Səfəvi-Rusiya müqaviləsi— 1717-ci ilin iyul ayında Rusiya çarlığı ilə Səfəvi dövləti arasında imzalanmış müqavilədir. Müqavilə Səfəvi dövlətinin baş vəziri Fətəli xan Dağıstani ilə rus səfiri Artemi Volinski arasında imzalanmışdır.[3][1] I Pyotr 1719-cu ilin iyul ayında müqaviləni ratifikasiya etmişdir. Səfəvi hökmdarı Şah Sultan Hüseyn (1694-1722) 1720-ci ildə müqaviləni ratifikasiya etmişdir.[1] Bu müqavilə Səfəvi dövləti ilə Rusiya arasında imzalanmış ilk ikitərəfli rəsmi müqavilədir.[4]
Rusiya-Səfəvi müqaviləsi | |
---|---|
Müqavilənin tipi | Ticarət müqaviləsi |
Hazırlanma tarixi | 1717 iyul |
İmzalanma tarixi | 1717 iyul |
İmzalanma yeri | İsfahan |
Qüvvəyə minməsi | |
• şərtləri |
|
İmzalayanlar |
Artemi Volınski Fətəli xan Dağıstani |
Tərəflər |
Rusiya çarlığı Səfəvi İmperiyası |
Lakin müqavilə imzalanan zaman Səfəvi dövləti böyük daxili qarışıqlıqlar vəziyyətində idi və buna görə də, müqavilə diqqətdən kənarda qalmışdır.[1] Tarixçi Rudi Matthe bildirir ki, "müqavilənin imzalanmasından sonrakı dövrdə baş vermiş qarışıqlıqlar müqavilənin həyata keçirilməsini tamamilə qeyri-mümkün etdi".[1] Bir neçə il sonra - 1722-ci ildə, yəni Səfəvi dövləti özünün çöküş dövrünün son mərhələsinə qədəm qoyduğu zaman ruslar bu müqaviləni casus belli kimi göstərərək müharibəyə başlamışdılar. Beləki 1721-ci ildə Şamaxıdakı rus tacirləri qətlə yetirilmişdi və bu müqaviləyə görə belə bir hadisə yolverilməz idi.[5]
XVIII əsrin ilk rübündən etibarən Səfəvi dövləti bütün bölgələr üzrə üsyanlar və qarışıqlıqlarla əhatələnmişdi.[6] Şah Sultan Hüseyn zəif hökmdar idi və dövlətin idarə olunmasında öz köməkçilərinin məsləhətləri ilə hərəkət edirdi. Şah Sultan Hüseyn bir neçə ov məclisindən başqa, saraydan ayrılmaz, ayrıldığı zaman isə İsfahan yaxınlığında olmağı üstün tutardı.[7] İnsanlar onu demək olar ki, görmürdülər, yalnız ona ən yaxın olan saray əyanları onunla ünsiyyətdə ola bilərdi.[6] Hökmdar olana qədər hərəm divarlarından kənara çıxmadığı üçün dünyanı çox görməmişdi, elə buna görə də, hakimiyyətə gəldiyi zaman aparıcı din adamlarının, xüsusilə Məhəmməd Baqır Məclisinin təsiri altına düşdü.[6]
Ambisiyalı monarx olan I Pyotrun Səfəvi dövləti ərazilərində gözü var idi. Bunun əsas səbəblərindən biri isə Səfəvilərin ipək ticarətini tam ələ keçirmək idi.[8] Pyotrdan əvvəl də bəzi rus monarxları Səfəviləri öz ipəklərini Rusiya vasitəsiylə Avropaya göndərməyə həvəsləndirmək istəmişdilər. Səfəvi imperiyasının tacirlərini həvəsləndirmək üçün bir neçə qərarlar verilsə də, ümumilikdə bu qərarlar effektiv olmamışdı. Tacirlər öz mallarını Avropaya Osmanlı imperiyası ilə aparmağı daha üstün tuturdular, nəinki Rusiya ərazisi ilə.[9] 1711-ci ildə Pyotr bu məqsəd üçün Səfəvi tacirlərinə xüsusi imtiyazlar tanəyan yeni qərar versə də, bu qərar da effektiv olmadı.[9]
