Sayeret Matkal

Sayeret Matkal (ivr.סיירת מטכ"ל‏‎) — İsrail Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Bölməsi. Bu bölmə kəşfiyyat, terrorizmlə mübarizə və ölkə hüdudlarından kənarda girovların azad edilməsi əməliyyatlarında iştirak edir.[2]

Sayeret Matkal
ivr.סיירת מטכ"ל‏‎
Loqonun şəkli
Növü Xüsusi təyinatlı bölmə
Yaranma tarixi 1957-ci ildən günümüzədək
Ölkə  İsrail
Tabedir İsrail hərbi kəşfiyyat idarəsi
Daxildir Ha-Eş
Vəzifəsi Xüsusi kəşfiyyat
Reyd
Girovların xilası
Kontr-terrorizm
Şüarı "Cəsur qalib gəlir"[1]
(ing. "Who Dares Wins")
Döyüşlər Altıgünlük müharibə
Yom Kippur
Livan müharibəsi (1982)
Birinci fələstin intifazəsi
Məscidül-Əqsa intifazəsi
Livan müharibəsi (2006)
Komandanlıq
Məşhur komandirləri Ehud Barak
Yonatan Netanyahu
Tamari Nehemya
Uzi Dayan
Moşe Yaalon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sayeret Matkalın əsası 1957-ci ildə qoyulub. Buraya dəqiqliklə seçilmiş, yüksək fiziki və əqli qabiliyyətləri ilə fərqlənənlər düşə bilir. 18-19 ay[1] davam edən təlimlərə baza piyada məktəbi, paraşüt məktəbi, terror hücumlarının qarşısının alınması üzrə dərslər və kəşfiyyat nəzəriyyəsinin öyrənilməsi daxildir.

Bölmə 1960-cı ildən başlayaraq, bir sıra irimiqyaslı əməliyyatlarda iştirak edib.[1] Onlardan ən məşhuru Entebbe əməliyyatıdır. Xüsusi təyinatlıların qətiyyət və bacarıqlarını nümayiş etdirdikləri bu əməliyyatda terrorçular tərəfindən Uqandanın Entebbe hava limanında eniş edən təyyarənin göyərtəsindən girov götürülərək terminal binasında saxlanılan 100-dən çox insan azad edilib.[3]

1954-cü ildə İsrailin ilk xüsusi təyinatlı birliyi olan 101 saylı hərbi hissənin ləğv edilməsindən sonra İsrail Silahlı Qüvvələrinin tərkibində Hərbi Dəniz Qüvvələrinə tabe olan Şayetet 13-dən başqa heç bir xüsusi təyinatlı bölmə qalmamışdı. 1957-ci ildə keçmiş Yeşiva tələbəsi və Palmax döyüşçüsü olan Avraham Arnan İsrail Silahlı Qüvvələrinin Baş Qərargahına düşmənin nəzarət etdiyi ərazilərdə tam gizli şəkildə fəaliyyət göstərə bilən, kəşfiyyat əməliyyatlarını həyata keçirmək bacarığı olan yeni hərbi birləşmə yaradılması məqsədilə müraciət etdi. Arnanın ideyasına görə (David Ben-Qurionİshaq Rabin tərəfindən müdafiə olunurdu) bu hərbi birləşmə yalnız ən bacarıqlı İsrailli gənclərdən təşkil olunmalı idi. Buraya seçilmiş döyüşçülər həm fiziki, həm də intellektual cəhətdən ən yaxşı hərbçilər olmalı idi. Bir ildən sonra birbaşa Baş Qərargaha tabe olan Sayeret Matkal xüsusi təyinatlı hərbi birləşməsinin əsası qoyuldu. Bu birləşmə Böyük Britaniyanın Xüsusi Hava Xidməti birliyinə oxşar formada təşkil olunmuşdu. İsrailin ilk helikopter eskadrilyasının yaradılmasından bir il sonra Sayeret Matkal xüsusi təyinatlılarına ərəblər tərəfindən nəzarət olunan ərazilərin daha dərinliklərində hərəkət etmək imkanı yarandı. Əsasının qoyulmasından qısa müddət sonra Sayeret Matkal yeni növ silahlar və hərbi doktrina ilə təmin olundu.[4]

