Məmmədov Səlhab İsa oğlu 1943-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1962–1968-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təshil almışdır. Səlhab Məmmədovun yaradıcılığı Azərbaycan incəsənətinin 1970-ci illərdə formalaşmışdır. Rəssamın saxsı və metalda işlənən relyef kompozisiyalarından "Xoş gəlmisiniz!" (1969, Panno "İnturist" binasının ön tərəfindədir), "İnturist" binasının interyeri üçün hazırlanmış "Şərq motivləri" silsiləsi, metalda işlənmiş "Şərq melodiyası", "İçəri şəhər", "Qarabağ melodiyaları" kimi pannolar, "Bakı-Neft şəhəri" mövzusunda bir sıra rəsmlər və vitraj, "Naxçıvan" mehmanxanasının parlaq vitrajları, Qobustana həsr edilmiş 16 kompozisiya, "İçəri şəhər" dekorativ ləyən formasında plastik metal kompozisiya, AlmaniyanınVuppertal şəhərində özəl kolleksiyada saxlanılan "Dostluq" relyefi, Azadlıq rəmzi" və digər əsərləri misal çəkmək olar. Almaniyanın Berlin şəhərində ucaldılmış "Xocalı" abidəsinin, Roma şəhərindəki "Villa Borghese" parkında ucaldılmış Nizami Gəncəvinin, Polşanın Qniezno şəhərində ucaldılmış "Dostluq" abidəsinin həmmüəlifidir. Səlhab Məmmədov "Təsviri incəsənətdə rəsm", "Rəsm sənəti" kimi maraqlı elmi əsərlərin müəllifidir.[1]
Rəssam 1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1982–1988-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, 1993-cü ildən Azərbaycan Rəssamlar İttifaqının katibi olmuşdur.[1]
Səlhab Məmmədov 1989–1993-cü illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində müəllim, 1993–1999-cu illərdə Dövlət İncəsənət Universitetinin dosenti, 1999-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Professoru, 2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir. S.Məmmədov dəfələrlə Azərbaycanda, Moskva, Peterburq şəhərləri kimi Rusiyanın mərkəzlərində və bəzi xarici ölkələrdə açılan bədii sərgilərin təşkilatçısı olmuş, baş rəssam və dizayner vəzifələrinin icrası üçün dəvət olunmuşdur.[1]
Səlhab Məmmədovun yaradıcılığı milli bədii ənənələrin ən mühüm xətlərini kəsişməsinə, real mühitin dərk edilmiş, düşünülmüş təsvirinə və bədii axtarışların müasirliyinə əsaslanır. Monumental saxsı, panno, vitraj və nəqqaşlıq əsərləri Məmmədovun geniş bədii düşüncə dairəsinin nümunəsidir. Onun bədii yaradıcılığı milli mövzu və mənbələrlə bağlıdır. Abşeron küləyi əsərində arxa planda Xəzərin qaralmış, şahə qalxmış dalğaları fonunda, çiçəkləyən ağacı ilə baş-başa qalmış, keçmişdən bir xatirəyə dönmüş, tənha bir ev təsvir olunmuşdur[2].
