Seyiçi Morimura (森村 誠一, Morimura Seyiçi?, 2 yanvar 1933, Kumaqaya[d], Saytama prefekturası – 24 iyul 2023[1], Tokio) – müəmma janrında yazmış Yaponiya yazıçısı. İkinci Dünya müharibəsi zamanı Yaponiyada insanlar üzərində təcrübələr aparmış 731-ci dəstə haqqında olan mübahisəli "Şeytanın qarınqululuğu" ("Akuma no hoşoku") trilogiyasına görə tanınır.[2]
Seyiçi Morimura | |
---|---|
yap. 森村誠一 | |
Doğum tarixi | 2 yanvar 1933 |
Doğum yeri |
|
Vəfat tarixi | 24 iyul 2023[1] (90 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, romançı |
Fəaliyyət illəri | 1969–2023 |
Əsərlərinin dili | yapon dili |
Janr | detektiv |
Seyiçi Morimura 1933-cü ildə Saytama prefekturasında doğulmuşdur. Kollecdən məzun olduqdan sonra 1964-cü ildə "Otani" hotelində işləməyə başlamış və növbəti 10 il oyunca burada işləmişdir.[3] Hoteldə işləyərkən jurnal məqalələri yazmağa başlamışdır.[2] İlk romanı "Böyük şəhər" ("Daytokay") 1967-ci ildə nəşr olunmuşdur.[4] "Çoxmərtəbəli binada ölüm" ("Koso no şikaku") romanına görə 1969-cu ildə Edoqava Rampo mükafatını,[3] 1973-cü ildə Yaponiya Müəmma Yazıçıları Mükafatını qazanmışdır.[2]
1976-cı ildə yazdığı "İnsanın sübutu" ("Ninqen no şomey") romanı qaradərili gəncin qətlindən bəhs edir və Yaponiyanın müharibədən sonrakı qaranlıq dövrünü işıqlandırır. Roman əsasında film çəkilmişdir. 1977-ci ildə nəşr olunmuş "Vəhşinin sübutu" ("Yasey no şomey") romanı ucqar bir kənddə baş vermiş soyqırımdan bəhs edir. 731-ci dəstənin insan təcrübələrindən bəhs edən "Şeytanın qarınqululuğu" əsəri 1981-ci ildə qəzet seriyası kimi nəşr olunmağa başlamışdır. Əsər bestsellerə çevrilmişdir və Yaponiyada sensasiyaya səbəb olmuşdur.[2]
2004-cü ildə Yaponiya Müəmma Ədəbiyyatı Mükafatını, 2011-ci ildə "Pis yol" ("Akudo") tarixi romanına görə Eyci Yoşikava Ədəbiyyat Mükafatını qazanmışdır. Yazıçılıqla yanaşı hayku şairi olmuş, 2006-cı ildə Tokioda yerləşən KAVA hayku cəmiyyətinin üzvü olmuşdur.[4] 24 iyul 2023-cü ildə ağciyər iltihabı səbəbilə Tokioda yerləşən bir xəstəxanada ölmüşdür.[2]
İkinci Dünya müharibəsi zamanı Morimuranın yaşadığı ərazi ABŞ tərəfindən bombalanmış və bu səbəbdən pasifist prinsipləri mənimsəmişdir. Nüvə silahlarına qarşı olmaq və sülhü dəstəkləmək haqqında kitab yazmışdır. 2015-ci ildə konstitusiyanın Şinzo Abe tərəfindən yenidən təfsirinə qarşı baş vermiş aksiyalarda iştirak etmişdir.[2]