SSRİ-də fəlsəfə

SSRİ-də fəlsəfə — XX əsr fəlsəfə tarixində demək olar ki, tədqiq olunmamış dövrlərdən biri də sovet dövrü fəlsəfəsidir. 70 il ərzində Sovet İttifaqı adlanan böyük bir ölkədə yayılan və inkişaf edən fəlsəfədən danışmamaq doğru olmazdı. Bu ölkədə nəinki müharibələr, dəhşətli sosial eksperimentlər aparılmış, həmçinin fəlsəfə ilə də məşğul olmuşlar. Sovet quruluşunun hazırkı tənqidçilərinin fikrincə, sovetlər birliyində 10 illərlə fəlsəfə olmamış, intellektual həyat məhv olmuş, ancaq mərkəzi paytaxt şəhərlərində qadağan olunmuş söhbətlər aparılmışdır. Əlbəttə bütün bunlar ağ yalandır. Əslində Sovetlər İttifaqında başdan– başa savadsızlığın ləğvi, əyintilərlə olsa da mədəni inqilabın həyata keçirilməsi mümkün olmuşdur. Bəzilərinin bəyənmədikləri alimlərin əksəriyyəti aristokrat ailələrindən deyil, sadə fəhlə və kəndli ailələrindən çıxmış adamlar olmuşdur. Əslində sovet dövrü bütövlükdə fəlsəfi təhlil baxımından mürəkkəb, maraqlı və həm də dramatik olmuşdur.

XX əsrin 20–30-cu illərində bir sıra görkəmli alim–filosofların məcburi mühacirətə yollanması (onlar bolşeviklərin ideoloji doktrinaları ilə razılaşmırdılar) heç də fəlsəfi həyata son qoymadı. Sovetlər birliyində qalıb işləyən və eləcə də yetişməkdə olan yeni filosof nəsilləri çox çətin bir siyasi dövrdə yaşamalarına, bəzi fikirləri açıq şəkildə deyə bilmədiklərinə, hətta öz ideyalarına görə həyatlarını belə qurban verməklərinə baxmayaraq, fəlsəfə elmini inkişaf etdirmişlər. Əslində hamı xaricə gedə bilməzdi. Yaxud da hamı dissident ola bilməzdi. Bundan başqa, həmin dövrdə yaşamış alimlərin demək olar ki, əksəriyyəti marksizmin həqiqi fəlsəfə olduğuna bütün varlıqları ilə inanmışdılar. Tarixin dəfələrlə sübut etdiyi kimi, həyat öz iradəsini çox zaman diktə etmək qüdrətinə malik olduğundan, həmin dövr alimləri də zamanın göstərişlərinə tabe olmuşdular. Sovet dövrü fəlsəfəsi, onun inkişaf mərhələləri və işlədiyi əsas mövzuları necə səciyyələndirmək olar? Hər şeydən əvvəl, bu dövrü üç mərhələyə bölmək lazımdır.

Birinci mərhələ

[redaktə | mənbəni redaktə et]

Birinci mərhələni şərti olaraq 1922–1930-cu illərlə əlaqələndirmək mümkündür. Bu dövr diskusiya və mübahisələr dövrü hesab olunur. Bu dövr mübahisəsinə V.İ.Leninin 1922-ci ildə çapdan çıxan "Mübariz materializmin əhəmiyyəti haqqında" əsəri daha çox səbəb olmuşdur. Sonralar Leninin fəlsəfi vəsiyyəti hesab olunan bu əsərdə əsas ideya mübariz materializm anlayışında ifadə edilmiş fəlsəfənin marksist partiyalılığı ideyasıdır. Filosofların qarşısına vəzifələr qoyulurdu. Bu, kütlələr içərisində dialektik materialist dünyagörüşünü, xüsusən ateizm təbliğatını gücləndirməkdən, müasir ictimai inkişafın və elmi tərəqqinin irəli sürdüyü problemlər baxımından fəlsəfənin, xüsusilə materialist dialektikanın daha da inkişaf etdirilməsindən, Qərb (V. İ. Lenində burjua) fəlsəfəsinin müxtəlif cərəyanları ilə fəal mübarizədən ibarətdir. O, bütün idealistləri– "dinin diplomlu nökərlərini" ifşa etməyi tələb edirdi.

Həmin vaxtdan başlayaraq sovet fəlsəfəsi dialektik materialist xəttini müdafiə etməyə başladı. Doğrudur, həmin fəlsəfədə də bu və ya digər problemlə əlaqədar mübahisələr gedirdi.

Bir sözlə, 20–30-cu illər fəlsəfəsi həyatda çox qızğın diskusiyalar dövrüdür. Onlardan biri cəmiyyət və insanın həyatında bioloji və sosial amillərin münasibətinə həsr olunmuşdur.

