Səksəncək döyüşü

Səksəncək döyüşü - 1526-cı ildə Ustaclı tayfasından olan Köpək sultan Ustaclı ilə rumlulardan Div sultan Rumlu arasında vəkalət müharibəsi nəticəsində baş verən döyüşlərdən biri.

Səksəncək döyüşü
Ustaclı-Rumlu mübarizəsi
Tarix 26 mart 1526
Yeri Səksəncək, Səfəvilər dövləti
Səbəbi Vəkalət uğrunda mübarizə
Nəticəsi Ustaclılar məğlub edildi
Münaqişə tərəfləri

Səfəvilər İmperiyası

Səfəvilər İmperiyası

Komandan(lar)

Şah Təhmasib
Div sultan Rumlu
Çuxa sultan Təkəli

Köpək sultan Ustaclı
Məntəşa sultan Ustaclı,
Qazaq sultan Ustaclı

İtkilər

məlum deyil

məlum deyil

Şah İsmayılın vəfatından sonra oğlu Təhmasib Mirzə formal olaraq şah elan edildi. Lakin bu zaman Təhmasib Mirzə 10 yaşında idi. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, I Təhmasibin lələsi (atabəyi) Div sultan ələ keçirdi. Lakin ustaclı tayfasının Köpək sultan və Abdulla xan kimi qüdrətli əmirləri onun hakimiyyətinin güclənməsinə yol vermək istəmirdilər. Təbrizdə ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Div sultan özbəklərin Xorasana basqınını dəf etmək bəhanəsi ilə paytaxtdan çıxdı və guya xarici düşmənə qarşı qoşun toplamaq üçün Təbəristanla sərhəddə yerləşən Lar yaylağına yola düşdü. İsfahan hakimi Çuxa sultan Təkəli, Həmədan hakimi (tiyuldarı) Qaraca sultan Təkəli,Məşhəd hakimi Burun sultan Təkəli, Şiraz hakimi Əli sultan Zülqədər və başqaları onun çağırışı ilə öz qoşunları ilə bura gəldilər. Div sultan hədiyyələr və vədlər verməklə onları öz tərəfinə çəkdi və Köpək sultan Ustaclı əleyhinə ittifaq bağladı. Şamlı tayfasının iki görkəmli əmiri – Herat hakimi Durmuş xanAstrabad hakimi Zeynal xan şəxsən Div sultana qoşulmasalar da, onun vəkilliyə olan iddialarını müdafiə etdilər.[1]

Div sultan bununla da kifayətlənmədi. O eyni zamanda Köpək sultanın mənsub olduğu Ustaclı tayfasının bir çox əyanları ilə də əlaqə saxladı və onların bəzilərini Köpək sultana qarşı təhrik etdi, onlara tiyul torpaqlar payladı və bununla da onları öz tərəfinə çəkə bildi. “Tarix-e aləmara-ye Abbasi” əsərindəki məlumata görə, özbək qoşunlarının Xorasan vilayətinə yaratdığı təhlükə tezliklə aradan qalxdı. Amma Div sultan onun ətrafına toplanmış olan qoşunları buraxmadı və bu qoşunları Təbriz üzərinə, yəni Köpək sultana qarşı mübarizəyə istiqamətləndirdi. Əslində, bununla da Div sultan qarşı tərəfi güzəştə getməyə məcbur etdi. Köpək sultan yaranmış şəraitdə silahlı qarşıdurmaya getməyi lazım bilmədi və tərəfdarlarını da dinc barışıq yolunu tutmağa çağırdı. Mənbə məlumatlarına görə, Köpək sultan hətta mübahisə və qarşıdurma obyekti olan vəzifənin də Div sultanda qalmasına, özünün isə həmin vəzifədən imtina etməsinə razı oldu. Niyyətinin səmimi olduğunu göstərmək üçün Köpək sultan ətrafına toplanmış qüvvələrlə Təbrizi tərk etdi və Div sultanı qarşılamağa yollandı. Beləliklə vəkillik vəzifəsi sadəcə Div sultan Rumluda qaldı.[2]

Ustaclıların cəzalandırılması və döyüşə təhrik edilməsi

[redaktə | mənbəni redaktə et]

Div sultan gələcək narahatçılıqların bir də təkrarlanmaması üçün həm Köpək sultana qarşı, həm də onu Div sultanla müxalifətçiliyə təhrik edənlərə qarşı daha ciddi tədbirlər həyata keçirilməsini məqsədəuyğun bildi. Əvvəlcə, Ustaclı tayfasını Div sultana qarşı müxalifətçiliyə təhrik edən Qarınca sultan və başqa bir neçə sultan Şah Təhmasibin razılığı ilə qətlə yetirildi. Bundan sonra isə Köpək sultan müharibə aparmaq adı ilə tayfası ilə birlikdə Gürcüstana göndərildi və bununla həm Köpək sultan, həm də onun ətrafında olan qüvvələr Təbrizdən uzaqlaşdırıldı.[3]

