Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sakit Yəhya oğlu Hüseynov (25 may 1948, Ocaqlı, Astraxanbazar rayonu) — fəlsəfə elmləri doktoru, professor[1]
Sakit Hüseynov | |
---|---|
Doğum tarixi | 25 may 1948 (76 yaş) |
Doğum yeri | |
Elm sahəsi | fəlsəfə |
Elmi dərəcəsi | fəlsəfə elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA Fəlsəfə İnstitutu Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri |
Alma-mater | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Təhsili | ali |
Elmi rəhbəri | Əddin Şakirzadə |
Üzvlüyü |
Sakit Hüseynov 25 may 1948-ci ildə Cəlilabad rayonunun (keçmiş Astraxanbazar rayonu) Ocaqlı kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi əla qiymətlərlə bitirib Azərbaycan Pedoqoji Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Respublikası EA-nın Fəlsəfə və Hüquq İnstitutunun sosiologiya ixtisası üzrə əyani aspiranturasına qəbul olunmuşdur. Aspiranturanı bitirdikdən sonra ordu sıralarında qulluq etmiş və yenidən EA-nın Fəlsəfə və Hüquq İnstitutunun Sosiologiya şöbəsində elmi işçi kimi fəaliyyət göstərmişdir.
Sakit Hüseynov 1978–1980-ci illərdə Rusiyanın Yekaterinburq (keçmiş Sverdlovsk) şəhərində tanınmış sosioloq, fəlsəfə elmləri doktoru, professor L. N. Koqanın yanında təkmilləşmədə olmuşdur.
S. Hüseynov 1980-ci ildə namizədlik, 2001-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1985–2005-ci illərdə Azərbaycan Texniki Universitetinin Fəlsəfə və Politologiya kafedrasında dosent vəzifəsində çalışmışdır.
Sakit Hüseynov 2008-ci il 24 aprel tarixində İran İslam Respublikasının Rudehen şəhərində yerləşən Azad İslam Universitetində keçirilən "Universitetlər və yeni iş yeri yaradanlar" adlı Beynəlxalq konfransda "Yeni iş yerlərinin açılması: yoxsulluğun azaldılması və davamlı insan inkişafı" mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin məruzə çap edilmiş və qızıl medala layiq görülmüşdür.
S. Hüseynov 2005-ci ildən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmiş, 2009–2018-ci illərdə institutun "Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri" şöbəsinin müdiri olmuşdur. 2018-ci ilin yanvarından həmin institutun "Davamlı inkişafın fəlsəfəsi" şöbəsinin müdiridir.[2]
S. Hüseynovun əsas elmi fəaliyyəti – məişət mədəniyyəti, dini tolerantlıq mədəniyyəti, dini etiqad azadlığı, milli-mənəvi dəyərlər, davamlı inkişaf və davamlı insan inkişafı, məişət ekologiyası və s. sahələri əhatə edir. S. Hüseynov 5 monoqrafiya, ali məktəblər üçün 1 dərslik, 7 broşyura və metodik vəsait, 150-dən çox elmi məqalənin müəllifidir.[3]
S. Hüseynov – BMT İP, "Oksfam", Dünya Bankı və digər beynəlxalq təşkilatların həyata keçirdiyi layihələrdə müstəqil ekspert kimi fəal iştirak etmişdir. Hal-hazırda S. Hüseynov Qafqaz Regional Ekoloji Mərkəzi Beynəlxalq Məşvərət Şurasına Azərbaycandan üzv seçilmişdir. O, 2008-ci ildə Rusiya Federasiyası Avrasiya İnzibati Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. S. Hüseynov dinşünaslıq, ekoloji mədəniyyət, davamlı inkişaf, mədəniyyətin fəlsəfi problemləri və s. mövzular üzrə vaxtaşırı olaraq xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda məruzəçi kimi çıxış etmişdir.
2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılmış "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən operativ mərkəz"in işində o, ekspert kimi fəal iştirak etmişdir. Onun təşəbbüsü ilə 22 oktyabr 2004-cü ildə Milli QHT Forumunun fəalları ilə (K. Mahmudov, F. Mehdiyev və b.) birlikdə Beynəlxalq Ekoloji Təşkilatlara müraciətlər göndərilmişdir. Sakit Hüseynov son illərdə sosial-ekoloji problemlər, davamlı inkişaf və s. sahələrdə öz elmi araşdırmalarını yorulmadan davam etdirir. Alimin həm də Beynəlxalq Təşkilatların respublikada həyata keçirdiyi layihələrdə iştirak etmişdir.[4]
Sakit Hüseynov 18 dekabr 2013-cü ildə professor Vaqif Arzumanlının "Dədə Qorqudun qəbrinin izi ilə" adlı kitabının təqdimat mərasimində Dədə Qorqud haqqında fikirlərini söyləmiş, onun qəbrinin tapılmasını Türk dünyasının mənəvi ziyarətgahı kimi dəyərləndirmişdir.[5]
27 aprel 2017-ci ildə Sakit Hüseynov Bakı şəhəri Xətai rayonu 249 saylı orta məktəbdə "Heydər Əliyev və İslam həmrəyliyi ideyası" adlı konfransda məruzə ilə çıxış etmişdir.[6]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |