Şəfiqə Axundova

Şəfiqə Qulam qızı Axundova (21 yanvar 1924, Nuxa26 iyul 2013[1], Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (1998), "Şöhrət" ordeni laureatı (2005). Şərqdə ilk opera yazan qadın bəstəkar hesab olunur.[2]

Şəfiqə Axundova
Ümumi məlumatlar
Doğum tarixi 21 yanvar 1924(1924-01-21)
Doğum yeri
Vəfat tarixi 26 iyul 2013(2013-07-26)[1] (89 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Janrlar opera, klassik musiqi
Musiqi aləti piano
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1998 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1973
"Şöhrət" ordeni — 2005
"Şərəf nişanı" ordeni — 1959 "Əmək veteranı" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəfiqə Axundova 1924-cü ildə qədim Şəkinin sayılıb-seçilən Axundovlar ailəsində dünyaya göz açıb. Atası Qulam Axundov dövrünün tanınmış ziyalısı idi. Müəyyən illərdə partiya işində, rəhbər vəzifələrdə çalışmışdı. Anası Züleyxa xanım isə evdar qadın idi.

Bakıdakı 173 saylı məktəbdə təhsilini davam etdirərkən musiqi məktəbinə də daxil olur. Sənət taleyinin uğurlu olmasını Şəfiqə xanım bacısı Zümrüdün adı ilə bağlayırdı. Zümrüd xanım böyük ədəbiyyatşünas alim, tənqidçi, akademik Məmməd Arif Dadaşzadənin həyat yoldaşı idi. Dadaşzadənin evində dövrün görkəmli ziyalıları yoldaşları ilə tez-tez qonaq olurdular və bacısı Şəfiqəyə qonaqlar üçün royalda musiqi ifa etməyi tapşırardı. Şəfiqə Axundova incəsənət idarəsinin rəisi, yazıçı Mirzə İbrahimov və həyat yoldaşı Sara xanımın vasitəçiliyi ilə Üzeyir Hacıbəyovla görüşür. Üzeyir Hacıbəyov ona musiqi təhsili almağı tövsiyə edir və Hacı Xanməmmədovun tar sinfinə göndərir. Bir ildən sonra o, Ağabacı Rzayevadan tarın sirrlərini öyrənir. Beləliklə, Şəfiqə Axundovanın uğurlu təhsil yolu Üzeyir bəyin xeyir-duası ilə 1941-ci ildən başlayır. O həmçinin Fatma Zeynalova və Məmməd Nəsirbəyovdan musiqi nəzəriyyəsini öyrənir.

1943-1944-cü illərdə Şəfiqə xanım Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alır. Sonra Azərbaycan Dövlət Konservatoriyasında həm musiqi nəzəriyyəsi, həm də bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirir. Üzeyir bəy gənc yetirməsinin yaradıcılığı, uğurları ilə daim maraqlanır. Konservatoriyanın nəzdində hazırlıq kursları açan Üzeyir bəy gənc bəstəkarlara Azərbaycan xalq musiqisinin əsaslarını öyrədir, fərdi olaraq onların əsərləriylə məşğul olur, birlikdə muğamları nota köçürürlər. Gənc Azərbaycan musiqiçilərinə bəstəkarlıq sənətinin klassik qayda-qanunlarını daha dərindən öyrətmək üçün Üzeyir bəy Leninqrad Konservatoriyasının görkəmli professoru Zeydmanı Bakıya dəvət edir və gənclər böyük ustaddan bəstəkarlığın sirlərini öyrənirlər.[3]

1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.[4]

O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.

Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1972-ci ildə "Gəlin qayası" operası ilə musiqisevərləri valeh edib.

Ş.Axundova 26 il -1956-cı ildən 1982-ci ilə qədər Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim kimi çalışmışdır.

26 iyul 2013-cü ildə vəfat etmişdir[5]. II Fəxri xiyabanda dəfn olunub.

Şəfiqə Axundovanın oğlu Taleh Hacıyev istedadlı bəstəkar və pianoçu idi.Taleh Hacıyev 2008-ci ildə dünyasını dəyişib.

2024-cü ildə haqqında "Şərqin nəğməkar qızı" sənədli filmi çəkilmişdir.[6]

Şəfiqə xanım 600-ə qədər mahnının müəllifidir. İlk bəstəsi “Bala” mahnısıdır.