Bir sıra alimlər psixik həyata sırf bioloji səviyyənin təzahürü kimi baxırdı. V. M. Bexterov "Kollektiv refleksologiya"nı yaratmışdı ki, digər filosoflar onu sosiologiyanın yeni bir elmi metodu kimi qələmə verirdilər. Həmin dövrdə zoososiologiya və fitososiologiya yaranır və bütün canlıların vahid "sosial mexanizmləri" axtarışı aparılır. Biolojiləşdiricilər içərisindən təbiətşünaslığı sinfi yanaşma ilə birləşdirməyə çalışan "fəlsəfi nihilistlər" yaranmışdı. Onlar istismarçı siniflərin xidmətçisi olan fəlsəfədən xilas olmağa çağırırdılar. Bu üzdən iraq "alimlər" psixika və dünyagörüşü anlayışlarını istismarçıların uydurması hesab edib, fiziologiyanın psixologiyanın yerini almasını tələb edirdilər. Nihilistlər filsofluq edən tarixçilər tərəfindən rədd edildilər.

Digər diskusiya marksist bazis anlayışı ətrafında, üçüncü diskusiya isə Asiya istehsal üsulu təsəvvürləri ətrafında gedirdi. Asiya istehsal üsulunda torpaq üzərində xüsusi mülkiyyətin olmaması, kənd icmasının mühüm əhəmiyyətə malik olması ilə əlaqələndirilirdi. Əslində bu prinsiplər bir sıra istehsal üsulunun tam əlamətləri hesab oluna bilməzdi.

Ümumiyyətlə, həmin dövrdəki nəzəri döyüşlərdə hamıdan çox–həkim, yazıçı, filosof–pozitivist, V. İ. Leninin çoxdankı opponenti Aleksandr Boqdanovun adı daha çox hallanırdı. A. Boqdanov N. İ. Buxarinlə birlikdə "mexanist" adını almışdı. Çünki onlar öz əsərlərində inkişafın dialektik ziddiyyətləri ideyasına əsaslanmır, cəmiyyətdə tarazlığı saxlayan təşkiletmə ideyasına arxalanırdılar. A. Boqdanov "Tektologiya" adlı təşkil elmi yaratdı ki, o da müasir sistem nəzəriyyəsinin əsas ideyalarını qabaqcadan bildirmişdir. O, tektologiyanı proletar mədəniyyətinin fundamenti hesab edirdi və belə düşünürdü ki, proletariat həmin elmə yiyələnmədən cəmiyyətdə heç bir dəyişiklik etməyə çalışmamalıdır. A. Boqdanov proletkulçuluğun əsasını qoyanlardan və nəzəriyyəçilərindən biridir. Onun fikrincə, incəsənətin cəmiyyətdə başlıca rolu proletar kütlələrin mübarizəyə və əməyə hazırlamaqdan ibarətdir. Rusiyada 20-ci illərdə üzə çıxan alimlərdən biri də Mixail Baxtin olmuşdur. 1921-ci ildə "Hərəkət fəlsəfəsinə dair" əsərini yazmışdır. A. F. Losev (1927-ci ildən 1930-cu ilə qədər 8 cildlik əsərlər yazmışdır), Q. Q. Şpet, L. S. Vıqotski və b.-nın mühüm tədqiqatları olmuşdur. 1930-cu ildən başlayaraq rejim ideoloji təqibi gücləndirərək hər cür müstəqil təfəkkürə qarşı repressiyalara başladı. 1929-cu ilə qədər ölkənin fəlsəfi həyatında A. M. Deborinin rəhbərlik etdiyi tədqiqatçılar, eləcə də "Pod znamenem Marksizma" jurnalının ətrafında olanlar aparıcı rol oynayırdılar. Bunlar inqilaba qədər və inqilabdan sonra fəaliyyət göstərən alimlər və partiya xadimləri idi. A. M. Deborin Leninin vəsiyyətlərinə əməl edərək "Mübariz materialist– dialektiklər" cəmiyyətini yaratdı. "Materializm kitabxanası" əsərlərinin nəşrində iştirak edərək Boqdanov və Buxarin kimi mexanistlərlə mübarizə aparmışdır. Lakin 1929-cu ildə Deborin akademik seçiləndən sonra (həmin vaxt Buxarin də seçilmişdi), ona və onun qrupuna Stalinin qəzəbi tutdu. Stalin elan etdi ki, Deborin və onun qrupunun yazdığı nə varsa təzədən nəzərdən keçirilməlidir. Eyni zamanda onların qrupuna "menşeviklik" edən idealizm" damğasını vururdu. Deborindən tələb olundu ki, açıq şəkildə bütün tələbələrini Qırmızı professorlar institutunun yığıncağında tənqid etsin və onları xalq düşməni adlandırsın. Lakin Deborin bu təklifi rədd etdi. Tezliklə jurnalın redaktoru Deborinin yerinə M. B. Mitin təyin olunur. M. B. Mitin 1936-cı ildə əsərlərinin birində deborinçiləri "banda" və "trotskizmin bilavasitə xəfiyyələri" adlandırdı. Nəticədə Deborinin bütün tələbələri və tərəfdarları həbs olunaraq məhv edildilər. Bu andan başlayaraq uzun müddət sovet fəlsəfəsində bir avtoritet təsdiq olundu. Bu da xalqların atası– İ. V. Stalin idi. 1938-ci ildə Stalin yazdığı "ÜİK(b)P qısa tarixi kursu" adlı əsəri çapdan çıxdı. Orada xüsusi fəlsəfə bölməsi var idi ki, həmin bölmə də uzun müddət fəlsəfə sahəsində çalışanlar üçün qanuna çevrildi. İldən–ilə fəlsəfədə bu və ya digər prinsip daha da ehkamlaşdırılır, fikrin hər cür tərəqqisi yerindəcə boğulurdu. Lakin bütün bunlara baxmayaraq elə həmin dövrdə M. Baxtinin, K. Meqrelidzenin əsərləri çapdan çıxmışdır. V. İ. Vernadski gərgin şəkildə noosfera ideyası üzərində işləmişdir. Həmin ideyalar 1975-ci ildə çapdan çıxsa da, elə 30-cu illərin ikinci yarısında yazılmışdı. 40-cı illərdə S. L. Rubinşteyn və A. N. Leontyevin və digər böyük psixoloqlarının fəlsəfi ideyaları formalaşmışdı. Onların sırasına D. N. Uznadzeni də daxil edə bilərik.

