Solanum tuberosum

Kartof (lat. Solanum tuberosum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.

Kartof
Elmi təsnifat
Beynəlxalq elmi adı

Əsasən, Cənubi və Mərkəzi Amerikada bitən 200-dək yabanı və mədəni növü məlumdur. Mədəni halda 2 növü – geniş yayılmış Çili kartofu (S. tuberosum) və And kartofu (S. andigenum) var. Çili kartofu 3–6 gövdədən ibarət, hündürlüyü 50–80 sm olan koldur. Yarpağı təklələkvarı bölümlüdür. Kök yumrularının forması girdə, oval, uzunsov, ləti ağ, sarı, çəhrayı, qırmızı və göydür. Üzərində spiral istiqamətində 3–4 tumurcuğu olan gözcüklər yerləşir. Kartofun tərkibində orta hesabla 76,3% su, 23,7% quru maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər, 1–2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminlərikarotinoidlər var. Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın müalicəsində də istifadə edilir.

1565-ci ildə kartof ilk dəfə İspaniyaya, 17-ci əsrin sonunda Rusiyaya, 18-ci əsrin sonu 19-cu əsrin əvvəllərində Azərbaycana gətirilmişdir. Xəstəlikləri fitoftoroz, xərçəng, makrosporioz, dəmgil, qaraayaq, halqavari çürümə və s., zərərvericiləri kartof sovkası, kartof parabüzəni, Kolorado böcəyi və s.

Yayılması və məhsuldarlığı

[redaktə | mənbəni redaktə et]

Demək olar ki, kartof dünyanın bütün ölkələrində yayılmışdır. Dünya əkinçilik sistemində kartofun əkin sahəsi 20 milyon hektara yaxındır. Əkinlərin 35%-i Avropa ölkələrinin payına düşür. Polşa, AlmaniyaFransada əkin sahələri daha çoxdur. Azərbaycanda bu bitkinin əkin sahəsi 69–70 min ha. arasında tərəddüd edir. Ümumi məhsul istehsalı 1077114 ton, hektardan orta məhsuldarlıq 153 sentner (2008-ci il) olmuşdur.

Kartofun hər hektarında 120 sentnerdən aşağı məhsul götürülərsə, deməli təsərrüfat zərərlə işləyir.

Kartof bitkisi cərgəarası becərildiyindən, məhsulu yığıldıqdan sonra torpaq alaqsız və yumşaq olur. Odur ki, bu bitki dənli taxıl, dənli-paxlalı və texniki bitkilər üçün yaxşı sələf hesab olunur. Kartofu eyni tarlada dalbadal əkdikdə fitoftora xəstəliyinə tutulur, yumrular məftil qurdları və başqa zərərvericilər tərəfindən daha çox zədələnir.

Növbəli əkin tarlasında kartof yenidən əkilərsə orada dənli-paxlalılar və çoxillik paxlalı yem otlarının əkilməsi ilə yanaşı üzvi gübrələrin verilməsi vacibdir. Kartofu bütün kənd təsərrüfatı bitkilərindən sonra becərmək mümkündür. Ancaq, ən yaxşı sələflər altına üzvi gübrələr verilmiş payızlıq dənli taxıl bitkiləri, birilik paxlalılar (noxud, paxla, mərcimək və s.) və çoxillik paxlalı otların ikinci ilindən sonradır.

Torpaq-iqlim şəraitindən, təsərrüfatın istiqamətindən, təsərrüfatda əkin tarlasının strukturundan asılı olaraq becərilən kartof bitkisini növbəli əkinin müxtəlif bitkiləri ilə növbələndirmək olar.

Torpağın becərilməsi

[redaktə | mənbəni redaktə et]

