Türkmaneli TV — 24 aprel 2004-cü ildə yayımlanan kanal.
Türkmaneli TV | |
---|---|
Ölkə | İraq |
Yayım ərazisi | Orta Şərq |
Dil | türk dili, ərəb dili[1] |
Baş qərargah | Kərkük, İraq |
Yaranma tarixi | 24 aprel 2004-cü il |
Sahibi | İraq Türkman Cəbhəsi |
Şüar | "İraqın aydınlıq üzü" |
Sayt | Official Website |
Türkmanların səsini dünyaya çatdıran “Türkmaneli” TV kanalı “İraqın aydınlıq üzü” şüarı ilə 2004-cü il aprelin 24-də yayıma başlayıb. İraqdakı bir çox televiziya kanalları, xüsusilə də ölkənin şimalında olan kanallar demokrat görünə bilmək üçün Yaxın Şərqdə işlək olan dillərin hamısından istifadə edərək yayım həyata keçirirlər. Çünki ölkə miqyasında yayımlanan bu kanallar müəyyən təşkilatların əlindədir.
“Türkmaneli” televiziyası obyektiv yayım anlayışına üstünlük vermişdir. Zaman-zaman hücuma məruz qalan “Türkmaneli” televiziyasının Təlafər şəhərindəki ötürücüsü Amerika təyyarələri tərəfindən hədəf alınaraq yox edilib. Kərkükdəki mərkəzi binası bəzi silahlı qrupların hədəfinə çevrilib.
Türkmaneli Vəqfi ilə İraq Türkman Cəbhəsi tərəfindən maliyyələşdirilən televiziyanın məqsədi ortaq dildə İraq xalqının, xüsusilə də türkmanların arasında birlik və bərabərliyi təmin etmək, milli şüuru yayaraq xalqı motivə etmək, ümumi əxlaqa hörmətlə yanaşmaq, İraq cəmiyyətinin milli və mənəvi dəyərləri, ailə sütunlarının əleyhinə yayım həyata keçirməməkdir.
“Türkmaneli” televiziyası hədəf kütləsinə görə, siyasi, dini, təhsil və musiqi verilişləri nümayiş etdirir. “Sərbəst görüş”, “Xalq meydanı”, “Xalqın səsi”, “ Uşaq bağçası”, “İslam nuru”, “Dədələr yadigarı”, “Xalq ədəbiyyatı”, “Türkmaneli mətbəxi”, “İdman vəgənclik” çox izlənilən verilişlərdəndir. Ankara studiyasından “Qlobal baxış”, “Yol xəritəsi”, “Qızıl sırğa”, “Sıla türküləri” verilişləri ilə Türkiyədəki sənət və siyasəti ekranlara gətirir.
Kanal Bağdad, Kərkük, Mosul, Ərbil, Təlafər, Tuzhurmatuda müasir texnologiyalı verilişlərlə yayımlar həyata keçirir. Kərkükdəki üç studiya və Ankaradakı iki studiyada siyasi və əyləncəli verilişlər hazırlanır.
“Türkmaneli” televiziyasının digər bir vəzifəsi də təşkilat içi informasiya mübadiləsini təmin etməkdir. Yayımda İraq Türkman Cəbhəsinin rəhbəri və ya digər səlahiyyətli bir şəxs xalqa mesajlarını, fikirlərini bu kanal vasitəsilə çatdırır. İraqda türk varlığının tanıdılması və türk dünyası ilə bağlı hazırladığı verilişlərə görə 2006-cı ildə TÜRSAV-ın (Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi) mükafatına layiq görülüb.[2]