Səid Mətinpur (22 sentyabr 1976, Zəncan) — Azərbaycanlı milli mədəni fəal, jurnalist, bloger və vicdan məhbusu. Zəncanda türkcə və farsca çap olunan "Omid-e Zəncan", "Peyk-e Azer", "Moc-e Bidari", "Bahar-e Zəncan" həftəlik qəzet və jurnalların redaksiyalarında çalışıb.
Səid Mətinpur | |
---|---|
Doğum tarixi | 22 sentyabr 1976 (48 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycan türkü |
Təhsili | |
Fəaliyyəti | jurnalist, aktivist |
Vikianbarda əlaqəli mediafayllar |
2009-cu ildə Tehran İnqilab Məhkəməsinin qərarı ilə 8 il həbsə məhkum edilib. Həbsdə olduğu müddətdə Beynəlxalq Amnistiya Təşkilatı, Sərhədsiz Reportyorlar və Jurnalistlərin Müdafiəsi Komitəsi jurnalist Səid Mətinpuru vicdan məhbusu adlandırıb və onun şərtsiz azadlığını tələb ediblər.
2015-ci ilin avqust ayının 26-da azadlığa çıxıb.
Səid Mətinpur 1976-cı il sentyabrın 22-də Zəncanda anadan olub. Tehran Universitetinin fəlsəfə fakültəsini bitirib.[1][2] Zəncanda türkcə və farsca çap olunan[3] "Omid-e Zəncan", "Peyk-e Azer", "Moc-e Bidari", "Bahar-e Zəncan" və "Dilmac" həftəlik qəzet və jurnalların redaksiyalarında çalışıb[4][5][6]. Bu nəşrlərdə Azərbaycan mədəniyyəti, və Azərbaycan türkcəsinin tədrisi və təbliği ilə məşğul olan dərnəklərin işi işıqlandırılıb, yerli yazıçı və şairlərin əsərləri çap edilib[7]. 1990-cı illərdə Zəncanda qurulmuş "İşıq" ədəbi dərnəyinin fəaliyyətində aktiv iştirak edib. Daha çox türkçülərin toplaşdığı bu dərnəkdə həftədə bir dəfə keçirilən yığıncaqlarda iştirakçılar ana dili, tarix və ədəbiyyatla bağlı müzakirələr keçirirdilər. 2001-ci ildə "İşıq" ədəbi dərnəyi öz fəaliyyətini dayandırıb. Həmin il Səid Mətinpur Zəncanda "İşıq Yol" adlı kitabçı mağazası açıb. 2006-cı ildə isə bu mağaza polis tərəfindən bağlandı.
2003-cü ildə Babək Qalası Qurultayından sonra Təbriz polisi tərəfindən həbs olunub, 2 gün həbsdə saxlanılıb. 2004-cü ildə Babək Qalası Qurultayından sonra Əhərdə polis tərəfindən 1 gün həbsdə saxlanılıb. 2006-cı ildə Milli Qiyam Günü ilə bağlı baş tutmuş aksiyalardan sonra Zəncan Ettelaatı tərəfindən bir müddətlik həbs olunub.
21 fevral 2007-ci ildə qardaşı Əlirza Mətinpur ilə birlikdə ana dili günü ilə bağlı aksiyalardan sonra həbs edilib.[8] Təxminən 10 gündən sonra[9] Səid Mətinpur, Telnaz Neməti, Əlirza Mətinpur və digər fəallarla birlikdə zəmanətlə azadlığa buraxılıb.[10]
25 may 2007-ci ildə heç bir sənəd göstərilmədən evindən oğurlanaraq 20 gün Zəncan Ettelaat idarəsində saxlanılıb. Daha sonra isə Tehranın Evin həbsxanasına aparılıb.[11][12] 1 aydan çox burada saxlanıldıqdan sonra yenidən Zəncan həbsxanasına geri göndərilib.[9] 25 maydan iyulun 3-ə qədər harda saxlanılması haqda yaxınlarına heç bir xəbər verilməyib[13]. Ona yalnız iyulun 3-də həyat yoldaşı ilə əlaqə saxlamağa icazə verilib[14]. 278 gün Zəncanda Ettelaat həbsxanasının təkadamlıq kamerasında saxlanılıb[15][16]. Burada o davamlı olaraq işgəncələrə və dindirilmələrə məruz qalıb. 27 avqust 2007-ci ildə Səid Mətinpura təzyiq göstərmək üçün qardaşı Əlirza Mətinpur da həbs edilib.[17][18] 2008-ci il yanvarın 28-də 500.000 dollar pulun girov qoyulması müqabilində azadlığa buraxılıb. Lazım olan pulu 3 evin sənədlərinin girov qoyulmasından sonra toplamaq mümkün olub[19].