Kartof üçün şum qatı dərin yumşaldılmalıdır ki, torpağın hava və nəmlik rejimi yaxşı nizamlansın. Hava və suyu yaxşı keçirən torpaqlarda kartof tez inkişaf edir və daha iri yumrular əmələ gətirir. Respublikamızın kartofçuluq rayonlarında əsas şum 25–30 sm dərinləyində ön kotancıqlı kotanla aparılır. Əsas şum zamanı şumaltı qatı yumşaltmaq üçün kotana torpaqdərinləşdirici də bərkitmək olar. Payızlıq dənli-taxıl bitkilərindən sonra tarla 6–8 sm dərinliyində üzlənir. Alaqlar cücərdikdən sonra 8–10 sm dərinliyində 2-ci üzləmə aparılır. Şum altına 15–20 ton hər hektara peyin, 2–3 sentner surepfosfat, 2–3 sentner kül, 1–2 kq manqan-sulfat verilir. Payız-qış aylarında şum qatındakı nəmlik qorunub saxlanır. Erkən yazda tarlada traktorun işləməsi mümkün olduğu vaxt tarla malalanır. Bir neçə gündən sonra 10–12 sm dərinliyində kultivasiya çəkilib torpaq yumşaldılır və daha sonra malalanıb hamarlanır. Əsas şumdan sonra yaza qədər torpaq çox kipləşibsə, yazda əsas şumun köndələninə 3–5 sm dayaz olmaqla şumlama aparılır. Bəzən təkrar şum əvəzinə 13–15 sm dərinliyində çizellə də yumşaldıla bilər. Hər iki tədbirdən sonra sahə dərhal malalanmalıdır.

Kartof gübrəyə tələbkar bitkidir. Üzvi və mineral gübrə verməklə məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Kartof torpaqdan hər ton yumru və ona müvafiq yerüstü kütlə ilə 4–6 kq azot, 1,2–2 kq fosfor, 6–11 kq kalium, 2–4 kq kükürd, 2,5–5 kq kalsium aparır. Azotun hesabına əlavə məhsul artımı 58%, fosforun hesabına 22%, kaliumun hesabına isə 20% düşür. Kartof əkinlərinə üzvi gübrələrdən peyin verilməsi torpaq-iqlim şəraitindən asılı olaraq hektara 20 tondan 100 tonadək dəyişir.

Təkcə üzvi gübrə verilməsi kartofun qida elementlərinə olan əsas tələbini (tam tələbini) vegetasiyanın başlanğıcında ödəmir. Üzvi gübrə minerallaşıb asan həll olan birləşmələrə çevrilənə qədər mineral gübrələrin kartofun məhsulunu artırmaqda rolu böyükdür.

Fosforkalium gübrəsi əsas şum altına, azot və fosforun bir hissəsi səpin zamanı verilir.

Birinci yemləməni tam çıxışdan sonra, birinci becərmədən gec olmayaraq hektara 20–30 kq azot və 5–10 ton peyin şirəsi 4–5 dəfə su ilə duruldulmuş olur.

Boz və qara torpaqlarda hektara 10–20 kiloqram azot və 15–20 kiloqram fosfor verilir.

Xlorlu kalium gübrəsi kartof əkininə payızda şum altına verilməlidir ki, xlorun mənfi təsiri zərərsizləşsin.

Əgər kartof yüngül qranulometrik tərkibli torpaqlarda becərilirsə, digər gübrələrlə yanaşı hektara 40–50 kq maqneziumlu gübrə vermək lazımdır. Çünki bu həm məhsuldarlığı, həm də yumrularda nişastanın miqdarını artırır.

Səpin qabağı yumruların 0,05%-li mikroelement (bor, sink, mis, molibden) məhlulları ilə işlənilməsi müsbət nəticələr verərək, məhsuldarlığı 12–15% artırır.

Əkin materialının səpinə hazırlanması

[redaktə | mənbəni redaktə et]

Toxum üçün seçilmiş yumrmlar nazik qatla sərilib qurudulur. Günəş altında yumrular yaşıllaşır. Bu cür hazırlanmış yumrular ambarlarda yaza qədər saxlanılır. 70–80 qramlıq yumrular daha keyfiyyətli səpin materialı sayılır. Kütləsi 80 qr-dan ağır olan yumrular ərzaq üçün istifadə olunur. Yazda yumrular işıqlı binada 10–120C temperaturda 30–40 gün yarovizasiya edilir. Binada havanın nisbi rütubəti 80% olmalıdır.

Kartof yumruları yarovizasiyaya qoyulmamışdan qabaq 0,5%-li formalinlə dərmanlanır. 5 dəqiqə formalində saxlanılan yumrular 2 saat brezent materialda saxlanılır. Bu zaman xəstəlik törədən göbələklərin sporları məhv olur. Sonra açıq havada yumrular qurudulur. Dərmanlamaq üçün 1 ton yumruya 5–7 kq hesabı ilə TMTD və ya 0,02%-li mis kuporosu məhlulundan istifadə edilə bilər.