Sayeret Matkal 1960-cı illərin əvvəllərindən etibarən Sinay yarımadasında kəşfiyyat məqsədli əməliyyatlar təşkil etməyə başladı. Bu cür əməliyyatlardan sonuncusu isə Altıgünlük müharibənin başlamasından dörd ay əvvəl həyata keçirilmişdi.[5] Ekstensiv olaraq təşkil olunan təlimlərə, planlaşdırmalara və bütün hazırlıqlara baxmayaraq, bu hərbi birləşmə müharibə ərzində heç bir döyüş əməliyyatında iştirak etmədi. 1967-ci ildən sonra Fələstin Azadlıq Təşkilatı başda olmaqla digər bəzi təşkilatlar tərəfindən terror hücumlarının artması nəticəsində Sayeret Matkal dünyada ilk dəfə olaraq girov xilasetmə və terrorla mübarizə üsullarını inkişaf etdirməyə başladılar. 1972-ci ildə, Münhen qətliamından əvvəl Sayeret Matkalın nümayəndələri alman tərəfdaşları ilə əməkdaşlıq etmək və vacib olarsa, girov xilasetmə əməliyyatını həyata keçirmək məqsədilə Qərbi Almaniyaya səfər etdi. Bunun ardınca, Livanın paytaxtı Beyrutda təşkil olunan "Tanrının qəzəbi" kod adlı əməliyyat nəticəsində FAT-a ciddi zərbə vurulmuş oldu.[6]

1973-cü ildə başlayan Yom Kippur müharibəsi Sayeret Matkalda ciddi dəyişikliklərin olması ilə nəticələndi. Bu müharibənin əvvəllərində heç də aktiv olmayan Sayeret Matkal xüsusi təyinatlıları sonradan aktiv döyüşlərin davam etdiyi hər iki cəbhədə mübarizə aparmağa başladı. Müharibə başa çatdıqdan sonra Sayeret Matkal müharibə dövründə hərəkətə aid planlarında dəyişikliklər etdi. Bu dəyişikliklərə əsasən, müharibə başlayacağı təqdirdə birləşmə Baş Qərargahın tapşırıqlarını gözləmədən, dərhal əməliyyatlar təşkil edə bilərdi. Sayeret Matkalın ehtiyat bölməsi isə xüsusi olaraq İsrail Hərbi Hava Qüvvələri ilə əməkdaşlıq etmək üçün nəzərdə tutulmuşdu. Bu bölmə sonradan müstəqil "Şaldaq" xüsusi təyinatlı birləşməsinə çevrildi.[7]

1974-cü ildə Maalot qətliamı zamanı Sayeret Matkalın uğursuz xilasetmə əməliyyatı ciddi itkilərə səbəb oldu. Bu hadisə yalnız ölkə daxilində terrorla mübarizə və girov xilasetmə əməliyyatları üzrə ixtisaslaşan "Yamam" xüsusi təyinatlı birləşməsinin yaranması ilə nəticələndi. Həmin birləşmənin yaradılmasından sonra Sayeret Matkal təkcə ölkə xaricindəki xüsusi əməliyyatlarda iştirak edirdi. İki ildən sonra Sayeret Matkal özünün ən məşhur əməliyyatlarından biri olan Entebbe əməliyyatını təşkil etdi. Əməliyyat ərzində dörd girov və polkovnik-leytenant Yonatan Netanyahu həlak olsa da, Entebbe əməliyyatı uğurla başa çatdı.[8]

Çox gizli hərbi birləşmə olmasına baxmayaraq, Sayeret Matkal İsrail Silahlı Qüvvələrinin daxilində böyük təsirə malikdir.

Sayeret Matkal birləşməsi 2015-ci ildə baş tutan Qoruyucu Sərhəd əməliyyatı zamanı da fəallıq nümayiş etdirmişdir.[9]

  1. 1 2 3 "Отряд Сайерет Маткаль". warfor.me. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2017.
  2. "Каменогорский Михаил. Элита израильского спецназа // Сайт «Независимого военного обозрения» − приложения к «Независимой газете», 2004-05-21". 2012-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-12.
  3. "Операция «Энтеббе». К 40-летию освобождения заложников в Уганде". Livejournal.com. 2018-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2017.
  4. Betser, Muki. Secret Soldier. London: Simon & Schuster. 1996. ISBN 0-684-81683-0.
  5. "Arxivlənmiş surət". 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-14.
  6. Mike, Ryan. The Operators: Inside the World's Special Forces. Skyhorse Pub. 2008. 134. ISBN 978-1-60239-215-1.
  7. Katz, Yaakov. "Israeli commando missions come out of shadows". The USA Today. 13 avqust 2006. 2011-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-14.
  8. Dunstan, Simon. Entebbe: The Most Daring Raid of Israel's Special Forces. The Rosen Publishing Group. 2011. 12, 49–50. ISBN 978-1-4488-1868-6. 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-14.
  9. "Arxivlənmiş surət". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]