2009-cu ildə Səid Mətinpur Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində hakim Salavati tərəfindən[20] 8 il həbsə məhkum edilib[21][22]. Mətinpur məhkəməyə çıxarılan zaman vəkillə təmin edilsə də ona Səid Mətinpuru müdafiə haqqı verilməyib. Səid Mətinpura özünü müdafiə etmək üçün isə sadəcə üç dəqiqə vaxt verilib[23]. Məhkəmənin qərarından apellyasiya şikayəti verilsə də[24] bu təmin olunmayıb və Səid Mətinpur əcnəbilərlə əlaqəyə girməkdə, eləcə də İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandırılıb[25][26][27]. 2009-cu il iyulun 11-də cəzasını çəkmək üçün Evin həbsxanasına aparılıb[19].
2009-cu ildə səhhətində problemlər yaranıb. Həbsi zamanı ağır işgəncələr gördüyü üçün, həbsdən əvvəl bəzi xəstəlikləri olduğu üçün həbsdə tez tez halı pisləşib[28]. Bundan başqa saxlandığı yerin yaxşı olmadığı üçün, 10 nəfərin qala biləcəyi yerdə 30 nəfər saxlanıldıqları üçün baş, bel ağrısı və baş gicəllənmələrindən əziyyət çəkib. Tibbi yardım üçün dəfələrlə müraciət etsə də onun müraciətinə baxmayıblar[29].
17 aprel 2014-cü ildə Evin həbsxanasının 350-ci bölməsində cəza çəkən 31 siyasi məhbus o cümlədən də azərbaycanlı məhbuslar Səid Mətinpur, Əsədullah Əsədi, İsmayıl Bərzigəri[30] İran təhlükəsizlik məmurları tərəfindən döyülüblər[31][32][33]. Səid Mətinpur sonradan tək nəfərlik kameraya köçürülüb[34]. Bu olanlara etiraz məqsədilə aclıq aksiyasına başlayıb. Səid Mətinpura dəstək üçün həyat yoldaşı Ətiyyə Tahiri də aclıq aksiyasına başlayıb.[35][36] Siyasi məhbuslara qarşı baş vermiş zorakılığa etiraz olaraq 66 nəfər məhkum da aclıq aksiyasına başlayıb. Onlar zorakılığın dayandırılmasını, həbsxana rəhbərliyinin onlardan üzr istəməsini, döyüldükdən sonra həbsxananın 240-cı korpusuna və təkadamlıq kameralara köçürülən məhkumların geri qaytarılmasını tələb ediblər[37]. Daha sonra İran həbsxanalarında özləri və ailələrinə qarşı artan basqılar və əziyyətlərə etiraz olaraq güneyli milli fəallar Yürüş Mehrəlibəyli, Behnam Şeyxi, Mahmud Fəzli, Şahrux Zamani, Arəş Məhəmmədi, İsmayıl Bərzgəri, Əsədüllah Əsədi aclıq aclıq aksiyasına başlayıblar. Bunun ardınca aclıq edən güneyli məhbuslara dəstək olaraq milli fəallar "Aclığa Salam" adlı kampaniyaya başlayıblar[38]. Bu kampaniyaya dəstək olaraq Cənubi Azərbaycandan, Azərbaycan Respublikasından, Türkiyədən, Avropa və Şimali Amerikadan olan onlarla milli fəal 3 günlük aclıq aksiyası keçiriblər.