Əkindən qabaq yumrular zəif manqan-sulfat (0,15%-li), bor turşusu sink-sulfat (0,05%), ammonium-molbidenat (0,05%), kobalt-sulfat (0,01%-li), kalium-yod (0,01%-li) məhlulları ilə işlənir.

Yumruların əkinə hazırlanması

[redaktə | mənbəni redaktə et]

50–80 qr. kütləsi olan yumrulardan əkin materialı kimi istifadə olunması bioloji və iqtisadi cəhətdən daha çox məqsədəuyğun sayılır.

Yumrular bölünərkən və üzərində kəsiklər açarkən bıçaqlar müntəzəm sürətdə formalin məhlulu ilə (1:200-də duruldulmuş) dezinfeksiya edilməlidir.

Yumruların səpinə hazırlanması üçün ən çox yayılmış üsul yumruları havada qızdırmaqdır. Yumrular açıq meydançalarda (16–200C-də və 60–70% nisbi rütubətdə) 7–10 sutka qızdırılır. Bü müddətdə amilaza fermentinin fəallığı artır ki, bu da nişastanı şəkərə çevirməklə gözcüklərin qidalanmasını sürətləndirir, gözcüklərin tümürcüqları inkişaf edirlər və çıxışlar 4–5 gün tez alınır. Bu üsulla hektardan 20–50 sentner artıq məhsul götürmək mümkündür. Şəraitdən asılı olaraq cücərdilib əkilmiş sahələrdə hektardan 30–80 sentnerə qədər əlavə məhsul götürmək mümkündür. Səpinqabağı yumruları işıqda cücərtmə erkən əkinlər üçün daha səmərəlidir. Bu üsülla əkdikdə yumruların tərkibində 0,5–0,7% nişasta artır.

Daha tez məhsul almaq üçün yumruları quru halda cücərdirlər. Günəş şüaları altında, ya da 40–50 Vt/m² gücündə elektrik işığı verməklə işıqda 12–150C-də, 70–80% nisbi rütubətdə yumrular cücərdilir. Cücərtmə 15–25 gün davam edir. Bu müddətdən 0,5–1,5 sm uzunluqda yoğun və möhkəm cücərtilər əmələ gəlir, köklərə başlanğıc verən təpəciklər törəyir. Bəzən noxud irilikdə yaxşı yumrular əmələ gəlir. Bunlar uzana bilməmiş stolonlardır. Cücərdilmiş yumrular əkindən 7–10 gün sonra, cücərdilməmiş yumrular isə 15–20 gündən sonra cücərti verir.

Məhsuldarlıq hektarda olan gövdə sayından çox asılıdır. Ona görə də müxtəlif irilikdə əkin materialından istifadə etdikdə çalışmaq lazımdır ki, hektarda normal sayda gövdə olsun. Gövdələrin sayı yumruların iriliyi və qida sahəsindən asılıdır. Hektarda 200–230 min gövdə olması optimal sayılır. Əkin norması bilavasitə yumruların iriliyi və əkin sxemindən də asılıdır.

Adətən kartofu bioloji xüsusiyyətlərindən asılı olaraq torpaqda 7–8oC istilik olduqda əkirlər, cücərtilər isə son yaz şaxtaları keçdikdən sonra çıxır.

Azərbaycanın aran rayonlarıda faraş kartofu fevralın 20 – dən martın axırına qədər əkirlər. Bu qədər uzun əkin müddəti olmasına baxmayaraq cücərtilər torpağın səthinə 8–10 apreldən çıxmağa başlayır. Bununla belə 16–17 apreldə baş verən 0,2–0,5oC son yaz şaxtaları cücərtiləri və cavan bitkilərin yerüstü hissəsini məhv edir. Ona görə faktiki olaraq açıq sahədə əkilmiş kartofun vegetasiyası 19–20 apreldən başlayır. Hesablamalar göstərir ki, hər gün əkinlərin gecikdirilməsi (optimal müddətdən sonra) məhsuldarlığı hektardan 3–5 sentnerə qədər aşağı salır. Erkən əkinlərdə yetişdirilmiş yumrularda möhkəm örtük toxumaları əmələ gəldiyinə görə onlar az zədələnir və yığım zamanı yaxşı yüklənirlər. Adətən tezyetişən sortlar erkən, sonra toxumluqlar və nəhayət gecyetişənlər əkilir. Əkinin fevraldan və martın əvvəlindən başlanması böyük əkin sahələrini əkməyə vaxt qazanmaq üçün əhəmiyyətlidir.