Münşi yazır ki, Köpək sultan və Ustaclı el-obası Gürcüstan istiqamətinə göndəriləndən sonra Ustaclı əmirlərinə və əyanlarına paylanmış olan tiyullar (torpaq sahələri) geri alındı. Köpək sultanla və Ustaclı əmir və əyanları ilə müxalifətçilikdə üstünlük əldə etdikdən sonra Div sultan məlikül-üməra, Çuxa sultan isə rüknüs-səltənə (səltənətin əsası) elan edildi. Lakin Div sultanın dövlət idarəçiliyini öz əlində cəmləşdirməsi Ustaclı tayfasının ona qarşı müxalifətçiliyini heç də aradan qaldırmadı. Əksinə, Ustaclı əmir və əyanlarının cəzalandırılması, onlara məxsus torpaq sahələrinin əllərindən alınması sonsuz qəzəblə qarşılandı. Ona görə mövcud olan narazılıq tezliklə daha bir qarşıdurmaya yol açdı.[4]

Köpək Sultan ustaclı, rumlu və təkəli tayfaları ilə mübarizə aparmaq üçün hicri 932-ci il rəcəbin əvvəlində (1526-cı ilin əvvəli) Xalxaldan Sultaniyyəyə gəldi. Ona qoşulmuş ustaclı əmirləri, o cümlədən Qılıc xan, Məntəşa bəy Şeyxlər qorçibaçının qardaşı Sarı Pirə, Bədr bəy Qorçibaşı və Kürd bəylə birgə Köpək Sultan şah qərargahına hərəkət etdi. Bu barədə Həsən bəy Rumlu “Əhsən ət-Təvarix” əsərində yazır:

“Bu il ustaclu əmirləri ölkələri əllərindən alındığı üçün müxaliflik etməyə başladılar. Köpək sultan rəcəb ayının (13.04.-12.05.1526) əvvəlində Xalxal yolundan Sultaniyyəyə gəldi. Məntəşa sultan, Qılıc xan, Qurd bəy və Bədir bəy ona qoşuldular və savaş meydanına üz qoydular. Div sultanla Çuxa sultan ustaclu əmirlərinin müxalifliyindən agah olduqda, miqdarını xəyal mühasiblərinin sayıb qurtarmaqda aciz qaldıqları qədər çoxsaylı bir qoşunla və dinin pənahı olan şah ilə birlikdə onlara qarşı hərəkət etdilər, gəlib Səksəncək mövqeyində dayandılar. Əmirlərin fikrindən keçdi ki, yenə də Köpək sultanla sülh bağlasınlar, fitnə alovlarını tədbir suyu ilə söndürsünlər, ortalıqda qalxmış olan vəhşət tozanağını və şölələnmiş fəsad atəşini öyüd-nəsihət zülalı ilə yatırsınlar. [Bu məqsədlə] onlar Qasım xəlifə Varsağı elçi sifəti ilə ustaclu əmirlərinin yanına göndərdilər, uzlaşmanın əsasını möhkəmlətmək və nifaq zəncirini qırmaq yönündə təkliflər irəli sürdülər. [Qasım] xəlifə Varsaq “Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşursa, onları dərhal barışdırın” ayəsinin zərurətinə əməl edib razılaşma köynəyini geyindi, barışıq əlini səmimiyyət qolçağından çıxardı, Köpək sultanın yanına gəldi və tərəflərin barışması üçün xeyli səy göstərdi.”[5]

Bu məlumatdan göründüyü kimi, Div sultan və onun ətrafındakılar Köpək sultanın dəstəsinə qarşı döyüşə başlamazdan əvvəl barışıq əldə edilməsinə cəhd göstərdilər. Çox güman ki, Köpək sultan öz ətrafına çox böyük sayda qoşun dəstəsi toplaya bilmişdi və bu dəstəyə qarşı vuruşmaq Div sultanda müəyyən nigarançılıq yaradırdı. Ona görə də mənbə məlumatlarına görə, Div sultanın rəhbərliyi altında olan şah qoşunları Sultaniyyə yaxınlığında yerləşən Səksəncək adlanan məntəqəyə yetişəndən sonra Köpək sultanla barışıq əldə edilməsinə cəhd göstərildi. Bununla əlaqədar olaraq Qasım xəlifə Varsaq danışıqlar aparmaq üçün Köpək sultanın yanına göndərildi. Bu barışığın hansısa bir şərt çərçivəsində olub-olmaması haqqında mənbələrdə bir məlumat yoxdur. Məlum olan odur ki, Qasım xəlifə Varsağın Köpək sultanla apardığı danışıqlar bir nəticə vermədi və Köpək sultan öz mövqeyindən geri çəkilmədi. Belə olanda tərəflərin silahlı qarşıdurmasından başqa bir yolu qalmadı.[6]