Bütün cəhdlərin uğursuz olduğunu gördükdən sonra Pyotr, Artemi Volinskini Səfəvilərdəki yeni səfiri kimi təyin etdi.[9] O, Volinskiyə Səfəvilərin əsas ipək istehsalçısı olan əyalətləri, hərbi gücü, kənd təsərrüfatı və təbii sərvətləri barədə ətraflı məlumat toplamağı tapşırmışdı. O, Səfəvi hökmdarını Rusiya marşrutu vasitəsiylə ticarət etmənin üstünlüyünə inandırmalı və onu Rusiya ilə ticarət müqaviləsi imzalamağa razı salmalı idi.[9] Volınski şərt qoymalı idi ki, belə bir ideyanı həyata keçirmək üçün rus tacirləri İran daxilində maneələrdən azad olmalıdırlar. Bu mənada, o, Volinskiyə rus tacirlərinin yerli Səfəvi hakimlərinin qurbanı olduğunu, onların rus tacirlərinin mallarını müsadirə etdiyini deməsini əmr etmişdi. Həmçinin, rus tacirlərin yerli tacirlərin intriqalarının (xüsusilə Yeni Culfa tacirləri nəzərdə tutulurdu) qurbanı olduğu deyilməsi tapşırılmışdı.[9] Bundan başqa, problemlərdən biri də, dağıstanlı quldurlar idi. Onlardan bəziləri keçmişdə ələ də keçirilmişdilər.[9] Nəhayət, o, Səfəvi hökumətindən Yeni Culfadan olan erməni tacirlərinə Rusiyanın artıq verdiyi imtiyazlarla bağlı “öhdəliklərini yerinə yetirmək üçün” təzyiq göstərməyi tələb etməli idi.[9]
Volinski 1715-ci ildə Peterburqdan ayrıldı və bir il sonra Astraxana, 1716-cı ilin payızında Niyazabada[a] çatdı.[9] O, altı ay Şamaxıda və Təbrizdə yerli hakimlər tərəfindən saxlanıldıqdan sonra İsfahana çatdı.[9] Onun özünün qeydlərinə görə, imperiya paytaxtında ona qarşı olan mübarizə digər yerlərdəkindən "bir az daha yaxşı idi".[9] Bu zaman Volinski protokol qaydaları ilə bağlı problemlər yaşamağa başladı. Beləki, Volinski rus qaydalarına uyğun olaraq öz atını şahın məhəlləsinə qədər sürməyi, öz etimadnaməsini şəxsən şaha təqdim etməyi tələb edirdi.[12] Burada olduğu zamanda bildirilir ki, o, çox sayıda alçaldılmaların hədəfində olmuşdur. Matthenin bildirdiyinə görə, Səfəvilər rusların nəzakətsizliyinə görə onlara nifrət edirdilər.[13] Danışıqlar Volinski ilə baş vəzir Fətəli xan Dağıstanı arasında aparıldı.[13]
Bekoviç-Çerkasski missiyasının bir hissəsi kimi rusların Xəzər dənizinin şərq sahilində bu yaxınlarda istehkamlar qurduqları aşkar edildikdə, Rusiyanın hərbi planları ilə bağlı şübhələr kəskinləşdi. Gilan yaxınlığında rus gəmilərinin göründüyü barədə şayiələr yayıldı.[13] Bu hadisələrdən şübhələnən Səfəvilər Volınskidən bu məsələlər və Rusiyanın niyyətləri barədə saydınlıq gətirməyi tələb etdilər. Onun casus olduğu qənaətinə gələn saray mənsubları İsfahanda uzun müddət qalacağı halda dövlətin hərbi vəziyyətinin pis olması barədə tam məlumata malik olacağını düşündülər. Buna görə də, danışıqlar qısa oldu.[13] Volinskinin bəzi tələbləri rədd edildi. 1640-cı illərdən bəri yürüdülən siyasətə uyğun olaraq, Fətəli xan Osmanlıya qarşı ittifaq təklifini rədd etdi.[13] Volinskinin keçmişdə ləzgilərin rus tacirlərinə hücum etmələrini əsas gətirirərək, Səfəvi dövlətinin kompensasiya verməsini istədi. Ləzgilərin Səfəvi dövlətinin subyekti olduğunu bildirən Fətəli xan, dövlət qaydalarına itaət etmədikləri üçün dövlətin təzminat verməyəcəyini bildirdi.[13] Fətəli xan həmçinin, Volinskinin ticarət etmək üçün Niyazabaddan daha uyğun liman verilməsini xahişini də rədd etdi.[14] Fətəli xana görə, rus tacirlərinə xüsusi imtiyazların verilməsi başqa dövlət tacirlərinin Səfəvi imperiyasına gəlmələrinin qarşısını alardı.[1] Həm də rusların yeni liman istəməkdəki məqsədlərinin strateji olduğu düşünülürdü.[1] Gərgin danışıqlara baxmayaraq, 1717-ci ilin iyul ayında müqavilə imzalandı.[1]
