Sultan Əbdülməcid türbəsi

Sultan Əbdülməcid türbəsiİstanbulun Fateh ilçəsində yerləşən Yavuz Sultan Səlim külliyəsinə aid türbə.

31-ci Osmanlı sultanı olan Sultan Əbdülməcid atası kimi vərəm xəstəliyinə tutulmuş və 25 iyun 1861-ci ildə İhlamur qəsrində vəfat etmişdi. Cənazəsi ulu babası Yavuz Sultan Səlim külliyəsinin arxa həyətində daha əvvəl övladlarının dəfn olunduğu türbədə basdırıldı. Türbənin kitabəsi olmadığından memarının kim olduğu və inşa prosesinin bitmə tarixi bilinmir. Ancaq ehtimal olunur ki, türbənin memarı o illərdə sarayın baş memarı olan erməni əsilli Karpet Balyan idi və inşa prosesi 1855-ci ilin ortalarında başlamışdı.

Nisbətən alçaq bir təpəlik üzərində yüksələn türbə səkkizbucaqlı formada olub, əsasən kəsmə daşdan inşa olunmuşdur. Türbənin hər üzündə 2 olmaqla ümumilikdə 15 pəncərəsi var. Giriş qapısının üzərində xəttat Hulusi Əfəndi tərəfindən 1910-cu ildə Sad surəsinin 50-ci ayəsi işlənmişdir. Xarici görünüş etibarilə İstanbuldakı digər sultan türbələrindən öz sadəliyi ilə fərqlənən Sultan Əbdülməcid türbəsinin daxili interyeri Quran ayələri ilə bəzədilmişdir. Türbənin bu qədər sadə görünüşlü olmasının səbəbi isə daha çox bir şahzadə türbəsi olaraq inşa edilməsidir.

Mərhum sultanın övladları tərəfindən türbəyə bəxş edilən qiymətli hədiyyələr isə bu gün türbədə deyil. Belə ki, türbədəki möhtəşəm çıl-çıraq Qalata mövləvi xanəgahındakı divan ədəbiyyatı muzeyində, sultanın məzar sandığının üzərindəki gümüş örtük Türk və İslam əsərləri muzeyində, yenə məzar sandığının başına taxılan cəvahirlərlə bəzədilmiş fəs isə Topqapı saray muzeyində qorunur. Bu əsərlərin türbədən alınması isə oğurluq hallarına qarşı alınmış tədbirdir.

Türbənin daxilində Sultan Əbdülməcidlə yanaşı 1855-ci ildə vəfat edən övladları Səfiyəddin Əfəndi və Əbdüssəməd Əfəndi ilə 1876-cı ildə vəfat edən oğlu Burhanəddin Əfəndinin də məzarları yerləşir.