Hər iki tərəf bu qarşıdurmaya ciddi hazırlaşmışdı. Hətta döyüşdən qabaq təbillər səsləndirildi, ney sədaları ətrafa yayıldı, qoşunlar dövrün müharibə ənənələrinə və təcrübəsinə uyğun olaraq qruplaşdırıldı, sağ və sol cinahlar ayrıldı, onların hər birinə rəhbərlər təyin edildi.[7]

Tərəflərin düzülüşü

[redaktə | mənbəni redaktə et]

Hər iki tərəf səflərin tərtibi, nizələrin və qılıncların döyüşə hazır vəziyyətə gətirilməsi ilə məşğul oldu. Rumlu-təkəli tərəfdə mərkəzdə Şah Təhmasib özü dayandı. Div sultan və Çuxa sultan şahın sağında və solunda qərar tutdular. Sağ cinahda Burun sultan Təkəli, Qaraca sultan Təkəli və Əxi sultan Təkəli dayandı. Sol cinahda isə Dəmri sultan Şamlı və Məhəmməd xan Zülqədəroğlu var idi. Ustaclı qoşunlarının düzülüş qaydası isə belə idi: Sağ cinahda Məntəşa sultan Ustaclı, sol cinahda Qazaq sultan dayanmışdı. Köpək sultan isə mərkəzə rəhbərlik edirdi.[8][9]

Döyüşün başlaması

[redaktə | mənbəni redaktə et]

Mayın 26 (şaban ayının 14-də)-da Səksəncək adlanan yerdə düşmən tərəflər arasında döyüş baş verdi. Əvvəlcə ustaclı əmirləri öz rəqiblərinə üstün gəldilər. Köpək sultanla Məntəşa sultan təkəlü əmirlərinin üzərinə at çapdılar.“ Minik heyvanlarının nallarının tozanağından günəşin gözü tutuldu və atların dırnaqlarından qal xan toz-torpaqdan dünya başına tozdan pərdə çəkdi. ... Köpək sultanla Məntəşa sultan nisan (aprel) ildırımı kimi cuşa gəlmişdilər və qamışlığa düşən şimşəktək qızmışdılar.”[8]

Ustaclılar hər iki tərəfdən hücuma keçir mübarizə aparırdılar. Döyüş ustaclıların leyhinə davam edirdi. Təkəlülər məğlub oldular. Burun sultanla Qaraca sultan qətlə yetirildi. Ustaclular təkəlüləri təqib edərək şah ordusunun mərkəzinin arxasına doğru dolandılar. Ustaclı əmirlərinə qarşı döyüşə şahın xüsusi hərbi dəstəsi (qorçilər) daxil olduqda üstünlük rumlu və təkəli əmirlərinin tərəfinə keçdi.[10][9]

Rumlu yazır:

“Yüksək uçan şahbaz kimi şığıyan Köpək sultan hökmdarın çətirini səadətin qanadları kimi açılmış gördükdə quş kimi iztirabın əsiri oldu, ayağını savaş meydanından geriyə qoydu, yüyənini nakamlığın əlinə verib, az adamla, fəqət çoxlu xofla fərar vadisinə tələsdi. Qorçular onları təqib etdilər və bir hissəsini qətlə yetirdilər. Ustaclu əmirləri Əbhər hüduduna gəldilər. Orada arxadan sürətlə gələn təkəlülər onlara çatdılar. [Ustaclular] çarəsiz qalıb Rəşt hakimi Müzəffər sultana pənah apardılar.”[11]

Ustaclı qoşunu qaçmağa üz qoydu və Əbhərdən keçərək Taroma – Rəşt hakimi Müzəffər Sultanın mülklərinə gəldi.[10]

Beləliklə Div sultan Rumlu tərəfdarları ilə Köpək sultan tərəfdarları arasında baş verən ilk döyüşdə ustaclılar məğlub edildi.

  1. Əfəndiyev, 2007. səh. 72
  2. Süleymanov, 2020. səh. 41
  3. Süleymanov, 2020. səh. 42
  4. Münşi, 2009. səh. 104
  5. Rumlu, 2017. səh. 451
  6. Əfəndiyev, 2007. səh. 73
  7. Münşi, 2009. səh. 105
  8. 1 2 Rumlu, 2017. səh. 452
  9. 1 2 Cavanşir, 2007. səh. 462
  10. 1 2 Əfəndiyev, 2007. səh. 74
  11. Rumlu, 2017. səh. 453
  • Rumlu, Həsən bəy. Əhsənüt-təvarix (az.). Bakı: Uzanlar. 2017. ISBN 978-605-030-641-5.
  • Münşi, İsgəndər bəy. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF) (az.). I. Bakı: «Təhsil» nəşriyyatı. 2009.
  • Cavanşir, Babək. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576) (türk). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007.
  • Süleymanov, Mehman. Səfəvilər. Şah Təhmasib (az.). V. Bakı: Maarif. 2020. ISBN 978-9952-37-141-8.
  • Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. səh. 344. ISBN 978-9952-34-101-0.