Müqavilənin şərtləri bunlar idi:
Müqavilə imzalanan zaman Səfəvi dövləti böyük qarışıqlıqlar dövründə idi. Buna görə də, müqavilənin şərtlərinə diqqət yetirilmədi və məhəl qoyulmadı.[1] Tarixçi Rudi Matthe bildirir ki, Səfəvi dövlətindəki böyük qarışıqlıq müqavilənin həyata keçirilməsini tamamilə mümkünsüz etdi.[1] Səfəvilərin Volinskinin dövlət və ordu barədə məlumat toplamasına əngəl olmağa çalışmasına baxmayaraq, o, Pyotrun öyrənmək istədiyi bütün məlumatları əldə edə bildi. O, Səfəvi imperiyasının ciddi süqut mərhələsində olduğu qənaətinə gəlmişdi və Pyotra etdiyi məruzəsində dövlətin xaricdən ola biləck hücumlar üçün həddindən artıq zəif olduğunu bildirmişdi.[15] Matthenin sözləriylə desək, Volınski ordunun dövləti daxili üsyançılardan və xarici təcavüzkarlardan müdafiə edə bilməməsi kimi gördüklərinə diqqəti cəlb edərək, Səfəvi dövlətinin məhvini uzaqgörənliklə qabaqcadan görürdü.[15]
Müqavilə iki dövlət arasındakı münasibətlər baxımından xüsusi əhəmiyyət daşıyır, çünki ikitərəfli şəkildə imzalanmış ilk rəsmi müqavilədir.[4] Həmçinin, müqavilə nəticəsində çox sayda rus tacir Səfəvi bazarlarına axın etmişdir.[4] Rus konsulluğunun açılması da xüsusi əhəmiyyət daşıyan məsələlərdəndir. Bir qədər sonra konsula bir də vitse-konsul qoşulmuş və başqa şəhərdə fəaliyyət göstərmiş, rus tacirlərinin himayəsiylə məşğul olmuşdur.[4] İpəyin xarici bazarlara çıxarılmasında Rusiya ylundan istifadə barədə heç bir maddə yoxdur.[4] Matthe bunun səbəbi kimi, erməni tacirlərin Volinskiyə qarşı apardığı və özlərinin Anadolu üzərindən olan yollarının təhlükəyə düşməməsinə yönəlmiş çalışmalarının nəticəsində belə olduğunu bildirmişdir.[1] Volinsi bildirir ki, Fətəli xan Dağıstani ona demişdir ki, "o, erməniləri öz məmulatlarını Rusiya vasitəsiylə ixrac etməyə məcbur edə bilməz".[1]
Müqavilənin imzalanmasından 4 il sonra, 1721-ci ildə Səfəvi şəhəri olan Şamaxı ləzgi quldurları tərəfindən ələ keçirildi və yağmalandı. Volinski Pyotra bildirdiyinə görə, bu hadisə zamanı rus tacirlərinin malına və canına çox ziyan dəymişdir.[16][17] Həmçinin hesabatda bildirilirdi ki, bu hadisə 1717-ci il müqaviləsinin şərtlərinin pozulması demək idi. Çünki bu müqavilə görə, öz ərazisi daxilindəki bütün rusları qorumaq Səfəvi dövlətinin borcu idi.[16] Səfəvi mülkünün xaos içində olmasını xatırladan Volinski, Pyotra bu xaosdan istifadə etməyi, müqaviləsinin şərtlərinin pozulmasını və "müttəfiqin Səfəvi şahını qorumağı" bəhanə edərək Səfəvi mülkünə hərbi müdaxilə etməyi tövsiyə etdi.[16][17] Qısa müddət sonra, Rusiya Şamaxıda rus tacirlərinə olan hücumu bəhanə edərək öz hərbi yürüşünü başlatdı.[18][19][20] 1722-1723-cü illəri əhatə edən yürüş Səfəvi və Rusiya arasında ticarəti dayandırıb Həştərxan şəhərini Volqa ticarət yolunun son nöqtəsinə çevirdi.[20]
Zənd dövrünün sona çatmasından sonrakı dövrdə 1717-ci il müqaviləsi Rusiya və Səfəvi coğrafiyası arasındakı bütün müqavilələrdə əsas istinad nöqtəsi oldu. Bu müqavilədəki iki maddə (rus konsulunun dövlət ərazisində fəaliyyət göstərməsinə icazə verilməsi və rusların azad ticarəti) sonrakı müqavilələrin hamısında yenə də təkrarlandı.[4]