Sara xanım Nəcəf bəy qızı Vəzirova (1889, Bakı – 1961, Bakı) — azərbaycanlı pedaqoq, ictimai xadim, Bakıda ikinci rus-müsəlman qız məktəbinin müdirəsi. Nəcəf bəy Vəzirovun qızı
Sara xanım Vəzirzadə | |
---|---|
Sara vanım Nəcəf bəy qızı Vəzirova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Bakı quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Həyat yoldaşı | Rəşid bəy Axundov |
Atası | Nəcəf bəy Vəzirov |
Anası | Xurşid xanım Vəzirova |
Fəaliyyəti | pedaqoq |
Sara xanım Vəzirova 1887-ci il mart ayının 5-də Nəcəf bəy ilə Xurşid xanımın ailəsində dünyaya gəlmişdir. O ailədə ortancıl uşaq, ilk qız övladı idi. Sara xanımın doğum tarixi ilə bağlı mənbələrdə məlumatlar müxtəlifdir. Belə ki, bəzi internet materiallarında onun doğum tarixi 1889-cu il kimi göstərilib. Lakin daha etibarlı sayıllan arxiv sənədlərində bu tarix 1887-ci ildir.[1]Sabir Məmmədovun 1960-cı ildə nəşr edilmiş " Azərbaycanın maarifpərvər qadınları" adlı kitabına istinad edərək Sara xanım Vəzirovanın İrəvan quberniyasının Dilican kəndində dünyaya gəldiyini qeyd etmək mümkündür. Sara və bacısı Sürəyya xanım ilk təhsillərini anaları Xurşid xanımdan alıblar.[2][3]Daha sonra ailə 1895-ci ildə Bakıya köçür. Burada həm Sara həm də Sürəyya xanım Müqəddəs Nina qadınlar məktəbində təhsil almağa başlayırlar.[4]
Sara xanım 1894-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin rəisi olmuş Şeyxülislam Əbdüssalam Axundzadənin oğlu Rəşid bəy Axundzadə ilə ailə qurmuş və bu nikahdan sonra Axundzadə soyadını qəbul etmişdir. Bu səbəbdən, onun adı arxiv sənədlərində artıq Vəzirova yox, Axundzadə soyadı ilə qeyd edilmişdir.[1]
Sara xanım və Rəşid bəy Axundzadənin üç qız övladı dünyaya gəlmişdir. Xoşbəxt ailə həyatı sürsə də, 1914-cü ildə anasının, 1920-ci ildə gənc bacısının, 1926-cı ildə atasının və 1935-ci ildə qardaşının vəfatı ona olduqca təsir etmişdir. Ailənin sonuncu üzvü olan Sara xanım isə 1961-ci ildə Bakıda vəfat etmişdir.[5]
Sara xanım, 1907-ci ildə Bakı Müqəddəs Nina Qadınlar Məktəbinin əlavə VIII sinfini bitirdikdən sonra, 16 sentyabr 1907-ci ildən 1 iyun 1909-cu ilə qədər İmperatriça Aleksandra adına rus-müsəlman qız məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. Burada bir müddət işlədikdən sonra o, Bakı 2-ci rus-tatar qız məktəbinin müdiri vəzifəsinə təyin edilmişdir.[4][6]
Bakı Şəhər Dumasının Məktəb Komissiyasının sədri tərəfindən Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəbləri direktoru A.S.Tixorjevskiyə 21 sentyabr 1910-cu il tarixində göndərilən 1038 saylı məktubda belə yazılmışdır:"Zati-ali, hörmətlə sizə bildirmək istəyirəm ki, 2-ci rus-tatar qız məktəbinin müdiri vəzifəsinə 1907-ci ildə Bakı Müqəddəs Nina qadınlar məktəbinin 8-ci sinif kursunu bitirmiş Sara xanım Nəcəf bəy qızı Vəzirova seçilmişdir. Əgər buna etirazınız vardırsa, bildirməyinizi xahiş edirəm. Bununla yanaşı, Sara xanım Nəcəf bəy qızı Vəzirovanın Bakı Müqəddəs Nina qadınlar məktəbinin 8-ci sinfini bitirdiyi haqqında attestatını da sizə göndərirəm."[1]
Bununla yanaşı, Xalq Məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M.Qəniyev 25 sentyabr 1910-cu il tarixli, 3267 saylı məktubunda Sara xanıma bildirir ki, Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəbləri Direksiyası rəhbərinin razılığı ilə 20 sentyabr 1910-cu il tarixindən etibarən o, Bakı 2-ci rus-tatar qız məktəbinə müdir vəzifəsinə təsdiqlənmişdir.[1]
Sara xanım, Mirzə Ələkbər Sabirin əsərlərinin çap olunması üçün ilk maddi yardımı edən şəxsdir. O, şəxsi maaşından 5 manat bağışlayaraq, digər insanları da bu təşəbbüsə qoşulmağa çağırır. Bu məlumat "Yeni İrşad" qəzetində 28 avqust 1911-ci ildə dərc edilmiş Sara xanımın məktubuna əsaslanır. O, məktubunda Sabirin əziz xatirəsinə ehtiram olaraq onun əsərlərinin nəşrinə dəstək çağırışı edir. Məqalədə o, həmçinin digər vətənpərvər insanları da bu xeyirxah işdə iştirak etməyə dəvət edir. Sara xanım Sabirin əsərlərinin çap olunmasını həm millətin maariflənməsi üçün faydalı bir iş, həm də Sabirin ailəsinə maddi dəstək kimi görür.[5]
Sara xanım Vəzirova, dövrünün ziyalı qadınlarından biri olaraq, ictimai həyatda fəal mövqe tutmuşdur. O, Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin qadın təhsili uğrunda apardığı mübarizədə mühüm rol oynamışdır. Onun rəhbərlik etdiyi məktəbə 100-ə yaxın müsəlman qızın cəlb edilməsi, qadınların maariflənməsi və təhsil alması istiqamətində əhəmiyyətli bir addım olmuşdur. Təhsil sahəsində fədakar fəaliyyəti ilə tanınan Sara xanım, 1920-ci ildən sonra da pedaqoji işinə davam etmiş və sonrakı illərdə kitabxanaçı kimi çalışmağa başlamışdır.[1]