Zərdablı Səttar Mahmud oğlu (d. 5 may 1937, Allahqulubağı, Zərdab rayonu — ö. 29 oktyabr 2014, Bakı) — şair, publisist, ssenari müəllifi, kino redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977).[2]
Səttar Zərdablı | |
---|---|
Səttar Mahmud oğlu Zərdablı | |
Doğum adı | Səttar Zərdablı |
Təxəllüsü | Səttar Zərdabi |
Doğum tarixi | |
Doğum yeri | Allahqulubağı, Zərdab rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Allahqulubağı, Zərdab rayonu |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu |
Fəaliyyəti | şair[1] |
Səttar Zərdablı 1937-ci ilin mayın 5-də Zərdab rayonunun Allahqulubağı kəndində anadan olub. M. Qirki adına Zərdab orta məktəbini bitirəndən sonra 1957–1959-cu illərdə Bakı Mədəni Maarif Texnikumunun mədəni-maarif şöbəsində, 1959-cu ildə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil almışdır.
1964–1979-cu illərdə patiyanın XXII qurultayı adına Bakı Neftayırma zavodunun klubuna bədii rəhbər, Azərbaycan Yazıçılar Birliyinin Natavan adına klubunda müdir, Aşıq Ələsgər adına Respublika Xalq Yaradıcılığı Evində məsləhətçi, "Mozalan" satirik kinojurnalında redaktor olmuşdur. 1981-ci ildə "Kirpi" satirik jurnalının felyetonlar şöbəsinin əməkdaşı, 1992-ci ildə "Mozalan" müstəqil ictimai-siyasi satirik qəzetinin felyetonlar şöbəsinin müdiri vəzifələrində çalışmış, 1994-cü ildən "Güzgü" qəzetinin baş redaktoru olmuşdur. 1992-ci ildə H. Zərdabi Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin prezidenti olmuş şair öz şəxsi maşınını sataraq Həsən bəy Zərdabinin qəbrini düzəltdirmiş,[3] eyni zamanda Terrora Qarşı Beynəlxalq İdeoloji Mübarizə Mərkəzinin sədri olmuşdur.[4]
İlk şeiri olan "Şəlalə" adlı qoşma 1958-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuşdur. Onun yaradıcılığında " Lenin haqqında nəğmələrim" silsilə şeirlər başlıca yer tuturdu. "Canımov qol çəkir", "Ərimi qaçırıblar", "Şəhərdə dəyyus var", "İt həkimi lazımdır", "Dilbər xanım qayınatamdır", "Nankorlar", "Aydan gələn oğlan" və başqa komediyaları dövlət və xalq teatrı səhnələrində oynanılmışdır. Həsən bəy Zərdabi çoxseriyalı bədii-sənədli filminin, "Durnalar qayıdır", "Qorbaçovun qudası" kinokomediyalarının senaristidir. 1977-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olan S. Zərdablı son illərdə fəaliyyətinin böyük bir hissəsini Həsən bəy Zərdabi irsinin təbliğinə həsr etmiş, 2014-cü ilin 29 oktyabrında 77 yaşında vəfat etmişdir.[5][6]