İkinci mərhələ

[redaktə | mənbəni redaktə et]

Sovet fəlsəfəsinin tarixinin ikinci mərhələsi 1930–1953-cü illəri əhatə edir. Bu dövr kədərli və şərəfsiz dövr hesab olunur. Doğrudur, bu dövrdə bir sıra formal fəlsəfə strukturları yaranır. Moskva Dövlət UniversitetindəLeninqrad Dövlət Universitetində fəlsəfə fakültələri yaranır. 1947-ci ildən "Fəlsəfə Məsələləri" jurnalı çap olunmağa başlamışdır. Bütün bunlara baxmayaraq bu dövr nəzəri tənəzzül dövrü, bu və ya digər müəllifə qarşı çıxmağa məcbur olmaq dövrüdür. Məsələn, "Fəlsəfə tarixi"nin III cildi öldürücü tənqidə məruz qaldı. Müəllifləri sinfi yanaşmaya kifayət qədər fikir verməməkdə təqsirləndirirdilər. Həmin dövrdə bir əsər də olsun zamanın imtahanından çıxa bilməmişdir.

Üçüncü mərhələ

[redaktə | mənbəni redaktə et]

SSRİ–də fəlsəfənin inkişafının üçüncü mərhələsi Stalinin ölümündən başlayaraq SSRİ–nin dağılmasına qədər davam etmişdir. 60-cı illərdən başlayaraq fəlsəfi fikirdə böyük bir canlanma hiss olundu. Hələ 1956-cı ildən fəlsəfəni müstəqil predmet kimi nəinki humanitar ali məktəblərdə, həmçinin digər universitetlərdə də keçməyə başladılar. 1958-ci ildə "Fəlsəfə elmləri" jurnalı da çap olunmağa başladı. 50-ci illərdən başlayaraq Sovet filosofları beynəlxalq fəlsəfi konqreslərdə iştirak etməyə başladılar.

Həmin dövrdə filosoflar bu həqiqəti dərk etdilər ki, marksizm–leninizmdən əlavə həm də "Marksın özü var və onu oxumaq lazımdır". Bu dövr filosoflarından M. M. Rozental, E. V. İlyenkov, L. A. Mankovski, B. M. Kedrov, N. İ. Lapin, V. A. Vazyulin və b. Marksın düzgün qiymətini verməyə çalışırdılar. Bu dövrdə dialektik məntiq məktəbi (E. V. İlyenkov, Q. S. Batişev, B. P. Bibler (Moskva), J. M. Abdildin (Qazaxıstan), Z. M. Orucov (Azərbaycan), V. A. Bosenko (Ukrayna) və b.), elmlərin metodologiyası sahələri, eləcə də şüur problemləri (A. Q. Spirkin, V. P. Tuqarinov). qnoseologiya problemləri (P. V. Kopnin), dəyərlər (M. S. Kaqan) və s. sahələr inkişaf etməyə başladı.

Bu dövrdə Sovet filosofları rəsmi marsizmin amansız çərçivəsindən xilas olaraq yeni– yeni problemlər axtarışını davam etdirməyə çalışmışlar.[1]

  1. Fəlsəfə Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine. Ağayar Şükürov Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2008, 560 s

Şablon:SSRİ mədəniyyəti