Seyfəddin Mehdi oğlu Səfərov və ya Seyfəddin Hüseynli (15 avqust 1976, Mərzili, Ağdam rayonu) — azərbaycanlı ədəbiyyatşünas, tərcüməçi, esseist, redaktor. Azərbaycan Yazıçılar Birliyinin "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru[9], "525-ci qəzet"in ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavinidir. Son dövrün ədəbi-mədəni dərgilərindən olan "Kitabçı" jurnalının şef-redaktoru olub (2013–2015).[10]
Seyfəddin Hüseynli | |
---|---|
Seyfəddin Mehdi oğlu Səfərov | |
Doğum tarixi | 15 avqust 1976 (47 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
İxtisası | filoloq |
Fəaliyyəti | ədəbiyyatşünas, tərcüməçi, esseist, redaktor |
Fəaliyyət illəri | 1998 – indiyədək |
Üzvlüyü | |
Mükafatları |
Ali Media Mükafatı (2016)[1][2] "İlin ədəbiyyat adamı" (2018)[3][4] "Qızıl Kəlmə" mükafatı (2019)[5][6] "Əhməd bəy Ağaoğlu mükafatı" (2019)[7] "Çingiz Aytmatov" medalı (2022)[8] |
15 avqust 1976-cı ildə Ağdam rayonunun Mərzili kəndində doğulub.[11] 1993–2002-ci illərdə Bakı Dövlət Universitetində və Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. Filologiya üzrə magistr dərəcəsi var.
1998-ci ildən dövri mətbuatda fəaliyyət göstərir.
1999-cu ildən 525-ci qəzetin əməkdaşıdır. 2001-ci ildən həmin qəzetin ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavinidir.
2007–2009-da Müdafiə Nazirliyinin "Azərbaycan Ordusu" qəzetində hərbi müxbir olub.
2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2013–2015-ci illərdə "Kitabçı" jurnalının şef redaktoru olub.[12]
2014-cü ildə "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru təyin edilib.[13]
2021-ci ildə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədrinin müavini təyin edilib.[14]
Ədəbiyyat və sənət məsələləri ilə bağlı tərcümələri, tənqidi-təhlili məqalələri, esseləri, çıxışları, müsahibələri "525-ci qəzet", "Kaspi", "Ədəbiyyat qəzeti", "Artkaspi.az", "Kulis.az", "Publika.az", "Sim-sim.az", "Avanqard.net", "Qafqazinfo.az", "Milli.az", "Manera.az" kimi nüfuzlu media orqanlarında, "Azərbaycan", "Ulduz", "Dünya ədəbiyyatı" kimi ədəbi dərgilərdə, həmçinin bir neçə antologiyada dərc edilib və vaxtaşırı dərc olunmaqdadır.
İngilis, rus, yapon, fransız, alman, ispan, ərəb, ukrayna dillərində, Türkiyə türkcəsində yaradılmış çox sayda ədəbi əsəri (roman, hekayə, esse, memuar) – klassik və çağdaş dövr ədiblərinin yaradıcılığından nümunələri Azərbaycan dilinə (orijinaldan və ya ikinci dil vasitəsilə) çevirib.
Görkəmli ingilis yazıçı Culian Barnsın "Man-Booker" mükafatına layiq görülmüş "The Sense of an Ending" romanını "Aqibət duyğusu" adı ilə Azərbaycan dilinə tərcümə edib. 2017-ci ildə "TEAS–Press" tərəfindən kitab halında nəşr olunmuş bu tərcümə əsəri son dövrün ən uğurlu bədii tərcümə işlərindən biri kimi dəyərləndirilib.
Nobel mükafatlı italyan yazıçı, XX əsrin ən parlaq ədəbi simalarından olan Luici Pirandellonun hekayələrinin Azərbaycan dilinə ilk tərcüməçilərindən biridir.[15] 2021-ci ildə L. Pirandellodan tərcümə etdiyi seçmə hekayələr "Bəzi öhdəliklər" adı ilə kitab halında nəşr olunub.
2009-cu ildə ədəbi yaradıcılığına görə Prezident Təqaüdünə layiq görülüb.
2016-cı ildə Azərbaycanda media sahəsində ən nüfuzlu mükafat hesab edilən Ali Media Mükafatının laureatı olub.[16][17]
2018-ci ildə Azərbaycan Yaradıcılıq Fondu tərəfindən "2018-ci ilin Ədəbiyyat Adamı" seçilib və Fondun xüsusi mükafatı ilə təltif olunub.[18][19]
Yunus Əmrə irsinin Azərbaycanda nəşri və təbliğindəki roluna, həmçinin Azərbaycanın Xalq Yazıçısı Anarın 80 illiyi ilə bağlı Türkiyədə keçirilən tədbirlərdə fəal iştirakına görə Türk Ədəbiyyatı Vəqfi tərəfindən mükafatlandırılıb.
2019-cu ildə "Dünya ədəbiyyatı" dərgisinin hazırlanmasına və nəşrinə görə Əhməd bəy Ağaoğlu adına mükafata layiq görülüb.[20]
2019-cu ildə "Aqibət duyğusu" tərcümə kitabı üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb.[21][22]
2022-ci ildə bədii tərcümə və ədəbi əlaqələr sahəsində fəaliyyəti Türk dünyasının UNESCO-su hesab olunan TÜRKSOY-un baş katibi Sultan Rayev tərəfindən "Çingiz Aytmatov" medalı ilə təltif edilib.[23]
2005–2022-ci illər arasında Azərbaycan və Türkiyə ictimai mühitində, mediada və ədəbiyyatda hərbi vətənpərvərliyi ardıcıl təbliğ etdiyi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən fəxri diplomlar və xatirə hədiyyələri ilə təltif olunub. 2020-ci ildə 44 günlük II Qarabağ Müharibəsi zamanı Azərbaycan ordusuna ictimai müstəvidə (maddi və təbliğati) dəstəyin təşkili yönündə fəaliyyəti müvafiq qurumlar tərəfindən fəxri fərmanlar və təşəkkürnamələrlə qiymətləndirilib.