  • "Bakı haqqında mahnı", "Sahil çıraqları", "Nəğməli Lənkəran", "Mənim respublikam", "Ana torpaq", " Bu torpağa borcluyam", “Sənin nəğmən”, “Gecələr yuxusuz qoymusan məni”, ”Şəki”, “Gözlərimin işığı sənsən”, “Həsrətindəyəm”, “Mehriban olaq”, "Beşik başında", "Zəfər marşı", "Zəfər bizimdir", "Ana Vətən" mahnıları.
  • "Vicdan" pyesindən "Nədən oldu" mahnısı, «Gəlin qayası» radiopyesindən «Könül təranələri» mahnısı, «Natəvan» pyesindən «Neyçün gəlməz» mahnısı.
  • Şərəf Rəşidovun «Kəşmir mahnıları» poeması əsasında yazdığı musiqi «Kəşmir mahnıları» məcmuəsinin yaranmasına səbəb olub.
  • Xalq yazıçısı Süleyman Rəhimovun eyniadlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə yazdığı "Gəlin qayası" operası
  • Novruz Gəncəlinin librettosu əsasında yazdığı "Ev bizim, sirr bizim" operettasında simfonik orkestr üçün yazdığı suitalar, simli kvartet üçün pyesləri, xor üçün silsilələri
  • Əyyub Abbasovun "Adil və Sərvinaz" tamaşasına musiqi bəstələmişdir.
  • "Son məktub", "İliç buxtası", "Qaynana", "Böyük ürək", "Vicdan", "Sən nə üçün yaşayırsan?", "Qızıl Əjdaha", "Natəvan", "Yaşar", "Aydın", «Dost Əli», «Rübailər aləmində», "Əlvida, Hindistan" kimi tamaşalarına mahnılar bəstələmişdir
  • Nizami Gəncəvinin sözlərinə “Nə gözəl” və “Cahanda”, Məhəmməd Füzulinin sözlərinə “Fəqan etmək idim” romansları
  • Simfonik orkestr üçün süita, solo kamança üçün “Ləpələrin pıçıltısı” əsəri, müxtəlif fortepiano pyesləri, xalq çalğı alətləri üçün “Bayram rəqsi”, “Xoş rəng” və s. kimi əsərlər.
  • “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və digər uşaq tamaşalarına yazdığı musiqilər.
  • “Çinar və mən”, “Həyat, sən nə şirinsən?!”, “Sular qızı”, “Ötür illər”, “Bu torpağa borcluyam”, “İlhamını alar aşiq”, “Doğma diyarım”, “Gəl, ey səhər”, “Yaşatdın elləri”, “Sevgi ölmür” lirik mahnıları
  1. Azərbaycan elləri (film, 1976)
  2. Mənim atam Əliövsət Sadıqov (film, 2007)
  3. Bəstəkar Şəfiqə Axundova (film, 2012)
  1. 1 2 Shafiga Akhundova - first female composer of East.
  2. "Şərqdə ilk opera yazan bəstəkar qadın". Oxu.Az (az.). 2024-01-21. İstifadə tarixi: 2024-01-21.
  3. İradə ƏLİYEVA. "Onun üçün nəğmə həyat idi. Şəfiqə Axundova-90" (az.). Azərbaycan. 10.04.2014. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 fev 2024.
  4. Onlarla qürur duyuruq [ölü keçid]
  5. "Şəfiqə Axundova dünyasını dəyişdi". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-26.
  6. Kanal S. ""Şərqin nəğməkar qızı" sənədli filminin təqdimatı baş tutub" (az.). Youtube.com. 06.08.2024. 2024-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-06.
  7. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.
  • Cəfərov, N. Onun üçün nəğmə həyat idi: Şəfiqə Axundova – 90 //Azərbaycan.- 2014.- 10 aprel.- S.10.
  • Musiqidə yaşanan ömür: Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 90 illiyi qeyd edilib: [Azərbaycan Dövlət Filarmoniyasında] //Mədəniyyət.- 2014.- 11 aprel.- S. 3.
  • Şəfiqə Axundova – 90: [bəstəkar, Əməkdar incəsənət xadiminin yubileyi münasibətilə] //Mədəni həyat.- 2014.- № 2.- S.25.
  • Tofiq, H. Şəfiqə Axundovanın 90 illik yubileyi qeyd edilib: [M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında] //Azad Azərbaycan.- 2014.- 11 aprel.- S.5.; Palitra.- 2014.-11 aprel.-S.13.; Şərq.- 2014.-11 aprel.-S.14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]