Sabatina Ceyms və ya Sabatina (tam adı: Sabatina Ceyms, alm. Sabatina James; 1982[1][2]) — Pakistanlı Avstriya yazıçısı. Onun əsərləri avtobioqrafik səciyyə daşıyır və islamdan xristian katolik dininə keçməsi ilə bağlı məsələlərdən bəhs edir.
Sabatina Ceyms | |
---|---|
alm. Sabatina James | |
Doğum tarixi | 1982[1][2] |
Fəaliyyəti | yazıçı |
sabatina-ev.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Sabatina Ceyms Pakistanın Dhadar şəhərində müsəlman ailəsində anadan olmuşdur. On yaşında olarkən ailəsi ilə birlikdə Avstriyanın Linz şəhərinə köçmüşdür. Sabatina orada böyük istiqanlılıqla qəbul edilmişdi və hər kəs, xüsusilə də müəllimləri ailənin yeni mühitə inteqrasiyasını istəyirdilər.[3] Sabatina qısa müddət ərzində Avstriya cəmiyyətinə uyğunlaşır və assimilyasiya olunur. Valideynləri Avstriyada müvəqqəti məskunlaşmağı nəzərdə tutduqlarından bu vəziyyətdən xoşnud olmurlar. Qızlarına qarşı tətbiq etdikləri məhdudiyyətlər təsirli olmadığından ailə Sabatinanı Lahora göndərib əmisi oğlu ilə evləndirmək qərarına gəlir. Beləcə, valideynləri Sabatinanı Pakistanda qoyur və o, burada mədrəsəyə getməyə məcbur edilir. Sabatina əvvəlcə Avstriyaya qayıtmaq şərtilə əmisi oğlu ilə evlənməyə razılıq verir. Lakin Avstriyada evlənməkdən imtina edir. Ailəsi onu ölümlə hədələdiyindən Sabatina gizlənmək və yeni şəxsiyyət vəsiqəsi almaq məcburiyyətində qalır.[4] Bu isə öz növbəsində ailəsi ilə ayrılmasına gətirib çıxardı.
Sabatina sığınacaqda yatmaqla və Linzdə kafelərin birində işləməklə həyatını qurtarır. Valideynləri onu hər yerdə təqib edir, incidir və nikaha məcbur edirdilər. Sabatina dostlarının köməyi ilə Vyanaya qaçır. O, burada yeni həyata başlayır: adını dəyişir və katolik dinini qəbul edir. Sabatina başına gələnlər barədə kitab yazır. Valideynləri ona qarşı diffamasiyaya görə iddia qaldırırlar, lakin məhkəmə Sabatinanın xeyrinə qərar qəbul edir. O, 2003-cü ildə kiçik Barokko kilsəsində kəndin keşişi tərəfindən vəftiz edilir və keşiş onun daxilən bu dinə keçməsindən tam əmin olur.[5]
Sabatina Ceyms Terre des Femmes qadın hüquqları təşkilatının səfiridir. 2006-cı ildən bu təşkilat müsəlman qadınların bərabərliyi uğrunda mübarizə aparır.