2014-cü il iyul ayının 28-də ailəsini ziyarət etmək üçün üç günlük azadlığa buraxılıb[39]. Zəncanda olarkən halı pisləşib[40]. Həkimə aparıldıqdan sonra məzuniyyətinin müddəti bir neçə günlük uzadılıb. Avqust ayının 4-də Tehranda yerləşən Evin həbsxanasına geri qayıdıb[41].
2015-ci ilin avqust ayının 26-da[42] 8 illik məhkumluq müddətinin əsas hissəsi 7 il 2 ayını çəkdikdən sonra konstitutsiyanın 134-cü maddəsinə uyğun olaraq[43] bir neçə ay tez azadlığa buraxılıb.[6][44]
2007-ci ilin avqust ayında cənubi azərbaycanlı milli hərəkat fəalları, yazıçılar, din xadimləri və hüquq müdafiəçiləri tərəfindən zəncanlı jurnalistlər Səid Mətinpur, Bəhruz Səfəri və Cəlil Qənilunun həbsi ilə bağlı bəyanat imzalanıb. Onlar hər üç məhbusun azərbaycanlıların milli mədəni hüquqları uğrunda gedən hərəkatda xüsusi yerlərinin olduğunu və onların həbsinin tamamilə qanunsuz olduğunu qeyd edərək onların dərhal azad olunmalarını tələb ediblər. Bəyanatı imzalayanlardan biri olan din xadimi höccətülislam Seyid Heydər Bayat həbs olunanların Tehranda yerləşən Evin həbsxanasına aparıldıqdan sonra işgəncəyə məruz qalmaları barədə xəbərlər aldığını qeyd edərək onların sağlamlığı ilə bağlı ciddi narahat olduğunu qeyd edib.[45]
23 avqust 2007-ci ildə Beynəlxalq Amnistiya Təşkilatı Səid Mətinpuru vicdan məhbusu elan edib.[46][47] Yayılan bəyanatda və eləcə də İngiltərədə yerləşən Frontline hüquq müdafiəçiləri birliyinin bəyanatında Səid Mətinpurun televiziya ilə etiraflara məcbur edilmək məqsədilə işgəncəyə məruz qaldığı bildirilir.[17] Bəyanatda həm də qeyd edilir ki, ona həbsindən sonra ailəsi və vəkillə görüş imkanı verilməyib, yalnız bir neçə qısa müddətli telefon zənginə icazə verilib.[47]
2007-ci il noyabr ayının 21-də Mərkəzi Dublində yerləşən və Birləşmiş Millətlər Təşkilatının İqtisadi-İctimai Şurasında Xüsusi Məsləhətçi statusuna malik olan Beynəlxalq İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Fondu "Birini qoru-minini gücləndir" adlı kampaniyaya başlayıb. Bu kampaniyanın məqsədi dünyanın 12 ölkəsində həyatları təhlükədə olan 14 hüquq müdafiəçisinin o cümlədən onların arasında olan Səid Mətinpurun azad edilməsi məqsədilə imza toplamaq, onları təqib və ya həbs edən hökumətlərə təzyiq göstərməyə çalışmaqdır.[48]
2009-cu ildə bir qrup azərbaycanlı milli fəal Londonda BBC kanalının baş redaksiyasının önündə aksiya təşkil ediblər. Onlar Səid Mətinpura azadlıq tələb etməklə yanaşı BBC farscanın Səid Mətinpur haqqında heç bir xəbər hazırlamamasını tənqid edib onun haqqında xəbər paylaşmaqlarını tələb ediblər.[49]
2010-cu ilin mart ayının 12-də Təbrizin "Traktorsazi" və Tehranın "Steel Azin" futbol klublarının oyununda futbol azarkeşləri və milli fəallar "Azərbaycan var olsun, Mətinpur azad olsun!", "Türk dilində mədrəsə!" şüarları səsləndiriblər.[50]