Azərbaycanda kartofun yay əkinləri də böyük əhəmiyyət kəsb edir. Yay əkinləri taxıl, bostan və dənli-paxlalı bitkilər yığıldıqdan sonra iyulun 20-dən avqustun 10-na qədər keçirilir. Yay əkini vahid sahədən 2 məhsul götürülməsini təmin etməklə günəş enerjisindən, torpaq, su, kənd təsərrüfatı maşınları, işçi qüvvəsindən daha səmərəli istifadə edilməsinə şərait yaradır. Yay əkinlərində yumrular xəstəliklərə daha az tutulur. Yay əkinlərindən götürülmüş toxumluq materiallardan daha güclü bitkilər alınır və onlar məhsuldar olurlar. Yay əkinlərində yumrular torpağın daha dərin qatına (12–15sm) basdırılmalıdır ki, nəmliklə yaxşı təmin edilsin.

Əkinə 12–20 gün qalmış torpaq quruyubsa sahə suvarılmalı, bir neçə gündən sonra 15–16 sm dərinliyində kultivatorla yumşaldılmalı və malalanmalıdır.

Respublikamızın iqlim şəraiti kartof əkinlərini noyabr-dekabr aylarında aparmaq üçün əlverişlidir. Yumrular torpaqda qalaraq erkən yazda cücərti verir və faraş məhsul götürülməsini təmin edir. Kartof məhsulu mayın axırı, iyunun əvvəllərində yığıldıqdan sonra ikinci məhsul götürmək üçün tarlaya qarğıdalı, günəbaxan, sorqo, çuğundur, kələm, lobya və s. bitkilər əkmək olar. Xırda sahələrdə və fərdi təsərrüfatlarda kartofu əllə əkirlər. İri təsərrüfatlarda kartofu ən çox 6 cərgəli KSM-6, SKQ-4 kartofəkənlə, ya da 4 cərgəli SN-4B-1və SN-4B-2 maşınları ilə əkirlər. İri cücərtili yumrular SƏ-4 markalı asma kartofəkənlə əkilir. Cərgəarası 60–70 sm, bitkiarası məsafə isə 20–40 sm-ə qədər götürülür. Hektarda optimal bitki sıxlığı bölgədən və torpaq tipindən asılı olaraq 45–55 min kol arasında dəyişir. Toxumluq material üçün bitki sıxlığını 60 minə qədər çatdırmaq lazımdır.

Kartofu əvvəl şırım açaraq yumruları dibə düzmək və şırımaçanla qonşu şırımı açdıqda üstünü torpaqla örtməklə də əkmək olur.

Yumruların əkilmə dərinliyi əmələ gələn stolonların və yumruların sayına çox təsir edir. Faraş kartofu ən çox 4–6 sm dərinliyə əkirlər, yumrunun zirvəsi yuxarı durmalıdır. Bu, isinən torpağın üst qatında yumrunun tez cücərməsinə şərait yaradır.

Dəmyə və çox quraq rayonlarda kartofu 12–15 sm və daha çox dərinliyə əkirlər. Faraş kartofu 1–2 dəfə, gecyetişən kartofun 2–3 dəfə dibini doldururlar. Çox quraq və dəmyə yerlərdə buxarlanmanın qarşısını almaq üçün, xüsusən dərin əkilən kartofun dibini doldurmurlar.

Əkinlərə qulluq. Qulluq işlərində əsas məqsəd torpağın yumşaq və alaqlardan təmiz saxlamasıdır. Suvarmalar və becərmələr yolu ilə torpağın rütubəti tarla su tutumunun 70–80%-i qədər saxlanmalıdır. Kartof cücərtiləri görünənə qədər tarlada alaq otlarının cücərtiləri alınarsa, yaxud torpaq səthində qaysaq əmələ gələrsə mala çəkilir. Malalamanı cücərtilərin boyu 10 sm olana qədər aparmaq olar. Vegetasiya müddətində 3–4 dəfə kultivasiya aparılır. Qranulometrik tərkibi yüngül olan torpaqlrda becərmə dərinliyi 5–7 sm, ağır torpaqlarda isə 10–15 sm hesab olunur.

Vegetasiya dövründə torpağın becərilməsi malalamalar, kultivatorlarla cərgə və bitki aralarının torpağını yumşaltma və dibdoldurmalardan ibarətdir.

