Tayho məcəlləsi

701-ci ildə Yaponiya əyalətləri.

Tayho məcəlləsi — 701-ci ildə qəbul edilən məcəllə. Yaponiyada erkən feodal dövlətin aqrar islahatlarını hüquqi cəhətdən başa çatdıran sənəd.

Məcəllənin mətni dövrümüzə qədər gəlib çatmamışdır. Yanlız VIII əsrdə məcəlləyə edilmiş qeydlər və "Syoku Nihonqi" ("Yaponiya salnaməsinin davamı") salnaməsi əsasında məcəllənin məzmununu müəyyənləşdirmək mümkün olmuşdur. 718-ci ildə nazir Fucivara Fuxitonun təşəbbüsü ilə məcəllənin yenilənməsinə təşəbbüs göstərilmişdir. Yenilənmiş və düzəlişlər edilmiş məcəllə "Yoro" adlandırılmış və 720-ci ildə Fucivara Fuxitonun ölümündən sonra onun kitabxanasında saxlanılmışdı. 757-ci ildə aşkar edilən "Yoro" "Tayho"nun əvəzinə tətbiq edilməyə başlanıb. "Yoro"nun ilkin mətninin bir hissəsi orta əsr müharibələrinin və qiyamlarının gedişində məhv olmuş, yanlız inzibati-idarəçilik və mülki hüquqa (ryo) və cinayət hüququna (ritsu) dair bəzi maddələr dövrümüzə qədər gəlib çatmışdır. Məcəllənin qalan maddələri XVIII əsrdə bərpa edilmişdir. "Tayho" və "Yoro"nun bərpa edilmiş mətnləri arasında fərqlər bir o qədər də böyük deyildir.

Tayho anlayışı

[redaktə | mənbəni redaktə et]

Bu sözün mənası böyük sərvət deməkdir. "Syoku Nihonqi" (Yaponiya salnaməsinin davamı) salnaməsinə görə, 701-ci ildə İmperator sarayı Tsuşima adasında külli miqdarda qızıl əldə etmişdi. Bu Yaponiyada əldə edilmiş ilk qızıl idi və buna görə də, İmperator hakimiyyəti "Tayho" devizini qəbul etmişdi. Hətta bu münasibətlə İmperator sarayında möhtəşəm mərasim təşkil edildi (buna qədər isə ən möhtəşəm mərasimlər İmperatorun tacqoyma tədbiri və yeni ilin qarşılanması zamanı təşkil edilirdi). Mərasimdə yeni qanunlar məcəlləsinin başa çatdırıldığı bu məcəll əsasında yeni dərəcələr və onların məmurlara şamil edilməsi sistemi elan edildi.

Məcəllənin tərtibi prosesi

[redaktə | mənbəni redaktə et]

Məcəllə şahzadə Osakabenin rəhbərlik etdiyi 19 nəfər tərəfindən tərtib edilmişdi. Məcəllənin mətni dövrümüzə qədər gəlib çatmamışdır. Yanlız VIII əsrdə məcəlləyə edilmiş qeydlər və "Yaponiya salnaməsinin davamı" salnaməsi əsasında məcəllənin məzmununu müəyyənləşdimək mümkün olmuşdur.

Məcəllənin strukturu

[redaktə | mənbəni redaktə et]

"Tayho" məcəlləsi cinayət hüququna (ritsu) dair 6, mülki və inzibati-darəçiliyə (ryo) dair 11 hissədən ibarətdir. Cinayət hüququna aid olan maddələr Çin (Tan imperiyası — 618–907) dövrünün qanunvericiliyinə, inzibati-idarəçiliyə aid olan maddələr isə VII əsrin ikinci yarısında Yaponiyada həyata keçirilmiş islahatlara əsaslanırdı və ilk dəfə tətbiq edilirdi. "Yoro"da isə bütün qanunlar 497 maddədən ibarət 10 hissədə (ritsu) və 953 maddədən ibarət 10 hissədə (ryo) toplanmışdır. Məcəllənin hazırlanmasından sonrakı iki ay müddətində onu tərtib edənlər şahzadələr və saray əyanları üçün onun məzmununu izah etmək məqsədi ilə tədbirlər təşkil etmişdilər.[1]

Məcəllənin məzmunu

[redaktə | mənbəni redaktə et]

"Tayho" məcəlləsi torpaq mülkiyyəti münasibətlərinə, şintoizm mərasimlərinə, buddizm rahiblərinin hüquqi vəziyyətinə, siyasi-inzibati idarəçilik sisteminə və bürokratik aparatın təşkilinə həsr edilmişdi. Hər bir mərkəzi idarəçilik, əyalət və qəza orqanları üçün vəzifə cədvəlləri və səlahiyyət dairəsi, hər bir vəzifə üçün müəyyən dərəcələr, vəzifə və dərəcələr üzrə veriləcək torpaq mülklərinin həcmi dəqiqləşdirildi, İmperator ailəsi üzvləri, mərkəzi və yerli əyanlar üçün məktəblər açıldı. Sarayda əyanların və məmurların xidmət və istirahət vaxtlarında geyəcəkləri libasları, sarayların, mərasimlərin və hərbi xidmətlərin keçirildikləri yerlərin, anbarların və at tövlələrinin qorunması qaydaları müəyyənləşdirilir, polis və həbsxana xidməti nizamlanırdı.

Cinayət hüququ mülki və inzibati hüquq pozuntularına görə məsuliyyət dərəcəsini müəyyən edirdi. Oğurluq, böhtan, qətl, vəzifə cinayətinə görə məüyyən cəzalar nəzərdə tutulurdu. Cəzaların tətbiqi 5 pilləli sistem üzrə nəzərdə tutulmuşdur:

  1. Çubuq cəzası.
  2. Dəyənək cəzası.
  3. Məcburi işlər.
  4. Sürgün.
  5. Edam.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]