2010-cu il iyunun 12-də Beynəlxalq Amnistiya Təşkilatı, Sərhədsiz Reportyorlar və Human Rights Watch təşkilatlarının dəstəyi ilə Parisdə Səid Mətinpurun azadlığa buraxılması tələbi ilə fləşmob keçirilib.[51]
2010-cu ilin sentyabr ayında İranın 808 nəfər türk, fars, ərəb, kürd, bəluc və digər etniklərdən olan ictimai xadimi Cənubi Azərbaycandan olan siyasi məhbusların azadlığını tələb edən açıq məktubla çıxış ediblər. Müraciəti "HARANA", "Savalan səsi", "Rahi Karigər" kimi xəbər saytları, Azərbaycan Demokrasi Ocağı və başqa türk və fars saytları yayıblar. Onlar milli fəalların həbs edilməsinə, onların bir nəfərlik kameralarda saxlanmaqlarına, çox vaxt vəkil tutmağa imkan verilməməsinə, həbsdəkilərin bəzilərinə ağır işgəncələrin verilməsinə, onlara ailələri ilə görüşə və ya telefon əlaqəsi saxlamağa imkan verilməməsinə etiraz ediblər. Daha sonra onlar aralarında Səid Mətinpurun da olduğu hələ də həbsdə yatan onlarla məhbusun azad olunmağını tələb ediblər.[52]
2011-ci il iyun ayında Dünya azərbaycanlıları İranda həbsdə olan beş azərbaycanlı siyasi və mədəni fəalın azad edilməsi üçün imzatoplama kampaniyasına başlayıblar. Səid Muğanlı, Əyyub Şiri, Səid Nəimi, Sima Didar və Səid Mətinpurun azad olunması üçün bir neçə sayt vasitəsilə imzalar toplanılıb.[53]
2012-ci il aprelin 17-də Beynəlxalq Amnistiya Təşkilatı Səid Mətinpurun həbsdə səhhətində ciddi problemlərin olduğuna görə onun müdafiəsi ilə bağlı Kanadanın Vankuver şəhərində kampaniya keçirib.[54]
2013-cü ildə Təbriz Universiteti və Təbriz Tibb Universitetinin Birliyi İrana yeni prezident seçilmiş Həsən Ruhaniyə açıq məktub ünvanlayıblar. Məktubda həbsdə olan Səid Mətinpur və onun kimi milli fəalların hüquqlarının pozulması da qeyd olunub.[55]
2013-cü il sentyabrın 21-də Beynəlxalq Amnistiya Təşkilatı və İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Birliyi (ADAPP) Səid Mətinpurun Tehranda yerləşən Evin həbsxanasında beşinci ildir keçirdiyi doğum günü münasibətilə birgə kampaniya təşkil edib. Kanadanın Vankuver şəhərinin mərkəzində keçirilən tədbirdə Səid Mətinpurun azadlığını tələbi ilə İranın ali dini liderinə ünvanlanmış poçt kartları şəhər sakinləri tərəfindən imzalanıb. Bu müraciətdə vicdan məhbusu Səid Mətinpurun dərhal və qeyd-şərtsiz azadlığa buraxılması ilə yanaşı, İranda fars olmayan uşaqların ana dilində təhsil almaq haqqının təmin edilməsi də tələb edilib.[56]
2014-cü il mayın 3-də Sərhədsiz Reportyorlar beynəlxalq hüquq müdafiə təşkilatı Ümumdünya Mətbuat Azadlığı Gününə həsr edilmiş "100 informasiya qəhrəmanı" adlı siyahı açıqlayıb.[57] Siyahıda insan hüquq və azadlığı istiqamətində cəsarətli iş fəallığı ilə seçilən jurnalist və bloggerlərin o cümlədən vicdan məhbusu Səid Mətinpurun da adı qeyd olunub.[58][59]
Səid Mətinpur Həbsdə olduğu müddətdə Beynəlxalq Amnistiya Təşkilatı, Sərhədsiz Reportyorlar və Jurnalistlərin Müdafiəsi Komitəsi jurnalist Səid Mətinpuru vicdan məhbusu adlandırıb və onun şərtsiz azadlığını tələb ediblər.[60]