Suvarma rejiminin böyük rolu vardır. Faraş kartof kütləvi cücərməyə qədər ən çoxu 1–2 dəfə suvarılır. Çox suvarıldıqda torpaq soyuyur, istilik, qida və hava rejimi pozulur. Kütləvi çiçəkləmə zamanı və ondan sonra 2–3 dəfə suvarılır. Bu müddətdə suvarmadıqda yumrular çox xırda olur.

Fitoftoroz kartofa ən çox zərər verən xəstəlikdir. Ona qarşı mübarizə üçün bitkiləri 1% -li bordo məhlulu ilə çilənir və hər 7–8 gündən bir təkrar edilir.

Azərbaycanda son vaxtlar Koloroda böcəyi geniş yayılmış və çox zərər verir. Son dövrlərdə Aktara preparatının tətbiqi daha yaxşı nəticə verir, hektara 120 qram sərf olunur.

Məhsulun yığılması

[redaktə | mənbəni redaktə et]

Məhsul tam yetişmə dövründə yığılır. Yetişmiş yumruların sıx, möhkəm epidermis qatı olur. Onlar qurumuş stolonlardan asanlıqla ayrılır. Azərbaycanda kartof polietilen altında becərildikdə aprelin 20–25-dən, açıq sahədə becərildikdə isə mayın 10–20-dən yığılmağa başlayır. Yaz-yay dövründə istifadə etmək üçün hissə-hissə qazılır, lakin bitkinin yerüstü kütləsi (bəlim) quruduqda yumrular kütləvi surətdə yetişir və birbaşa yığıla bilər. Yığılmış yumrular sərilərək qurudulur və iriliklərinə görə çeşidlənir (50 q, 50–80 q, 80 qramdan iri). Çeşidləndikdən sonra yumrular xüsusi anbarlarda saxlanılır. Yumruların tərkibində nəmlik 75% olduğundan tez xarab olur. Bunun üçün də saxlama müddətində optimal temperatur, nəmlik və hava qarışığı olmalıdır. Yumruları yükləyən və boşaldan zaman fikir vermək lazımdır ki, düşmə məsafəsi 30 sm-dən artıq olmasın. Yumruları bir yerdən başqa yerə daşımaq üçün yaxşı olar ki, yaşiklərdən, səbətlərdən və kisələrdən istifadə olunsun. Saxlamaq üçün yumrular anbarlarda 2,5–4 metr hündürlüyündə yığılır. Yumrular yaxşı havalanma gedən anbarlarda saxlanılır.

Yumrular anbarlarda yığıldıqdan sonra 3–4 həftə 15–160C temperaturda saxlanılır. Əgər yumrularda zədə yoxdursa temperaturu 180C-yə çatdırmaq olar. Nisbi rütubət 90–95% olmaqla müalicə müddəti 8–10 günə başa çatır. Soyutma (temperaturun aşağı endirilməsi) dövrü(2-ci dövr) 20–40 gün davam edir. Temperatur tədricən 2–40C-yə enir. Anbarlarda yumruların əsas saxlanması 2–40C-yə və havanın nisbi rütubəti 85–95%-ə bərabər olmalıdır.

Təyinatına görə kartof

[redaktə | mənbəni redaktə et]

Təyinatına görə kartof – aşxana kartofu, texniki kartof, yem kartofu və universal kartof qruplarına bölünür. Aşxana sortlu kartofda nişastanın miqdarı 12–18%-dir. Yem kartofu zülal, texniki kartof isə nişasta ilə (20%-dən çox) zəngin olmalıdır.

Tez və orta tezyetişən kartof sortlarına Volqa, Priekul, Epron, Falen, Iskra, Varmas, Sedov, Yaz kartofu, Voronej, Kuryer, Oktyabryonok, Volqalı və s. göstərilə bilər. Orta yetişən kartof sortlarına Alma, Ella, Oqonyok, Kameraz, Majestik, Yubel və s., orta gecyetişən kartof sortlarına Lorx, Korenev, Loşinski, Ostbote, Ora, Berlixinqen və s., gecyetişən sortlardan isə Voltman, Kandidat, Olyev, Temp, Foran, Fram, Belorusiya və s. göstərmək olar. Kartofun keyfiyyəti aşağıdakı tələblərə cavab verməlidir.

Kartofa yapışmış torpağın miqdarı 10 kq kartofu yuduqdan 2–3 dəqiqə sonra çəkməklə və kartofun səthindəki suyu nəzərə almamaq üçün təmiz kartofun çəkisindən 1% çıxmaqla hesablanır.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 185.