Əli Əziz oğlu İbadullayev (11 aprel 1951, Bakı) — Azərbaycan heykəltaraşı və rəngkarı, Azərbaycan Respublikasının xalq rəssamı (2015).
Əli İbadullayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | heykəltaraş, rəssam |
Təhsili |
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi, Stroqanov adına Moskva Ali Rəssamlıq və Sənaye Məktəbi |
Stil | abstraksionizm |
Mükafatları | |
ali-ibadullayev.net |
Əli İbadullayev 11 aprel 1951-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur.[1] 1966–1970-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və 1970–1975-ci illərdə isə Stroqanov adına Moskva Ali Rəssamlıq və Sənaye Məktəbində təhsil almışdır.[2] 1978-ci ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.[3]
Əli İbadullayevin yaradıcılığında heykəltaraşlıq nümunələri geniş yer tutur. O, 2006-cı ildən başlayaraq əksər heykəltaraşlıq əsərlərini həmkarı Səlhab Məmmədovla birgə işləmişdir. Bu istiqamətdə onun "Muğam" (2009, Bakı), "Neftçi Fərman Salmanovun abidəsi" (2009, Yuqra, Rusiya), "Xocalı" (2011, Berlin, Almaniya), "Dərvişlər" (2011, Bakı), "Nizami Gəncəvinin abidəsi" (2012, Roma), "Abşeron işıqları" (2012, Bakı), "Azərbaycan–Polşa dostluğu abidəsi" (2013, Qnezno, Polşa), "Su mühəndisi Stefan Skşıvanın xatirə lövhəsi" (2013, Lodz, Polşa), "Rasim Ocaqovun xatirə lövhəsi" (2013, Bakı), "Neft mühəndisi Pavel Pototskinin abidəsi" (2015, Krakov, Polşa), "Nar abidəsi" (2015, Göyçay) kimi kompozisiyaları vardır.[1][2] Heykəltaraşın Bakı Müasir İncəsənət Muzeyinin qarşısıda yerləşdirilmiş "Külək" və "Kometa" əsərləri müstəqil olaraq hazırladığı plastika nümunələridir.[2]
Mücərrəd tablolar rəssamın fəaliyyətinin əhəmiyyətli hissəsini əhatə edir. Onun, əsasən, iri ölçülərdə işlədiyi "Muğam", "Xəzər", "Vulkan", "Abşeron motivi" triptixləri, eləcə də "Hərəkət", "Çəhrayı güllər", "Uçuş", "Nar", "Üzümlük" və başqa əsərləri bu qəbildən hesab olunur.[2]
2011-ci ildə Əli İbadullayevin Berlində fərdi sərgisi keçirilişdir. Onun əsərləri Azərbaycan, Rusiya, Almaniya, Kanadadakı dövlət muzeylərində, İspaniya, İtaliya, Fransa, Belçika, Danimarka, İsveç, Niderland, Böyük Britaniya, Türkiyə, İsveçrə, Yaponiya, Əlcəzair, ABŞ, Venesuela və başqa ölkələrdəki müxtəlif şəxsi kolleksiyalarda saxlanılır.[4]