2017 — Düşüncələr və arzular, Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına üzv olmasının 25 illiyi münasibətilə hədiyyə edilmişdir, Cenevrə, İsveçrə
2016 — Xurşidbanu Natəvanın heykəli, ağ mərmər, Evian, Fransa
2016 — Məhsəti Gəncəvinin heykəli, ağ mərmər, Konyak 2016, Fransa
2014 — Çiçəklənmə, bürünc, 2014 il, Avropa Şurası, Strasburq, Fransa
2012 — Roma şəhərinin mərkəzində Villa Borgeze parkında Nizami Gəncəvinin heykəli, travertin, tunc, qranit (Əli İbadullayevlə birgə)
2012 — Polşanın qədim paytaxtı Gnezdo şəhərində Azərbaycan-Polşa arasındakı dostluq münasibətlərinə həsr olunmuş, üzərində Ulu öndər Heydər Əliyevin və Roma Papası II İohann Pavelin sözləri əks olunmuş monumenti qoyulmuşdur (Əli İbadullayevlə birgə)
2011 — Berlin şəhərində ucaldılmış Xocalı faciəsinə həsr olunmuş "Xocalı" memorial abidə, tunc (Ə.İbadullayev, A.Əsgərov, İ.Ehrari ilə birgə)
2011 — "Marriott-Abşeron" mehmanxanasının girişi önündə və eyvanında ucaldılan 3 "Alov" kompozisiyası, bürünc (Əli İbadullayevlə birgə)
2010 — Budapeşt şəhərində Macarıstanın tanınmış ictimai xadimi Podmanitski Friqyesrölə həsr olunmuş xatirə lövhəsi (A.Əsgərovla birgə)
2010 — Nizami kinoteatrı üçün 4 "Dərviş maskaları" kompozisiyası, latun, boz qranit (Əli İbadullayevlə birgə)
2008 — Xırdalan şəhərində Böyük Vətən müharibəsinin qəhrəmanı Mehdi Hüseynzadənin heykəli, bürünc, qranit (A.Əsgərovla birgə)
2008 — Milli Məclisin binasının dəhlizində qoyulmuş Ümummilli lider Heydər Əliyevin abidəsi, qranit (A.Əsgərovla birgə)
2008 — "Muğam" teatrının qarşısında muğam mövzusunda 7 kompozisiya: "Cahargah", "Şüştər", "Şur", "Humayun", "Bayatı-şıraz", "Rast", "Seygah", latun, Bakı (Əli İbadullayevla birgə)
2008 — Azərbaycanın tarixi abidələri, qobelen, Ali Məhkəmənin binası, Bakı, (Ə. Yusubovla birgə)
2007 — Misirin paytaxtı Qahirə şəhərində Ümummilli lider Heydər Əliyevin heykəli, bürünc, qranit (Akif Əsgərov, Natiq Əliyevlə birgə)
2006 — Xırdalan şəhərində Ümummilli lider Heydər Əliyevin parkında Heydər Əliyevin heykəli, bürünc, qranit (A.Əsgərov, Ə.İbadullayev ilə birgə)
2005 — Şamaxı şəhərində Ümummilli lider Heydər Əliyevin heykəli, bürünc, qranit, (A.Əsgərovla birgə)
2004 — "Tarazlıq" kompozisiyası, vitraj, Konsitusiya məhkəməsinin foyesi, Bakı
1998 — "Azərbaycan tarixi", metal, mis, qravirovka, döymə, mina, 70x70 sm. Azərbaycan Respublikası adından Moskvanın meriyasına hədiyyə
1997 — Beynəlxalq sərgi, Böyük şəhər bələdiyyəsi, İstanbul
— Respublika təsviri sənət sərgisi, Bakı
1996 — Nizami Gəncəvinin "Xəmsə" toplusuna həsr olunmuş 16 keramik relyef kompozisiyası ilin ən yaxşı əsəri nominasiyasında "Humay" mükafatına layıq görülüb
1995 — "Bakı motivləri", 6 vitraj, rəngli şüşə, mis, ağac, 350x180 sm, Hyatt Regency Hotel, Bakı
1984 — Oslo şəhərində keçirilən sərginin baş rəssamı, Norveç
1980–1982 illərdə Azərbaycan Tarix muzeyində yeni bədii ekspozisiyanın tərtibatı. Bir neçə tarixi mövzuda pannoların müəllifi və ekspozisiya tərtibatın baş rəssamı E.Əhmədov və A.Mehdiyevlə birgə
1980 — N.Gəncəvinin 840 illik yubileyi ilə bağlı tərtibatlar və bədii ekspozisiya tərtibatının baş rəssamı, Moskva İttifaqlar Evinin Sütunlu salonu