarayında divanbəyinin divanında baxılan qətl, dişin qırılması, kor etmək kimi məhkəmələrə baxırdı. Divanbəyi sədrin iştirakı olmadan qərar verməzdi. Mirzə Rəfia bu barədə yazır ki, ixdas-i ərba məhkəmələrinin işlərinə baxmaq sədrin ən əsas vəzifələrindən biri idi. Mirzə Səmia da "Təzkirətül-mülük" əsərində yazır:
"Qətl, bəkarətin izaləsi, dişin qırılması və gözün kor edilməsi hadisələrindən ibarət olan ixdas-i Ərbaya rəhbərlik edək divanbəyi sədrin iştirakı olmadan məhkəməni başlatmaz, hökm verməzdi."[77][78]
Qaynaqda göstərilir ki, divanbəyi səlahiyyətinə aid olan dörd mühüm cinayət hadisəsinə sədr əzəmin iştirakı olmadan baxıla blməzdi. Ancaq bu cinayət hadisələri ilə əlaqədar olaraq başqa şəri hakimlərin, hətta sədr əl məmalikin də divanbəyinin işinə qarışmağa səlahiyyətləri yoxudu. Qeyd olunan cinayət hadisələri ilə bağlı məhkəmə iclasları hər həftənin şənbə və bazar günləri sarayın keşikxnasında təşkil olunurdu.[74][78] Ümümiyyətlə "Təzkirətül-mülük" də sədarət institutu haqqında müfəssəl məlumatlar vardır. Qaynaqda göstərilir ki, şəri hakimlərini, təfvizi vəqflərin (şahın nəzarəti altında idarə edilən vəqflər) mübaşirlərini vəzifəyə sədr təyin edirdi. Seyidlərin ağsaqqalları, üləmalar, müdərrislər, şeyx ülislamlar, pişnamazlar, qazılar, mütəvəllilər, xeyriyyə müəssisələrinin gözətçiləri, vəqflərin nazirləri, mustoufiləri, mirzələr, ölüyuyanlar, qəbirqazanların ağsaqqalları və başqa işçiləri ona tabe idilər.[74] Mirzə Səmia həmçinin sədr-i xassə və sədr-i ammədən söz açır və qeyd edir ki, hər iki vəzifənin vəzifə öhdəlikləri fərqlidir. "Məmalik-i məxrusənin əyalət və mahallarından olan Yəzd, Əbərguh, Nain, Ərdistan, Nətənz, Məhəllət, Dəlican, Xansar, Rar, Macdəc, Çapluq, Çərfitikan, Komrə, Fəraxan, Kaşan, Qum, Savə, Mazandaran, Astrabad, Hacılar, Kəbudcamə sədr-i xassənin öhdəliyində idi. Əyalət və bəldələrə isə sədr-i ammə baxırdı. "[75]Hər iki sədrin ayrıca dəftər və məhkəməsi vardı. Doğrudur onların hər ikisinin məqamı bərabər olsa da, sədr xassə şahlıq vəqflərinə həm cavabdeh, həm də onların başçısı olub, cah-cəlallı idarə quruluşuna malik idi. Dövlətin bütün böyükləri sırasında o ikinci yerdə dururdu. Bütün rəsmi məclislərdə şahın sol tərəfində əyləşir və sədr ammə onun əlinin altında qərar tuturdu. Sədr ammənin yeri isə şahın sağ tərəfində idi. Onların hər ikisi bütün məclislərdə iştirak edirdi, ancaq bir qayda olaraq çox qalmırdılar. Nə vaxt ki, şah məclisə şərab, ya da musiqi alətlərinin gətirilməsi haqqında buyruq verəndə, onlar dərhal məclisi tərk edirdilər. Ona görə ki, islam dinində şərab içmək və musiqiyə qulaq asmaq haram idi. Elə buna görə də onlar məclisdə çox qaldıqda şahın göstərişi ilə şərab içmək də təxirə salınır, ya da başqa vaxta saxlanılırdı.[79]
Sədrin soyurqal nisbətini hesablamaq və onun miqdarını dəyişdirmək səlahiyyəti də var idi.